Əbu İshaq əl-İsfərayiniyə aid edilən “Nurul-eyn fi məşhədil-Hüseyn” əsəri haqqında bəzi qeydlər

Post image

Elnurə Əzizova
Azərbaycan İlahiyyat İnstitutu, dosent

E-mail: [email protected]

Xilafət tarixinin ilk dövrlərindən etibarən mühüm siyasi-ictimai simaların qətlinə dair VIII əsrdən etibarən müstəqil tarix əsəri kimi “məqtəl” növü ortaya çıxmışdır. Məhəmməd peyğəmbərin nəvəsi Hüseyn ibn Əlinin 680-ci ildə Kərbəlada qətlə yetirməsinə həsr olunmuş “Məqtəlül-Hüseyn” nümunələri tədricən ən məşhur “məqtəl” növünə çevrilmiş və bir müddət sonra “məqtəl” əsərləri “Məqtəlül-Hüseyn”lərlə eyniləşmişdir. Siyasi-ictimai hadisələrin təsiri ilə “məqtəl” ədəbiyyatı müəyyən bir dövrdən sonra tarixi mətn olma xüsusiyyətini itirərək tarixi-ədəbi növə çevrilmişdir (21, c.1, s. 315, 321; 22, s. 102-114; 14, s. 207-208; 10, s. 237).
X-XI əsrin məşhur alimlərindən Əbu İshaq əl-İsfərayiniyə aid edilən “Nurul-eyn fi məşhədil-Hüseyn” əsəri “müəllifinin” şöhrəti ilə müqayisədə tanınmasına və tədqiq olunmasına görə daha az bilinən bir “məqtəlül-Hüseyn” əsəridir. XIX əsrin sonlarından etibarən on dəfədən artıq çap olunması əsərin populyarlığını göstərsə də, elmi ictimaiyyətə natamam və yaxud nöqsanlı şəkildə təqdim olunmuşdur. George Kanazinin filoloji təhlilə istinad edərək “Nurul-eyn fi məşhədil-Hüseyn”in Əbu İshaq əl-İsfərayiniyə aid olmadığını əsaslandırmağa çalışdığı məqaləsi (18, s. 27-31) bir istisna kimi qiymətləndirilə bilər.
Sahəsinin digər nümunələri kimi, “Nurul-eyn fi məşhədil-Hüseyn” Məhəmməd peyğəmbərin nəvəsi Hüseyn ibn Əlinin 680-ci ildə Kərbəlada şəhid edilməsi mövzusu üzərinə yazılıb. Əsərin məzmununu təhlil etməzdən əvvəl qeyd etmək lazımdır ki, Kərbəla hadisəsini ən geniş təsvir edən erkən dövr mənbələrindən Təbərinin Tarix əsərində də görüldüyü kimi Hüseyn ibn Əlinin şəhadətinə aparan hadisələr əsasən bu istiqamətdə təsvir olunur: Əməvi xəlifəsi Müaviyə ibn Əbu Süfyanın (661-680) oğluna vəsiyyəti, Yezid ibn Müaviyənin (680-683) ikinci Əməvi xəlifəsi kimi hakimiyyətə gəlməsi, Hüseyn ibn Əlinin Yezidin xəlifəliyini qəbul etməyərək Mədinədən Məkkəyə, oradan da Kufəyə doğru yola çıxması, Kərbəlada baş verən faciə ilə hadisələrdə kuliminasiya nöqtəsinin yaşanması, Kərbəladan Kufəyə, oradan da Dəməşqə aparılan Hüseyn ibn Əlinin ailə üzvlərinin Mədinəyə qayıtması (23, c. 5, s. 322-462). Klassik İslam tarixi mənbələrinə paralel olaraq Hüseyn ibn Əlinin şəhadətinə dair daha sonrakı dövrə aid ərəbdilli “məqtəl”lərdə də, hadisənin təfsilatlarında müəyyən fərqliliklər olmaqla yanaşı, əsasən eyni süjet xəttinin davam etdirildiyi görülür (9, s. 39-44; 10, s. 234-237).
“Nurul-eyn fi məşhədil-Hüseyn”i digər “məqtəl”lərdən məzmun cəhətdən fərqləndirən ən bariz cəhət əsərin girişindən etibarən Hüseyn ibn Əlinin Kufəyə getmək üçün Hicazdan yola çıxdığı dövrə qədərki tarixi hadisələrlə əlaqəli qismidir. Əsərin həmin hissəsində Məhəmməd peyğəmbərin vəfatından sonra Raşidi xəlifələrin, onların ardından Müaviyə ibn Əbu Süfyanın hakimiyyətə gəldiyi qeyd olunur. Qısa müddət Mədinədə xəlifəlik edən və həmin dövrdə Hüseyn ibn Əli başda olmaqla Haşim oğullarına qarşı maddi-mənəvi dəstəyini əskik etməyən Müaviyə Şamda məskunlaşmağa qərar verir. Dəməşqi paytaxt seçən Müaviyə Hüseyn ibn Əli başda olmaqla Haşim oğullarını da özü ilə birlikdə aparır. Müaviyənin hakimiyyəti dövründə ümumilikdə Haşim oğulları, xüsusilə Hüseyn ibn Əli hər baxımdan xəlifənin diqqət və qayğısı ilə əhatə olunur. Vəfatı yaxınlaşan Müaviyə oğlu Yezidi çağıraraq xalqa və Hüseyn ibn Əlinin rəhbərliyində Haşim oğullarına qarşı hörmət və qayğı göstərməyi vəsiyyət edir (8, s. 2-6).
Müaviyənin vəfatından sonra verdiyi sözü yerinə yetirməyən Yezid əxlaqi və siyasi cəhətdən xəlifəyə uyğun olmayan həyat tərzi sürür, bundan əlavə, Hüseyn ibn Əli və ailəsini diqqət və qayğıdan kənarda tutur. Bu vəziyyətdən son dərəcə məyus olan Hüseyn ibn Əli Hicaza getmək üçün “bacısı” Sükeynə ilə məsləhətləşir və onun məsləhəti ilə Dəməşqdən getmək istədiyini Yezidə yazaraq fikrini öyrənir. Yezid cavab məktubunda öz laqeydliyini və hörmətsizliyini açıq şəkildə ifadə etdiyi üçün Hüseyn ibn Əli Hicaza doğru yola çıxmağa qərar verir (8, s. 7-9). Əvvəlcə qardaşı Məhəmməd ibn Hənəfiyyənin yanına Mədinəyə, qısa müddət orada qaldıqdan sonra Məkkəyə gedir. Həmin dövrdə “Məkkə xəlifəsi” olan Abdullah ibn Zübeyr Hüsey ibn Əliyə və yaxınlarına böyük ehtiram göstərir, ona xəlifə olmağı təklif edir. Zöhd həyatı yaşamağa üstünlük verən Hüseyn ibn Əli bu təklifi qəbul etmir və Məkkədə həyatını ibadətlə keçirir (8, s. 10). Yezidin hakimiyyətindən narazı olan İraq əhalisi, xüsusilə kufəlilər Hüseyn ibn Əliyə elçilər göndərərək xəlifə olması üçün dəvət edirlər. Bir neçə dəfə bu məktublara əhəmiyyət verməyən Hüseyn ibn Əli nəticədə Kufəyə getməyə qərar verir (8, s. 11-14). Beləliklə, Hüseyn ibn Əli “bacısı” Sükeynənin və Abdullah b. Zübeyrin təkidlərinə baxmayaraq az sayda tərəfdarı ilə birlikdə Mədinəyə gedir, Mədinədə qardaşı Məhəmməd ibn Hənəfiyyənin və Abdullah ibn Abbasın etirazlarına baxmayaraq Kufəyə getmək məqsədilə yola düşür (8, s. 15-19). Əsərin Kərbəla hadisəsindən etibarən sonuna qədərki qismi təfsilatlar istisna edilərsə, məzmun baxımından digər ərəbdilli “Məqtəlül-Hüseyn”lə paraleldir. Lakin, “məqtəl” sahəsinin məşhur müəllifi Əbu Mixnəfə aid edilən “Məqtəlül-Hüseyn” əsəri ilə müqayisə olunduqda bu paralellik daha açıq şəkildə müşahidə olunur. Məhz bu paralellik Əbu Mixnəfə aid edilən “Məqtəlül-Hüseyn”in dörd əlyazma nüsxəsi üzərində apardığı tədqiqatda alman şərqşünas H.F.Vüstenfeldin “Nurul-eyn fi məşhədil-Hüseyn” əsərini “Məqtəlül-Hüseyn”in bir digər versiyası adlandırmasına səbəb olmuşdur (24, s. ıx).
Görüldüyü kimi, ümumi məzmun baxımından “Nurul-eyn fi məşhədil-Hüseyn”i digər “məqtəlül-Hüseynlər”dən ayıran ən mühüm fərqlilik, həm Hüseyn ibn Əlinin Kufəyə getmək məqsədilə Hicazdan çıxışına qədərki hadisələrin gedişatında, həm də Hüseyn ibn Əli başda olmaq üzrə hadisələrdə iştirak edən mühüm siyasi simalarla əlaqəli ifadə və yorumlarda özünü göstərir. Xüsusilə, giriş qismində üzərində durulan bəzi nüanslar, aşağıda təfsilatlı şəkildə bəhs ediləcəyi kimi, əsərin Sünnilik perspektivindən yazılmış bir “məqtəl” olduğuna dair iddialara səbəb olmuşdur: ilk müsəlman toplumun “səhabə” adlandırılan fərdlərinin üstünlüyü, Raşidi xəlifələrin hakimiyyətə gəlmə ardıcıllığının həm də üstünlük ardıcıllığını müəyyənləşdirməsi, Müaviyə ibn Əbu Süfyanın Əhli-Beytə böyük hörmət göstərən ideal bir müsəlman kimi təsvir olunması. (8, s. 5-7).
Haşim oğullarının Müaviyə ibn Əbu Süfyan dövründə Dəməşqdə Əməvi sarayında yaşaması, Hüseyn ibn Əlinin Yezidin hakimiyyətə gəlməsinə qarşı etiraz etməməsi, Hüseyn ibn Əlinin azyaşlı qızı Sükeynənin hadisələr zamanı məsləhət aldığı bacısı kimi göstərilməsi, Müaviyə ibn Əbu Süfyan və Abdullah ibn Zübeyr kimi siyasi simalarla əlaqəli tarixi reallıqdan uzaq məlumatlar verilməsi, əsərin mötəbərliyini şübhə altında qoyur. Təkcə Kərbəlaya qədərki qismin bu ciddi faktoloji səhvləri kifayət edir ki, “Nuru’l-eyn fi məşhədil-Hüseyn”in məşhur alim Əbu İshaq əl-İsfərani tərəfindən yazılması məsələsinə ehtiyatla yanaşılsın. Əbu İshaq əl-İsfərayininin elmi fəaliyyətləri ilə daha yaxından tanış olmaq, əsərlə müəllifi kimi təqdim olunan alim arasındakı əlaqənin aşkarlanmasına müəyyən qədər aydınlıq gətirə bilər. “Nurul-eyn”in giriş qismində müəllifi ilə əlaqəli istifadə olunan “imam, alim, əllamə” titullarından hərəkətlə demək olar ki, nəzərdə tutulan alim orta əsrlər İslam dünyasında şöhrəti bu qədər yayılmış tək Əbu İshaq əl-İsfərayini, daha dəqiq ifadə etsək, məşhur Şafii-Əşəri alimi Əbu İshaq Rüknüddin İbrahim ibn Məhəmməd ibn İbrahim əl-İsfərayinidir (v. 418/1027).
Xorasan bölgəsindəki İsfərayen şəhərində dünyaya gələn Əbu İshaq əl-İsfərayini, təhsilini Bağdadda dövrün məşhur fiqh və kəlam alimlərinin yanında tamamladıqdan sonra Xorasanın bir digər şəhərində, Nişaburda müəllimlik fəaliyyətinə başlamışdır. Əbu İshaq əl-İsfərayininin tədris fəaliyyəti üçün xüsusi olaraq mədrəsə tikilməsi (16, c. 1, 312; 27, c. 9, 292; 26, c. 13, 101; 20, c. 6, s. 69; 15, c. 1, s. 367) onun öz dövrünün məşhur alimi olduğunu göstərir. Xüsusilə fiqh sahəsində müctəhid dərəcəsindəki alimlərdən sayılan, “şeyx”, “imamül-əllamə”, “rüknüddin” kimi elmi titullarla tanınan Xorasan bölgəsinin məşhur alimi əl-İsfərayini (26, c. 13, s. 101; 6, c. 1, s. 170) tələbəsi və ardıcılı olan Şafii-Əşəri alimi Abdülqahir əl-Bağdadi (v. 429/437) başda olmaqla hədis və fiqh alimi Əhməd ibn Hüseyn əl-Beyhəqi (v. 458/1066), kəlam, təfsir və hədis alimi Əbdülkərim əl-Qüşeyri (v. 465/1072), Şafii fəqihi Əbutteyyib əl-Təbəri (v. 450/1058) və s. məşhur alimin yetişməsində böyük rol oynamışdır. əl-İsfərayininin dövrünün məşhur Mötəzilə alimi Qazı Əbdülcəbbarla apardığı elmi mübahisənin qalibi olduğuna dair məlumatlar (11, c. 21, s. 420), onun fiqhlə yanaşı kəlam elmindəki üstünlüyünü göstərməsi baxımından önəmlidir. əl-İsfərayininin fiqh, kəlam və hədisə dair yazdığı əsərlərin adları mənbələrdə keçənləri bunlardır: “əl-Cami fi üsulid-din vər-rəd əlal-mülhidin”, “Əqidə”, “Ədəbül-cədəl”, “əl-Müxtəsər fir-rədd əla əhlil-itizal vəl-qədər”, “Təcizül-mötəzilə”, “əl-Vəsf vəs-sifə”, “Təliqə fi üsulil-fiqh”, “Məsailüd-dövr”, “Təhqiqüd-dəavi”, “əl-Müxtələf fi üsulil-fiqh”, “əl-Vəsf vəs-sifə”, “Şərhül-itiqad”, “Tərtibül-məzhəb”, “Şərhül-tərtib”, “Şərhül-füru”, “Məalimül-İslam” (2, c. 1, s. 8; 6, c. 1, s. 170-171; 16, c. 1, s. 312-314; 20, c. 6, s. 69-70; 27, c. 9, s. 292-293)
Görüldüyü kimi, klassik mənbələrdə İsfərayinin “Nurul-eyn fi məşhədil-Hüseyn” əsərindən bəhs edilmir. Əsəri İsfərayiniyə aid edən ilk mənbə isə, daha gec dövrə aid olan Osmanlı müəllifi Bağdadlı İsmail Paşanın (1839-1920) “Hədiyyətül-arifin” əsəridir. İsfərayini nisbəsi ilə məşhur Rüknüddin Əbu İshaq İbrahim ibn Məhəmməd ibn İbrahim ibn Mehran əl-Bağdadi əl-Şafiinin 418-ci ildə vəfat etdiyini qeyd edən Bağdadlı İsmail Paşa, müəllifin Ədəbül-Cədəl, Camiül-cəlil vəl-xəfi fi üsulid-din vər-riddə əlal-mülhidin, Əqidə, Şərhu fürui İbnil-Hədid, Məalimül-İslam adlı əsərlərnin adlarını sadaladıqdan sonra “Nurul-eyn fi məşhədil-Hüseyn” adlı risalənin ona aid edildiyini əlavə edir. Belə ehtimal etmək olar ki, Bağdadlı İsmail Paşanın verdiyi məlumatlar üçün İbn Xəllikanın “Vəfəyatül-əyan” əsərinə istinad etməsi (2, c. 1, s. 8), “Nurul-eyn” əsərini İsfərayiniyə aid etmək üçün bəzi tədqiqatçılara əsas vermişdir. Lakin, qeyd etmək lazımdır ki, İbn Xəllikanın “Vəfəyatül-əyan” əsərində əl-İsfərayininin əsərləri arasında “Nurul-eyn”dən bəhs olunmur (17, c. 1, s. 28). Diqqət çəkən məqam ondan ibarətdir ki, Bağdadlı İsmail Paşa özü bir digər əsərində, Katib Çələbinin “Kəşfüz-zünun”una yazdığı “İzahül-məknun” adlı “zeyl”də (əlavədə) müəllifini qeyd etmədən ad bənzərliyi olan bir digər əsərdən, “Nurul-eyn fi zikri məşhədil-Hüseyn”dən bəhs etdiyi halda, özünün “Hədiyyətül-arifin” əsərində “əl-İsfəraniyə nisbət edilir” deyə yazdığı “Nurul-eyn fi məşhədil-Hüseyn” əsərini qeyd etməmişdir (3, c. 2, s. 685).
“Nurul-eyn fi məşhədil-Hüseyn”in dünya kitabxanalarındakı əlyazmalarının kataloqları və ərəbdilli İslam mənbələri ilə əlaqəli biblioqrafiya əsərlərindəki məlumatlar da əsərin XIX əsrin sonlarından etibarən elmi ictimaiyyətdə səsləndirildiyini göstərir. İngilis şərqşünas Edvard Qranvil Braun (1862-1926) Kembric Universitetinin kitabxanasındakı əlyazma İslam əsərləri üzərinə hazırladığı kataloqun “Şiə teologiyası” qismində “Nurul-eyn fi məşhədil-Hüseyn” əsərini də qeyd edir. Əsərin müəllifinin kimliyinə dair hər hansı şərhə yer verməyən Braun “İmam Hüseyn ibn Əlinin Kərbəlada şəhadətindən danışan “Nurul-eyn fi məşhədil-Hüseyn” əsərinin Əbu İshaq əl-İsfərayini” tərəfindən yazıldığını bildirir (5, s. 13). Braun, Qürrətül-eyn fi şərhi saril-Hüseyn adlı əsərlə bir yerdə 111 səhifəlik bu əlyazmanın 1289/1872-73-ci ildə Seyyid Məhəmməd əli-Xansari tərəfindən Qacar dövrünün məşhur dövlət xadimi Məhəmməd Həsən Xan Səniüddövlə üçün nüsxəsinin çıxarıldığını qeyd edir və əlyazmada Səniüddövlənin möhürünün olduğunu əlavə edir (5, s. 14).
Alman şərqşünas Karl Brokelman ərəbdilli yazma əsərlərə aid məşhur əsərinin birinci nəşrində “Nurul-eyn fi məşhədil-Hüseyn”dən bəhs etməməklə birlikdə, əlavə cildlərdə əsər haqqında məlumata yer verir. Şafii fəqihlər arasında qeyd etdiyi Əbu İshaq əl-İsfərayininin həyatı haqqında qısa məlumat verən Brokelman, son illərdə bir neçə dəfə nəşr olunmuş “Nurul-eyn fi məşhədil-Hüseyn” əsərinin ona aid olması ehtimalının çox az olduğunu bildirir (4, c. 1, s. 667). Maraqlıdır ki, Brokelman əsərinin başqa bir yerində “qeyri-müəyyən tarixli Şiə alimlər” kateqoriyasında kimliyinə dair hər hansı bir məlumat vermədiyi Əbu İshaq əl-İsfərayini tərəfindən yazılmış “Nurul-eyn fi məşhədil-Hüseyn” əsərini də qeyd edir (4, c. 2, s. 842).
Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, nə İslam alimlərinin həyat və fəaliyyəti haqqında məlumat verən orta əsr mənbələrində, nə də ərəbdilli yazmalarla əlaqəli kataloqlarda məşhur Şafii-Əşəri alimi Əbu İshaq əl-İsfərayininin “Nurul-eyn fi məşhədil-Hüseyn” adlı bir “məqtəl” və yaxud hər hansı bir “məqtəl” yazdığına dair dəqiq məlumat yoxdur. “Nurul-eyn”in Əbu İshaq əl-İsfərayiniyə aid edilməsinə dair ehtiyatlı ifadələr isə ən erkən XIX əsrin ikinci yarısına aiddir.
Digər tərəfdən, Əbu İshaq əl-İsfərayininin müasir dövrə çatmış əsərlərinin “Nurul-eyn fi məşhədil-Hüseyn” əsəri ilə müqayisəli təhlili də bu əsərlərin eyni müəllifin qələmindən çıxma ehtimalının mümkün olmadığını göstərir. əl-İsfərayininin mənbələrdə adları qeyd olunan əsərlərindən müasir dövrə gələn ərəbcə “Əqidə” və farsca “Risalə fil-əqaid” əsərlərinin məzmun və dil-üslub xüsusiyyətlərinə görə “Nurul-eyn fi məşhədil-Hüseyn” əsəri ilə müqayisə edilməsi bu səbəblə böyük əhəmiyyət kəsb edir. İlk növbədə qeyd etmək lazımdır ki, hər ikisi kəlam sahəsinə aid olan bu əsərlərdən ərəbcə yazılmış “Əqidə” həm istifadə olunan elmi dil, həm də üslub baxımından “Nurul-eyn fi məşhədil-Hüseyn” əsərindən kəskin şəkildə fərqlənir. “Əqidə” əsərində X-XI əsr kəlam əsərlərinə məxsus, arqumentlərlə dəstəklənən lakonik ifadə tərzi açıq şəkildə görüldüyü halda (12, s. 65-85) “Nurul-eyn fi məşhədil-Hüseyn” əsərində ənənəvi ravi silsiləsi olmayan və “ravi dedi ki” sözləri ilə müşayiət olunan rəvayətlər Kanazinin də diqqət çəkdiyi kimi (18, s. 29-30) şifahi ədəbiyyata məxsus ifadə tərzi ilə təqdim olunub.
Digər tərəfdən, əl-İsfərayininin müasir dövrə çatmış 789/1386-ci il tarixli əlyazma “Risalə fil-əqaid” əsəri tədqiq edilərkən, “Nurul-eyn”dən həm dil-üslub xüsusiyyətləri, həm də məsələlərə yanaşmalarda fərqliliklər olduğu görülür. Təkcə onu demək kifayətdir ki, “Nurul-eyn”in “məqtəlül-Hüseyn”lər arasındakı “orijinallığı”nı göstərən ideallaşdırılmış bir Müaviyə ibn Əbu Süfyan portretinin əksinə, “Risalə fil-etiqad” əsərində Əbu İshaq əl-İsfərayininin Müaviyə ibn Əbu Süfyana baxışı müsbət deyil (7, 28a).
Yuxarıda qeyd olunanlarla birlikdə, XIX əsrin əvvəllərindən etibarən “Nurul-eyn fi məşhədil-Hüseyn” əsərinin Şafii-Əşəri alimi Əbu İshaq əl-İsfərayiniyə aidiyyəti, xüsusilə Türkdilli elmi ictimaiyyətdə səsləndirilməyə başlanmış və tədricən bu məsələyə elmi tədqiqatlarda şübhəedilməz bir fakt kimi baxılmışdır. Türkcə “məqtəl”lərlə əlaqəli elmi tədqiqatların ilki hesab olunan Abdülkadir Karahanın əsərində bu yanaşmanın əsası qoyulduğunu demək olar. 1939-cu ildə nəşr etdirdiyi məzuniyyət travayında Karahan “Nurul-eyn fi məşhədil-Hüseyn” əsərinin məşhur Şafii alimi Əbu İshaq əl-İsfərayiniyə aid olduğunu açıq şəkildə ifadə etmişdir (19, s. 7). Təxminən yarım əsr sonra, 1985-ci ildə A. Karahanın elmi rəhbərliyində tamamladığı M.Füzulinin Hədiqətüs-süəda əsərinə dair doktorluq dissertasiyasında Şeyma Güngör isə 418/1027-ci ildə vəfat edən Əbu İshaq əl-İsfərayininin yazdığı “Nurul-eyn fi məşhədil-Hüseyn” əsərini ərəbdilli “məqtəl”lərin “sevilən və tanınan” bir nümunəsi kimi təqdim etmişdir (13, s. xxıv).
Tədricən Türkdilli elmi ictimaiyyətdə Əbu İshaq əl-İsfərayiniyə aid olduğuna qəti gözlə baxılan “Nurul-eyn fi məşhədil-Hüseyn”in “hadisələri Sünnilik perspektivindən dəyərləndirən” bir “məqtəl” olduğu irəli sürülmüşdür (12, s. 33-34; 25, c. 22, s. 515-516; 1, s. 14). Beləliklə, “Nurul-eyn fi məşhədil-Hüseyn” əsərinin müəllifinin kimliyinə dair son dövrlərə aid ehtiyatlı yanaşma bir əsrə yaxın zaman kəsiyində tədricən ortadan qalxmış, əsərin X-XI əsrin məşhur Şafii-Əşari alimi Əbu İshaq əl-İsfərayini tərəfindən yazılan, hadisələri Sünnilik nöqteyi-nəzərindən təsvir edən, sevilən və məşhur bir “məqtəl” olduğu fikri tərəddüdsüz qəbul edilmişdir.

Nəticə
Bütün bu deyilənlərdən belə nəticə çıxır ki, “Nuru’l-eyn fi məşhədil-Hüseyn əsərinin” Şafii-Əşəri alimi Əbu İshaq əl-İsfərayiniyə aid edilməsinin ciddi bir elmi əsası yoxdur. Məqalədə qeyd olunduğu kimi, sözügedən tədqiqatçıları “Nurul-eyn fi məşhədil-Hüseyn”in müəllifi və məzmunu ilə əlaqəli bu qənaətə aparan səbəb, metodoloji xətalardır. İlk növbədə, mövzuya dair bioqrafiya və biblioqrafiya əsərlərindəki məlumatlar diqqətli şəkildə tədqiq olunmadan, ehtimal səviyyəsindəki ifadələrə dəqiq fakt gözü ilə baxılmışdır. Digər tərəfdən, əsərin müəllifinin dəqiqləşdirilməsi üçün Əbu İshaq əl-İsfərayininin müasir dövrə daha erkən tarixlə çatmış əlyazma əsərləri ilə “Nurul-eyn fi məşhədil-Hüseyn” dil-üslub xüsusiyyətlərinə görə qarşılıqlı analiz edilməmişdir. Bundan əlavə, ərəbdilli “məqtəl”lərlə müqayisəli təhlili aparılaraq əsərin orijinallığı məsələsi aydınlaşdırılmamışdır. Son olaraq, dil, üslub və məzmun cəhətdən “Nurul-eyn fi məşhədil-Hüseyn” bütünlükdə və təfsilatlı tədqiq olunmadan, səthi baxışla görünən məzhəb çalarları tək tərəfli və literal mənada qəbul edilərək, əsərin X-XI əsr alimi əl-İsfərayini tərəfindən Sünnilik perspektivindən yazıldığına qərar verilmişdir.
Yuxarıda təfsilatlı şəkildə izah edildiyi kimi, bütün məlumatlar diqqətli şəkildə nəzərdən keçirildikdə, “Nurul-eyn fi məşhədil-Hüseyn”in, yaşadığı dövrdə fiqh, kəlam və hədis sahəsində məşhur İslam alimi kimi tanınan, tədris fəaliyyəti üçün xüsusi bir mədrəsə tikilən Əbu İshaq əl-İsfərayiniyə aid edilməsinin mümkün olmadı görülür. Yekun olaraq onu da qeyd etmək lazımdır ki, “Nurul-eyn fi məşhədil-Hüseyn”in məzmun və üslub cəhətdən digər ərəbdilli “məqtəl”lərlə, xüsusilə Vüstenfeldin işarə etdiyi Əbu Mixnəfə aid edilən “Məqtəlül-Hüseyn”lə qarşılıqlı tədqiqinə dair geniş tədqiqatlar nəticəsində, hazırda anonim kateqoriyasında dəyərləndirə biləcəyimiz əsərin “məqtəl” ədəbiyyatındakı orijinallığına dair daha qəti fikir irəli sürmək mümkün olacaq. Bu da öz növbəsində M.Füzulinin “Hədiqətüs-süəda”sı başda olmaqla, türkdilli xalqların tarixi düşüncəsinin formalaşmasında böyük rolu olmuş “məqtəl” əsərlərinin təşəkkül prosesinə dair həllini gözləyən məsələlərin işıqlandırılmasına töhfə verəcək.

Açar sözlər: məqtəl ədəbiyyatı, ərəbdilli məqtəllər, Əbu İshaq əl-İsfərayini, Nurul-eyn fi məşhədil-Hüseyn.

ƏDƏBİYYAT SİYAHISI:
1. Ayğan. Fadıl. Muhammed b. Ca‘fer es-Sanhaci’nin “Şehru Akideti Ebî İshak el-İsferayini” Adlı Eserine Göre Ebu İshak el-İsferayini’nin Kelami Görüşleri (MÜSBE yayınlanmamış yüksek lisans tezi), İstanbul, 2006. 241 s.
2. Bağdadlı İsmail Paşa. Hədiyyətül-arifin (red. Kilisli Rıfat Bilge və İbnülemin Mahmud Kemal İnal). Ankara: Milli Eğitim Bakanlığı, 1951-1955, 2 c.
3. Bağdadlı İsmail Paşa. İzahül-məknun fi zeyli əla Kəşfiz-zünun an əsamil-kütüb vəl-fünun (red. Şerafettin Yaltkaya, Kilisli Rıfat Bilge). Ankara: Milli Eğiti Bakanlığı, 1947, 2 c.
4. Brockelmann. Carl. Geschichte der Arabischen Litteratur: Supplementband. Leiden: E.J.Brill, 1937-1942, 3 c.
5. Browne. Edward G. A Descriptive Catalogue of the Oriental MSS. Belonging to the Late E.G.Browne. Cambridge: Cabridge University Press, 1932, 325 s.
6. Dəməşqi. Əbu Bəkr ibn Əhməd. Təbəqatüş-şafiiyyə. Beyrut: Aləmül-kütüb, 1407, 4 c.
7. Əbu İshaq əl-İsfərayini. İbrahim ibn Məhəməd. Risalə fil-əqaid (Farsca əlyazma). Süleymaniyə kitabxanası, Şehid Ali Paşa, 02703-005, 6 s.
8. Əbu İshaq əl-İsfərayini. İbrahim ibn Məhəmməd. Nurul-eyn fi məşhədil-Hüseyn, Tunis: Mətbəətül-mənar, 1960, 112 s.
9. Əzizova. Elnurə. Əbu Mixnəfin “Məqtəlül-Hüseyn” adlı əsəri tarixi mənbə kimi. Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix, insan və cəmiyyət, Elmi-nəzəri və elmi-metodik jurnal. 2019, 1 (24), s. 34-47.
10. Əzizova. Elnurə. Orta Əsrlər ərəb mənbəşünaslığında “məqtəl” əsərlərinin təşəkkül prosesi və “Məqtəlül-Hüseyn”lər, Odlar Yurdu Universitetinin Elmi və pedaqoji xəbərləri, 2019, N 51, s. 232-238.
11. Fəxrəddin ər-Razi. Əbu Abdullah Məhəmməd. Məfatihül-ğeyb: Təfsirül-kəbir. Beyrut: Dar ihyait-turas el-arabi, 1420, 32 c.
12. Gündoğdu. Mehmet. Ebû İshâk el-İsferâyini ve akâid risalesi (MÜSBE yayınlanmamış Yüksek lisans tezi), İstanbul, 1990, 85 s.
13. Güngör. Şeyma. Fuzulî: Hadikatü’s-Sü‘eda. Ankara: Kültür ve Turizm Bakanlığı Yayınları, 1987, 504 s.
14. Günther. Sebastian. Maqatil Literature in Medieval Islam. Journal of Arabic Literature. XXV. Leiden: E.J.Brill, 1994, pp. 192-212.
15. İbn Kəsir. Əbülfida İmadüddin İsmail. Təbəqatül-füqəhaiş-şafiiyyin. Qahirə: Məktəbətüs-səqafətid-diniyyə, 2004, 2 c.
16. İbn Səlah. Osman ibn Əbdürrəhman Əbu Amr. Təbəqatül-füqəhaiş-şafiiyyə (red. Mühyiddin Əli Nəcib). Beyrut: Darül-beşâiril-insaniyyə, 1992, 2 c.
17. İbn Xəllikan. Əbül-Abbas Şəmsəddin. Vəfəyatül-əyan və ənbau əbnəiz-zəman (red. İhsan Abbas). Beyrut: Darus-sadr, 1994, 7 c.
18. Kanazi. George J. “The Massacre of al-Husayn b. Ali: Betəeen History and Folklore”. Studies in Canonical and Popular Arabic Literature (ed. Shimon Ballas, R. Snir). Toronto: York Press, 1998, pp. 23-36.
19. Karahan. Abdülkadir. Anadolu Türk Edebiyatında Maktel-i Hüseyin’ler. Edebiyat Fakültesi Türkoloji Disiplini Mezuniyet Travayı, 1938-1939. 50 s.
20. Səfədi. Səlahüddin Xəlil ibn Aybək. əl-Vafi bil-vəfəyat. Beyrut: Daru ihyait-turas, 2000, 29 c.
21. Sezgin. Fuat. Geschichte des arabischen Schrifttums. On cilddə. I cild. Leiden: E.J.Brill, 1967.
22. Sezgin. Ursula. Abu Mihnaf: ein beitrag zur historiographie der umaiyadischen zeit. Leiden: E.J.Brill, 1971, 251 s.
23. Təbəri. Əbu Cəfər Məhəmməd ibn Cərir. Tarixüt-təbəri: Tarixül-üməm vəl-müluk (red. Məhəmməd Əbül-Fəzl İbrahim). Beyrut: Darü Süveydan, 1967, 11 c.
24. Wüstenfeld. Heinrich Ferdinand. Der Tod des Husein ben Ali. Ein historischer Roman aus dem Arabischen. Göttingen, 1882, 213 s.
25. Yavuz. Salih Sabri. “İsferâyînî, Ebû İshâk”. TDV İslam Ansiklopedisi. c. 22, s. 515-516.
26. Zəhəbi. Şəmsəddin Əbu Abdullah. Siyər Əlamin-nübəla. Qahirə: Darül-hədis, 2006, 18 c.
27. Zəhəbi. Şəmsəddin Əbu Abdullah. Tarixül-İslam və vəfəyatül-məşahir vəl-əlam (red. Bəşşar Əvvad Məruf). Beyrut: Darül-ğarbil-İslami, 2003, 15 c.

SUMMARY
Some Notes on “Nur al-Ayn fi Mashhad al-Husayn” Attributed to Abu İshaq al-İsfaraini

Assoc. Prof. Elnura Azizova
Azerbaijan Institute of Theology,
Department of Religious Studies
In this article the work titled “Nur al-Ayn fi Mashhad al-Husayn” attributed to the famous Shafi-Ashari scholar Abu İshaq al-İsfaraini (d. 418/1027) is analyzed as a lesser known example among the works on “Maqtal al-Husayn”, the widest spread of Arabic maqtal version which were written on the assassination of the important political figures of the Caliphate. As a result of the exploration of the biograhpic and bibliographic sources on the subject, it was determined that the attribution of Nur al-‘Ayn fi Mashhad al-Husayn to Abu İshaq al-İsfaraini does not go to earlier than the second half of the 19th century. On the other hand, as a result of the mutual analysis of the works written by Abu İshaq al-İsfaraini it is concluded that, Nur al-Ayn fi Mashhad al-Husayn is hardly a paper written by the above-cited famous scholar.

Keywords: Maqtal literature, Arabic maqtals, Abu İshaq al-İsfaraini, Nur al-Ayn fi Mashhad al-Husayn.

 

РЕЗЮМЕ
Некоторые заметки о произведении
«Нур аль-Айн фи Мешхед аль-Хусайн» приписываемое Абу Исхаку аль-Исфараини

Доцент, Ельнура Азизова
Азербайджанский Институт Теологии, Кафедра Религиоведения
В этой статье произведение под названием «Нур аль-Айн фи Мешхед аль-Хусайн», приписываемая известному ученому Шафииту-Ашариту Абу Исхак аль-Исфараини (ум. 418/1027), анализируется как менее известный пример среди работ, посвященных «Макталу-аль-Хусейн », наиболее распространенного типа арабского мактала, написанной об убийствах важных политических деятелей Халифата. На основании изучения биографических и библиографических источников по данному материалу был сделан вывод о том, что вопрос о приписывании Нур аль-Айн фи Мешхед аль-Хусейна к Абу Исхак аль-Исфараини , жившему в X-XI веках, относится ко второй половине XIX века. С другой стороны, в результате сравнительного анализа современных произведений Абу Исхака аль-Исфараини в статье показано, что Нур аль-Айн фи Мешхед аль-Хусейн далек от того, чтобы быть произведением пера известного ученого-шафиита с точки зрения содержания и стиля.

Ключевые слова: литература Мактал, арабский мактал, Абу Исхак аль-Исфараини, Нур аль-Айн фи Мешхед аль-Хусейн.