Azərbaycan Səfəvi dövlətinin etnik kimliyi (Pyetro Della Vallenin “Səyahətnamə” si əsasında)

Post image

Həcər Əhmədova
Bakı Dövlət Universiteti. Tarix fakültəsinin doktorantı

Email: [email protected]

Azərbaycan Səfəvi dövlətinin mənşəyi Azərbaycan və dünya tarixşünaslığında müzakirə obyektinə çevrilən məsələlərdən biridir. Dövlətin etnik mənsubiyyəti müxtəlif amillərə əsasən müəyyənləşdirilmişdir. Lakin bu amillərin bəziləri hər hansı dövlətin etnik kimliyini dəqiq müəyyənləşdirməkdə ziddiyyətlər ortaya qoyur. Bəzi tədqiqatçılar ərazi məsələlərinə görə Səfəvilər dövlətini İran dövləti kimi göstərməyə çalışırlar. Xüsusilə farspərəst tarixçilər və onların davamçıları bu problemə qeyri-obyektiv yanaşırlar. Ona görə də Azərbaycan Səfəvi dövlətinin etnik mənşəyini müəyyənləşdirmək üçün bir sıra xarici mənbələrə və tarixşünaslıq əsərlərinə, xüsusən Avropa səyyahları və onların şahidi olduğu hadisələri qələmə aldıqları nəticəsində ərsəyə gətirdikləri səyahətnamə və gündəlik qeydlərə müraciət etməyi lazım bilirik. Avropa səyyahlarından Engelbert Kempfer, Adam Oleari, Jan Batist Tavernye, Pyetro Della Valle və başqaları qeyd etdiyimiz məsələyə daha obyektiv yanaşmaları ilə diqqəti cəlb edirlər. Məqalə əsas etibarilə Pyetro Della Vallenin “Səyahətnamə” si əsasında yazılmışdır. Səyyah XVII əsrin əvvəllərində Azərbaycan Səfəvi dövlətində səyahətdə olmuş və öz gözü ilə gördüklərini məktublar şəklində qeydə almışdır. Adı çəkilən mənbədə qeyd olunan qiymətli məlumatlar məhz Azərbaycan Səfəvi dövlətinin sosial-iqtisadi və siyasi həyatını öyrənmək baxımından olduqca dəyərlidir. Məqalədə Pyetro Della Valle ilə yanaşı qeyd olunan məsələyə münasibət bildirmək üçün türk müəlliflərinə də müraciət olunmuşdur və mənbələr bu baxımdan daha çox əhəmiyyətlidir.
Vətən tarixşünaslığında Səfəvilər sülaləsinin və onları müdafiə edən tayfaların türk (Azərbaycan) mənşəli olduğunu ilk dəfə olaraq göstərənlər rus şərqşünasları V.V.Bartold və A.Y.Krımski olmuşlar. Azərbaycan feodal əyanlarının Səfəvilər dövlətinin yaranmasında həlledici rol oynadığı faktı 1941-ci ildə Bakı tarixçilərinin hazırladığı Azərbaycan tarixinə dair ilk kollektiv əsərdə qeyd olunmuşdur. 1946-cı ildə buna bənzər nəşrdə həmin baxış daha da inkişaf etdirilmişdir. Qırxıncı illərin əvvəllərində Azərbaycan tarixçisi, akademik İ.A.Hüseynov I Şah İsmayılın dövlətini Azərbaycan dövləti kimi səciyyələndirmişdir. Həmin səciyyələndirmə bu sətirlər müəllifinin əsərlərində elmi dəlillər və mənbəşünaslıq məlumatları ilə əsaslandırılmışdır. (Əfəndiyev, 2007:34)
Səfəvilərin etnik mənsubiyyəti ilə bağlı üç konsepsiya daha geniş yayılmışdır. Bəzi tədqiqatçılar onların fars, bəziləri türk mənşəli olması iddiasını irəli sürdükləri halda, Səfəvi tarixşünaslığında Səfəvi şeyxlərinin ərəb mənşəli olması da göstərilmişdir. Ə.Kəsrəvi, S.Rəhimzadə, N.Şeybani, Z.V.Toğan və s. kimi tədqiqatçılar ciddi bir dəlil gətirmədən Səfəvi şeyxləri və onların varislərinin kürd mənşəli olmasını israr etməyə çalışırlar. Səfəvilərin ulu əcdadlarının tarixi haqqında məlumatların əksini tapdığı XIV əsr müəllifi Təvəkkül ibn İsmayıl ibn Bəzzazın “Səfvət əs-səfa” əsərini ətraflı araşdıran Əhməd Kəsrəvi Səfəvilərin əcdadlarının seyidlər nəslindən olmadığını müəyyənləşdirərək yazır ki, Səfəvi tarixşünasları sonradan onların nəsil şəcərəsinin Məhəmməd peyğəmbərlə bağlı olması versiyasını uyduraraq “Səfvət əs-səfa” əsərinin mətninə daxil etmişlər. Çox maraqlıdır ki, Səfəvilərin ərəb mənşəli olmasını rədd edən Əhməd Kəsrəvi “Səfvət əs-səfa”da Şeyx Səfinin türk olması haqqındakı çoxsaylı faktlara rəğmən onun kürd mənşəli olması fikrini ortaya atmış və bu mülahizə bir çox İran müəllifləri tərəfindən də dəstəklənmişdir. Dolayısı ilə bu fikri dəstəkləyən Z.V.Toğan qeyd edir ki, Ərdəbilin kürd mənşəli şeyxləri artıq XVI əsrin əvvəllərində tamamilə türkləşmişdilər. Müəllifin fikrinə görə, I Şah İsmayıl, I Şah Təhmasib özlərinin kürd mənşəyini tarixdən silmək, kürd Firuzşahı peyğəmbərin nəslinə aid etmək, Şeyx Səfiəddinin türk şeyxi olmasını göstərmək üçün əllərindən gələni etmişdilər. Əvvəla, Z.V.Toğan və digərləri hansı səbəbdən Səfəvilərin kürd mənşələrini gizlətməyə çalışdıqlarını açıqlamırlar. Görünür onlar bunu isbatlamaq üçün tutarlı bir dəlil tapmağa müvəffəq olmamışdılar. Digər tərəfdən, Z.V.Toğanın iddiasına rəğmən, I Şah İsmayıl və I Şah Təhmasibin dövründə Şeyx Səfinin türk deyil, daha çox ərəb mənşəli olması ön plana çəkilmiş, Səfəvi salnaməçiləri də məhz bu zamandan etibarən Şeyx Səfi və əcdadlarının Məhəmməd peyğəmbərin nəslindən olması konsepsiyasını ortaya çıxarmışdılar. Yuxarıda adı çəkilən tədqiqatçıların hamısı Təvəkkül ibn Bəzzazın əsərində Şeyx Səfinin türk olması haqqındakı faktlara yumşaq desək göz yummuşlar (Bayramlı, Şabiyev, 2016:18).
“Səfvət əs-səfa” salnaməsində Şeyx Səfi dəfələrlə “pir-i türk” (türkün piri) adlandırılmışdır. Əsərdə Şeyx Səfinin Ərdəbildəki iqamətgahında digər etnoslarla müqayisədə türklərə daha böyük ehtiram göstərilməsi xüsusi olaraq vurğulanmışdır. Mövlana Əhməd və Mövlana İbrahim Səravi qeyd edir ki, biz Ərdəbildə Şeyx Səfinin evində olarkən bizim üçün süfrəyə qara çörək və su gətirdilər. Qəflətən daxil olan bir neçə türk üçün isə ağ çörək və bal gətirdilər. Təvəkkül ibn Bəzzazın Şeyx Səfinin türkcə şeirlər yazması, türkcə “ Qara məcmuə” adlı əsərin müəllifi olması və s. kimi faktları Şeyx Səfinin heç şübhəsiz türk olmasına dəlalət edir ( Bayramlı, Şabiyev, 2016:19).
Görkəmli şərqşünas V.F.Minorski İranda türkmən ağalığının üç dövrünün, Səlcuqilər dövrü, Qaraqoyunlu və Ağqoyunlu dövrü, onlarla qohum olan Səfəvilər dövrünü xüsusi olaraq vurğulamışdır ( Bayramlı, Şabiyev, 2016:20).
XVI əsrdən etibarən Səfəvi tarixşünaslığında Səfəvi sülaləsinin nəsil şəcərəsinin ərəb mənşəli olması göstərilsə də, türkçülük bütün Səfəvi hökmdarlarının etnik kimliyində, həyat və yaradıcılıqlarında, siyasi fəaliyyətlərində qırmızı xətt kimi keçmişdir ( Bayramlı, Şabiyev, 2016:20).
İ.P.Petruşevski özünün ilkin mənbələrinə əsaslanan tədqiqatlarında Səfəvilər dövlətinin yaranmasında və onun tarixinin birinci yüzilliyində Azərbaycanın və Azərbaycan etnik feodal ünsürü­nün aparıcı, müəyyənedici sosial-iqtisadi və siya­si rol oynadığını təkzibolunmaz şəkildə sübut etmişdir. O, göstərmişdir ki, Azərbaycan əyanları bu dövlətdə müstəsna hüquq və imtiyazlardan istifadə etmişdir. Sarayda yüksək vəzifələr, vilayət canişinlikləri, hərbi iş və s. Azərbaycan feodallarının əlində olduğu halda, dövlət işlərində fars feodallarının rolu maliyyə, dəftərxana və qismən də məhkəmə məsələləri ilə məhdudlaşırdı (Əfəndiyev, 2007:34).
İran tarixşünaslığının millətçi, paniranist baxışlarını, habelə Qərbin mürtəce tarixçilərinin oxşar konsepsiyalarını tənqid edən N.D.Mikluxo Maklay qeyd edirdi ki, Şeybanilər Səfəviləri bütün İranın hökmdarları kimi tanımırdılar. Onlar Səfəviləri Ağqoyunlular sülaləsinin xələfləri və varisləri hesab edərək onların yalnız Azərbaycan və Qərbi İran üzərində 35 hakimiyyətini tanıyırdılar. O yazırdı: ”Bütün deyilənlər belə bir nəticəyə gəlməyə imkan verir ki, XVI əsrdə yaranmış Səfəvilər dövləti XV əsr Qaraqoyunlu və Ağqoyunlu hakimiyyətlərinin xələfi kimi təşəkkül tapmışdır. Həm də real əsaslara istinad edirdi, yəni Səfəvilər dövləti İran dövləti deyildi və ona heç elə də baxılmırdı” ( Əfəndiyev, 2007:34).
B.N.Zaxoder Səfəvilər dövlətinin yaranmasında Azərbaycanın roluna dair yazırdı: ”Sosial-iqtisadi inkişafın nisbətən yüksək pilləsində duran Azərbaycan XVI əsrin əvvəlində Cənubi Qafqazda və İranda yaranan həmin böyük dövlətin özəyini təşkil edirdi. Bu dövlət çoxlu tayfa və xalqları öz tərkibinə daxil etmişdir. Lakin uzun müddət bu dövlətdə onun hərbi qüvvələrində ilk Səfəvilərin arxalandığı Azərbaycan feodalları üstünlük təşkil etmişdilər ( Əfəndiyev, 2007:34).
Hal-hazırda tarix elmində XVI əsr Səfəvilər dövlətinə Azərbaycan dövləti kimi baxmaq meyli tədricən özünə yol tapır.
Müasir İran tarixşünaslığının görkəmli nümayəndələri də aşkar faktlarla hesablaşmaq məcburiyyəti qarşısında qalaraq Səfəvilər dövlətində türkdilli (Azərbaycan) etnosun rəhbər rolunu,hakim mövqeyini təsdiq edirlər. Məsələn, I Şah Abbasa həsr olunmuş çoxcildli əsərin müəllifi Nəsrulla Fəlsəfi Şah İsmayıl və onun yaratdığı dövlət haqqında yazır: “Şah İsmayıl ata tərəfdən özünü seyid (yəni Məhəmməd Peyğəmbərin nəslindən olan – O.Ə.) Əli nəsli sayır və bu nəsil şəcərəsi ilə fəxr edirdi. Ana tərəfdən isə o, Türkman Həsən bəy Ağqoyunlunun (yəni Uzun Həsənin – O.Ə.) nəvəsi idi və haqlı olaraq özünü bu sülalənin qanuni varisi hesab edirdi... Dövrün bütün tarixlərindən məlum olduğu kimi, onun tərəfdarları da əsasən türkman və tatar tayfalarından olanlar idi. Hətta taxta çıxdıqdan sonra belə o, İran mənşəyinə və dilinə - millətin iki başlıca əsasına xor baxırdı. O, İranın yerli əhalisini tabe etmiş və onları mənşəcə türkman olan qızılbaş tayfalarının hakimiyyəti altına salmışdı. Fars dili Osmanlı imperiyasında və Hindistanda siyasət və ədəbiyyat dili olduğu bir dövrdə Şah İsmayıl türk dilini İran sarayının rəsmi dili etmişdi. Hətta o özü də yalnız türk dilində şeirlər yazırdı. Nəticədə türk dili Səfəvilər sarayında elə geniş yayıldı ki, bu sülalənin hakimiyyətinin sonunadək sarayın rəsmi dili olaraq qaldı. Buna görə də türk siyasi qurumlarını yıxan və vahid dövlət yaradan I Şah İsmayılın İranın milli və siyasi birliyini bərpa etməyi qarşısına məqsəd qoymaması şübhəsizdir”. Başqa bir yerdən iqtibas gətirək: “Şah İsmayıl hər bir vilayəti tutduqdan sonra ələ keçirilmiş qənimətləri, əsirləri və torpaqları Qızılbaş sərkərdələri arasında bölüşdürürdü. Beləliklə,mənşəyi və dili etibarilə türk olan tayfalar İranın hər yerində yerli farsdilli iranlılar üzərində ağalıq etməyə başladılar. İranda imtiyazlı və qüdrətli zümrə əmələ gəldi və bütün hərbi və mülki mövqeləri, vəzifələri ələ keçirərək İran xalqını tam ixtiyarla və əzəmətlə idarə etdi. Buna görə də Səfəvilər dövründə şahı İran şahənşahı adlandırdıqlarına baxmayaraq, İran ölkəsinə Qızılbaş dövləti (Məmləkət-i Qızılbaş) adını verdilər. İran sarayında türk dilində danışırdılar. Şah İsmayıl türk dilində şeirlər yazırdı. Qızılbaşlar özlərini türk mənşələrinə, əsil – nəcabət və ad –sanlarına görə İranın yerli əhalisindən yüksəkdə durur, onları (iranlıları –O.Ə.) həqarətlə tatlar və taciklər adlandırırdılar” ( Əfəndiyev, 2007:34).
Müasir türk tarix elminin ən böyük nümayəndələrindən biri olan Faruk Sümer də özünün sonuncu monoqrafiyasında Səfəvilər dövlətinə “İran milli dövləti” kimi baxmaq istəyənlərə qarşı çıxmışdır. O, düzgün olaraq göstərir ki, “ciddi alimlər” arasında bu cəfəng baxışın artıq tərəfdarları yoxdur. F.Sümerin əsərində Səfəvilər dövlətinin yaranmasında və yüksəlişində türkdilli etnosun həlledici və birinci dərəcəli rol oynadığını təsdiq edən çoxlu material toplanmışdır və sistemləşdirilmişdir.Fikrimizcə, onun əsərinin qiymətli cəhəti də elə bundadır (Əfəndiyev,2007:34).
Dünya tarixşünaslığına nəzər salsaq, dövlətin mənşəyi haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Bu mövzuda kifayət qədər təzadlılıq özünü biruzə verir. Azərbaycan Səfəvi dövlətinin etnik kimliyi məsələsinə aydınlıq gətirmək üçün bir sıra mənbələrə və bu məsələni araşdırmaq üçün ortaya qoyulmuş elmi əsərlərə və tarixşünaslığa diqqət yetirək.
XVI-XVII əsrlər ərzində Azərbaycan Səfəvi dövləti ərazisinə səyahət etmiş və müşahidələri əsasında səyahətnamələr ərsəyə gətirmiş bir sıra dünya səyyahlarının əsərlərinə müraciət etsək, qeyd etdiyimiz müzakirə obyektinə aydınlıq gətirmək mümkün olur. 1617-1627-ci illər arasında Azərbaycan Səfəvi dövlətində olmuş italyan səyyah Pyetro Della Valle şahidi olduğu hadisələri qələmə alaraq, dövlət haqqında çox qiymətli məlumatlar vermişdir. O, yazır: “müxtəlif millətlərdən olan qulamlar var ki, öz aralarında türkcə danışırlar və farsdan bir şey bilmirlər” (Bayramlı, 2015:71).
Azərbaycan türk dili I Şah Abbasın da doğma dili idi və onun sarayında da əcnəbi ölkələrdən gəlmiş elçilərlə rəsmi diplomatik danışıqlar bu dildə aparılırdı. Bu barədə Pyetro Della Valle aydın məlumat verir. Bir müddət ispan donanmasında hərbi xidmətdə olmuş Pyetro Della Valle dövrünün bilim adamı olan dostu Mario Skipanonun məsləhəti əsasında xüsusi tapşırıqla 1614-cü ildə İtaliyadan Fələstinə göndərilən diplomatik heyətlə yola düşüb İstanbul, Qüds, Dəməşq, Bağdad şəhərlərində olmuş, oradan isə Səfəvi dövlətinə gəlmişdi. 1617-ci ildə Səfəvi sərhədini keçən Pyetro Della Valle Qızılbaş dəstəsi ilə qarşılaşdığını və onlara Qəsri-şirin nahiyəsinin hakimi Kazım Sultanın başçılıq etdiyini göstərir. Yazır ki, bir müddət süvarilərlə yol getdik. Onların hamısı bir-biri ilə türk dilində danışırdı. Bu dil Səfəvi dövlətində fars dilindən daha çox işlənir, dövlət və hərb dilidir. O, bunun əsas səbəbini ordunun, əyanların, dövlət məmurlarının türk soyundan olmaları, aralarında bu dildə danışmaları, türk dilinin hərbi dil olması ilə izah edir. I Şah Abbas haqqında səyyah yazır ki, təbəələri ona çox inanır, başına and içir, Həmədanda bir nəfər digərinə müəyyən bir şey diləmək arzusunda olanda türk dilində “Şah Abbas muradını versin” deyirlər. İsfahan şəhərində olarkən türk dili məsələsi onu yenidən maraqlandırır. Yazır ki, burada türk dilində daha çox danışırlar, bu dil dövlət və başçıların dilidir. Səyyah türk dilinin bu üstünlüyünün başqa səbəblərini də göstərir. O yazır ki, Qızılbaş əsgərlərinin təmiz türk olması, qeyri- millətlərin çoxluq təşkil etdiyi qulamların türkdən başqa dil bilməməsi, zabitlər və Şahın orduda göstərişi, əmrləri bu dildə verməsi türk dilini dövlət, saray, hərbi dil səviyyəsinə qaldırıb. I Şah Abbasın səyyahı türk dilində “xoş gəldin”, “səfa gəldin” deyə qarşılaması, divanxanada danışıqların türk dilində getməsi, I Şah Abbasın sarayında türk dilinin əsas danışıq dili olmasının gerçək göstəricisi idi. Şahın özü də Pyetronun yazdığına görə, doğma türk dilini mükəmməl bilməsi ilə fəxr edirdi. Türk dili dövlət və saray dilidir (Bayramlı, 2015:71) .
Şah I Abbasın və onun varislərinin hakimiyyəti dövründə Səfəvi dövlətində fars dilinin aparıcı rol oynaması, başqa sözlə dövlətin farslaşmasını mənbələrin məlumatları təsdiq etmir. Əksinə, dövrün qaynaqlarında bəhs olunan dövrdə fars dili ilə müqayisədə Azərbaycan türkcəsinə daha böyük önəm verilməsi ilə bağlı kifayət qədər faktlara rast gəlmək mümükündür. 1618-ci ildə Rusiya çarının Şah I Abbasa türk dilində yazdığı məktub, Şah I Səfinin Avstriya imperatoru və Macarıstan kralı II Ferdinanda ( 1619-1639), Şah II Abbasın Şirvan bəylərbəyi Hacı Mənuçöhr xana h.1070 ( 1659-1660) tarixli, Şah Sultan Hüseynin Saksoniya şahzadəsi və Polşa kralı Fridrix Avqusta ( 1694-1733), Səfəvi elçisi Məmmədrza bəyin 1714-cü ildə Fransa naziri Markiz de Torsiya, Fransanın baş naziri Kolberə türk dilində ünvanladığı məktublar XVII-XVIII əsrlərdə Səfəvi dövlətində Azərbaycan türkcəsinin rəsmi-diplomatik dil kimi geniş şəkildə istifadə olunmasından xəbər verir ( Bayramlı, Şabıyev, 2016:42).
İtalyan səyyah Pyetro Della Valle qeyd etmişdir ki, Şah I Abbasın türk dilini mükəmməl bilməsi, bu dildə daha çox danışması, divanxanada danışıqların türkcə aparılması faktlarının Pyetro Della Valle tərəfindən qeydə alınması Səfəvi dövlətində türk dilinə verilən yüksək dəyərin bariz nümunəsidir. Türkcənin Səfəvi dövlətində geniş yayıldığını nəzərə alan Pyetro Della Valle İsfahanda türk dili­nin qrammatikası və türkcə-farsca-italyanca lüğətin hazırlanmasında da iştirak etmişdi. Bu kitabların əlyazmaları hazırda Vatikan kitabxanasında saxlanılır ( Bayramlı, Şabıyev, 2016:43).
1587-ci ildə Şah I Abbas özbəklərlə müharibənin qızğın vaxtında atasının şəhərdə olmamasından istifadə edərək qızılbaş və fars əyanlarının köməyilə Qəzvini tutdu. O, qızılbaş bürokratiyasını özünə sadiq dayaq elədi. Pyetro Della Valle yazır:” Şahda Şeyxavənd və qızılbaş tayfalarına qarşı gizli soyuq münasibət vardı. Bütün gücü ilə bu tayfaların qüdrətini sarsıtmağa çalışırdı, şah tatlardan tutmuş muşketyorlara, xüsusilə qulamlara daha çox arxalanır və onları daha yüksək vəzifələrə irəli çəkirdi”. Şah Abbas hər şeydən əvvəl orduya xüsusi əhəmiyyət verirdi. İtaətsiz feodallara qarşı mübarizə aparmaq, xalq hərəkatını boğmaq və yürüşlər üçün qüdrətli nizami orduya ehtiyac vardı. Ona görə də Şah I Abbas hakimiyyətə gələndən sonra ( 1587-1629) Səfəvilərin itirilmiş ərazilərini geri qaytarmaq və sarsılmış qüdrətini bərpa etmək üçün hərbi və inzibati islahat keçirdi ( Bünyadov, 2011:484).
Azərbaycan qızılbaş dövlətinin mahiyyətinin dəyişdirilməsindən sonra da, qızılbaşlar Səfəvi imperiyasının idarə olunmasında xüsusi yer tuturdular. Azərbaycan imperiyanın tərkibində mühüm vilayət olaraq qalırdı. Azərbaycan türkcəsi orduda və şah sarayında üstünlük təşkil edirdi. Səfəvi şahları və saray xidmətçiləri bu dildə danışırdılar. Hələ XVII əsrin sonu-XVIII əsrin əvvəllərində bir sıra dövlət və diplomatik sənədlər bu dildə yazılırdı. Şah I Abbas Səfəvilər dövlətinin keçmiş qüdrətini bərpa edə bildi. Azərbaycan bu dövlətin aparıcı qüvvələrindən birinə çevrildi ( Bünyadov, Yusifov, 2011:484).
Tarixi mənbələr və səyyah gündəlikləri Səfəvi dövlətində nəinki XVI əsrdə, XVII əsrdə də Azərbaycan türk dilinin dövlət səviyyəsində geniş şəkildə işləndiyini göstərir. Böyük alman alimi Adam Oleari XVII əsrin 30-cu illərində İsfahanda şah sarayında əcnəbi elçilərin qəbulu zamanı Azərbaycan türk dilində danışıldığını qeyd etmişdir. Fransız səyyahı Jan Batist Tavernye yazırdı:” Səfəvi saray adamlarının dili türk dilidir”. Tavernyedən 20 il sonra Səfəvi ölkəsində olmuş alman alimi Engelbert Kempfer ( 1685-1694) isə yazmışdı:” Səfəvi sülaləsinin ana dili olan türk dili sarayda yayılmış dildir”. Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini qazanmaq istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək günah sayılır. Türk dili bütün Şərq dillərindən asandır. Türkcə danışıq tərzindəki vüqar və səslənmə əzəməti onun sarayda ( mərkəzi dövlət idarəsində) və səltənət qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır” (Abdullayev, 2015:143).
1647-1654-cü illərdə Azərbaycanda səyahətdə olmuş Osmanlı səyyahı Evliya Çələbi Azərbaycan Səfəvi dövlətinin şəhərləri, sosial-iqtisadi, siyasi və mədəni həyatı haqqında qiymətli məlumatlar vermişdir. Düzdür, Evliya Çələbi Səyahətnaməsində bəzi təhrif və ziddiyyətlərə rast gəlinir, amma Səfəvi dövlətində şahidi olduğu hadisələri qələmə alması baxımından unikal əsərdir. Səyyah qeyd etmişdir: “ Ərdəbil İraq tərəfdə yerləşir. Azərbaycan ərazisində Əcəm şahlarının paytaxtı, Şeyx Səfinin vətənidir” ( Çələbi, 1997:42).
Şeyx Səfiəddinin ata-babası çox qədim zamanlardan Ərdəbil sakinləri idilər. Şeyx Səfiəddin İshaqın atası Şeyx Əminəddin Cəbrayılın altıncı babası Qızılbörk Firuz şahın, on doqquzuncu babası Əbülqasım Həmzənin qəbirləri Ərdəbil şəhəri yaxınlığında İsfərəncan və Kəhrəlan ( Kəlxoran) kəndlərində olub, müqəddəs ziyarətgahlardır. Qızılbörk Firuzşah və onun Əvəz əl-Xəvass, Məhəmməd əl-Hafiz, Səlahəddin Rəşid, Qütbəddin, Saleh və Cəbrayıl adlı xələfləri Ərdəbildə ruhani həyat tərzində yaşamışlar. Orta əsrin “Tarix-i aləmara-yi Şah İsmayıl” adlı qaynağında göstərilir ki, xalqı doğru yola dəvət edən ruhani-dərviş Seyid Cəbrayıl Şiraza getmiş və burada “Dərvişlərin gözü ona sataşdıqda bir türk dərvişini gördülər”. Şeyx Səfiəddin də 1252-ci ildə Ərdəbildə anadan olmuşdur. O, atası tez vəfat etdiyinə görə anası Dövlət xanımın himayəsində böyüyüb təlim və tərbiyə almışdı. Gənc yaşında mənəvi aləmin çətinliklərini mükəmməl dərk etmək üçün zamanın böyük arifi Şeyx Nəcibəddin Bozquşdan dərs almaq üçün Şiraza gedir. Ancaq Səfiəddin Şiraza çatdıqda artıq Şeyx Nəcibəddin Bozquş vəfat etmişdi. Şeyx Səfiəddinə Şirazın məşhur üləmalarından Mövlana Abdulla Şirazinin dəfələrlə türk gənci, türk oğlu deyə müraciət etməsi onun əcdadlarının türk olmasına heç bir şübhə yeri qoymur. Şeyx Səfiəddinin təhsilini davam etdirmək üçün Gilana Şeyx Zahidin yanına getməsini də Mövlana Abdulla Şirazi məsləhət görür. Ərdəbilə qayıtdıqdan bir müddət sonra Gilana gedən Şeyx Səfiəddinə burada “Zahidiyyə” adlı sufi təriqətinin başçısı Şeyx Zahid Gilani də türk gənci deyə müraciət etmiş və o burada bir türk arifi kimi tanınmışdır. Adı çəkilən qaynaqda göstərilir ki, Şeyx Zahid Gilani Şeyx Səfinin gəldiyini bildikdə böyük oğlu Şeyx Cəmaləddinə deyir:” ey oğul, get büqün daxilində..gənc türk namaz qılır, ona de ki, ağam Şeyx Zahid səni çağırır…” Sonralar, yəni mükəmməl təhsil aldıqdan sonra Şeyx Səfiəddin doğma dilində-türkcə şeirlər və aqioqrafik məzmunda türkcə “Qara məcmuə” adlı əsər də yazmışdı ( Bayramlı, Şabıyev, 2016:8).
Yazılanlardan aydın olur ki, Səfəvilər sülaləsinin əsasını qoyan Şeyx Səfiəddin türk oğlu türk olmuşdur. Osmanlı səyyahı Evliya Çələbi öz qeydlərində Azərbaycan şəhərlərinin əksəriyyətinin adlarını çəkir.
Səfəvilərin etnik kimliyi məsələsinə müna­sibət bildirmək üçün müxtəlif mənbələrə müra­c­iət edilməsi nəticəsində müzakirə obyekti haqqında fikirlər formalaşır. Səfəvilərin etnik mənsubiyyətinin türk olması nəinki yerli qaynaqlarda, eyni zamanda əksər xarici müəlliflərin qeydlərində də öz əksini tapmışdır.
Azərbaycan Səfəvi dövləti və onun etnik mənsubiyyəti məsələsini araşdırarkən məlum olur ki, Səfəvilər sülaləsinin yaradıcısı və onun davamçıları türk mənşəli soykökə malik olmuşlar. Səfəvilər sülaləsinin yaradıcı Şeyx Səfiəddin İshaq dəfələrlə əksər mənbələrdə və tarixşünaslıq əsərlərində türk oğlu adlandırılır və bu şəxsin etnik mənşəyinin türk olması şübhəsizdir. Şeyx Səfiəddin İshaqdan sonra onun davamçıları və Səfəvi dövlətinin yaradıcıları da məhz özlərinin türksoylu olması haqqında daim özlərindən sonra bir nişanə buraxmış və türkçülüklə fəxr etmişlər.
Azərbaycan Səfəvi dövlətinin əsasını qoymuş türk sərkərdəsi Şah I İsmayıl dəfələrlə öz divanında türk mənşəli olmasını vurğulamışdır. Nəinki Şah I İsmayıl, ondan sonra hakimiyyətə gələn Səfəvi hökmdarları da sarayda, diplomatik yazışmalarda türk dilindən daim istifadə etmiş, hər kəs məhz ana dilinə-Azərbaycan türkcəsinə ehtiramla yanaşmışlar. Dövlət işlərində, müxtəlif vəzifələrdə türk mənşəli qızılbaşlar daim irəli çəkilmiş və onlar daim ön sıralarda Azərbaycan Səfəvi dövlətinin xidmətində olmuşlar. Məqalədə istifadə olunan mənbə və tarixşünaslıq əsərlərindən də məlum olur ki, Azərbaycan Səfəvi dövlətinin etnik mənşəyinin türksoylu olması məsələsi təkcə dövlətin yarandığı dönəmlərdə deyil, eyni zamanda XVII-XVIII əsrlərdə də qüvvədə qalmışdır. Əgər bu məsələyə, italyan səyyah Pyetro Della Valle­nin “Səyahətnamə” si prizmasından yanaşsaq, Azərbaycan Səfəvi dövlətinin məhz türk mənşəli olduğunu yenidən təsdiqləyə bilərik. Məqalədə
Pyetro Della Vallenin dostu Mario Eskipanoya yazdığı məktublardan istinadlar gətirilmişdir və bu istinadlar qeyd etdiyimiz məsələni sübut etmiş olur.

Ədəbiyyat siyahısı
1. Azərbaycan tarixi. Əfəndiyev O, Bakı, 2007, 407 s
2. Azərbaycan Səfəvi dövləti ( XVI-XVII əsrlər). Bayramlı Z, Şabıyev B, Bakı, 2016, 342 s
3. Səfəvi dövlətinin etnik mənsubiyyətinə dair. Bayramlı Z, Bakı, 2015, 71 s
4. Azərbaycan tarixi. Bünyadov Z, Yusifov Y, Bakı, 2011, 719 s
5. Azərbaycan tarixi. Abdullayev M, Bakı, 2015, 407 s
6. Səyahətnamə. Çələbi E, İstanbul 1997, 87 s

Azərbaycan Səfəvi dövlətinin etnik kimliyi
(Pyetro Della Vallenin “Səyahətnamə”si əsasında)

Xülasə
Bu məqalə Azərbaycan Səfəvi dövlətinin etnik kimliyi haqqındadır. Məqalədə XVI-XVII əsrlərdə Azərbaycan Səfəvi dövlətinə səyahət etmiş səyyahlar və 1617-1627-ci illər arasında Azərbaycan Səfəvi dövlətinə səyahət etmiş italyan səyyah Pyetro Della Vallenin məktublarından əldə edilmiş məlumatlar əsasında dövlətin etnik kimliyi məsələsinə aydınlıq gətirilir. Məqalədə əsas etibarilə Avropa səyyahlarının səyahətnamələrindən bəhs olunur. Məqalənin əsas informasiya qaynağı italyan səyyah Pyetro Della Vallenin “ Səyahətnamə” si və elmi tədqiqatların hesabatlarıdır.

Açar sözlər: etnik kimlik məsələsi, Pyetro Della Valle, Avropa səyyahları, məktublar, səyahətnamələr.

Ключевые слова: этническая идентичность, Пьетро делла Валле, европейские путешественники, письма, путевые заметки.

Ethnic identity of the Safavid state of Azerbaijan (based on Pietro Della Valle’s “travelogue”)

Summary


This article is about the ethnic identity of the Safavid state of Azerbaijan. The article clarifies the issue of ethnic identity of the state on the basis of information obtained from travelers to the Safavid state of Azerbaijan in the XVI-XVII centuries and the Italian traveler Pietro Della Valle, who traveled to the Safavid state of Azerbaijan between 1617-1627. The article is mainly about the travelogues of European travelers. The main source of information is the “Travelogue” of the Italian traveler Pietro Della Valle and reports on scientific research in the article.

Keywords: ethnic identity, Pietro Della Valle, European travelers, letters, travelogues.