XIX əsrin əvvəllərində Cənubi Qafqaz və Şərqi Anadolu uğrunda osmanlı-rus hərbi qarşıdurmasının tarixindən(Türkiyə tarixşünaslığının məlumatları əsasında)

Post image

Emin Hümbətov
Gəncə Dövlət Universitetinin doktorantı

E-mail: [email protected]

XVIII-əsrin sonu - XIX əsrin əvvəllərində Avropada baş verən hadisələr və böyük dövlətlərin Yaxın və Orta Şərq siyasəti, həyata keçirilən hərbi-siyasi addımlar və diplomatik manevrlər Osmanlı – Rus qarşıdurmasını bir növ qaçılmaz edirdi. Ümumilikdə Qara dəniz hövzəsi və Qafqaz bölgəsində hər iki dövlətin siyasi və strateji maraqları, həmçinin Qacar­lar dövlətinin regiona yönəlik siyasəti, bölgəni gərginlikdə saxlamaqla yanaşı, həmçinin tərəflər arasında ciddi hərbi toqquşmaları gündəmə gətirirdi. Nəzərdən keçirdiyimiz dövrdə Avropada və Qafqaz bölgəsində mövcud olan geosiyasi vəziyyət 1806-1812-ci illərdə bölgə uğrunda Osmanlı-rus savaşına səbəb oldu.
Bu savaş böyük bir ərazini əhatə etmiş və fasilələrlə uzun müddət davam etmişdir. Hərçənd ki, bu müharibə Napoleon Bonapart Fransasının Avropada həyata keçirdiyi savaşların fonunda arxa planda görünsə də, lakin hərbi-siyasi və doğurduğu siyasi nəticələrə görə çox ciddi hərbi siyasi qarşıdurma olmuşdur.
Məlumdur ki, Osmanlı dövləti Misiri işğal edən Fransya qarşı Rusiya və İngiltərə ilə ittifaq bağ­la­mışdır. Bu ittifaq nəticəsində Fransanın nəzarətində olan Egey dənizindəki adalarda Osmanlı hakimiyyəti öz siyasi nəzarətini bərpa edə bilmişdir. Əslində Rusiya ənənəvi siyasətinə uyğun olaraq Misirin işğalı ərəfəsində Şərqi Aralıq dənizində Fransa kimi güclü bir dövlət görmək istəmədiyindən, habelə Aralıq dənizi kimi geniş arenaya rahat çıxış əldə etmək imkanı baxımından Osmanlı hakimiyyəti ilə taktiki siyasi əməkdaşlığı Pavel rəhbərliyi caiz bilmişdir. Napoleonun 1798-ci ildə Misri işğal etməsi nəticəsində çətin vəziyyətdə qalan Osmanlı hakimiyyətini 1798-ci ildə səkkizillik ittifaq sazişi imzalamışdır. 1805-ci ilin 24 sentyabrında Osmanlı hakimiyyəti bu müqaviləni yeniləmək məcburiyyətində qalmışdır. Rusiya bu müqavilə nəticəsində boğazlardan sərbəst hərəkət imkanı əldə etmişdir. Lakin Napleonun Austerlis döyüşündə rus və Avstriya ordularını məğlub etməsi hərbi-siyasi şəraiti dəyişmiş, həmçinin fransız elçisi general Sebastianın diplomatık fəallığı, habelə Pavelin qətlindən sonra Rusiyada hakimiyyət dəyişikliyi nəticəsində İstanbulda ruslara qarşı münasibət də əks məcraya yönəlmişdi(8, s. 50).
Qeyd edək ki, Osmanlı dövləti Rusiya gəmilərinin boğazlardan keçməsini öz təhlükəsizliyi baxımından təhdid hesab edir, buna mane olmağa çalışırdı. Osmanlı dövlətinin bu niyyətini duyan rus hökuməti İstanbuldakı elçisi İtalinskiyə göndərdiyi təlimatda“Osmanlı imperiyasının Rusiya ilə bağladığı ittifaq sazişinə hörmətlə yanaşmasını, bu tələb yerinə yetirilmədiyi təqdirdə elçilik heyətinin İstanbuldan ayrılmasını” tələb edirdi. (14, s. 109-111).
Rus hökumətinin kəskin mövqeyinə baxmayaraq Osmanlı dövləti 1806-cı ilin yazında rus gəmilərinin boğazlardan keçməsini qadağan etdi. (13, s. 47).
Buna cavab olaraq Rusiya Boğdan (Moldova) və Eflakda Osmanlıların həyata keçirtdikləri tədbirlərə İngiltərə ilə birlikdə qəti etiraz etdi və İstanbul höküməti bu ölkələrin ciddi təzyiqinə məruz qaldı. 1806-cı ilin sentyabr ayında Rusiya ültimatum verərək voyevodaların vəzifələrinə geri qaytarılması tələb edildi. Üç böyük gücün arasında çətin vəziyyətdə qalan Osmanlı hakimiyyəti rusların Qara dənizdən, ingilislərin Çanaqqaladan hücuma keçəcəklərindən narahat olaraq vəzifəsindən uzaqlaşdırdığı hər iki ruspərəst bəyi 1806-cı ilin 15 sentyabrında vəzifələrinə geri qaytardı. Buna baxmayaraq 16 oktyabr 1806-cı ildə rus hökuməti general İvan Mikelsona Boğdana girməsini əmr etdi. Bu əmrə uyğun olaraq 40 min nəfərlik rus qoşunu noyabr ayının 11-də Dnestr çayını keçərək Boğdan və Eflaka daxil oldu. Rus hakimiyyəti öz işğalçılıq siyasətini pərdələmək üçün “Osmanlı dövləti ilə Rusiya arasında imzalanan sazişin türklər tərəfindən pozulmasının qarşısını almaq üçün bu addımın atıldığını elan etdi” (13, s. 47).
Fahir Armaoğlu qeyd edir ki, “Fransa bu ərəfədə Osmanlı dövlətini Rusiyaya qarşı dirənməyə təşviq etmişdi. Fransanın istəyi Osmanlı dövləti ilə Rusiya arasında müharibənin başlaması və Osmanlı dövlətinin rus hərbi qüvvətlərinin bir hissəsini öz üzərinə çəkərək Fransanın Rusiya ilə savaşdakı yükünü yüngülləşdirmək olmuşdur. Lakin III Səlim dövlətin hərbi və maliyyə vəziyyətinə görə müharibəyə tərəfdar deyildi. Bu səbəbdən Eflak və Boğdan bəyləri öz vəzifələrinə geri qaytarıldı. Bu, Fransa üçün böyük bir fəlakət, Ruslar və İngilislər üçün isə bir diplomatiya zəfəri idi” (4, s. 91).
Rusiyanın bu hərəkətinə qarşı Osmanlı hakimiy­yəti əks tədbirlərdə tərəddüd etsə də, fransız Sebas­tian təkidlə Osmanlı hakimiyyətini Rusiyaya qarşı müharibəyə başlamağa çağırırdı. 1806-cı ilin oktyabr ayının 23-də Rusiyanın Osmanlı dövlətinə müharibə elan etməsi, iki ay sonra 27 dekabr 1806-cı ildə Osmanlı hakimiyyətinin Rusiyaya müharibə elan etməsi ilə nəticələndi. Beləliklə, bir il əvvəl ittifaq bağlayan hər iki dövlət yeni bir müharibəyə başladı (3, s. 119).
Rusiya donanmasına boğazları bağlayan Osmanlı dövləti 1807-ci il yanvarın 3-də Avropa dövlətlərinə verdiyi notalarda Rusiyaya müharibə elan etdiyini bildirir, həmçinin Osmanlı dövlətinə tabe olan Yeddi Ada Cümhuriyyətinin (1800-ci ilin 21 martında İoniya adalarında qurulmuş dövlət) Rusiya tərəfindən himayəsini qəbul etmədiyini bildirirdi (4, s. 91; 13, s. 47).
Osmanlı dövlətinin Rusiyaya qarşı müharibəyə başlaması İngiltərənin ciddi narahatlığına səbəb oldu. Çünki Fransaya qarşı müharibə aparan Rusiyanın iki cəbhədə döyüşməsi Rusiyaya ciddi problemlər yarada bilərdi .Bu da Rusiya ilə müttəfiq olan ingilis hakimiyyətinin siyasətinə zidd idi. Bu səbəblə Rusiya ilə müharibəni dayandırmaq üçün osmanlı hakimiyyətinə təzyiq göstərməyə başladı. İngilis hakimiyyəti Osmanlı dövlətindən Rusiya ilə ittifaq müqaviləsini yenilənməsini, Osmanlı donanmasının və boğazların İngiltərəyə təslim edilməsini, razılaşma əldə olunana qədər Eflak və Boğdanın Rusiyada qalmasını tələb etdi. İngiltərə hökuməti bunun əvəzində Bəndər və Xotin qalalarının Rusiyadan geri alınmasına zəmanət verirdi. Osmanlı dövləti bu şərtləri qəbul etməyəcəyi təqdirdə Bozca Ada yaxınlarında gözləyən İngilis donanmasının Çanaqqala boğazına daxil olacağını bildirilirdi (4, s. 92).
1807-ci il yanvarın 25-də Osmanlı dövləti Sebastianın da təşviqi ilə İngiltərənin tələblərini rədd etdi. İngilis elçisi İstanbulu tərk edərək Bocza Ada yaxınlığında mövqe tutan ingilis donanmasına getdi. 1807-ci il fevralın 18-də 11 gəmidən ibarət ingilis donanması Çanaqqala boğazına daxil oldu və Nara burnunda mövqe tutan 6 gəmidən ibarət osmanlı donanmasının 4 gəmisini məhv edib 2gəmisini ələ keçirdi. İngilis donanması 19 fevralda Yedikule yaxınlarında lövbər saldı. İngilis donanmasının İstanbul yaxınlarında görünməsi osmanlı hakimiyyətini və əhalini təşvişə saldı. Bu vəziyyət Sebastianı da ciddi narahat etməyə başladı. Çünki İngiltərə ilə Osmanlı dövləti arasında müharibə başlayacağı təqdirdə osmanlılar iki cəbhədə vuruşmaq məcburiyyətində qalacaqdılar (4, s. 92).
Belə vəziyyətdə Osmanlı hakimiyyəti həm dənizdə, həm də sahilboyu ciddi tədbirlər görməyə başladı. Osmanlı dövlətinin bu tədbirləri qarşısında ingilis elçisi tələblərinin bir az yumşaldaraq İstanbul hökumətinə çatdırdı. Lakin bu tələblər də birmənalı şəkildə rədd edildi. Belə vəziyyətdə İstanbul yaxınlığında qalmağın təhlükəli olduğunu başa düşən ingilis donanması mart ayının 2-də Çanaqqala boğazını tərk etdi. Boğazı keçərkən Osmanlı dəniz qüvvələri iki ingilis freqatını batırdı və digərlərini isə zədələdi. Beləliklə, ingilis hökumətinin Osmanlı hakimiyyətinə hərbi və siyasi təzyiqi uğursuzluğa düçar oldu (4, s. 93).
Rusiya ilə savaş əsasən iki cəbhədə - Eflak-Boğdan (Dunay) və Qafqaz cəbhələrində aparılırdı. Həmçinin tərəflər arasında dəniz döyüşləri də gedirdi. Rus hərbi birləşmələri əvvəlcə qərb cəbhəsində hərəkətə keçdi. Rus generalı Mikelson Dunay istiqamətində sürətlə irəliləyərək Buxarestə qədər çatmış, Xotin (26 noyabr/1806), Bəndər, Akkerman və Kili (6 dekabr 1806) qalalarını işğal etmişdir. Lakin ruslar İsmayıl, İbrail və Yergögü qalalarında ciddi müqavimətə rast gəldilər. İsmayıl qalasında Qasım paşa və Pəhləvan İbrahim ağa ruslara cid­di tələfat verdilər (10, s. 146; 3, s. 120). Osmanlı ordusunun cəbhənin bu sahəsində ciddi müqaviməti nəicəsində bir müddət rusların irəliləməsinə imkan verilmədi.
1807-ci ilin mart ayında admiral Sepyagin Limni dəniz döyüşündə Osmanlı donanmasını ağır məğlubiyyətə uğratmış, nəticədə rus donanması Egey dənizində hərəkət sərbəstliyi əldə etmişdir. Lakin Tilzit sazişindən sonra rus donanması bu əraziləri tərk etmişdir (16, s. 70).
Qeyd edək ki, rus-fransız danışıqları zamanı Napoleon rus çarından Osmanlı dövləti ilə davam edən müharibənin dayandırılmasını istəmişdir. Bu səbəbdən rus donanması ələ keçirdiyi əraziləri tərk etmişdir (15, s. 468).
Bu dövrdə Osmanlı dövləti ilə Rusiya arasında Qafqaz cəbhəsində və Şərqi Anadoluda da ciddi hərbi-siyasi qarşıdurmalar davam etmişdir.
Rus-Osmanlı savaşının başlaması ilə Qafqaz cəbhəsində hücuma keçən rus ordusu 1807-ci ildə Poti və Anakara arasındakı Şamxal boğazını işğal etdilər və Ahalkələk tərəfdən Osmanlı torpaqlarına soxuldular. Az sonra Anakara da ruslar tərəfindən işğal olundu. Rus ordusunun bu yürüşlərinin qarşısını almaq üçün Osmanlı hökuməti Sinop, Trabzon, və Potini qorumaq üçün bu ərazilərdə hərbi mövqelərini gücləndirməyə başladı (13, s. 49).
Tiflisdəki rus ordusunun Ahıska-Çıldır-Qars istiqamətində hücum xəbəri alındıqdan sonra keçmiş sədrəzəm Yusif Ziya paşa Osmanlı ordusunun Şərq bölgələri üzrə komandanı təyin olundu. Bu bölgədə Osmanlı dövlətinin ciddi nizami ordusu yox idi. Həmçinin bölgədəki osmanlı komandanları arasında baş verən ixtilaflar ruslara qarşı müqaviməti ciddi şəkildə zəiflədirdi. Trabzon valisi və Qara dənizin Anadolu sahillərinin komandanı Şərif Mustafa paşa ilə Çıldır valisi Səlim paşa arasında baş verən qarşıdurmalar, bir-birlərinə kömək etməmələri nəticədə Poti qalasının ruslar tərəfindən işğalına səbəb oldu (1, s. 146-147.).
Poti qalasının işğalı Trabzon, Batum və Suxumi sahillərinin donanma tərəfindən müdafiə olunması zərurətini yaratdı. Osmanlı hərbi birlikləri ruslar tərəfindən işğal olunmuş Redut qalasını geri qaytarmaq üçün 1807-ci il fevralın 20-də hücum təçkil etsələr də bu cəhd nəticəsiz qaldı (2, s . 538 ).
Osmanlı ordusunun 1807-ci ilin may ayında Ahalkələk qalasına rus-gürcü birliklərinin hücumunun qarşısını alması bu ərazilərdə hərbi əməliyyatları nisbətən səngitdi.
Qacar dövləti ilə müharibənin (1804-1813-cü illər) davam etməsinə baxmayaraq, bəzi rus generalları Balkanlarda başlamış rus-türk döyüşlərini ermənilərin təhriki ilə Anadoluya da keçirməyə, bununla da Qafqazda ikinci cəbhə xəttinin açılmasına cəhd etmiş və buna nail olmuşdular. Böyük bir hərbi birləşməyə başçılıq edən general P.Nesvetayev Gürcüstan və Dağıstanda baş komandan təyin edilmiş qraf İ.Qudoviçə 1807-ci ilin başlarında yazdığı raportunda Qars ermənilərinin rus qoşunlarının yolunu səbirsizliklə gözlədiklərini vurğulayıb, onu Osmanlı torpaqlarına daxil olmağın zəruriliyinə inandırmağa çalışırdı. Qudoviçin razılığını aldıqdan sonra isə öncə öz nümayəndələrini Qars paşası Məhəmməd Paşanın hüzuruna göndərib, ona könüllü surətdə Rusiyanın himayəsi altına keçməyi təklif edir. İstədiyi cavabı ala bilməyən Nesvetayev 23 fevral 1807-ci ildə Məmməd Paşaya və onun qardaşı, Qars qarapapaqlarının başçısı Qara Mahmud bəyin hərəsinə ayrı-ayrılıqda məktub göndərib onları rus qoşunlarının sərhədi keçəcəyi təqdirdə müqavimət göstərməməyə razı salmağa səy göstərdi (2, s. 598-599).
Bu təklifləri rədd edən Məhəmməd Paşa rusların gözlənilən hücumundan müdafiə olunmaq üçün İrəvan hökmdarı Hüseynqulu xandan kömək istədi. Qara bəy isə qardaşı Təkəl ağa ilə birlikdə 400 piyada və 300 süvarinin müşayiətində Şörəyelin sərhədə yaxın kəndlərinə gəldi və bu kəndlərin əhalisini təhlükəsizlik məqsədilə Qarsın iç bölgələrinə köçürdü (18, s. 38).
Nesvetayev 5 mart 1807-ci ildə Məhəmməd paşa və Qara Mahmud bəyə daha bir məktub göndərib, bəlli təklifini onlara bu dəfə artıq hədə-qorxu gələrək qəbul etdirmək istədi. Cavab məktubunda Qara bəy savaşa hazır olduğunu bildirdi. Rus qoşunları sərhədə düzüldü. Şərqi Anadolu istiqamətində hərəkət edəcək Saratov muşketyor alayı, Qafqaz qrenadyor alayının batalyonları (qraf Simoniçin rəhbərliyində), Troitsk muşketyor alayı, Qafqaz artilleriya briqadası və 2 kazak alayına ümumi komandanlıq general Nesvetayevə həvalə olundu (18, s. 38).
Rus qoşunları 1807-ci il martın 16-da Şərqi Anadolu istiqamətində Osmanlı sərhədini keçirlər. Qarapapaq Qara bəy həmin gün 1000 nəfər piyada ilə Baş Şörəyel kəndinin qalasında və kənd ətrafındakı istehkamlarda mövqe tutdu. Rus qoşunları Baş Şörəyeli mühasirəyə aldı. Kəndi döyüşsüz təhvil vermək təklifinə qəti rədd cavabı aldıqdan sonra ruslar dörd bir tərəfdən hücum edərək onu zəbt etdilər. Qara bəy öz dəstəsiylə sahibi olduğu Mağazberd kəndinə çəkildi.
Həmin il martın 25-26-da rus ordu birlikləri birbaşa Qarsa doğru istiqamət götürərkən, Qara bəyin min nəfərlik dəstəsi ilə döyüşə girdi. Bu döyüşlərdə rus əsgərlərindən 32-si öldürülür, 27-si isə yaralanır (2, s. 604).
Bu dövrdə umumilikdə Şərqi Anadoluda Osmanlı ordusunun 20000 nəfərlik süvari və piyada hərbi qüvvəsii movcud idi. Nesvetayev Qarsın 10000 silahlı şəhər sakini tərəfindən 60 topla qorunduğunu və qala divarları ikiqat olduğu üçün rusların şəhərə girmək istəyəcəyi təqdirdə çox itki ilə üzləşəcəyini öncədən bilirdi. Buna baxmayaraq, o, Ərzurumdan şəhər sakinlərinə hərbi yardım yetişənə kimi Qarsı tutmaqda israrlı idi. Ruslar Qarsa etdikləri hücumda, əvvəlcədən gözlənildiyi kimi, böyük itkilər verərək elə şəhərin kənar məhəllələrindəncə geri atıldılar (9, s. 145).
1807-ci ilin iyun ayında Qacar şahzadəsi Abbas Mirzə ilə Yusif Ziya paşa arasında əldə olunan razılaşmaya görə, 20 minlik ordu ilə Arpaçay istiqamətində hərəkətə keçdilər. Həmçinin bu yürüşdə İrəvan xanı Hüseyinqulu xanın 10 minlik ordusu da Ərzurum paşasının ordusu ilə birləşməli idi. Qafqazdakı rus qoşunlarının baş komandanı Qudoviç bu plandan xəbərdar olaraq Arpaçay yaxınlığına hərbi birliklər yerləşdirdi və osmanlı, qacar və İrəvan hərbi birliklərinin birləşməsinə imkan vermədi (17, s. 90).
Abbas Mirzənin qoşunu vaxtında köməyə gələ bilmədiyi üçün osmanlı qoşunu rus həmlələri qarşısında geri çəkilmək məcburiyyətində qaldı. Rus birlikləri ilə təkbaşına qalan Osmanlı ordusu say üstünlüyünə baxmayaraq (rus birlikləri 6 min, osmanlı ordusu 20 min nəfər idi) 1807-ci il iyunun 18-də Arpaçay sahilində, Gümrü qalası yaxınlığındakı baş verən döyüşdə məğlub oldu (11, s. 94-95).
Rusiya ilə müharibənin davam etdiyi bir vaxtda Osmanlı sarayında taxt davasının başlanması dövləti olduqca çətin vəziyyətə saldı. 1807-ci ilin may ayında yeniçərilərin üsyan qaldırması nəticəsində sultan III Səlim taxtdan endirildi. Hakimiyyətə gələn II Mustafa III Səlimin Avropa üsulunda modern ordu quruculuğunun qarşısını alaraq Nizami – cədid ordu təşkilatını ləğv etdi. Lakin 1808-ci ilin iyul ayında II Mustafa da taxtdan uzaqlaşdırıldı və taxta II Mahmud çıxdı (1808-1839) (8, s. 61).
Qafqaz cəbhəsində hərbi əməliyyatlar 1809-cu ilin yazında yenidən qızışmışdır. Qafqaz döyüşlərində ruslar xüsusilə Poti qalasının (Faş) ələ keçirilməsi üçün ciddi cəhdlər etmişdilər. Strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bu qalanın ələ keçirilməsi rusların Qafqazdakı hakimiyyəti üçün böyük əhəmiyyət kəsb edirdi. Tərəflər arasında uzunmüddətli şiddətli döyüşlərdən sonra rus ordusu 1809-cu ilin noyabrın 27-də qalanı aldılar (5, s. 96).
Poti qalasının geri qaytarılması ilə bağlı Osmanlı hakimiyyəti müəyyən tədbirlər görsə də bu, bir nəticə verməmişdir. Bu dövrdə Poti qalası ilə yanaşı Ahalkələk və Ahısqa qalalarında da şiddətli döyüşlər baş vermişdir.
Əməliyyatlar zamanı ruslar Akçaqala və Polatxana (Akçaabad) ərazilərinə də hərbi qüvvələr yeritmişlər.
Bu dövrdə Osmanlı və İranda fəallaşan İngiltərə onların Qafqaz bölgəsində Rusiyaya qarşı birgə mübarizə aparmalarına çalışırdı. 1810-cu ildə İngiltərənin təhriki ilə bağlanan Osmanlı-Qacar ittifaq müqaviləsinə görə, Qacar və Osmanlı orduları Qafqazda İngilislərin hazırladığı plan əsasnda birgə hərəkət etməli idilər (6, s. 185).
Qacar və Osmanlı ordularının Rusiyaya qarşı birgə döyüşləri 1810-cu ilin 5-8 noyabrında Ahalkələk qalasında baş verdi. Lakin bu döyüşdə Şərif paşanın rəhbərliyində olan türk birliklərinin köməyinə baxmayaraq Qacarlar tərəfindən döyüşən Hüseynqulu xan məğlub oldu (6, s. 185).
1810-cu il noyabrın 16-19-da Ahalsıx qalası ətrafındakı yüksəklikləri tutan rus qüvvələri Qacar-Osmanlı ordularının təzyiqi nəticəsində geri çəkilmək məcburiyyətində qaldılar (11, 129).
Qacar və Osmanlıların Cənubi Qafqazda ittifaq qurması və əməliyyatlara hazırlaşması xəbəri alan general Tormasovun müraciəti əsasında rus hakimiyyəti 1811-ci ilin əvvəllərində Cənubi Qafqaza 4 alay əsgər göndərdi (7, s. 416).
Birgə fəaliyyətlə bağlı bəzi məsələləri müzakirə etmək üçün 1811-ci ilin avqust ayında Abbas Mirzə Osmanlı dövlətinin Şərq komandanı Emin paşa ilə görüşmək üçün Arpaçay sahillərinə doğru hərəkət etdi. Emin paşa İrəvan xanı Hüseynqulu xanla görüşdə sui-qəsd nəticəsində öldürüldü (13, s. 56).
Emin paşanın öldürülməsi nəticəsində Cənubi Qafqazda Rusiyaya qarşı hazırlanan Qacar-Osmanlı və Azərbaycan, Dağıstan hakimlərinin ortaq hərbi əməliyyat planı baş tutmadı. Belə bir vəziyyətdə Osmanlı və Qacar sərhəd hakimləri arasında müəyyən anlaşılmazlıqlar yaşandı. Həmçinin 1811-ci ilin yazında rus hərbi birliklərinin Balkan cəbhəsində Osmanlı ordularına qarşı uğurlu hərbi əməliyyatlar keçirməsi Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyətə mənfi təsirini göstərdi. Bu səbəblərdən 1811-ci ilin yazında Cənubi Qafqazda Rusiyaya qarşı nəzərdə tutulmuş hərbi əməliyyat planı uğursuzluğa düçar oldu (11, s. 132 ).
Belə bir hərbi-siyasi şəraitdə istər Balkanlarda, istərsə də Cənubi Qafqazda bütün cəbhə boyu üstünlük Rusiyanın tərəfinə keçdi. Çətin vəziyyətdə qalan və böyük dövlətlərin siyasi mövqesizliyi səbəbindən Osmanlı hakimiyyəti sülh danışıqlarına başlamaq məcburiyyətində qaldı.
Bu vəziyyətdə 1811-ci il oktyabrın 28-də Osmanlının qərb cəbhəsində ruslarla atəşkəs elan edilmiş, 28 noyabrda isə rus generalı Kutuzov ilə Qalib bəy arasında ilk razılaşma əldə olunmuşdur. Fransa ilə gərgin münasibətlər vəziyyətində olan Rusiya hakimiyyəti çar Aleksandrın direktivi ilə Osmanlı dövlətinə “müdafiə və hücum” (“tedafüi ve tecavüzi”) ittifaqı təklif etmiş və razılaşma əldə etmək üçün bütün mümkün təzyiqlərdən istifadə etmişdir. Bu vəziyyətdə Fransa hakimiyyəti də Osmanlı dövləti ilə ittifaq təşəbbüsünə cəhd etmiş,osmanlı hakimiyyətinin 100 min nəfərlik ordu göndərəcəyi təqdirdə Krımın Osmanlı dövlətinə geri qaytarılması vədini vermişdir. Beynəlxalq şəraiti və dövlətin daxili siyasi və hərbi vəziyyətini dəyərləndirən Osmanlı dövləti 1812-ci ilin may ayının 16-da Buxarestdə Rusiya ilə sülh sazişi imzalamışdır (5, s.101).
Buxarest müqaviləsi 16 maddədən ibarət idi. Birinci maddədə tərəflər arasında sülhün bərqərar olunması, traktatda təsbit olunan şərtlərin pozulmayacağına çalışacaqları göstərilirdi. İkinci maddədə öz hökmdarları və dövlətlərinin əleyhinə müharibədə iştirak edənlərə əfv verilir, onların təqib edilməyəcəyi bildirilirdi. Üçüncü maddə müəyyən vaxtlarda dəyişiklik edilmiş maddələr istina olmaqla, hər iki dövlət arasında indiyədək bağlanılmış bütün traktat, konvensiya və qərarları bir daha təsdiq edirdi. Dördüncü maddə ilə sərhədlər təsbit olunurdu. Prut çayının sol sahilindəki torpaqlar Rusiyaya keçir, Prutun ortası hər iki dövlət arasında sərhəd olurdu. Beşinci maddə ilə Rusiya Prut çayının sağ sahilində yerləşən Moldava torpaqlarını, həmçinin böyük və kiçik Valaxiyanı, bu müqavilənin IV maddəsində göstərilən Dunay çayı adaları ilə birlikdə Osmanlı dövlətinə qaytarırdı. Moldaviya və Valaxiyanın bu müharibəyədək mövcud olan imtiyazları təsdiq olunurdu. Yassı müqaviləsinin dördüncü maddəsi dəqiq şəkildə həyata keçirilməli idi. Altıncı maddəyə görə Prut çayı sərhədlərindən başqa, Asiya və digər yerlər tərəfdən sərhədlər müharibəyədək olan vəziyyətdə bərpa edilir və tutulmuş torpaqlar Rusiya tərəfdən Osmanlı dövlətinə qaytarılırdı. Yeddinci maddə əhalinin bir dövlətdən digərinə keçməsi haqqında idi. Səkkizinci maddə Rusiya tərəfdən müharibədə iştirak etmiş serblərdən bəhs edirdi. Doqquzuncu maddə əsirlərin dəyişdirilməsi barədə idi. Onuncu maddə hər iki dövlətin təbəələrinin müharibə üzündən təxirə salınmış iş və tələblərinin sülh bağlanmasından sonra baxılmasını tənzimləməli idi. On birinci maddə ratifikasiyaların mübadiləsindən sonra Rusiya qoşunlarının işğal olunmuş Osmanlı torpaqlarından çıxarılması haqqında idi. On ikin­ci maddə ilə tərəflərin təbəələri və tacirlərinə vurulan zərərlərin ödənilməsi tənzimlənməli idi. On üçüncü maddədə göstərilirdi ki, Rusiya bu sülh müqaviləsinin bağlanması ilə İranla eyni etiqaddan olan Osmanlı dövlətinin Rusiya ilə İran arasında müharibənin başa çatmasına xeyirxah xidmət etməsinə və onlar arasında qarşılıqlı razılıq əsasında sülhün bərqərar olunmasına razılaşır. On dördüncü maddə bu müqavilə üzrə ratifikasiyalar mübadiləsindən sonra tərəflər arasındakı düşmənçilik hərəkətlərinin dayandırılması və münasibətlərin qaydaya salınması haqqında idi. On beş və on altıncı maddələr müqavilənin təsdiqi və ratifikasiyası barədə idi (12, s. 413-428).
Qeyd edək ki, Rusiya Buxarest müqaviləsi ilə Balkanların xristian əhalisi kimi, Osmanlı imperiyasındakı ermənilərin də mənafeyinin müdafiəçisi kimi çıxış etmişdir.
Ümumiyyətlə, Buxarest müqaviləsi Osmanlı dövlətinin hərbi-siyasi mövqelərinin nəzərəçarpacaq dərəcədə zəiflədiyinin ifadəsi idi. Bu müqavilə ilə Osmanlı dövlətinin Cənubi Qafqazda siyasi nüfuzu daha da zəifləmiş, Rusiyanın bölgə üçün strateji planlarına geniş imkanlar yaranmışdır.

Ədəbiyyat Siyahısı
1. Ahmet Cevdet Paşa. Tarih-i Cevdet. İstanbul, C. IX. 1976.
2. Акты, собранные Кавказской археографической комиссией, под ред. А.А.Берже (AKAK), т. III, Тифлис, 1869.
3. Akçura Y. Osmanlı Devletinin Dağılma Devri, Ankara, 2010.
4. Armaoğlu F. 19. Yüzyıl Siyasi Tarihi (1789-1914), Ankara, 1999.
5. Aydın M. Üç Büyük Gücün Çatışma Alanı Kafkaslar. İstanbul, 2008.
6. Davudov G. XIX esrin əvvəllərində İran-Osmanlı münasibətləri və Avropa dövlətləri // “Şərgşünaslığın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının Materialları, Bakı, 2009.
7. Dubrovin N.F. İstoriya Voynı i Vladıçestva Russkix na Kavkaze . T. 5. SPb., 1887.
8. Karal E. Osmanlı Tarihi, Nizam-ı Cedid ve Tanzimat Devirleri (1789-1856), C. V, Ankara, 1988.
9. Fadeev A.F. Rossiya i Kafkaz. Moskva, 1960.
10. Jorga N. Osmanlı İmparatorluğu Tarihi, C: V, Çev. Nilüfer Epçeli, İstanbul, 2005.
11. İbraqimbeyli H.M. Rossiya i Azerbaydjan v Pervoy Treti XIX veka . Moskva, 1969.
12. Mahmudov Y. Şükürov K. Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları 1639-1828. Dörd cilddə Birinci cild, Bakı, 2009.
13. Teymurova G. 1806-1812 osmanlı-rusya savaşı ve Azerbaycan. Osmanlı Medeniyeti Araştırmaları Dergisi – Journal of Ottoman Civilization Studies Cilt 2, Sayı 2, Ocak 2016. S.45-59.
14. Tukin C. Osmanlı İmperatorluğu Devrinde Boğazlar Meselesi. İstanbul, 1947.
15. Yılmaz Ö. 1806-1812 Osmanlı-rus savaşı’nda rusların Trabzon ve Akçaabat saldırılarına dair bazı yeni bilgiler. Karadeniz İncelemeleri Dergisi, Bahar 2019 (26), 461-490.
16. Yeşil F. Trajik Zafer. Büyük Güçlerin Doğu Akdeniz’de Siyasi ve Askeri Mücadelesi (1806-1807), İstanbul, 2017.
17. Sadıqov H. Rusiya-Türkiyə münasibələrində Cənubi Qafqas problemi (1787-1829 –cu illər). Bakı, Elm, 1991.
18. Valehoğlu F. 1806-1812-cı illər Türk-Rus müharibəsi və Qarapapaqlar. /Tarix və onun problemləri, № 3, Bakı, 2013, s.38 - 43.

Açar sözlər: Rusiya, Osmanlı imperiyası, Şərqi Anadolu, Cənubi Qafqaz, Buxarest

Гумбатов Е. Н.
Докторант Гянджинского Государственного Университета

Резюме́
Из Истории Османо-Русского Военного Противостояния из-за Южного Кавказа и Восточной Анатолии в начале XIX в.
(на основе материалов Турецкой историографии)
В данной статье автором предпринята серьезная попытка осветить причины, ход и последствия Османо-Российского военного противостояния в начале XIX в. за госпродство в вышеназванных регионах. Автор, опираясь на сведения как Турецкой историографии так и различных достоверных русскоязычных источников а также данных Азербайджанской историографии убедительно и последовательно рассматривает причины, ход и последствия Русско-Османской войны 1806-1812 годов. Здесь также в кратце излагается основная суть Бухарестского мирного договора, кратко, но достаточно чётко основные итоги этой войны как для России так и для Османской Империи.

Ключевые слова: Россия, Османская Империя, Восточная Анатолия, Южный Кавказ, Бухарест.

Humbatov E.N.
PhD Student, Ganja State University

Summary
Regarding the History of Ottoman-Russian Confrontation for South Caucasus and Eastern Anatolia in the beginning of XIX century
(Based on references of Turkish historiography)
In present article, the author has made a serious attempt to enlighten the reasons, the process and the consequences of Ottoman-Russian military confrontation in the beginning of XIX century, for the sake of obtaining power in the regions enlisted above. The author deducts on the reasons, the process and the consequences of Russian-Ottoman war of 1806-1812 in a very precise and sequential manner, whilst referring to Turkish historiography, Russian language published sources, as well as Azerbaijani historiography. Article also includes a brief explanation of the main aspects of Bucharest peace agreement and a brief, however very concise enlightenment regarding the major outcomes of this was for Ottoman Empire as well as for Russia.

Keywords: Russia, Ottoman Empire, Eastern Anatolia, South Caucasus, Bucharest.