ELMİ-TƏDQİQAT XİDMƏTLƏRİNİN KOMMERSİYALAŞDIRILMASININ İNTENSİVLƏŞDİRİLMƏSİ YOLLARI

Post image

LEYLA ƏHMƏDOVA
Azərbaycan Kooperasiya Universitetinin doktorantı

E-mail: [email protected]

Müasir şəraitdə elmi-tədqiqat xidmətlərinin optimallığının və səmərəliliyinin təmin edilməsi məsələləri aktual olaraq diqqət çəkməkdədir. Xüsusilə praktiki əhəmiyyət kəsb edən elmi-tədqiqat nəticələrinin gecikdirilmədən tətbiq edilməsi, məhsul istehsalının və ya xidmətlərin göstərilməsinin təşkili, son nəticədə isə elmtutumlu əlavə dəyər mənbələrinin formalaşdırılması vacib şərtlərdəndir. Bu, eyni zamanda, bilik iqtisadiyyatının inkişaf etdirilməsi, rəqəmsal texnolologiyaların fəal şəkildə reallaşdırdığı bir dövrdə çağırışların nəzərə alınması kimi də qiymətləndirilə bilər. Başqa sözlə, elmi-tədqiqat xidmətlərinin geniş spektrdə formalaşdırılması biznesin innovativliyinin təmin olunması, işlənmiş innovasiyaların və təsdiqlənmiş ixtiraların, kəşflərin tətbiqi proseslərinin təşkili, ümumilikdə elm və innovasiya tutumlu, rəqabət qabiliyyətli məhsulların alınması və xidmətlərin formalaşdırılması təmin edilmiş olur. Bu tədbirlərin reallaşdırılmasında dünya təcrübəsindən baxdıqda, elmi-tədqiqat müəssisələrinin və universitetlərin üzərində böyük həcmli vəzifələr dayanır. Onların həyata keçirilməsi məqsədilə daha çox səylər göstərilməli, innovatik mərkəzlər və infrastruktur yaradılmalı, universitetlərdə texnoparklar təşkil edilməli, elmi-tədqiqat müəssisələrində sınaq-sazlama sahələri yaradılmalı, maraqlı tərəfdaşlar bu proseslərə cəlb olunmalı, maliyyə mexanizmləri təmin olunmalı, elmi-tədqiqatların nəticələri ilə bağlı pilot layihələr daha ciddi elmi-praktiki arqumentlərlə əsaslandırılmalı və bu işlərin başa çatdırılması imkanları təhlil olunmalı, qiymətləndirilməlidir. Elmi-tədqiqatın təşkili və nəticələrin əldə edilməsi prosesləri nə qədər mürəkkəb və spesifik xarakter daşıyırsa, bu nəticələrin istehsal və xidmət sahələrinə tətbiq edilməsi, biznes proseslərində istifadəsinin təşkili və son nəticədə səmərəliliyinin əldə edilməsi də bir o qədər mürəkkəb məsələlər kimi qiymətləndirilir. Elmi-tədqiqatların son nəticələrinin tətbiqi prosesləri dünya təcrübəsində ən mürəkkəb problemlərdən hesab edilir və bu istiqamətdə dünyanın elm-texnoloji cəhətdən inkişaf etmiş ölkələrində axtarışlar müasir dövrdə də aktual olaraq yüksək səviyyədə qalmaqdadır [1, s. 45.].
Elmi tədqiqatların səmərəliliyinin təmin edilməsi üçün qlobal çağırışlara cavab verən yeni metodlar və maksimum məhsuldar mexanizmlərin işlənib hazırlanması, bu sahədə fəaliyyət göstərən müəssisələrin maddi-texniki bazasının yenilənməsi və tədqiqat proseslərinin maliyyə təminatı problemlərinin uzunmüddətli dövr üçün etibarlı şəkildə həll edilməsi tədbirləri vacib hesab olunur. Biznes–proseslərin cəlbediciliyinin artırılması və elmi nəticələrin ardıcıl şəkildə biznes subyektləri tərəfindən praktiki fəaliyyət proseslərinə tranfer edilməsi mexanizmləri və fəaliyyət strategiyası formalaşdırlmalı, “dövlət – elmi-tədqiqat müəssisələri və biznes subyektləri” sxemi üzrə sıx əməkdaşlıq başlıca şərtlərdəndir [2]. Digər tərəfdən, müasir dövrümüzdə yeni tələblər və qlobal çağrışlar konteksitndə elmi-tədqiqat işlərinin təşkilində ortaya çıxan zəruri halları və obyektiv reallıqları maksimum nəzərə almaq tələb olunur. Məsələn, önəmli olan problemlər sırasında – yeni sənaye inqilabından formalaşan çağırışlar kontekstində universitetlərin elmi-tədqiqat işlərinin təşkilində sistemli və ardıcıl yanaşmaların vacibliyi, həm də innovatik infrastrukturun yaradılması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, elmi-tədqiqat işlərinin yekunlarından ortaya çıxan nəticələrin, mühüm müddəların kommersiyalaşdırılması problemlərinə daha çox diqqət yetirilməli, bu problemlərin aradan qaldırılması metodikası hazırlanmalı, praktiki yanaşmalar müəyyənləşdirilməlidir.
Elmi-tədqiqat xidmətlərinin kommersiyalaş­dırılması prosesləri daha sistemli yanaşmanı şərtləndirir və bunun üçün maraqlı tərəflərin, o cümlədən ilk növbədə elmi-tədqiqat və ali təhsil müəssisələrinin, sənaye sahələrinin və investorların qarşılıqlı fəaliyyətinin təşkili istiqamətində ciddi addımların atılması tələb olunur. Bunun üçün ilk növbədə mükəmməl qanunvericilik bazası ilə bərabər, dövlətin elmi-texniki yeniliklərin və ümumilikdə elmi–tədqiqat xidmətlərinin kommersiyalaşdırılması istiqamətində əsaslandırılmış siyasəti formalaşdırılmalı və fəaliyyət mexanizmləri müəyyənləşdirilməlidir. Bu proseslərdə bir qrup prinsiplər və meyarlar əsas götürlməlidir: “Elmi-tədqiqat xidmətlərinin kommersiyalaşdırılması prosesləri iştirakçılarının gəlirlilik prinsipi ön plana çıxarılmalı, nəticələrin iqtisadi stimullaşdırılması göstəricilərinə ciddi önəm verilməli, təhsil, elm, istehsal, investisiya, innovasiya və digər maraqlı sahələrin inteqrativ fəaliyyəti təmin olunmalıdır” [3]. Elmi-texniki yeniliklərin nəticələrindən əldə olunan iqtisadi səmərəliliyin hesablanması və bununla əlaqədar görüləcək tədbirlərin ardıcıl şəkildə reallaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdəki dövlət siyasətinin işlək mexanizmlərinin təmin edilməsi hesabına, elmi-tədqiqat xidmətlərinin kommersiyalaşdırılması problemlərinin sahələrarası koordinasiyasının təşkili, həmçinin sınaq-təcrübə sahələrinin və laboratoriyaların yaradılması, zəruri eksperimentlərin aparılması təmin olunmalıdır. Xüsusilə, elmi-tədqiqat xidmətlərinin kommersiyalaşdırılması proseslərinin maliyyə təminatı mexanizmlərinin optimallığı olduqca vacib hesab edilir. Həmin proseslərin təşkilinə və həyata keçirilməsinə zəruri resursların, o cümlədən kadrların cəlb olunması məsələləri və elm-istehsal yaradıcı kollektivlərinin təşkili səmərə verə bilərdi [4]. Hər bir mərhələdə alınan nəticələrin monitorinqinin aparılması, vacib korrektirovkaların edilməsi, yan təsirlərin və əvvəlcədən gözlənilməyən halların diqqətlə öyrənilməsi, əlavə tədbirlərin planlaşıdırılması məsələləri də diqqət mərkəzində saxlanılmalıdır. Əldə olunmuş materialların, elmi-iqtisadi göstəricilərin və praktiki nəticələrin sistemli və müqayisəli şəkildə təhlil olunanraq ümumiləşdirilməsi, elmi-tədqiqat xidmətlərinin daha optimal olaraq formalaşdırılması tələb olunur. Ölkənin müvafiq elm və ali təhsil müəssisələrində məqsədli şəkildə aparılan elmi-tədqiqat proqramlarının son nəticələrinin stimulalşdırılması mexanizmlərinin hazırlanaraq tətbiq edilməsi də müsbət nəticələrin əldə olunmasına əsaslı zəmin yarada bilər [5, s. 21]. Bu zəminin güclü şəkildə formalaşdıırlması üçün elm, təhsil və istehsal prosesləri iştirakçılarının inteqrasiya səviyyəsinin yüksəldilməsi, ölkənin müxtəlif iqtisadiyyat sahələrində korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın təmin edilməsi, ali təhsil səviyyəsinin artırılması tədbirlərinin görülməsi, elm və tədqiqat işlərinə daha çox vəsaitin yönəldilməsi, qeyd olunan istiqamətlər üzrə müvafiq infrastrukturun və maddi-texniki bazanın yaradılması, formalaşmış intellektual resurslardan səmərəli istifadə olunması və onların mülkiyyət hüquqlarının qorunması, bürokratiya hallarının minimuma endirilməsi, əlçatan maliyyə və kredit mexanizmlərinin formalaşdırılması, maliyyə xidmətləri, elm və texnologiyalar bazarlarının intensiv inkişafının təmin edilməsi, milli innovasiya sisteminin və çoxfunksiyalı innovasiya mərkəzlərinin, zonalarının təşkil olunması, bu sahələr üzrə yerli və xarici investisiyaların cəlb edilməsi proseslərinin daha mütəşəkkil olaraq təmin olunması vacib məsələlər və vəzifələr kimi xarakterizə olunurlar. Elm-tədqiqat xidmətlərinin daha tələb olunan çeşidinin formalaşdırılmasında ali təhsil müəssisələrinin innivasiya fəaliyyətinin hansı səviyyədə təşkil olunması mühüm əhəmiyyət kəsb edir [6]. Bunlardan əlavə, univeristetlər müxtəlif kommersiya strukturları, “beyin mərkəzləri”, elmi-tədqiqat müəssisələri, investisiya fondları və innovasiya strukturları ilə əlaqələrin gücləndirilməsinə çalışmalıdırlar [7].
Elm və təhsil müəssisələrində elmi-tədqiqatların dərinləşməsinə imkan verən potensialın obyektiv qiymətləndirilməsi aparılmalı, daxili və xarici amillərin təsiri, səmərəliliyi təhlil olunmalı, mövcud intellektual resursların qiymətləndirilməsi təşkil edilməli, marketinq təhlilləri və digər araşdırmaların əhatəsi genişləndirilməli, intellektual innovasiya fəaliyyətinin nəticələri fəal şəkildə kommersiya proseslərinə transfer olunmalıdır. Bunlarla yanaşı, formalaşdırılan intellektual resursların və məhsulların potensial alıcılarının, sifarişçilərinin əhatəsi və maraqları müəyyənləşdirilməli, onlarla əməkdaşlıq gücləndirilməlidir. Qoyulan problemlər üzrə elmi-fundamental araşdırmalar aparılmalı, göstəricilər sistemi müəyyənləşdirilməli və onların qiymətləndirilməsi metodikası hazırlanmalıdır. Universitetlərdə innovasiya fəaliyyətinin nəticələrinin kommersiyalaşdırılması mexanimzlərinin formalaşdırılması və reallaşdırılması üzrə fəaliyyət planının olması vacibdir [8]. Yeni innovasiyaların hazırlanması, işlənməsi və tətbiqi istiqamətində intellektual resursların, yaradıcı ixtiraçıların mobilizasiyası tədbirləri görülməlidir [9]. İnnovasiya proseslərinə, elmi-tədqiqatların təşkili və tənzimlənməsi tədbirlərinə strateji yanaşmalar ön plana çıxarılmalıdır. Xüsusilə, strateji innovasiya proseslərinin və bu proseslərin idarə olunmasının səmərəlilik problemləri elmi-tədqiqat müəssisələrində və universitetlərdə daha çox diqqət mərkəzində saxlanılmalıdır. Universitetlərin və elmi-tədqiqat mərkəzlərinin fəaliyyətində bu amillərə ciddi önəm verilməlidir [10]. Tədqiqatçı L.F.Mahmudova dövlətin innovasiyalara dəstək sahəsində rolunu araşdırarkən bir sıra məsələləri daha çox aktual hesab etmişdir: 1) dövlət elmin, o cümlədən, tətbiqi elmin inkişafına və innovasiya ideyalarının əsas mənbəyi olan mühəndis və elmi kadrların hazırlanmasına şərait yaradır; 2) dövlət idarələri çərçivəsində biznesin innovasiya fəallığının yüksəldilməsi istiqamətində müxtəlif proqramlar reallaşdırılır; 3) akademik və tətbiqi elm arasında səmərəli qarşılıqlı əlaqənin təşkil edilməsində dövlətin vasitəçi kimi çıxış etməsinin müasir mexanizmlərinin yaradılması, elmi texnoloji tədqiqat layihə işlərinin yerinə yetirilməsində sənaye korporasiyaları və universitetlər arasında kooperasiyanın gücləndirilməsi, “elm-universitet-istehsalat” əməkdaşlığının genişləndirilməsi” [11]. Bu məsələlərin planlı və nizamlı şəkildə koordinasiya edilməsi, elmi-tədqiqat xidmətlərinin kommersiyalaşdırılması problemləri ilə bağlı halların həllinin intensivləşdirilməsi daha yüksək nəticələrin əldə edilməsinə imkan verər.
Azərbaycanda elmi-tədqiqat xidmətlərinin kommersiyalaşdırılması ilə bağlı proseslər başlanğıc səviyyəsindədir və bununla əlaqədar güclü qanunvericilik bazasının formalaşdırılmasına ehtiyac da qalmaqdadır. Ölkədə milli innovasiya sisteminin yaradılması başa çatdırılmamışdır, çoxfunksiyalı innovasiya mərkəzlərinin sayı olduq­ca aşağı səviyyədədir. Bütün bunlar elmi-tədqiqat işlərinin səviyyəsinə və son nəticədə iqtisadiyyatın müxtəlif sahələrində tələb olunan xidmətlərin formalaşdırılmasında təsirini göstərir, yəni hələ ki, rəqabətqabiliyyətli elmi-tədqiqat xidmətlərinin elm və texnologiyalar bazarlarına çıxarılması məsələsi istənilən səviyyəyə qaldırılmamışdır. Buna görə də ölkə universitetlərinin fəaliyyəti kompleks təhlil olunmalı, elmi-tədqiqat işlərinin zəif təşkil olunduğu universitetlərin birləşdirilməsi məsələləri qabardılmalı, universitetlərdə elmi-tədqiqat mərkəzlərinin fəaliyyətində nəticəlik prinsipləri gücləndirilməli, elmi tədqiqat işlərinin təşkili müasir analoqları ilə müqayisədə daha çox beynəlxalq təcrübə səviyəsinə qaldırılmalı, bunlarla bağlı olaraq, daha çox məqsədli qrantlar müəyyənləşdirilməli, elmi tədbirlər və layihələr həyata keçirilməlidir. Təsadüfi deyildir ki, ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə müasir dövrdə İKT məhsullarının geniş çeşidinin hazırlanması, elm və texnolologiya bazarlarına çıxarılması məsələləri aktuallıq təşkil edir [12]. Amma, bunun üçün elmə çəkilən xərclərin, xüsusilə elmi-tədqiqat layihələrinə yönəldilən vəsaitlərin əhəmiyyətli səviyyədə artırılması tələb olunur və son 10-15 il ərzində bu istiqamətdə dövlət büdcəsindən elmə çəkilən xərclərin həcmi bir neçə dəfə artırılsa da, bu xərclərin həcmi aşağı səviyyədədir və ayrılan vəsaitlərin də əhəmiyyətli hissəsi elmi-tədqiqat müəssisələrinin əməkhaqqı və ona bərabər sosial ayırmalarına, vergi ödənişlərinə yönəldilir.
Qeyd edək ki, beynəlxalq təcrübədə elmi-tədqiqat xidmətlərinin kommersiyalaşdırılması məqsədilə İKT-dən istifadəyə böyük üstünlük verilir. Belə ki, İKT-nin inkişafının sürətləndirilməsinin və informasiya cəmiyyətinin inkişaf etdirilməsi əksər dünya ölkələrində prioritet və strateji vəzifələr kimi baxılır. Aqrar sahənin fəaliyyətinin müxtəlif istiqamətlərində İKT mexanizmlərinin və alətlərinin fəal şəkildə istifadə edilməsi hesabına, bu sahədə iqtisadi səmərəliliyin yüksəldilməsi təmin olunur. Digər tərəfdən, ölkə Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda informasiya cəmiyyətinin formalaşdırılması və inkişaf etdirilməsi ilə bağlı hüquqi mexanizmlər və əsaslar müəyyənləşdirilmiş, eyni zamanda geniş şəkildə zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılmış və İKT xidmətlərinin dairəsinin əhəmiyyətli səviyyədə genişləndirilməsi nəzərdə tutulmuşdur [13]. Eyni zamanda, ölkəmizdə elmin inkişafı, texnologiyalar və innovasiyalar bazarlarının inkişaf etdirilməsi istiqamətində, o cümlədən elmi-tədqiqat xidmətlərinin kommersiyalaşdırılması tədbirlərinin sürətləndirlməsində yeni çağırışlar ortaya çıxmışdır. Bu baxımdan, elmi-tədqiqat müəssisələrində və universitetlərdə əldə olunmuş elmi nəticələrin fəal şəkildə tətbiqinə nail olunması tədbirlərinin sürətləndirilməsi vacib şərtlərdəndir. Elmi fəaliyyətin və elmi-tədqiqatların səmərəliliyin artırılmasının hüquqi bazasının möhkəmləndiyini də qeyd etmək mümkündür. 14 iyun 2016-cı ildə qəbul olunmuş “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin, hüquq və vəzifələrinin, elmin maliyyələşdirilməsi mexanizmləri, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsasları müəyyənləşdirilmiş və beləliklə elmi fəaliyyətin təşkilində yeni imkanlar yaranmışdır [14]. Bunlara misal olaraq fundamental, tətbiqi və eksperimental tədqiqatların təşkili, elmi-tədqiqatların nəticələrinin ekspertizası, tətbiqi, aprobasiyası və yüksək ixtisaslı elmi kadrların hazırlanması tədbirlərinin hüquqi əsaslarının təkmilləşdirilməsi və tənzimlənməsini göstərmək olar.
Yaxın perspektivdə elmi-tədqiqat xidmətlərinin kommersiyalaşdırılmasının intensivləşdirilməsi məqsədilə bir sıra məqsədli tədbirlərin həyata keçirilməsi tələb olunur:
- ölkənin elmi-tədqiqat müəssisələrində və universitetlərində elmi-tədqiqat xidmətlərinin kommersiyalaşdırılması istiqamətində fəaliyyətin təşkili üzrə konseptual yanaşmalar və fəaliyyət mexanizmləri hazırlanmalıdır;
- elmi-tədqiqat müəssisələri və universitetlərin potensial investorlar, sənaye müəssisələri, texnologiyaların transferi ilə məşğul olan firma və şirkətlərlə əməkdaşlığın dərinləşdirilməsi təmin olunmalıdır;
- ölkədə elmi-tədqiqat xidmətlərinin kommersiyalaşdırılması proseslərinin intensivləşdirilməsi üçün müvafiq infrastruktura malik elmi-texniki parklar və innovasiya mərkəzlərinin yaradılması prosesləri maksimum genişləndirilməlidir və s.

Açar sözlər: elmi-tədqiqat xidmətləri, elmi-tədqiqat xidmətlərinin kommersiyalaşdırılması, universitetlər, elmi-tədqiqat müəssisələri, elmi sınaq-təcrübə müəssisələri, elmi-tədqiqat laboratoriyaları, elmi-tədqiqatların maliyyə təminatı, elmi-tədqiqatların investisiya təminatı.

Ədəbiyyat siyahısı
1. Caulfield, T., Harmon, S.H. & Joly, Y. Open science versus commercialization: a modern research conflict? // Genome Med 4, 17, 2012. – p. 39-52.
2. Баканова, М.В. Анализ бизнес-процессов кафедры вуза как основы разработки стратегии автоматизированного управления кафедрой // Известия ПГУ им. В.Г. Белинского. 2010. №22. – c. 104-109.
3. Устинов А.Э. Коммерциализация научной деятельности. – Казань: Изд-во КФУ, 2017. – 102 с.
4. Нечепуренко, Ю.В. Коммерциализация результатов научно-технической деятельности: научно-практическое пособие / Ю.В. Нечепуренко. – Минск: НИИ ФХП БГУ, 2012. – 225 с.
5. Дежина, И.Г., Салтыков Б.Г. Механизмы стимулирования коммерциализации исследований и разработок. – М.: ИЭПП, 2004. –152 с.
6. Дементьева, А.К. Формирование и реализация механизма коммерциализации результатов инновационной деятельности вуза. Дисс. канд. экон. наук. Ульяновск, 2018. –224 с.
7. Балыхин М.Г. Исследовательский университет в системе взаимодействия субъектов коммерциализации результатов интеллектуальной деятельности / М.Г.Балыхин // Международный научно-исследовательский журнал. – 2015. – №2 (33) Часть 3. – c. 14-16.
8. Дементьева, А.К. Формирование и реализация механизма коммерциализации результатов инновационной деятельности вуза. Дисс. канд. экон. наук. Ульяновск, 2018. – 224 с.
9. Пипия Л.К., Дорогокупец В.С. К вопросу об оценке результатов научной деятельности // Инновации, № 1 (219), январь, 2017. С. 39-45.
10. Владимиров А.И. О научной деятельности вуза. – М.: ООО «Издательский дом Недра», 2011. – 69 с.
11. Mahmudova L.F. Strateji innovasiya proseslərinin və idarə edilməsinin səmərəlilik problemləri // “Geostrategiya” jurnalı №02 (50) Mart-Aprel 2019. – 20.05.2019. https://az.strategiya.az/news.php?id=150921.
12. Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.
13. Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı. Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il Sərəncamı ilə təsdiq edilmişdir.
14. Elm haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı şəhəri, 14.06.2016-cı il.

РЕЗЮМЕ

ПУТИ ИНТЕНСИФИКАЦИИ КОММЕРЦИАЛИЗАЦИИ НАУЧНО-ИССЛЕДОВАТЕЛЬСКИХ УСЛУГ
В статье исследованы пути интенсификации коммерциализации научно-исследовательских услуг. С этой целью анализирована сущность и особенности коммерциализации научно-исследовательских работ в нынешних условиях. Рассмотрены возможности и потенциал научно-исследовательских предприятий и университетов в повышении эффективности научно-исследовательских работ и их коммерциализации. Отмечена важность усиления интегративной деятельности университетов и научно-исследовательских организаций с промышленными предприятиями и коммерческими организациями, инвестиционными фондами в Азербайджане. Подготовлены предложения и рекомендации по путям интенсификации коммерциализации научно-исследовательских услуг.

Ключевые слова: научно-исследовательские услуги, коммерциализация научно-исследовательских услуг, университеты, научно-исследовательские предприятия, опытно-конструкторские предприятия, научно-исследовательские лаборатории, финансовое обеспечение научных исследований, инвестиционное обеспечение научных исследований.


SUMMARY

WAYS OF INTENSIFYING THE COMMERCIALIZATION OF RESEARCH SERVICES
The ways of intensifying the commercialization of research services are explored in the article. The essence of commercialization of research work in the current conditions is analyzed for this purpose. Possibilities and potential of research enterprises and universities in increasing the efficiency of research and their commercialization are considered. The importance of strengthening the integration activities of universities and research organizations with industrial enterprises and commercial organizations, investment funds in Azerbaijan is noted. Proposals and recommendations on ways to intensify the commercialization of research services are given in the end of the article.

Key words: research services, commercialization of research services, universities, research enterprises, development enterprises, research laboratories, financial support for scientific research, investment support for scientific research.