TURUKKULARIN AŞŞUR EKSPANSİYASINA QARŞI MÜBARİZƏSİ TARİXİNDƏN

Post image

Ayşə Nərimanova
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əyani magistrantı

E-mail: [email protected]

III Ur sülaləsinin süqutu Mesopotamiyada iki əsrdən çox davam edən siyasi dağınıqlıq dövrünün başlanğıcı oldu. E.ə. XIX əsrin sonalarından I Şamşi-Adad tərəfindən bütün Yuxarı Mesopotamiyanı əhatə edən Aşşur dövlətinin əsası qoyuldu. Qərbdən fərqli olaraq Dəclə çayının şərq istiqamətindəki əraziləri zəbt etmək və möhkəmlənmək burada yaşayan yer­li əhali tərəfindən ciddi müqavimətə rast gəlir. Nəticədə, I Şamşi-Adadın hərbi ekspansiyasına qarşı mübarizədə iki əsrlik fasilədən sonra qədim Azərbaycan tayfalarının adı mixi yazılı mətnlərdə yenidən xatırlanmağa başlayır.
Mesopotamiyada baş verən siyasi hadisələrdə Azərbaycanın qədim tayfalarının iştirakı barədə məlumatları keçən əsrin 30-50-ci illərində aşkara çıxarılmış Mari (Tell-Həriri) və Şuşuarra (Tell-Şemşara) arxivlərindən alırıq. Dəclənin şərqində yerləşən ərazilər uğrunda aşşurlular və turukkuların qarşıdurması Maridən tapılmış iyirmiyə qədər olan məkubtubda öz əksini tapmışdır. Mari məktublarında hadisələrin Aşşur mövqeyindən şərh olunmasına, xronoloji ardıcıllığın və hərbi əməliyyatlarla bağlı toponimlərin dəqiq məlum olmamasına baxmayaraq, məktblar turukkuların I Şamşi-Adadın Dəclədən şərqdəki əraziləri işğal etməsinə qarşı duran ciddi qüvvə olduqlarını aydın göstərir [9, s. 41]. Quti, lullubi və turukku tayfalarının Aşşurun işğalçılıq siyasətinə qarşı apardığı mübarizə haqqında məlumatlar isə Şuşuarra məktublarında qeyd olunmuşdur. Turukkalılar uzun müddət Mesopotaminin şəhərlərinə və krallıqlarına dəfələrlə basqın edən yarım köçəri yaşayan bir xalq kimi qəbul edilirdi. Ancaq C.Eidem və Y.Lösyeyə görə, Şuşuarra arxivləri tərəfindən verilən dəlillər, Turukkuların nisbətən mürəkkəb bir siyasi quruluşa sahib bir sıra boylardan meydana gəldiyini göstərir. İtabalhum krallığı bu siyasi birləşmələrdən ən əhəmiyyətlisi idi.
Aşşur hökmdarı I Şamşi-Adad hakimiyyətinin ilk illərində bir tərəfdən Eşnunna kralı Naram-Sinin xələfi olan Daduşa ilə birgə Arbela bölgəsindəki Qabranı tutmaq üçün mübarizə aparır, digər tərəfdən isə Şuşuarra şəhərinin tutmaq məqsədi ilə turukkularla qarşı-qarşıya gəlmişdi. I Şamşi-Adadın hərbi ekspansiyasına qədərki dövrdə Zaqros tayfaları, o cümlədən turukkular qərbdə yerləşən qonşuları iə dinc şəraitdə yaşamış və Aşşurun qonşularla ticarət əlaqələrində vasitəçilik etmişlər. Bu işğallar nəticəsində Fərat, Dəclə və Dağətəyi Zaqros boyu keçən ticarət yollarının blokadaya alınması bütün Yaxın Şərqdə karvan ticarətinin strukturunu pozdu [9, s.38]. I Şamşi-Adadın Fəratdan şərqdəki ərazilərə olan dağıdıcı yürüşləri Mesopotamiya ilə Azərbaycan tayfalarının ənənəvi münasibətlərinə ciddi zərbə vurmaqla yanaşı tarixi Azərbaycan torpaqlarının da işğal edilməsi təhlükəsini yaratmışdı.
Turukkular və I Şamşi-Adadın qoşunlarının nə zaman üz-üzə gəldiyi dəqiq məlum olmasa da, bir sıra sənədlərdə bu yürüşlərə qarşı mübarizə aparmış turukku başçılarının adları çəkilir. I Şamşi-Adadın il adlarından biri onun turukku tayfa başçısı “Bin-Adadı ələ keçirdiyi il” adlanır [13, s.68]. Digər bir sənəddə isə Bin-Adadın adı başqa bir turukku tayfa başçısı Vilanum ilə birgə Aşşura qarşı mübarizədə çəkilir. Buradan aydın olur ki, turukkular bir neçə tayfadan ibarət idi. Adı Şuşuarra və Mari arxivlərində çəkilən bir digər turukku başçısı da Lidayadır. Mari arxivindən əldə etdiyimiz məlumatda Lidaya İşme-Daqana qarşı mübarizə aparan tayfa başçısı kimi xatırlanır. Lakin Şuşuarradan tapılan bir məktubda İşme-Daqan və Lidaya arasında dostluq əlaqələrinin olduğunu görürük. Məktubun mətnində qeyd olunur: “(1-2) Kuvariyə de! (3) Sənin ağan belə deyir: (4)sənin mənə göndərdiyin məktubları aldım. (5) Lidaye (6) yanıma gəldi və (məsələləri) mənimlə bir yerdə (7) müzakirə etdi (hərfən: mənimlə görüşdü). (8-9) O, Nurruqumun işğalına qədər mənim yanımda qalır, (10-11) Nurruuqum tutulan kimi isə (12) qoşunla birlikdə (13) Ahazım ölkəsinə (14) gedəcək (15). Sonra: qoy mühasirə qüllələrini (16-17) (çay aşağı) Zaslimə gətirsinlər, (18-19) çünki onlar qoşunun önündə olmalıdır (qoşunun başında durmalıdır)” [9, s. 39]. Məktubun məzmununda Lidayanın kimliyi barədə məlumat verilməsə də, turukkuların başçısı Lidaya ilə eyni şəxs olması şübhə doğurmur. Həmçinin, Aşşur hömdarı böyük ehtimalla o dövrdə Şimali Mesopotamiyada güclü siyasi qurumlardan olan Nurruquma və Ahazimə qarşı turukku qoşunlarının köməyindən istifadə etmişdir. Bu yardımın əvəzində Aşşurun turukulara nə vəd etdiyi bizə məlum deyildir. Turukkuların Ahazım və Nurruqum üzərindəki iştirakına dair razılığın əvvəlcədən Lidaya ilə İşme-Daqan arasında bəhs etmiş olduğumuz danışıqların nəticəsində mümkün olması ehtimal edilir. Lakin bilinməyən bir səbəbdən Nuruqqum və Ahazimin işğalı arasındakı vaxtda Aşşur və turukku münasibətləri pozulur. Hətta I Şamşi-Adadın Yasmah-Adadada yazdığı məktubunda Ahazimin işğalı zamanı onlara müqavimət göstərən yerli əhali arasında turukkuların da adı çəkilir. Bu ziddiyyətlərin səbəbi Aşşur dövlətinin Dəclədən şərqdəki torpaqlara qarşı işğalçılıq siyasətini daha da genişləndirməsi idi. Bu ziddiyyətlər Aşşur-Turukku münasibətlərinin dostluqdan qarşıdurma mərhələsinə keçməsində əsas faktor idi. I Şamşi-Adadın Yasmah-Adadada yazdığı Maridən tapılan bir məktubda turukkuların Lidayanın başçılığı altında Aşşur əleyhinə olan bir digər bilinməyən düşmənlə birgə mübarizə apardığını, Lakin Lidaya ilə birlikdə olan düşmənin öz şəhəri Burullumu tərk etdiyi haqqında məlumatla rastlaşırıq.
I Şamşi-Adadın dövründə Şuşuarra vilayətinin yerləşdiyi Raniyə düzü Aşşurun nəzarəti altında idi. Əhalisinin bir hissəsinin hurrilər, bir hissəsinin isə lullubilərdən təşkil olunduğu Şuşuarra Aşşurun şərqdə tabe etmiş olduğu ən uca ölkə idi [4, s. 505]. Şuşuarra qutilər və turukkular üçün mühüm əhəmiyyət kəsb edirdi. Bölgənin tez-tez turukku və quti axınlarına məruz qalması buradakı xalqın hər an baş verə biləcək hücum təhlükəsinə qarşı hazırlıqlı olmalarını şərtləndirirdi. Məhz Şuşuarranın Aşşur əsarətindən azad edilməsi turukkuların adı ilə bağlıdır. Turukkular Şuşuarrada da məskunlaşmışdılar. Turukkuların burada olan bir hissəsi Aşşura qarşı mübarizədə Lidayanın başçılıq etdiyi turukkularla birləşir. Əvvəlcədən Burullum adlı şəhərin bütövlükdə utem adlı ölkənin Aşşur qoşunlarına təslim edilməsi düşünülmüş bir addım idi. Aşşurun əsas qüvvələrini Utem ölkəsinə cəlb etməklə, Lidaya turukkular, elcə də qutilər üçün mühüm əhəmiyyət kəs edən Şuşuarra istiqamətində uğurlu hərbi məliyyat keçirmək imkanı qazanmış, nəticədə tezliklə bu ölkə Aşşur hakimiyyətindən azad edilmişdi [9, s. 42]. Şuşuarradakı daxili vəziyyət və getdikcə Aşşur təsirinin azaldığını İşme-Daqanın Yasmah-Adada yazdığı bir məktub təsvir edir. Məktubda qeyd olunan “...(6) bu ölkə həyəcan içindədir (7) və biz onu əldə saxlaya bilmərik... (9-11) turukku Lidaya və onunla birlikdə olan bu ölkədəki (Şuşuarradakı) turukkular (12) (bizə) düşmənçilik etdilər...” [1,s.43] qeydləri Şuşuarrada baş verən çaxnaşma və turukkuların öz qüvvələrini birləşdirdiyini təsdiq edir. Aşşurun hücumlarına qarşı cavab olaraq Turukku başçısı Lidaya e.ə. 1779-cu ildə bəzi turukku şəhərlərini I. Şamşi-Adadın oğlu İşme-Daqana qarşı üsyan hərəkatı ətrafında birləşdirdi. Ancaq Aşşurun turukkuların düşməni olan qutilərlə ittifaqı Lidayanın bu siyasi manevrinin müsbət nəticələr verməsinin qarşısını aldı [2, s.722]. Aşşurlara qarşı siyasi manevrinin uğursuzluğundan sonra Lidaya, bu dəfə adı naməlum olan bir turukku şəhərinin lideri Kuvarinin rəhbərliyi ilə yeni bir üsyan təşkil etməyə çalışdı. Lakin I Şamşi-Adad tərəfindən Kuvarinin görüşə dəvət edilməsi bu münasibətlərin pisləşməsi ilə nəticələndi [10, s. 429]. Bununla yanaşı, Kuvarinin belə bir görüşə dəvət olunması, onun turukkular arasındakı yüksək mövqeyini başa düşməyimiz üçün vacibdir. Həmçinin, bu məlumatlar turukkuların regional siyasətdəki rolunu görmək baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, yaxın ölkələrdə yaşayan əbədi düşmən Kuvari və I Şamşi-Adad indi müttəfiq idilər, daha əvvəl Kuvariyə sadiq olduğunu elan etmiş Lidaya, indi onun qoruyucusu olan I Şamşi-Adada qarşı üsyan etdi. Mənbələrdə bu qiyamın olduqca böyük olduğu bildirilir ; Minlərlə turukku Dəclənin şərqindəki Arraphadan Ninevyanın yuxarı bölgələrinə və Dəclənin qərbinə qədər olan düzənliklərə hücum etdiyi anlaşılır [10, s. 432]. Üsyan başlayanda İşme-Daqanın atasına kral kimi müraciət etməsi I Şamşi-Adadın sağ olduğunu və Aşşur dövlətinin başında olduğunu göstərir. Lakin üsyan hərəkatı I Şamşi-Adadın rəhbərlik etdiyi Aşşur orduları tərəfindən yatırıldı. Bu üsyan İşme-Daqanın qardaşı Yasma-Adada göndərdiyi Mari arxivinin IV cildində nəşr olunan 25 nömrəli məktubda qeyd olunur. Mari Arxivindəki bu məktub arxivdəki ilk sənədlərdən biridir. I Şamşi-Adadın oğlu İşme-Daqan, o dövrdə Ekallatumdakı Aşşur canişini, sonradan Maridə canişin olan qardaşı Yasmah-Adada, Şuşarra (Şemşara) haqqında məktubuna cavab olaraq yazdığı bu məktubunda qeyd edir ki, Lidayanın fəaliyyətləri səbəbi ilə bölgəyə Aşşur nəzarətinin davam etdirilməsinin mümkün deyildir və bölgənin əhalisini Arrapha və Qabraya köçürmək məcburiyyətində qalmışdır. Sənədlər sonrakı hərbi əməliyyatların Dəclə çayından şərqdəki torpaqlarda geniş cəbhə boyu aparıldığını göstərir [9, s. 43]. Bir qrup trukku təqib olunaraq Dəclə çayını keçməyi bacarır və daha sonra Tiqunanim ölkəsini darmadağın etməyə başlayır.
İşme-Daqanın qardaşı Yasmah-Adada yazdığı üç məktubunda turukkuların Tiqunanim ölkəsinə daxil olması və oranı tutması haqqında məlumat verir. Tiqunanim ölkəsinin tam olaraq lokalizasiyası məlum deyildir. Lakin, məktubda xatırlanan çayın adı məlum olmasa da, H.Klenqel bu ərazinin lokalizasiyası üçün yardımçı ola biləcək bu çayın ya Dəclənin qolları ya da elə Dəclə çayının özü ola biləcəyi qənaətindədir. Aşşur qoşunu Tiqunanim ölkəsinin turukkular tərəfindən tutulmasının qarşısını ala bilmir, hətta onların bu ərazilərdən çıxarılması istiqamətində də hərbi əməliyyat keçirmir. Lakin məktublardan məlum olur ki, aclıqla üzləşən turukkular Tiqunanim ölkəsini tərk etmək məcburiyyətində qalır. I Şamşi-Adadın Yasmah-Adadada yazdığı digər bir məktub isə Amurzakkim ərazisində məskunlaşan turukkuların iki minlik Aşşur qoşununa hücumu və əlavə qüvvələrin köməyi ilə düşmənin 50 nəfər əsgərinin öldürülməsi haqqında məlumatları əhatə edir. Məktubun mətnində qeyd olunur: “(4-5) Turukkuların olduğu Amurzakkim ərazisində (6-10) Dadanum iki min Nuruqalı ilə, yalnız özü üçün, kənarda və tək düşərgə salmışdı. Düşmən bu viran qoyulmuş ərazini qoparmaq üçün (?) [hücum etdi]. Dadanum (11) silaha çağırdı [və] (12) köməyə ələnlərlə birlikdə həmlə etdi (hərfən yaxınlaşdı), (lakin) onlar (yəni turukkular) onu öldürdülər (13) və onunla birlikdə 5 əsgəri də öldürdülər. Bundan sonra (14) onlar (Aşşur qüvvələri) (öldürülmüş) əsgərlərin qisasını aldılar və 50 düşmən öldürdülər” [9, s. 46].
I Şamşe-Adadın oğlu və varisi İşme-Daqanın dövründə Turukkular Aşşura qarşı üstün mövqedə idilər. Turukkuların döyüşçü olması onların qonşularından hər zaman qəfil hücum üçün hazır olmalarını tələb edirdi. Beləki, Aşşur kralı İşme-Daqan və qardaşı Yasmah-Adad arasındakı yazışmalardakı ifadələr onların döyüşçü obrazlarını öyrənməyimiz üçün vacibdir. İşme-Daqandan qardaşı Yasmah-Adada göndərilən Maridən tapılmış 4.52 nömrəli məktubda Amurzakkimdən bir qaçqının gəldiyi və şəhərin turukkular tərəfindən talan edildiyi yazılmışdır. [10, s. 70] Buna cavab olaraq turukku təhlükəsindən necə qorunması barədə qardaşı İşme-Daqana verdiyi məktubda Yasmah-Adad- “Əvvəllər nəzarətimizdə olan, ancaq turukkular tərəfindən qarət edilərək tutulan Amurzakkimi turukkuların ərzaqları ilə birlikdə yandırdım, bu şəkildə həm düşməni, həm də onun texnikasını məhv etmək mümkün oldu.” –deyə, qeyd edir. O, qardaşının da bu üsulu tətbiq etməsini təklif edir.
E.ə. XVIII əsrin 80-60-cı illərində Babilin yüksəlişi Mesopotamiyada siyasi vəziyyətin dəyişməsinə səbəb olur. Babil hökmdarı Hammurapi Aşşurun daxili işlərinə müdaxilə etməyə başlayır. Bu zaman İşme-Daqanın hakimiyyəti ölkənin şərq rayonları ilə məhdudlaşırdı. Qərb və cənubdan təhdidlər getdikcə artmağa başlayır. Belə bir vəziyətdə İşme-Daqan turukkularla sülh bağlayıb qohumluq əlaqəsi qurur. İki siyasi qüvvə arasındakı qohumluq əlaqələri qurmaq yolu ilə inkişaf etdirilməyə çalışdıqları dostluq münasibətlərinin əsasında, Aşşurun turukkuları öz tərəflərinə çəkmək məqsədi daşıyırdı. Beləki, İşme-Daqan turukkuların döyüşçü xüsusiyyətlərindən və hərbi güclərindən faydalanmaq üçün bir səy göstərmişdi [7, s. 777]. İki tərəf arasında bağlanan müqavilənin mətni bizə gəlib çatmasa da bu haqda məlumatları Mari hökmdarı Zimrilimə ünvalanan bir məktubdan alırıq. Məktubun məzmununda qeyd edilir : “...Ətrafımda olanlardan belə sözər eşitdim: İşme-Daqan turukkularla sülh müqaviləsi bağlayıb. O, Zaziyanın qızını oğlu Mutaşkura alır. İşme-Daqan toy hədiyyəsi kimi Zaziyaya qızıl gümüş göndərib, O isə Eşnunna adamının qoşununu İşme-Daqana yardım üçün səfərbər edib...” [1, s. 46-47]. Bütün bunlara baxmayaraq, iki qüvvə arasındakı münasibətlər yaxşılaşmadı. Beləki, 4000 nəfərlik turukku qoşunu Dəclədən keçərək Ekallatuma doğru getdi. İşme-Daqan turukkulara məğlub olduqda, turukkular Aşşur şəhərlərindən birini ələ keçirdi və bölgə hökmdarının kəsilmiş başını İşme-Daqana göndərdi [2, s. 722]. Bundan sonra İşme-Daqan sülh müqaviləsi təklif etdi və turukku başçısı Zaziyaya 8 talant gümüş göndərdi. Buna baxmayaraq, turukku qoşunları İşme-Daqan üçün əhəmiyyətli bir mövqeyə sahib olan Ekallatumu dağıdaraq Aşşurun bəzi şəhərlərini yandırmağa davam etdi. Bu hadisələrdən qısa müddət sonra, İşme-Daqanın ölümü xəbəri yayıldı [6, s. 146]. Həmin dövrdə turukkuların bu bölgələrdə güclü bir toplum kimi tanındıqlarını Babil hökmdarı Hammurapinin bir məktubunda turukkulardan kömək istəməsi də sübut edir [11, s. 23]. Həmçinin bu əlaqələr turukku başçısı Zaziyanın Hammurapiyə yazdığı bir məktubunda da özünü göstərir. Eşnunna ilə müharibəyə hazırlaşdığı anlaşılan Zaziya, məktubunda bu mübarizədən əvvəl mövcud vəziyyətə nəzərə alacağını və şərtlər uyğun olarsa, Hammurapiyə kömək diləyəcəyini bildirir [8, s. 43]. Bu vəziyyət turukkuların Yaxın Şərq cəmiyyətləri arasındakı siyasi konyunkturada fəal rol oynadığını göstərir [6, s. 122]. Turukku başçısı Zaziya ikili siyasət yeridir. O, həm Babilin yardım çağrışına gözləmə mövqeyi tutsa da müsbət cavab vermiş, həm onun rəqibləri ilə dostluq münasibətlərini qorumuşdu. O, belə siyasət yeritməklə Babilin diqqətini turukkulardan yayındırmaqla yanaşı anti-Babil koalisiyası ilə də əlaqə yarada bilir. Bütün bunlarla yanaşı, Mari məktublarında Mari ilə turukkuların birbaşa əlaqələrinin olduğunu sübut edən bir sıra faktlar da vardır. Hammurapinin Mariyə qarşı işğalçılıq niyyətləri turukkularla Marinin yaxınlaşmasında başlıca səbəb idi. Lakin bu yaxınlaşma Babil dövlətinin gücünə tab gətirə bilmədi. Hammurapinin hakimiyyətinin 35-ci ilində o, Marini darmadağın etdi, 37-ci ilində isə turukkuların da daxil olduğu koalisiyanı yendi [9, s. 49]. Turukkunun bölgə siyasətində təsirli bir mövqedə olması onları hər cür mübarizədə iştirak etməyə məcbur etdi. Dövrün Mari kralı Zimrilim, cənub-qərbi İran bölgəsində hakim olan Elam dövlətinə qarşı apardığı mübarizədə turukkuları Aşşurun da iştirak etdiyi bir koalisiyaya əlavə etmək üçün çox istəkli idi. Eynilə Zimrilim ilə birlikdə Köhnə Babil dövlətinin kralı Hammurapi Elamla mübarizədə, Zaziyaya bir sıra şəhərlərin suverenliyini verərək onu cəlb etməyə çalışdı. Hammurapi e.ə. 1766-1765-ci illərdə Maridəki hökmranlığını uğrunda Elama məğlub oldu. Lakin turukkuların köməyi ilə bir il sonra öz suverenliyini bərpa etdi [6, s. 122].
Ümumən, turukkuların Mesopotamiyanın siyasi məsələlərindəki rolu barədə bizi məlumatlandıran məktublardan bu tayfanın Dəclənin şərqində Aşşur nəzarəti altında olan ərazilərdə olduqca sərbəst hərəkət etməsi və ciddi müqavimətlə üzləşmədiklərini öyrənirik. Sadəcə Maridən tapılan bir məktubda turukkuların Aşşur ordusu tərəfindən mühasirəyə alındığı barədə məlumat vardır. Lakin bu mühsirənin nəticəsi barədə bir məlumat verilmir. Həmçinin bu məktublardan turukkuların e.ə. XIX əsrin sonu XVIII əsrin I yarısında bölgədə mühüm rol oynadığı və Aşşur təhlükəsinə qarşı birləşərək mütəşəkkil hərbi-siyasi qüvvə olduğu aydın olur. Turukkuların yarıməsirlik mübarizəsi Aşşurun hərbi ekspansiyasının qarşısını almaqla yanaşı tarixən Azərbaycan torpaqları sayılan ərazilərin işğal olunması qarşısında sədd çəkdi.

Ədəbiyyat siyahısı
1. Azərbaycanın qədim tarixinə dair yazılı mənbələr. Müntəxəbat (Təsisçilər: R.S. Məlikov, A.N. Əlimirzəyev). Bakı, Turxan, 2014.
2. Bryce, Trevor, Handbook of The Peoples and Places of Ancient Western Asia, Routledge, New York, 2009.
3. Edwards, I. E. S., The Cambridge Ancient History, History of The Middle East and The Aegean c. 1800-1380 BC., Vol. II, Part I, Cambridge University. Cambridge, 2008.
4. Edwards, I. E. S., The Cambridge Ancient History, History of The Middle East and The Aegean c. 1380-1000 BC., Vol. II, Part II, Cambridge University, Cambridge, 2008.
5. Günbatti, Cahit, Sumerler, Gutlar, Hattiler, Hurriler, Urartular Kökenleri, Tarihleri, Dilleri ve Kültürleri, Genelkurmay Askeri Tarih ve Stratejik Etüt Başkanlığı Yayınları, Genelkurmay Basımevi, Ankara, 2007.
6. Heimpel, Wolfgang, Letters to the King of Mari, Mesopotamian civilizations, Eisenbrauns Winona Lake, Indiana, 2003.
7. Hildegard L., Assyria c. 2600-1816 B.C by the Late, CAH, Vol. I, Part II, Cambridge 1971.
8. Mieroop, Marc Van De, Hammurabi, İş Bankası Kültür Yayınları, İstanbul, 2014.
9. M.Mirzəyev, Qədim Azərbaycan tayfalarının Aşşur ekspansiyasına qarşı mübarizəsi tarixindən// AMEA Xəbərləri Tarix, fəlsəfə və hüquq seriyası, №5-6, 2005.
10. Mohammed, Ahmed Kozad, The beginnings of ancient Kurdistan (c. 2500- 1500 BC): a historical and cultural synthesis, Doctoral thesis, Faculty of the Humanities, Leiden, 2012.
11. R. Kupper, Northern Mesopotamia and Syria, CAH, Vol. II, PART I, Cambridge 1971.
12. Turukkular (Çivi Yazılı Kaynaklar Işığında)// Akademik Tarih ve Düşünce Dergisi IV/XI/Mayıs /2017.
13. Р.А.Грибов, Внешнеполитическая деятелность ассирийского царя Шамши-Адада I. // Историография и источниковедение истории стран Азии и Африки, IX. ЛГУ, 1986.

Açar sözlər: I Şamşi-Adad, Aşşur ekspansiyası, Mari, Şuşuarra, diplomatik münasibətlər.

Narimanova A.H.
From the history of turrukeans struggle against Assyrian expansion


Summary
After the establishment of the Assyrian state, Shamshi-Adad started attacking the neighboring regions. The attacks on the eastern part of the Tigris provoked resistance from the local population. At this time, the turukkeans began to take an active part in the political events of the region. From the archives of Shemshara and Mari, which shed light on these events, at the end of the 19th century and the first half of the 18th century, it became clear that turukkeans played an important role in the region and was an organized military-political force united against the Assyrian threat. This struggle prevents the military expansion of Assyria. It also prevents the occupation of historical Azerbaijani lands by the Assyrian state. Turukkeans also took part in the important military alliances of the time. This situation shows that the turukkeans played an active role in the political situation in the Middle East.

Keywords: Shamshi-Adad I, Assyrian expansion, Mari, Shushuarra, diplomatic relations.

Нариманова А.Г.
Из истории борьбы туррукийцев против Aссирийской экспансии


РЕЗЮМЕ
После создания Ассирийского государства Шамши-Адад I начал нападать на соседние регионы. Нападения на восточную часть Тигра вызвали сопротивление местного населения. В это время туруккеи начали принимать активное участие в политических событиях региона. Из архивов Шемшары и Мари, проливающих свет на эти события, в конце XIX - первой половине XVIII века стало ясно, что туруккеи играли важную роль в регионе и были организованной военно-политической организацией силы объединились против ассирийской угрозы. Эта борьба препятствует военной экспансии Ассирии. Это также предотвращает оккупацию исторических Aзербайджанских земель Aссирийским государством. Туруккецы также принимали участие в важных военных союзах того времени. Эта ситуация показывает, что туруккецы играли активную роль в политической ситуации на Ближнем Востоке.

Ключевые слова: IШамши-Адад, Ассирийская экспансия, Мари, Шушуарра, дипломатические отношения.