SACİLƏR SÜLALƏSİ VƏ BANİSİ ƏBUS-SAC DİVDAD İBN YUSİF

Post image

Arzu Məmmədova
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Orta əsrlər tarixi ixtisası üzrə magistrantı

E-mail: [email protected]

1. Sacilər sülaləsi
IX əsrin sonları, X əsrdə Azərbaycanı idarə etmiş sülalələrdən biri banisi Əbu Sac Divdad olan türkmənşəli Sacilərdir. İbn Hövqəl Sacilərin Usruşananın Cankakes qəsəbəsindən olması ilə bağlı məlumat vermişdir.Yaqubi isə Saciləri “əl-Uşrusani” ləqəbi ilə təqdim edir. [1, s. 24] İbn Xordadbeh yazır ki, 898-ci ildə Bərdədə Məhəmməd ibn Əbu Sacın zərb etdirdiyi dirhəmin üzərində adı yox, ləqəbi Afşin qeyd olunmuşdu. [2, s. 109] Bu titulun qəbul olunması sülalənin ərəb mənşəli yox, türk mənşəli olmasını və Uşrusanın nüfuzlu ailələrindən olduğunu bir daha isbat edir. Lakin tarixşünaslıqda Sacilər sülaləsinin mənşəyi ilə bağlı yanlış yanaşma mövcuddur ki, bu da onların ərəbləşmiş soğdnəsilli ailədən olması ilə bağlı qeyddir. Vladimir Minorski bu iddiasını Afşin tituluna , eləcə də Divdad adı ilə bağlı olaraq heç bir əsas olmadan qeyd etmişdir. Afşin ləqəbli məşhur və güman ki, Sacoğullarına qohum şəxs Heydər bin Kavus olmuşdur.İslami fəthlər əsnasında Mavəraənnəhrdəki Usruşana bölgəsi ərazisini idarə edən şəxslərə verilən “afşin” sözü kökü bilinməyən bir isim olaraq fars dilindən keçmiş “pişinin” ərəbcələşdirilmiş formasıdır. Onun ailəsinin Usruşanada nə zamandan bəri hökm sürməsi ilə bağlı dəqiq məlumat olmasa da, bu ailəyə aid müəyyənləşdirilmiş ilk şəxs Hara (Qara) Buğranın, 736-cı ildə Türgiş xaqanı Sulu ilə Xorasan valisi olmuş Əsəd bin Abdullah əl-Kasri arasındakı savaşda Sulu xaqanın mövqeyində çıxış etdiyi bildirilmişdir. Hicri təqvimi ilə 178-ci ildə Qara Buğranın oğlu və Afşinin babası Xan Hara ilə Fəzl bin Yəhya əl-Bərməki ilə mübarizə aparmışdır. Afşinin atası Kavus Xəlifə Məmunun iqtidarda olduğu zaman Abbasi hakimiyyətini qəbul etmişdir. Afşinin Abbasilər sülaləsinə nə zamandan etibarən xidmət etdiyi bəlli olmasa da, 821-822-ci ildə Bağdada gəlməsi isə dəqiqdir. Heydər ibn Kavus Afşinin babalarının türkmənşəli ad daşıdığı şübhə oyatmır. VIII əsr Soqd hökmdarları arasında Afşin titulunu Tərxan, Gür(l)ək, Türk(q)ər, Pənckənddə Çur Bilgə Xaqan kimi türk mənşəli hökmdarlar da daşımışlar. [3, s. 38]
Sacilərin türk mənşəli olması ilə bağlı məlumat 1847-ci ildə M. Drefer qeyd etmişdir. P.K.Juze isə Saciləri IX əsrin ikinci yarısında yaranmış türk sülaləsi hesab etmişdir. [4, s. 48] A.Y.Yakubovski Usruşana əhalisinin iranlı olmasına baxmayaraq, Usruşanın Afşin sülaləsinin VII əsrdə artıq türkləşməsi ilə bağlı məlumat vermişdir. [5, s. 225]
Sacilər hələ Xilafətdən əvvəl də Azərbaycanın bir sıra bölgələrində məskunlaşdığı güman edilir. Sasanilərin köçürmə siyasəti haqqda ən mühüm məlumatlar İbn əl-Əsirin “Əl-Kamil fit-tarix” əsərində verilmişdir. Müəllif Sasani şahı I Xosrov Ənuşirəvanın zamanında (531-579) Sac qəbiləsinə mənsub ordu hissələrinin Fərqanə və əl-Bərcandan Azərbaycana köç etməsi və onların Məsqət, Şabran, Bab əl-Əbvab ətrafında məskunlaşması haqqında yazmışdır. Həmçinin əsərdə “İslamın zühurundan sonra Sacilərdən bir çoxu qalalarını və şəhərlərini tərk etdilər. İş o yerə çatdı ki, şəhərlər xarabalığa döndü,onları xəzərlər və rumlar tutdular ” məlumatı öz əksini tapmışdır. [6, s. 9-10] M.Əfəndizadə mənbənin orijinalında “siyasicin” kimi qeyd edilmiş ifadəni “Sacilər” kimi tərcümə etmişdir, bu cür adlandırmanı Ə.Nəcəf də təsdiq edərək istifadə etmişdir. [1, s. 25]
Abbasilər idarəçiliyi möhkəmləndirmək üçün eləcə də, əlavə mədaxil əldə etmək məqsədilə vilayətlərə hərbi işlərə mükəmməl bələd olan bacarıqlı şəxsləri vali göndərirdi. Bu xüsusdan, Sacoğullarının Azərbaycan ərazisinə göndərilməsi təsadüfi olmamışdır. Belə ki, onlar bir sıra mühüm vəzifələri icra etmiş, xəlifənin sərəncamı ilə müxtəlif döyüşlərin iştirakçısı olmuşdur.

2. Əbu Sac Divdadın fəaliyyətinin ilk dövrü
Sacilər ailəsinin İslam dövlətində xidmət edən ilk nümayəndəsi Əbus-Sac Divdad ibn Yusif Divdest olmuşdur. Əbus-Sac Divdadın türk sərkərdələrinin hərbi və siyasi vəzifələri ələ keçirdikləri “Samirə dövründə” əmirlik və komandanlıq vəzifələrini yerinə yetirməsi və dövrün məşhur türk sərkərdəsi Afşinin xidmətində olması onun türk mənşəli olması fikrini təsdiq edir.
Güman edilir ki, Xəlifə Məmunun hakimiyyəti zamanı 822-823-cü ildə Əhməd ibn Əbi Xalidin Usruşananı ələ keçirməsi ilə Əbus-Sac Divdad bu əraziləri tərk etmişdir. Əbus-Sac bu əraziləri tərk etməzdən əvvəl burada hansı vəzifəni icra etdiyi məlum deyildir. Xəlifə Məmunun türklərdən ibarət əsgəri birliklər təşkil etdiyi dönəmdə ordu sıralarına daxil olan Əbus-Sac hələ ki nüfuz qazanacaq hərbi fəaliyyət həyata keçirməmişdi. [7, s. 61] Əbus-Sac Divdadın ilk hərbi fəaliyyəti Xürrəmilər üsyanını yatırmaq məqsədilə Xəlifə Mötəsimin tapşırdığı Afşinin əmrində hərbi dəstənin başçısı olması ilə əlaqədardır. Xürrəmilər hərəkatının başçısı Babək öz ailəsi il Bəzz qalasını tərk etdiyi zaman onu təqib edən şəxslərdən biri də Əbus-Sac Divdad olmuşdur. Türkiyə tədqiqatçısı Nəsimi Yazıçı “İlk Türk-İslam Devletleri Tarihi” əsərində IX əsrin məşhur türk sərkərdələri Afşin Heydər ibn Kavusun, Əbu-s-Sac Divdadın və Buğa əl-Kəbir ət-Türkinin xəlifə əl-Mötəsim zamanında Babəkə qarşı əməliyyatlarda, eləcə də onun təqib olunmasında iştirak etdiklərini yazmışdır. [8, s. 50] Beləki, Afşinin əmrində olan ordular iki illik müharibə yekunlaşdıqdan sonra əl-Bəzz şəhərini tutduqlarında, heç bir çıxış yolu qalmayan Babək bir müddət məktublaşdığı Bizans imperatorundan yardım almaq və himayəsinə sığınmaq məqsədilə əl-Bəzzdə döyüşlərin davam elədiyi bir vaxtda qaçmağa müvəffəq oldu. Döyüşlərin yekunlaşdığını və Babəkin qaçdığından xəbər tutan Afşin Əbus-Sacın əmrinə olan 400-500 nəfərdən ibarət qüvvəni təqib məqsədilə göndərdi.Əbus-Sac İrminiyyə ərazisində Babəkə çatsa da, baş vermiş döyüşdə onu ələ keçirə bilmədi. Amma, Babəkin ailəsini və əmirlərdən Müaviyəni əsir alaraq Afşinə göndərdi. Əbus-Sac Babəkin təqibinə davam edərək hicri təqvimi ilə 10 şəvval 222-ci ildə ( 15 sentyabr 837-ci il) Babəkin həbs edilməsinə, daha sonra isə qiymətli əsiri ilə birgə Afşinin Bərzənddəki ordugahına gəldi. Daha sonra isə Buzbaran və Əbus-sac Divdad Babəki əsir tutaraq Afşinin yanına Bərzəndə gətirmişdir. [1, s. 26]
Əbus-Sac Xəlifə Mötəsimin iqtidarda olduğu dönəmdə ikinci dəfə hərbi səfərə çıxmışdır. Bu səfər Məzyər ibn Qarinin üsyanın yatırılması məqsədilə baş vermişdir. Məzyər ibn Qarini xəlifə Məmunun zamanında müsəlmanlığa etiqad etdikdən sonra Təbəristan ərazisinə vali kimi təyin olunmuşdur. Vali təyin edildikdən sonra daha öncədən mübarizə apardığı Bavəndilər üzərində hakimiyyətini qurmağa nail oldu. Bir müddət sonra ərazini bütünlüklə itaəti altına alan Məzyər Xorasan valisinə ödməli olduğu vergini ödəməkdən imtina etdi. Bu addımı ilə əlaqədar xəbərdar olunsa da və xəlifə tərəfindən çağırılsa da heç bir əmrə riayət etmədi. Məzyər haqqında məlumatlardan biri də onun Babəklə əlaqə qurması və ona yardım vəd etməsi ilə bağlıdır.839-cu ildə xəlifə Mötəsim tərəfindən Təbəristandakı üsyanı yatırmaq üçün Xorasan əmiri Abdullah Tahirin başçılığı ilə hərbi qüvvə göndərdi. Üsyan bütün Təbəristan ərazisini əhatə etdiyinə görə Abdullah ibn Tahirin əmrində olan ordular cənub-şərq və şərq istiqamətdə mühasirə xəttini seçdilər. Xəlifə Mötəsim bu zaman paytaxt və digər əyalətlərdən toplanmış qüvvələri Təbəristana göndərdi. Xəlifənin göndərdiyi ordulardan birinə Əbus-Sac rəhbərlik edirdi və o, Təbəristana Dəmavənd və əl-Lariz ərazisinə daxil olması nəzərdə tutulmuşdu. [9, s. 83]Əbus-Sac bu üsyanın tamamilə yatırılmasınadək hərbi əməliyyatlarda fəal iştirak etmişdir. Üsyan yatırılmış və daha sonra Məzyər ibn Qarin edam edilmişdir. Məzyər ibn Qarinin üsyanın yatırılmasında mühüm rolu olması bir daha Əbus-Sacın qabiliyyətli, mahir, döyüşkən ordu başçısı kimi xəlifə Mötəsim tərəfindən dəyərləndirilməsini təsdiqləyir. [10, s. 756]
Xürrəmilər hərəkatı yatırıldıqdan sonra Azərbaycan əmiri təyin olunmuş Afşin Heydər ibn Kavus Samirəyə geri qayıtdığı zaman Azərbaycanın idarəçiliyini vəkili kimi Məngü-Çura tapşırmışdı. Lakin çox keçmədən hicri 224-cü ilin sonlarında Məngü-Çur topladığı qoşunla üsyan bayrağını qaldırdı. Bu zaman Xəlifə Mötəsim tərəfindən üsyanın yatırılması ilə bağlı Afşinə əmr verildi. Afşin üsyançılara qarşı mübarizə aparmaq üçün Əbus-Sacın başçılığı ilə hərbi qüvvə göndərdi. Lakin Əbus-Sac üsyanı yatırmağa müvəffəq ola bilmədi və bu üsyanı yatırmaq xəzər qrupuna mənsub Buğa əl-Kəbir adlı sərkərdəyə həvalə edildi. [11, s. 36] Belə bir vəziyyətdən isə xəlifə Mötəsimin yanında böyük nüfuza sahib olan, mühüm hərbi nailiyyətlər əldə etmiş qüdrətli türk sərkərdəsi Afşinin rəqibləri məharətlə istifadə etdilər. Bu şəxslər arasında Xorasan valisi Abdullah bin Tahir,vəzir Məhəmməd bin Əbdülməlik əz-Zəyyat və Qazilqüzzat Əhməd bin Əbu Duadın adını qeyd etmək olar. Xüsusilə Abdullah bin Tahirin təhriki ilə Afşinə böhtan atdılar və Əbus-Sacın Afşinin əmrilə Məngü-Çura yardım məqsədilə göndərildiyini iddia etdilər. Həmçinin xəlifənin Afşinin Məngü-Çura yardım etməsi iddiasını öyrəndiyi zaman Afşinə olan münasibəti kəskin dəyişdi və onun 840-cı ildə həbs olunması ilə bağlı əmr verdi. Afşin həbsdə olarkən həbsdən qaçmaq, eləcə də Xəzər xaqanını xəlifə ilə müharibəyə təhrik etmək üçün planlar hazırlayırdı. Məhkəmə hüzurunda da bəraət qazana bilməyən Afşin yenidən həbsə göndərildi və 841-ci ildə həbsdə ikən öldü. [11, s. 41]
Əbus-Sacın Məngü-Çur üsyanındakı uğursuzluğundan sonra uzun müddət mühüm bir vəzifəyə yönləndirilməmişdir. Onun hərbi fəaliyyətdən uzaqlaşdırılmasında Əslən Usruşanalı olması, Afşinlə yaxın münasibətləri-onun mövqeyindən çıxış etməsi də şübhəsiz ki, təsir etmişdir. [12, s. 1-22] Lakin məlumdur ki, bütün bu məlumatlar yalnız şayiə xarakteri daşıyır və Əbus-Sac yalnız Məngü-Çur üsyanının yatırılması məqsədilə hərbi fəaliyyət göstərmişdir.

3. Əbu Sac Divdadın fəaliyyətinin Heydər ibn Kavusdan sonrakı dövrü
Bir sıra mənbələrdə Xəlifə Mütəvəkkilin hakimiyyətinin son illərinə doğru Əbus-Sacın yenidən hərbi fəaliyyətə qayıtması barədə məlumatlar öz əksini tapmışdır. Təbəriyə əsasən hicri 242-ci ildə və ona istinad edən İbn əl-Əsirin məlumatlarına əsasən hicri 244-cü ildə Xəlifə tərəfindən Cəfər ibn Dinar Tariq Məkkə valiliyi vəzifəsindən azad edildi və bu vəzifəyə Əbus-Sac təyin olundu. [13, s. 260] Çox güman ki, bu vəzifə Məkkə və İraq arasındakı həcc yolunu bədəvi ərəb qəbilələrinin hücumlarından qorunmaq üçün nəzərdə tutulmuşdur. Yüksək məvacibə malik bu vəzifə yalnız xəlifə sarayına, yaxın şəxslərdən müəyyən edilirdi. Əbus-Sac bu vəzifəni 865-ci ilədək icra etmişdir.
865-ci ildə Samirə şəhərində yaranmış çaxnaşmalar əsnasında Xəlifə Müstəinin Buğa əl-Sağır və Vasif ət-Türki ilə birgə Bağdada qaçması, həmçinin digər nüfuzlu türk komandanlarının Mütəzzi xəlifə elan olunması nəticəsində hər iki tərəf əmirlər və əyalət hakimlərini öz tərəflərinə çəkmək məqsədi ilə hərəkətə keçdilər. [7, s. 114] Bağdadda və Samirədə iki xəlifə və onlar arasında hakimiyyət uğrunda mübarizə gedişatında Əbus-Sac xəlifə Müstəinin tərəfində fəaliyyət göstərmişdir. Məhz bu zamanlarda Bağdaddan göndərilmiş əlavə qüvvələrin hesabına bölgədə baş vermiş toqquşmaların qarşısını almağa müvəffəq olmuşdur. Əldə etdiyi uğurdan sonra 27 aprel 865-ci ildə əmrində olan 700 süvari qüvvə və əsirlə birgə Bağdada getmişdir. Bağdad mühafizi Məhəmməd ibn Abdullah Tahir və xüsusilə xəlifə Müstəin onu rəğbətlə qarşıladı. Bu görüş zamanı Əbus-Saca beş dəst fəxri libas hədiyyə verildi. [2, s. 111]
Əbus-Sac Yəhya bin Hafs və İsmail ibn Fəraşə adlı iki nüfuzlu əmirlə birgə Mədainə göndərildi, bu ərazini Mütəzzin hərbi qüvvələrinin hücumlarından müdafiə etməklə vəzifələndirildi. Əbus-Sac təhlükəsizliyin təmin edilməsi məqsədilə müxtəlif işlər gördü, məsələn, şəhər ətrafında xəndəklər qazdıraraq müdafiəni daha da gücləndirdi. Təbəri və ibn əl-Əsir kimi müəlliflərin məlumatlarına əsasən Məhəmməd ibn Abdullah Əbus-Saca yardımçı əsgəri birliklər göndərirdi. [14, s. 114]
865-ci ilin iyul-avqust aylarında Əbus-Sac və Mütəzzin tərəfində fəaliyyət göstərən türk əmiri Bıyık bəyin komandanlığındakı orduları məğlub edərək düşmənə ciddi zərbə endirdi. Onların arasında ikinci qarşılaşma isə həmin ilin sentyabr-oktyabr aylarında, ramazan ayında Carcaya qəsəbəsi yaxınlığında baş verdi. Bu döyüşdə də Əbus-Sac uğur qazanmağa nail oldu. Xəlifə Mütəzzin orduları bu məğlubiyyətdən sonra anbarı ələ keçirərək, qərb tərəfdən Bağdada hücum etməyə başladılar. Bağdad mühafizi Məhəmməd ibn Abdullah Tahir bu hücumların qarşısını almaqda çətinlik çəkirdi. Eyni zamanda da Əbu Nəsr Məhəmməd ibn Buğa Əl-Kəbirin başçılığı ilə müqavimətsiz Mədain ələ keçirildi.
Xəlifələr arasında hakimiyyət uğrunda mübarizə 25 yanvar 866-cı ildə xəlifə Müstəinin iqtidar­dan əl çəkməsi ilə yekunlaşdı. Xəlifə Mütəzzin hakimiyyəti ələ keçirməyə müvəffəq olsa da, vaxtilə ona qarşı fəaliyyət göstərmiş şəxslərə qarşı heç bir tədbir görmədi. Məhəmməd ibn Abdullah Tahir baxmayaraq ki, xəlifə Müstəini dəstəkləyirdi, Mütəzzin xəlifə olduqdan sonra da öz vəzifəsini- Bağdad mühafizi icra etməyə davam edirdi. Bir müddət sonra isə O, xəlifəyə ən yaxın şəxslərdən biri oldu. Hakimiyyət uğrunda mübarizə yekunlaşdıqdan sonra Əbus-Sac Məhəmməd ibn Abdullah Tahirin vəkili kimi Kufə və ətrafdakı ərazilərin hakimi təyin olundu.
O, bu vəzifəsini uzun müddət icra etməmişdir. Buğa əl-Sağirin və Vasifin Samirəyə qayıtmasına xəlifə icazə verdikdən sonra bu iki komandanın təkid və israrları sayəsində Əbus-Sac yenidən əvvəlki vəzifəsini- Həcc yolunun mühafizəsinə, yəni Tarıq və Məkkə valisi vəzifəsinə qaytarılmışdır.
İslam dövlətində hakimiyyət uğrunda mübarizə ölkədaxilində sabitliyin pozulmağına və üsyanların baş verməsinə səbəb olmuşdur. Bu qarışıqlıqdan faydalanan İsmayıl ibn Yusif əl-Ələvi Məkkəni işğal etmişdir. İsmayıl ibn Yusif əl-Ələvinin vəfatından sonra oğlu Məhəmməd də atasının bu addımlarını davam etdirmişdir. Məkkənin işğalı Əbus-Sacın bir daha Tariq Məkkə əmirliyinə geri dönməsinə qədər davam etmişdir. Xəlifə Mütəzzin tərəfindən Əbus-Sacın Hicazda baş vermiş üsyanı yatırmağa təyin edilməsini öyrənən Məhəmməd bin Yusif əl-Ələvi onunla mübarizə apara bilməyəcəyini anlayaraq qaçdı.Ələvilərin qısa müddətlik hakimiyyəti zamanı əhali çox ziyan və zərərə məruz qalmışdır.
Hicri 254-cü ilin rəbiüləvvəl ayında Əbus-Sac Kinnəsrin, Hələb, Avasim və Diyar Mudarın valisi kimi təyin olundu. Dövrün tarixçisi Yaqubi bu barədə geniş məlumat versə də dəqiq tarix qeyd etməmişdir. Müəllif yazır ki, Kəlb qəbiləsinin Kinnəsirin valisi Məhəmməd əl-Müvəllidə qarşı qalxıb, onu məğlubiyyətə düçar etdikdən sonra Məhəmməd vəzifəsindən kənarlaşdırıldı. Onun yerinə Əbus-Sac təyin olundu. Bizans və İslam dövləti arasında baş vermiş müharibə gedişatında Bizansa qarşı həbi səfərlərdə Əbus-Sacın iştirakı və fəaliiyyəti ilə bağlı məlimat yoxdur.Yaqubi Mütəmid xəlifə olarkən hər tərəfə ona tabe olması ilə bağlı məktublar yazdığını və bu vaxt Diyar Mudar, Diyar Rəbiə və Kinnəsrin hakimi vəzifəsini icra edən Əbus-Sacın ona tabe olduğunu qeyd edir. [14, s. 116]
İraq ərazisində dözülməz həyat tərzi keçirən Zənci qullar 870-ci ildə Bəsrə ətrafı ərazilərdə üsyan edərək az bir müddət ərzində Abadan, Ubulla və Bəsrəni işğal edərək islam dövləti üçün ciddi maneə törətdilər. On üç il davam etmiş bu üsyanın yatırılmasında iştirak etmiş hərbi qüvvələrin tərkibində Əbus-Sac da komandan kimi fəal iştirak etmişdir.
261-ci ildə Fars əyalətinə Əhvaz əmiri Abdürrəhman ibn Müxlif təyin olundu, Əhvaz əmirliyinin idarəçiliyi isə Əbus-Saca həvalə edildi. Lakin bu onun bu vəzifəni icraası bir ildən az davam etmişdir. Əbus-Sac regionda üsyan edən zənci komandanlardan biri olan Əli ibn Aban ilə mübarizəyə rəhbərlik etmişdir. Tez bir zamanda Əbus-Sac Əhvaza gedərək, hələ buradan getməmiş Abdürrəhman ibn Müxlif ilə birgə Əhvaz yaxınlığında yerləşən əl-Dulab ərazisində zəncilərlərlə döyüşə başladı. Döyüş gedişatında Abdürrəhman ibn Müxlifin öldürülməsindən sonra təkbaşına mübarizəni davam etdirə bilməyəcəyinin fərqinə varan Əbus-Sac Mükrəmə istiqamətinə yönəldi. Zəncilər isə Əhvaza daxil olaraq burada qətl və qarətlər törətdilər. Ordusunun yenidən təşkil olunmasına nail olduqdan sonra isə Əbus-Sac zəncilərə qarşı bir daha hərəkətə keçsə də, yenə məğlubiyyətlə üzləşdi. Ard-arda iki döyüşdə qələbə qazana bilməməsi onun vəzifəsindən uzaqlaşdırılmasına gətirib çıxardı və bu vəzifənin icrası İbrahim bin Sima əl-Türkiyə tapşırıldı.
Vəzifəsindən əzl edildikdən sonra isə Əbus-Sac Fars və ətraf əraziləri ələ keçirir, Bağdada tərəf istiqamətlənmiş Yaqub bin Leys əs-Səffarın yanına getmiş və onun yanında xidmətə başlamışdır. Təbərinin məlumatlarına əsasən Əhvaz hadisələrindən hiddətlənmiş Əbus-Sac xilafətə qarşı çıxış edən Səffarilərin tərəfində mövqe seçməkdə tərəddüd etməmişdir. Lakin, Əbus-Sacın Səffarilərin xidmətində olduğu zaman çərçivəsində hər hansı hərbi əməliyyatda iştirak etməsi ilə bağlı məlumat yoxdur. Buna baxmayaraq, Yaqub bin Leys əs-Səffar və xəlifə qüvvələri arasında baş tutmuş qarşılaşmada, 262-ci ildə 9 rəcəb tarixində Deyr əl-Akül döyüşündə Əbus-Sacın da iştirak etməsi güman edilir. Bu döyüşdə fəal rol oynamasa da, onun Yaqub bin Leys əs-Səffarın tərəfinə keçdiyinə görə xəlifə Mütəmidin naibi Əbu Əhməd əl-Müvəffəq qəzəblənmişdir. Buna görə də, Sacın bütün mallarını müsadirə etmiş və ona aid iqtaları Məsrur əl-Bəlxiyə vermişdir. [14, s. 117]
Yaqub bin Leys əs-Səffarın ölümündən sonra Əbus-Sac səffarilərin xidmətində fəaliyyət göstərmək istəməmişdir. Şübhəsiz ki, bunda Əbu Əhməd Əl-Müvəffəqin təklifinin də mühüm rolu olmuşdur. Əbus-Sac rəbiüləvvəl 266-cı il tarixində Cəndişaburda vəfat etmişdir. [13, s. 261]

Açar sözlər: Sacilər sülaləsi, Əbus-Sac, Afşin, Samirə, Abbasilər sülaləsi

Ədəbiyyat siyahısı
1. Əkbər Nəcəf “Sacilər-Azərbaycanda hökm sürmüş bir türk xanədanlığı”, Bakı: 2019, 482 s.
2. M.X.Şərifli “IX əsrin ikinci yarısı, XI əsrlərdə Azərbaycan Feodal dövlətləri”, Bakı: 2013, 398 s.
3. Смирнова О. Очерки из истории Согда. Москва: Наука, 1970, 202 s.
4. П.К.Жузе. Мазиадиты-Шейбаниты в Азербайджане
5. А.Ю.Якубовский. Древний Пянджикент. Сб. «По следам древних культур». Изд. “Культпросветлит”. 1951
6. İbn əl-Əsir “ Ə-Kamil fi-t-tarix”, tərcümə edən M. Əfəndizadə, Bakı: 1959
7. Hakkı Dursun Yıldız, “İslamiyet ve türkler”, İstanbul universitesi Edebiyyat fakultesi yayınları,No 254, İstanbul : 1976, XXXV 203 s.
8. Nesimi Yazıcı “İlk türk islam devletleri tarihi”, Ankara: 1992, 455 s.
9. Oktay Bozan “Taberistan emiri Mazyar bin Karinin Abbasi idaresine isyanı” e-Şarkiyat İlmi Araştırmalar Dergisi, sayı 9, 2014
10. Hakkı Dursun Yıldız, “Sacoğulları”, Türkler, Yeni Türkiye Yayınları, Ankara 2002, IV c.
11. Ənvər Çingizoğlu, “Abbasilər dövründə türklər” Bakı: 2015, 404 s.
12. Hakkı Dursun Yıldız, “Abbasiler döneminde türk kumandanları; el-Afşin Haydar bin Kavus” Tarih Enstitüsu dergisi sayı 4-5, İstanbul: 1974, ,s. 1-22
13. Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə” Bakı: 2007, 487 s.
14. Hakkı Dursun Yıldız, “Azerbaycanda hüküm sürmüş bir türk hanedanlığı, Sacoğulları” Tarih Dergisi, 2011, c.I

 

SUMMARY
Abus-Sajid took military and management posts in the Islamic State for 40 years . During “Samire reign” he kept neutral towards the wars between Khalifa and the turkemeers. Due to his position being away from the govermental centre gave him the chance not to interfere the governments political conflicts. Abus-Sajid ranked among the famous Turkish emeers like Afshin, Bugha al-Kabir, Ashnas, Bugha as-Saghir, Vasif at-Turki. He was quite respected and honoured by the state itself. After his death his son Mahammad al-Afshin was promoted to Tarig-Makka emeers post which was long led by his father.

Key words: Sajid dynasty, Abus-Saj, Afshin, Samarra, Abbasid dynasty

РЕЗЮМЕ
Абус Садж примерно 40 лет принимал участие в сфере управления и в военной сфере Исламского государства. В эпохе Самиры в войнах между халифатом и турецкими эмирами он оставался нейтральным. В связи с должностью он оставался вдалеке от политики государства. Абус Садж был уважаемым и почитаемым среди влиятельных турецких эмиров как Афшин, Буга аль-Кабир, Ашнас, Буга ас-Сагир. Васиф ат турки. После его смерти его сын Мухаммед аль-Афшин долгое время как его отец был эмиром Тариги Мекке.

Ключевые слова: Династия Саджидов, Абус- Садж, Афшин, Cамирра, Династия Аббасидов