Qaraqoyunlu-Teymuri münasibətləri Əbubəkr Tehraninin “Kitabi-Diyarbəkriyyə” əsərində

Post image

Nuray Abbasova
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əyani magistrantı

E-mail: [email protected]

XIV əsrin ortalarında Elxanilər dövlətinin süqutundan sonra siyasi səhnəyə çıxan qaraqoyunlular yaranmış vəziyyətdən faydalanaraq Bayram Xocanın rəhbərliyi altında Şərqi Anadoluda Ərciş mərkəz olmaqla güclü tayfa ittifaqı yaratdılar. Qaraqoyunlular həmin əsrin sonlarında Azərbaycanın qərb torpaqları olan Xoy və Naxçıvan bölgələrini öz nəzarəti altına alaraq dövrün siyasi hadisələrində yaxından iştirak etmiş və Azərbaycan tarixində dərin iz qoymuşlar. Məhz qaraqoyunlular XV əsrin başlarında Azərbaycanda Teymuri ağalığına son qoyaraq dövlətçilik ənənəsini bərpa etdilər. Bu məqalədə məqsədimiz Əbubəkr Tehranin “Kitabi-Diyarbəkriyyə” əsəri əsasında Qaraqoyunlu-Teymuri münasibətlərinə aydınlıq gətirməkdir.
Əbubəkr Tehraninin verdiyi məlumatdan aydın olur ki, Qaraqoyunlularla Teymurilər arasında münasibətlər hələ XIV əsrin sonlarında məhz Əmir Teymurun Azərbaycana yürüşləri dövründə yaranmışdı. Əmir Teymur Qaraqoyunlu Qara Yusiflə ədavət aparırdı. “Böyük Əmir Teymur ömrünün axırına qədər Əmir Yusifdən narazı idi, onun ölkəsinə hücum etdi, qol-budağını kəsib zəiflətmək istədi, qoşun göndərdi. Lakin qələbə çala bilmədi” [9,50]. Əmir Teymurun Azərbaycana yürüşü zamanı Cəlairi hökmdarı Sultan Əhmədlə Qara Yusif arasında düşmənə qarşı ittifaq yarandı. Əmir Teymur ordusu Azərbaycanı fəth edən zaman (Əlincə qalasından savayı) ona itaətsizlik göstərən başlıca qüvvə məhz qaraqoyunlular oldu. Bu zaman Cəlairi hökmdarı Bağdada çəkildi. Əmir Teymurun Qızıl Orda xanı Toxtamışa qarşı yürüşə başlamasından istifadə edən Qara Yusif doğma yurdunu düşməndən azad etmək üçün mübarizəyə başladı. O, öncə Ərciş qalasını azad etdi, az sonra isə Avnik qalasında Teymuri qüvvələrini məğlub edərək əmir Atlamışı əsir aldı [4,58].
Əbubəkr Tehraninin verdiyi məlumatdan aydın olur ki, Əmir Teymurla Qara Yusif arasında gərgin münasibət bir müddət sonra onun Osmanlı sultanı İldırım Bəyazidlə qarşılıqlı əlaqələrinə də öz təsirini göstərdi. Belə ki, Əmir Teymur Qarabağda qışlaqda olan zaman İldırım Bəyazidin elçisi böyük məhəbbət və hörmətlə onun hüzuruna gəlmişdi. “Həzrət Sahibqran Qara Yusifin ölkəsi olan Azərbaycana hücum edəndə Əmir Yusif qaçıb İldrım Bəyazidin hüzuruna pənah aparmışdı. Həzrət Sahibqran cavabında belə buyurdu ki, İldırım Bəyazid həmişə kafirlərlə müharibə edib. Biz də onunla razılıq və səmimiliyimizi bildiririk. Məsələ burasındadır ki, daim qarışıqlıq salıb qiyam edən, daim islam dünyasında fitnə tonqalını alovlandıran Qara Yusif verilməli, ya da öldürülməlidir, yoxsa düşmənçiliyimiz daha da artar” [9,56]. Bu, bir daha göstərir ki, Əmir Teymurla Qara Yusif arasında münasibətlər o dərəcədə kəskin hal almışdı ki, onun Osmanlı sultanına sığınması belə iki dövlət arasında münasibətləri pisləşdirmiş, Sultanı Bəyazid Əmir Teymurun tələblərini rədd etdiyinə görə münasibətlər müharibə həddinə çatmışdı. Qara Yusif 1402-ci ilin əvvəllərində Osmanlı ərazisini tərk etsə də, Əmir Teymur İldırım Bəyazidə qarşı müharibə qərarından imtina etmədi. Ankara yaxınlığında baş verən döyüşdə İldırım Bəyazid məğlub olub əsir düşdü [9,56-57].
1403-cü ildə Əmir Teymur Qarabağda qışladığı vaxt Sultan Əhməd Cəlair və Əmir Qara Yusif Rumdan Şam yolu ilə Bağdada yürüş etmək niyyəti ilə Hilləyə çatdılar. Hillə və Bağdad darğaları qorxudan oradan çıxaraq, ali saraya yollandılar. Bu xəbəri eşidən Teymur bəy oğlu Əbubəkr Mirzəni böyük bir dəstə əmir və ordu ilə hücum üçün Bağdad və Hilləyə göndərdi. Sultan Əhməd və Əmir qara Yusif hücum xəbərini eşidib qaçmağa üz qoydular və Şam tərəfə getdilər. Əmir Qara Yusifin qardaşı Yar Əli bəy bu müzəffər ordu tərəfindən qətlə yetirildi [9,58]. Qara Yusif Dəməşqə gələrkən şəhərin naibi Şeyx Mahmudi tərəfindən yaxşı qarşılandı. Az sonra Sultan Əhməd də Dəməşqə sığındı. Bir müddət sonra Əmir Teymurun tələbi ilə Misir sultanı Fərəc Şam naibindən onların həbsə alınmasını tələb etdi. Fevral ayında Qahirədən gələn yeni bir fərmanda Qara Yusifin öldürülməsi tələb edilsə də, Şeyx Mahmudi bu əmri yerinə yetirmədi. Qara Yusif və Sultan Əhməd Dəməşqdə bir il həbsdə qaldılar [4,59].
1405-ci ilin yanvarında Qara Yusif həbsdən azad edilərək Misir sultanı Fərəcə qarşı təşkil olunan yürüşə qatıldı. Qara Yusif və Şeyx Mahmudi ilk döyüşdə qalib gəlsə də, Qahirə yaxınlığında baş verən növbəti döyüşdə məğlub olaraq geri döndülər 1405-ci ilin iyulunda Qara Yusif ətrafındakı silah­daşları ilə doğma yurduna doğru hərəkət etdi [4,60].
Bu zaman Əmir Teymur vəfat etdiyinə görə Azərbaycanda onun varisləri arasında ciddi mübarizə başlamışdı. Azərbaycan ərazisi Teymuri Ömər Mirzə ilə Əbubəkr Mirzə arasında qanlı mübarizə meydanına çevrilmişdi. Bu mübarizə zamanı Təbriz şəhəri əldən-ələ keçir, əhali isə qətl və qarətlərə məruz qalırdı.
Məhz belə bir dövrdə Azərbaycana qayıtmaqda olan Qara Yusif rəqibləri üzərində üstünlük qazanaraq Van gölü sahillərinə yetişdi. 1406-cı ilin yazında Teymur sarayından vətəninə dönən İspaniya elçisi Klavixo Qara Yusifin 10 minlik qüvvə ilə Xoy ətrafını talan etdiyini və Ərzincan şəhərini mühasirəyə aldığını yazır [4,61]. Qeyd etmək lazımdır ki, Qara Yusif Azərbaycana hakim olmaq üçün Əmir Teymurun nəvəsi Əbubəkrin qüvvələrini məğlub edərək teymurilərin Azərbaycandakı ağalığına son qoymalı idi.
Qara Yusiflə Teymuri Əbubəkr arasında ilk döyüş 14 oktyabr 1406-cı ildə Araz çayının sahilində, Naxçıvanın qərbində baş verdi. Döyüş Qara Yusifin qələbəsi ilə nəticələndi. Əbubəkr döyüş meydanından qaçdı, Qara Yusif isə Naxçıvana üz tutdu. Təbriz əhalisi öz nümayəndəsini onun yanına göndərərək şəhərin Əbubəkr tərəfindən qarət edildiyini söyləyərək onu Təbrizə gəlməyə təşviq etdi. Qara Yusif şəhəri mühafizə etmək məqsədi ilə müvəqqəti olaraq oraya darğa göndərdi, özü isə Sultaniyyəyə yürüş etdi. Teymuri Əbubəkr Təbrizi tərk edərək, Rey şəhərinə qaçdı. O, Xorasanı idarə edən qardaşı Şahruxdan yardım istədi və Azərbaycanı ələ keçirmək üçün yenidən cəhd göstərdi. Buna görə də Qara Yusiflə Əbubəkr arasında növbəti döyüş 21 aprel 1408-ci ildə Təbriz yaxınlığında yerləşən Sərdrud adlı yerdə baş verdi. Döyüşdə Teymuri qoşunları darmadağın olundu. Əbubəkr döyüş meydanından qaçdı, atası Miranşah isə öldürüldü. Bu döyüşdən sonra Teymurilərin Azərbaycandakı ağalığına tamamilə son qoyuldu [3,72; 4,62].
1410-cu il avqustun 30-da Təbrizin 2 fərsəxliyində Əsəd qəsəbəsi yaxınlığındakı döyüşdə keçmiş müttəfiqi Sultan Əhməd Cəlairini məğlub edən Qara Yusif mərkəzi Təbriz şəhəri olan Azərbaycan Qaraqoyunlu dövlətinin əsasını qoydu [4,63-64].
Azərbaycanı və Əcəm İraqını Qara Yusifin əlindən almaq və atasının imperiyasını bərpa etmək istəyən Sultan Şahrux Qaraqoyunluların Əcəm İraqına irəliləməsinin qarşısını almaq üçün Xəlil Sultanın başçılığı ilə 1411-ci ildə Azərbaycana qoşun göndərdi. Lakin bu yürüş Fars və İsfahan hakimi İsgəndər Mirzənin ixtilafı üzündən uğursuzluqla nəticələndi. Qara Yusif 1415-ci il aprel ayının sonlarında öz elçisini Herata göndərdi. Elçi Sultan Şahrux tərəfindən qəbul edilərək Qara Yusifin məktubunu ona çatdırdı. Məktubda deyilirdi ki, Şahrux Sultaniyyəni Qaraqoyunlulara verəcəyi təqdirdə Qara Yusif onun hakimiyyətini tanıyacaqdı. Şahrux da bunun qarşılığında Qara Yusifdən onunla düşmən olanlarla düşmən, dost olanlarla dost olmasını, eyni zamanda oğlanlarınından birini Şahruxun hüzuruna göndərməsini tələb etmiş və yalnız bu şərtlər qarşılığında Sultaniyyəyə qədər olan yerləri ona bağışlayacağını bildirmişdi [7,95; 4,134-135]. Qara Yusif yaxşı bilirdi ki, oğlanlarından birini Şahruxun hüzuruna göndərmək onun Teymurilərdən asılı vəziyyətə düşməsinə və müstəqil hərəkət edə bilməməsinə gətirib çıxaracaqdır. Bu səbəbdən Qara Yusif bu təklifi qəbul etmir. Lakin bir müddət sonra Sultaniyyə şəhəri Qaraqoyunlular tərəfindən ələ keçirilir. Həsən bəy Rumlu yazır ki, az sonra Həmədan, Tarom və Qəzvin şəhərləri də Qara Yusifin əlinə keçmişdir [5,93; 4,135].
Qara Yusifin həyatının son günləri də Ağqoyunlular, Teymurilər və Məmlüklərlə mübarizə şəraitində keçdi. Sultan Şahrux Qara Yusifi təhdid edərək ondan Qəzvin və Sultaniyyə şəhərlərini geri qaytarmasını və onun hakimiyyətini tanımasını istəyirdi. Bunun qarşılığında Azərbaycanı, Ərəb İraqını və Şərqi Anadolu Qara Yusifin hakimiyyəti altında qalacaqdı
Qara Yusif bu təklifi rədd etdiyi üçün Şahrux 200 minlik ordu və döyüş filləri ilə Qaraqoyunlular üzərinə yürüş etdi. Sultan Şahruxun qaraqoyunlularla qarşıdakı döyüşdə qələbə naminə Quranın Fəth surəsini 12 min dəfə hafizlərinə oxutdurması faktı Qara Yusifin təhlükəli, daha ciddi bir rəqib olduğunu təsdiq edir. Təsadüfi deyil ki, Sultan Şahruxun əmirləri və saray adamları “Azərbaycan ordusunun tüğyanı bahadırların həmləsinin sərsəri küləyindən başqa heç nə ilə yatırılmaz” dedilər [5, 92; 4,63-64].
Əbubəkr Tehrani Teymuri Şahruxun Azərbaycana yürüşü ilə bağlı yazır: “Bir tərəfdən xəstəlik, bir tərəfdən də həzrət xaqanın qoşunlarının Təbrizə hücumu onu əldən salmışdı... Lakin bununla belə böyük padşahdan, saysız qoşundan çəkinmədi. Xəbər gətirdilər ki, Şahrux Mirzə Rey vilayətini tutub. Bu xəbərdən kefini pozmadı, fikir etmədi. Əlində olan bütün qoşunla həzrət xaqanın qarşısına çıxdı. Qoşunun ön dəstələrini Ucana yetişdi. Özü isə Təbriz şəhəri ilə Ucan arasında altı fərsəxlikdə xəstəliyinin şiddətindən taqətini itirdi. Məcbur olub Ucanın iki fərsəxliyində dayandı... dəbdəbəli padşahlıq taxtından düşüb tabut taxtına mindi. Onun əzəmətli padşah cüssəsi səhrada düşüb qaldı” [9,64-65].
Beləliklə, 1420-ci il 13 noyabrda Təbrizin cənub-şərqində, Ucandan iki fərsəx şimal-qərbdə yerləşən Səidababad kəndində Qara Yusifin vəfat etməsi nəticəsində Teymuri sultanı Şahruxla gözlənilən döyüş baş vermədi [5,95; 4,137].
Qara Yusifin ölümündən sonra əsgərlərinin çoxu Kərkükdə olan İsgəndər Mirzənin (1421-1438) yanına getdi. Qaraqoyunlu dövlətini İsgəndər Mirza idarə etməyə başladı. İsgəndər Mirzə Azərbaycana birinci dəfə yürüş edən Şahruxla döyüşə başladı. Əbubəkr Tehrani Şahruxla İsgəndər Mirza arasında döyüşü ətraflı təsvir edərək yazır: “Əmir Qara Yusifin ölümündən sonra Xaqan Şahrux Mirzə... Reydən çıxıb Təbrizə tərəf yollandı. Şahzadələr Baysunqur Mirzə və Cuki Mirzə, dövlət əmirləri və sərkərdələri onun bayrağının kölgəsində davasız və döyüşsüz... Təbrizə axışdılar. İsfahan bəy bunu görüb dərhal İsgəndər Mirzənin yanına getdi. Həzrət Xaqan (Sultan Şahrux – N.A.) İbrahim Cakunu hücumla onun ardınca göndərdi. O, Muş obasında İsfahan bəyə çatdı. O da qoşunu, malı qoyub qaçdı, Amidin yuxarılarında İsgəndər bəyə qoşuldu. İsfahan bəylə İsgəndər Mirzə bir-birinə çatmamış Osman bəy Mehrfərə gəldi. Öz əziz oğlunu beş yüz atlı ilə həzrət xaqanın hüzuruna göndərdi. Əli bəy yolda Sultan İbrahim Cakuya çatdı və onunla birlikdə Qara Kərdunkər sahilində əlahəzrətin düşərgəsinə yetişdilər. Bu yurdda Şahrux Mirzə qayıtmaq fikrinə düşdü. Əli bəy ona bildirdi ki, İsgəndər bəylə İsfahan bəy birləşiblər və Qaraqoyunlu əmirləri İsgəndər Mirzənin ətrafında toplanıb bu istiqamətdə gələcəklər” [9,67-68]. Teymuri sultanı öz nökərlərindən bir dəstəni kəşfiyyata göndərdi və məlumatın dəqiqliyinə əmin oldu və Qaraqoyunluları dəf etməyə getdi. Şahrux Mirza orduya silahlanmaq əmri verdi və Ələşkerd çayından keçərək Balıqlı göldə öz mövqeyini möhkəmlətdi. Bu yurdda Osman bəy də onun düşərgəsinə çatdı. Daha sonra Sultan Şahrux Ələşkerddən keçərək Aladağın ətəklərindən ötüb Ağadəvəyə çatdı” [9,68].
Teymuri sultanı Şahruxla Qaraqoyunlu İsgəndər arasında baş verən Ələşkerd döyüşü Əbubəkr Tehranin əsərində ətraflı əks olunmuşdur. Döyüşdən qabaq İsgəndər Mirzənin sağ cinahı Şahruxun sol cinahına hücum etdi və döyüş başladı. Ərzurum və Ağrı arasındakı Ələşkerd adlı yerdə İsgəndərlə Şahruxun ordusu arasında üç gün davam edən( 30 iyul – 1 avqust 1421-ci il) döyüşdə Qaraqoyunlular məğlub oldu. Döyüşdən sonra Sultan Şahrux Azərbaycanın idarəsini Uzun Həsənin atası Əli bəyə həvalə etdi. Bundan sonra o, Xorasana hərəkət etdi. Əli bəy bir neçə gün Təbrizdə qaldı. Lakin Təbriz əhalisi Qaraqoyunlulara rəğbət bəsləyirdi. Qara Yusifin oğlu İsfahan bəy atasını və qardaşının yerində hakim olmaq arzusunda idi və buna görə də Təbrizə qoşun çəkdi. Əli bəy vəziyyətin ağır olduğunu görərək Diyarbəkrə gəldi [bax: 9,68-70; 4,138-140]. İsgəndər Mirzə İsfahan bəyin Azərbaycanda şöhrətinin getdikcə artdığını görərək Təbrizə üz tutdu və Təbrizi, Əlincəq qalasını İsfahan bəydən alaraq onu Azərbaycandan çıxarmaq istədi. İsfahan bəy qaçaraq Ərzuruma getdi.
Yenidən dövləti gücləndirməyə çalışan İsgəndər Mirzə Sultaniyyə, Qəzvin və Zəncanı özünə tabe etdi. Şahrux ikinci dəfə Azərbaycana yürüş etdi. İsgəndər qardaşları Cahanşah və Əbu Səid ilə birlikdə ordusunu Urmiya gölünün qərbində Salmasda toplanmiş və Şahruxu gözləyirdi. İsgəndər Mirzə ilə Şahrux arasında Salmas yaxınlığında iki gün davam edən döyüş baş verdi (17-18 sentyabr 1429-cu il). Qaraqoyunlular məğlub oldular və Şahrux Qara Yusifin ən kiçik oğlu Əbu Səidi Azərbaycana hakim təyin etdi [6,436; 4,142-143]. Qara Yusifin oğlanları arasında birliyin olmaması Teymuri hökmdarına Qaraqoyunlu ordusu üzərində qələbə qazanmağa imkan yaratdı.
Salmas döyüşündən sonra Qarabağa Şahruxun yanına gələrək ona bağlılığını bildirən Qaraqoyunlu Əbu Səidin Azərbaycan hakimliyi bir neçə ay davam edə bildi. Həsən bəy Rumlu yazır ki, 1432-ci ildə İsgəndər Mirzə ilə Əbu Səid arasında baş verən döyüş nəticəsində Əbu Səid ələ keçirilərək öldürüldü [5,134].
İsgəndərin Van gölü ətrafının idarəsinə təyin etdiyi oğlu Yarəli əhali üzərinə ağır vergilər qoyduğuna görə onu atasına şikayət etdilər. İsgəndər oğlunu yanına çağırsa da, o, atasından çəkindiyinə görə Şirvanşah Xəlilullahın yanına sığındı. İsgəndərin israrlı tələblərinə baxmayaraq, Şirvanşah Yarəlini Sultan Şahruxun sarayına yola saldı [1,15].
Bu hadisədən sonra Qaraqoyunluların Şirvan üzərinə hücumu labüd idi. İsgəndərin Şirvanşahlar üzərinə yürüşünü Kitabi-Diyarbəkriyyə müəllifi belə yazır: “1433-cü ilin əvvəllərində İsgəndər bəy böyük qoşunla Şirvana hücum etdi. Əmir Xəlilullah müqavimət göstərməkdə aciz qalıb qaçdı. Şirvanın böyük hissəsi onun ixtiyarından çıxdı. Türkmanların hücumuna məruz qalıb, qarət və zülmə düçar oldu. Bir ildən artıq müddətdə Şirvandan əmin-amanlıq uzaq düşdü. Bu fəlakətdən qurtuluş yolu tapmayacağını görüb zəmanənin ən görkəmli sultanlarından Şahrux Mirzə və Osman bəydən kömək istədi” [9,78].
Dövrün qaynağının təsdiq etdiyi kimi, Azərbaycanda baş verən hadisələr Qaraqoyunlu-Teymuri münasibətlərinə mühüm təsir göstərərək onu daha da gərginləşdirdi. Şirvanşah Xəlilullahın yardım üçün müraciət etməsi və Qaraqoyunlu şahzadələri arasındakı münasibət Teymuri hökmdarını Azərbaycana üçüncü yürüşə çıxmağa vadar etdi [9,78; 4,145].
Əbubəkr Tehraninin verdiyi məlumata görə, 1435-ci ilin qışını Reydə keçirən Sultan Şahrux bütün döyüşçülərini topladıqdan sonra Azərbaycana irəlilədi. O, Sultaniyyə yolu ilə Təbrizə daxil oldu və bütün Azərbaycan şəhərlərini ələ keçirdi. İsgəndər Mirza bu xəbəri eşidəndə qorxuya düşdü və o, Şirvanı qoyub Ərzurum yolu ilə Ruma tərəf hərəkət etdi. Ərzurum bu vaxt Osman bəyin ixtiyarında idi. Şahrux Mirzə İsgəndərin qaçması xəbərini alan kimi Şahzadə Cuki Mirzəni altmış min atlı ilə onun ardınca hücuma göndərdi [9,78-79].
1436-cı ildə Sultan Şahrux Azərbaycanın idarəsini Cahanşaha verdi və Xorasana qayıtdı. İsgəndər Cahanşahın hökmdarlıq taxtına əyləşməsi ilə barışmaq istəmirdi. Buna görə də sığındığı Osmanlılara ərazisini tərk edərək Təbrizə gəldi. Qardaşı Cahanşah da Qızılağac qışlağında Ərdəbilə gəldi. O, Sərab yolu ilə Cagirlunun görkəmli əmirlərindən Bayəzid Bəstami və onun tərəfdarları, həmçinin Şirvan əmirlərdən bəziləri ilə birləşib qardaşını məğlub etmək və Təbrizi tutmaq üçün irəlilədi. Qardaşlar arasında Həftçeşmədə baş verən döyüşdə İsgəndərin əyanlarından Piri bəy Qaramanlı və digər əmirləri Cahanşahın tərəfinə keçdiyi üçün məğlub oldu və Əlincə qalasına sığındı [9,90-91]. Lakin orada oğlu Şah Qubad tərəfindən öldürüldü.
Beləliklə, Sultan Şahrux böyük ümid bəslədiyi üçüncü Azərbaycan səfərindən də heç nə əldə edə bilmədi, Şərqi Anadolu, Azərbaycan, İraqi-Ərəb və İraqi-Əcəm bölgələrində Qaraqoyunlu dövləti öz varlığını qoruyub saxladı [4,147].
1447-ci Şahruxun ölümündən sonra Teymuri şahzadələri arasında səltənət uğrunda baş verən mübarizədən istifadə edən Cahanşah öncə Sultaniyyə və Qəzvini, sonra isə Fars və İraqi-Əcəm bölgələrini tamamilə ələ keçirdi [11,183; 4,147-148]. 1457-ci ildə Teymuri sultanı Baburun ölümündən istifadə edən Cahanşah şərqə doğru yürüşləri daha da fəallaşdıraraq Mazandaranı ələ keçirdi və Xorasana doğru irəlilədi. Teymuri İbrahim Mirzə məğlub edildi. Qaraqoyunlu hökmdarı Herata daxil olaraq Baği-Zağanda dayandı [4,148]. Şəhərə gəlməzdən qabaq hələ Küsüyəyə çatmamış padşah əmr etmişdi ki, car çəkilsin: “Heç kəs yerli əhaliyə qarşı lazımsız əməllərə yol verməsin, atlar əkinlərə buraxılmasın... Padşahın bu ədalətinin sədası hər yana yayıldı, bir vaxt öz yurdunu qoyub qaçanlar geri qayıtmağa başladı, camaat arasında nizam-intizam yarandı, bütün Xorasan əhalisi öz işi ilə məşğul oldu” [9,188].
Bu hadisədən üç ay sonra Sultan Əbu Səid Mirzə Səmərqənddən hərəkət edərək, Bəlxə gəldi. Cahanşah Mirzə şəhərdən altı fərsəx şimalda Cəğcəran çayının sahilində yerləşən Ləkləkxana adlı yerdə yaylaqda idi. Mövlana Nəcməddin Ömər adlı bir nəfər Sultan Əbu Səidin elçisi kimi Cahanşahın yanına gəldi və sülh təklif etdi. Cahanşah Mirzə tərəfdən isə Seyid Nizaməddin Aşur Əbu Səidin yanına getdi və sülh danışıqlarına razı olduğunu bildirdi [9,189]. Əbubəkr Tehrani yazır ki, bu zaman Pirbudaq Sultan Əbu Səid üzərinə yürüşə getmək üçün atasından icazə istəyərək qərargahdan ayrılsa da, bir fərsəx getməmiş Cahanşah Əbülfəth bəy Cagirlini onun ardınca göndərərək onu bu hərəkətindən çəkindirdi. Cahanşah ona belə bir sifariş göndərmişdi: “Onunla (Əbu Səidlə) döyüşmək bizə münasib deyil, çünki Həsən Əli qiyam edib Azərbaycanı öz əlinə keçirib. Ona görə bizim Xorasanda qalmağımız məsləhət deyil. Xəzinəni və məmləkəti onun (Həsən Əlinin) əlində qoyub Sultan Əbu Səidlə vuruşmaq ağla və düşüncəyə uyğun deyil. Əgər Əbu Səidlə döyüşsək qələbə ya bizimlə olacaq, ya da onunla. Biz ona qalib gələcəyimiz təqdirdə Xorasanı əldə saxlaya bilməyəcəyik, çünki, düşməni arxada qoyub İraq və Azərbaycana getməli olacağıq. Əgər o qalib gəlsə biabırçılıqdan, ləyaqətsizlikdən, cəhalət və qürur odu ilə öz evini yandırmaqdan başqa bir şey əldə edə bilməyəcəyik. Bu da ağlın göstərişinə ziddir. Yaxşısı budur ki, onunla sülh bağlayıb, Azərbaycana yollanaq” [9,189; 4,148].
Bundan sonra Pirbudaq Mirza geri qayıtdı və hər iki tərəf sülh danışıqlarına başladı. Cahanşahın vəziyyətinin yaxşı olmadığını görən Əbu Səid sülhün ancaq Cahanşah bu ölkəni tərk edəcəyi təqdirdə imzalanacağını bildirdi. Qaraqoyunlu elçisi Qazi Abdullahın əldə etdiyi və Əbubəkr Tehraninin yazdığı sülhün şərtlərini görə Abu-Rövşən sərhəd, Əlaüddövlə Mirzəyə məxsus Astrabadı ayıran nöqtə oldu, digər Xorasan və Qohestan torpaqları Əbu Səidə verildi. Qaraqoyunlular vaxtı ilə Teymurilərə aid olan İraqi-Əcəm, Fars və Kirmanı əldə saxlamağa nail oldular [9,189; 2, 88; 4,149]. Beləliklə, 1458-ci ilin iyulunda Cahanşah Xorasanın baş şəhəri Heratı ələ keçirsə də, burada möhkəmlənə bilmədi.
XV əsrin 60-cı illərində Qaraqoyunlularla Teymurilər arasında münasibətlərdə yaxınlaşma hiss edilirdi. Əbu Səid və Cahanşah arasında dostluq münasibətlərinin olmasını baş verən siyasi hadisələrlə bağlı onların bir-birinə еlçilər göndərməsi də sübut edir. 1464-cü ildə Cahanşahın göndərdiyi 40 nəfərlik elçi heyətini Sultan Əbu Səid Mərv yaxınlığında qəbul etdi və onların Herata dönmələrinə icazə verdi. Qaraqoyunlu hökmdarı regiondakı hadisələrlə bağlı Teymuri hökmdаrına məlumаt vеrməklə yanaşı hər iki hökmdar bir-birinə hədiyyələr və məktublar da göndərmişdir. Qaraqoyunlu hökmdarı elçilər vasitəsi ilə oğlu Pirbudağın üsyanını yatırdığını və Bağdadın fəthi ilə bağlı məlumatları Əbu Səidə çatdırdığı kimi, Teymuri sultanı da qazandığı qələbələrlə bağlı Cahanşaha məlumat yollamışdı. Əbu Səid Hüseyn Bayqaranın uğursuz Herat səfəri ilə bağlı ətraflı məlumatı da Cahanşaha bildirmişdir [4,150].
1467-ci ildə Cahanşahın ölümündən sonra Qaraqoyunlu-Teymuri əlaqələri davam etmişdi. Teymuri sultanı Əbu Səid Qaraqoyunlu Həsənəli Mirzəni müdafiə adı altında Azərbaycan uğrunda Ağqoyunlu Uzun Həsənə qarşı mübarizəyə başlasa da, məğlub olaraq başlıca niyyətini həyata keçirməyə müvəffəq olmadı. Qaraqoyunlu Həsənəli ilə Teymuri sultanı Əbu Səid arasında Ağqoyunlu Uzun Həsənə qarşı mübarizə aparmaq istəyi Qaraqoyunlularla Teymurilər arasında siyasi əlaqələri daha da möhkəmləndirdi. Lakin Uzun Həsənin öncə Əbu Səid və sonra da Həsənəlini məğlub edərək öldürməsi Qaraqoyunlu-Teymuri münasibətlərinə ağır zərbə vurdu. Bununla yanaşı, Ağqoyunlu hökmdarı Uzun Həsənin Azərbaycandakı hakimiyyətini qəbul etməyən Baharlı tayfa əmirləri Teymurilərin himayəsinə sığındı [4,150].

Açar sözlər: Əbubəkr Tehrani, Cahanşah, Şahrux Mirzə, Qaraqoyunlu, Teymurilər.

Ədəbiyyat siyahısı
1. Aka İ. Şahruhun Karakoyunlular üzerine seferleri. //Tarih İncelemeleri Dergisi, c. IV, sayı 1. Ankara: 1989, s.1-20
2. Aka İ. Timur ve devleti. TTK Basımevi, Ankara: 1991, 172 s.
3. Azərbaycan tarixi. Yeddi cilddə, c.3. Bakı: Elm, 2007, 563 s.
4. Nəcəfli T. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri, Bakı: Çaşıoğlu, 2012, 604 s.
5. Rumlu Həsən bəy. Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı). Fars dilindən tərcümə və şərhlər: AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, prof. Oqtay Əfəndiyev, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Musalı. Kastamonu: Uzanlar, 2017, 661 s.
6. Sümer F. Karakoyunlular Doğu Anadolu, Azerbaycan, İran ve İrakta hüküm süren Türkmen hanedanı. //TDV İslam Ansiklopedisi, c. XXIV, İstanbul: 2001.
7. Sümer F. Karakoyunlular (Başlangıçtan Cihanşaha kadar) c. I, TTK Basımevi, Ankara: 1967, 179 s.
8. Şükürova R. Əbubəkr Tehrani və onun “Kitabi-Diyarbəkriyyə” əsəri. Bayrak Yayınları, İstanbul: 2006, 108 s.
9. Tehrani Ə. Kitabi-Diyarbəkriyyə. Fars dilindən tərcümə edən, ön söz, şərhlər və göstəricilər Rəhilə Şükürovanındır. Bakı: Elm, 1998,
10. Tihrani E. Kitab-i Diyarbekriyye. Çev. Prof.dr. Mürsel Öztürk. Kültür Bakanlığı, Ankara: 2001,430 s.
11. Uzunçarşılı İ. H. Anadolu beylikleri ve Akkoyunlu, Karakoyunlu devletleri. TTK Basımevi, Ankara: 1969, 297 s.


Nuray Abbasova
The relationship of Kara-Koyunlu with the Timurids in the work of Abu Bekr Tehrani “Kitabi Diyarbekiriyye”

Summary
The relations of the Kara-Koyunlu state with the Timurids were not stable. Kara Yusuf, having won a battle over them at the beginning of the 15th century, put an end to the Timurid rule in Azerbaijan. However, relations with the Timurid state remained tense during the reign of Sultan Shahrukh. Despite the fact that Sultan Shahrukh raided Azerbaijan three times, he could not put an end to the existence of the Kara-Koyunlu state. After the Jahanshah government came to power in 1438, relations with the Timurids improved. Important information on this matter was given by Abu Bekr Tehrani in his book “Kitabi-Diyarbekiriyye”, who served in the palace of both Sultan Shahrukh and Jahanshah.

Keywords: Abu Bekr Tehrani, Jahanshah, Shah Rukh Mirza, Kara-Koyunlu, Timurids.

 

 

Нурай Аббасова
Взаимоотношения Кара-Коюнлу с Тимуридами в произведении Абу Бекра Техрани “Китаби Диярбекирийе”

Резюме
Отношения государства Кара-коюнлу с Тимуридами не были стабиль-ными. Кара Юсуф, одержав победу в начале XV века в битве над ними, положил конец правлению Тимуридов в Азербайджане. Однако отношения с государством Тимуридов оставались напряженными и во время правления султана Шахруха. Несмотря на то ,что султан Шахрух трижды совершал набеги на Азербайджан, он не смог положить конец существованию государству Кара коюнлу. После прихода к власти в 1438 году правительства Джаханшахов отношения с Тимуридами улучшились. Важные сведения по этому поводу дал Абу Бекр Техрани в своей книге “Китаби-Диярбекирийе”, служивший во дворце как султана Шахруха, так и Джаханшаха.

Ключевые слова: Абу Бакра Техрани, Джаханшах, Шахрух Мирза, Гарагоюнлу, Тимуриды.