QARABAĞDA MƏSKUNLAŞDIRILAN ERMƏNİLƏRİN SAXTA QƏDİMLİK İDDİALARINA QARŞI GERÇƏK FAKTLAR

Post image

Vüqar Hacıyev
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu,
doktorant

E-mail: [email protected]

Giriş
XIX əsrin birinci yarısından başlayaraq Cənubi Qafqaza köçürülüb məskunlaşdırılan ermənilərin dünyanın heç bir yerində nə daimi vətəni, nə də dövlət quruluşu olmamışdır. XX əsrin əvvəllərində öz havadarlarının dəstəyi ilə Azərbaycan torpaqları hesabına özlərinə ilk dəfə dövlət quran ermənilər bir müddət sonra bu ərazilərə sonradan köçürüldüklərini nəinki inkar etdilər, üstəlik bu torpaqların qədim sakinləri olduqları haqda iddialar irəli sürməyə başladılar. Ermənilər qarşılarına qoyduqları bu məkrli niyyətlərini həyata keçirmək üçün ilk növbədə uydurma “Böyük Ermənistan” ideyasını ortaya atdılar. Özlərinin guya buranın qədim sakinləri olduqlarını sübut etmək üçün əsas məsələlərdən biri əsrlərdən bəri bu ərazidə yaşayan yerli qeyri-erməni əhalini sıxışdırıb çıxartmaq və bununla da say çoxluğuna nail olmaq idi. Erməni millətçiləri əsrin əvvəllərindən başlayaraq qarşıya qoyduqları məkrli planı həyata keçirmək üçün indiki Ermənistan ərazisi sayılan Qərbi Azərbaycan torpaqlarından azərbaycanlı və digər müsəlman əhalini son nəfərinədək məcburi surətdə qovdular. 80-ci illərin sonlarında isə ermənilər Dağlıq Qarabağa qarşı bir ərazi iddiasını həyata keçirməyə başladılar. Bu məqsədlə onlar Dağlıq Qarabağda yaşayan erməni millətindən olan sakinlərin guya türk-müsəlman əhalisi tərəfindən sıxışdırıldığını əsas gətirərək, saxta tələblərə, separatçılıq, təxribat və terrorçuluq əməllərinə əl atdılar. Onların bu planlarının ideya müəllifləri isə erməni siyasətçiləri və tarixçiləri idi. Buradan belə bir sual yaranır: əgər Ermənistan dövləti, erməni tarixçiləri Dağlıq Qarabağın işğalını burada yaşayan erməni azlığına qarşı Azərbaycan dövləti tərəfindən həyata keçirilən insan haqlarına zidd əməllərlə, xalqların dinc və yanaşı yaşaması barədə prinsiplərin pozulması, erməni azlığının sıxışdırılması ilə əsaslandırırdısa (bu “əsaslandırma” indi də davam etdirilir), bu halda onlar, Ermənistan ərazisində yaşayan azsaylı və heç bir güc alətinə malik olmayan türk-müsəlman və digər xalqların nümayəndələrinin öz yurdlarından son nəfərinədək qovulmasını nə ilə əsaslandırırdılar? Burada erməni tarixçi və siyasətçiləri əsassız olaraq Sumqayıt hadisələrini və onun Azərbaycanda ermənilərə qarşı milli, dini, etnik zəmində qəsdən törədildiyini bəhanə gətirirlər. Halbuki, ermənilər təkcə Sumqayıtda deyil, həmçinin say çoxluğu ilə paytaxt Bakı şəhərində, eləcə də Azərbaycanın demək olar ki, bütün böyük şəhərlərində yaşayırdılar. Əgər ermənlərə qarşı Azərbaycanda milli-etnik zəmində hər hansı qırğın, qətliam planlaşdırlsaydı, bu, təkcə Sumqayıtda deyil, bütün ölkə ərazisində həyata keçirilərdi, necə ki, bunu ermənilər öz dövlətlərində azərbaycanlılara qarşı dəfələrlə etmişlər.
Guya öz müqəddəratlarını təyin edən ermənilər azərbaycanlıların sıx yaşadıqları kənd və şəhərləri silah yolu ilə ələ keçirdilər, sakinlərin bir hissəsini qətl edildi, digər hissəsi isə qırğınlardan canlarını qurtarmaq üçün öz doğma və əzəli yurdlarını tərk etməyə məcbur oldular. Hələ müharibənin ilk illərində ermənilər Xocalı soyqırımını törətdilər. Uşaq, qadın, qocaya baxmadan dinc əhalini vəhşicəsinə qətl etdilər. Lakin ermənilər dinc sakinləri qətl etməklə kifayətlənməyib qədim türk yaşayış məskəni olan Xocalı şəhərini və ona yaxın qəsəbələri yerlə yeksan etdilər, buradakı tarixi abidələri isə dağıdıb yer üzündən sildilər. Ermənilər yerli türk-müsəlman xalqına aid izləri yer üzündən silməklə bu torpaqlara olan qədimlik iddialarını daha da möhkəmləndirmək niyyətini güdürlüər. Bu məqalənin məqsədi gerçək tarixi faktlar və mənbələr əsasında onların bu iddialarının saxta olduğunu sübut etməkdir.
Əsas mətn. Ermənilərin Cənubi Qafqazın, o cümlədən Qarabağın yerli xalqı olmadığını azərbaycanlı müəlliflərlə yanaşı, həmçinin rus, gürcü və hətta erməni tarixçi və siyasətçilərinin əsərləri, eyni zamanda xeyli arxiv sənədləri sübut edir.
Bu haqda rus tarixçisi N.Şavrov yazır: XX əsrin başlanğıcında Zaqafqaziyada yaşayan 1300000 ermənidən 1 milyondan artığı bu rayonun yerli əhalisi deyildir: onlar buraya bizim tərəfimizdən köçürülmüşlər [9, s.61].
Rus tarixçisi İ.Dyakonov yazır: “Qədim ermənilər, təxminən bizim eradan əvvəl birinci minillikdə, Fərat çayının yuxarı vadisi zonasında meydana gəlmişlər” [3, s.237].
Ermənilərin Qafqaza köçürüldükləri barədə (İrandan) diplomat və dramaturq A.Qriboyedovun “Ermənilərin İrandan bizim əyalətlərə köçməsi haqqında məktub və qeydlər”ini oxumaq kifayətdir.
A.Qriboyedov çara məktubunda yazır: “Ermənilər əksərən müsəlman mülkədarların torpaqlarında məskunlaşmışlar. Köçürülənlər özləri sıx haldadırlar və haqlı olaraq gileylənən müsəlmanları da sıxlaşdırırlar. Buradakı vilayət rəisi bildirir ki, o, yeni gələn ermənilərin çoxunu Araz ətrafında yerləşdirmək istəyib, lakin, onlar (ermənilər V.H) zati-alilərindən (sizdən V.H) özlərinin ilk dəfə müvəqqəti yerləşdirildikləri yerdə qalmaları üçün icazə verməyinizi xahiş ediblər və sizin razılığınızı alıblar”. Qriboyedov daha sonra yazır: “Biz həm də onlarla təklifləri xeyli müzakirələr etdik, hansı ki, bunları müsəlmanlarla çox uzun müddət çəkməyəcək hazırkı yüklə barışmaq və onlardakı təhlükə hissini ermənilərin ilk dəfə buraxıldıqları torpaqlara həmişəlik sahib olmaları hesabına aradan qaldırmaq üçün etməli idik” [6, 7, s.399-444].
İndiki Ermənistan dövlətinin guya “qədim və böyük Ermənistanın” mərkəzi, yəni Erməni Dağlığı, Qarabağın isə bu Dağlığın bir əyaləti olduğunu deyən erməni tarixçilərinin yalanlarını elə digər, məsələyə bir qədər obyektiv yanaşan erməni mənşəli alimlər öz yazılarında təkzib etmişlər.
1980-ci ildə M.Q.Nersisyanın redaktəsi ilə erməni tarixçilərinin kollektiv müəllifliyi ilə çap edilən “Erməni xalqının tarixi: Qədim dövrdən bugünümüzə qədər” adlı kitabda qədim Ermənistandan- Erməni Dağlığından danışan müəllif, qısaca desək, Qara Dənizdən Xəzər Dənizinədək olan torpaqların, hətta Türkiyə, İran, Gürcüstan və Azərbaycana məxsus şəhərlərin belə, qədim Ermənistanın ərazisinə aid olduğunu yazır. Qədim Ermənistana aid olan 15 nəhəng əyalətin arasında Arsakın (Qarabağın) da adını çəkir. Bu cür uydurma tarixi isə yuxarıda deyildiyi kimi, bir çox erməni mənşəli tarixçilər öz tədqiqatlarında təkzib edirlər.
B.İşxanyan “Qafqaz xalqları” əsərində yazır: “Tarixi qədimliyə görə, ermənilərin Böyük Ermənistan adlandırdıqları əsl vətənləri Rusiya hüdudlarından kənarda, daha dəqiqi, Kiçik Asiyada yerləşir. Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərə gəlincə, onlar bir hissəsi xristianlığı qoruyub saxlamış qədim alban tayfalarından olan aborigenlər idi. Əhalinin digər hissəsi - hücumlardan və təqibdən ehtiyat edərək Azərbaycan torpaqlarında sığınacaq tapan İrandan və Türkiyədən olan qaçqınlar idi” [5, s.18].
Ermənilərin kim olduqlarını və harada təşəkkül tapdıqlarını, fikrimizcə, tanınmış alim Manuk Abeq­yan daha dəqiq və düzgün ifadə etmişdir: “Erməni xalqının əsili nədir; necə və nə vaxt, haradan və hansı yollarla o buraya (İrəvan torpaqlarına - müəl.) gəlib, erməni olmazdan əvvəl və sonra hansı tayfa­larla əlaqədə olub, onun dilinə, etnik tərkibinə kim necə təsir göstərib? Bizim əlimizdə bunları sübuta yetirən aydın və dəqiq dəlillər yoxdur.” [1, s.11].
Beləliklə, erməni tarixçilərinin ermənilərin hazırda məskunlaşdıqları ərazilərin yerli sakinləri olması haqda yazdıqlarının uydurma tarix olması sübut olunur.
XVIII əsrin əvvəllərindən çar Rusiyasının xarici siyasətində Qafqaz mühüm rol oynamağa başlamış və çarizm bu dövrdən etibarən cənubda öz strateji mövqelərini möhkəmləndirməyə çalışmışdır. Tarixi faktlar göstərir ki, Qafqaz həm siyasi, həm də iqtisadi mənafe baxımından, Rusiyanın daim diqqət mərkəzində olmuş və bu dövrdə çar Rusiyası Azərbaycanı işğal etmək, burada özünə dayaq yaratmaq məqsədilə ermənilərdən məharətlə istifadə etmişdir. Ermənilər də Rusiya imperiyasının onlara arxa duracaqlarına ümid bəsləyərək çarizmin Qafqazı işğal etməsinə köməklik göstərməklə öz məkrli siyasətlərini həyata keçirmək niyyətində olmuşlar.
Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Bu dövrdə regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar Rusiyası XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Türkiyə və İrana qarşı müharibə apararkən “erməni amili ”ndən siyasi alət kimi istifadə etməklə, əhalinin erməniləşdirilməsi siyasətini də həyata keçirmişdir.
Bu zaman ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri məhz mühüm strateji əhəmiyyət kəsb edən Qarabağ ərazisi olmuş, bu bölgəyə çarizm tərəfindən xüsusi diqqət yetirilmişdir. Belə ki, XIX əsrin əvvəllərində Qafqaz qoşunlarının baş komandanı P.D.Sisianov Gəncəni tutduqdan sonra 1805-ci il 22 may 19 №-li raportunda yazırdı ki, Qarabağ özünün coğrafi mövqeyinə görə Azərbaycanın, eləcə də İranın qapısı hesab edilir, buna görə də onu itaətdə saxlamalı və burada mövqeyimizi möhkəmlətməyə daha çox cəhd göstərməliyik [4, s.16].
Belə bir məqsəd tezliklə həyata keçirildi. 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla general Sisianov arasında müqavilə imzalandı [2, s.271].
Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil olan kimi P.D.Sisianov dərhal Qarabağda çarizmin mövqeyini möhkəmlətmək üçün Cənubi Qafqazın digər əyalətlərindən erməniləri bura köçürməyə başladı.
1822-ci ildə Qarabağ xanlığı ləğv edilərək əvəzində eyni adlı əyalət yaradıldı ki, bu əyalət də 1840-cı ildə Şuşa qəzası adı altında Kaspi (Xəzər) vilayətinə daxil edildi. 1868-ci ildə Yelizavetpol (Gəncə) quberniyası yaradılarkən Şuşa və Zəngəzur qəzaları bu quberniyanın tərkibinə verildi, daha sonra 1883-cü ildə Yelizavetpol (Gəncə) quberniyasının tərkibində Cavanşir və Cəbrayıl qəzaları təşkil olun­du. 1917-ci ildə Şuşa qəzası Müvəqqəti hökumət vaxtında Xüsusi Zaqafqaziya komitəsinə tabe olan Yelizavetpol quberniyasına, 1918-1920-ci illərdə isə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində Gəncə quberniyasına daxil olmuş və Qarabağın bu inzibati bölgüsü 1921-ci ilə qədər davam etmişdir [2, s.276].
Qarabağ əhalisinin sayı və etnik tərkibi haqqında ətraflı məlumat verən, eləcə də mühüm sənəd hesab edilən çar məmurları Yermolov və Mogilyovski tərəfindən tərtib edilmiş "Qarabağ əyalətinin təsviri"nə görə, 1823-cü ildə Qarabağ əyalətində 20 min 95 ailə, o cümlədən 15 min 729 azərbaycanlı və 4 min 366 erməni ailəsi olmuşdur. Yəni hələ 1823-cü ilə qədər Qarabağa köçürülən ermənilərin hesabına əyalətdə onların sayı artıb 4 min 366-ya çatmışdır.
Qarabağın dağlıq hissəsində erməni əhalisinin xeyli dərəcədə çoxaldılması XIX əsrin 20-ci illərində, xüsusilə, Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsindən sonra baş vermişdir. 1804-1813-cü, 1826-I828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrinin gedişində, həm də sonralar ermənilərin İran və Türkiyədən kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artmağa başladı.
Qarabağın dağlıq hissəsinə əvvəlcə rəsmən 124 min, daha sonra isə qeyri-rəsmi olaraq xeyli erməni köçürülmüşdür. Ümumiyyətlə, 1828-1830-cu illər ərzində Qarabağın dağlıq hissəsinə 200 min erməni köçürülmüşdür. Bu faktları N.Şavrov belə təsvir edir: “1826-1828-cu illər müharibəsi qurtardıqdan sonra biz iki il ərzində - 1828-ci ildən 1830-cu ilə qədər 40 mindən çox İran və 84 min Türkiyə ermənisi köçürüb, onları demək olar ki, ermənilər yaşamayan Yelizavetpol və İrəvan quberniyalarında, Tiflis, Borçalı, Axalsıx, Axalkələk qəzalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirdik. Onların məskunlaşması üçün 200.000 desyatindən çox xəzinə torpağı ayrılmış və onlar üçün müsəlmanlardan 2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı satın alınmışdı. Həmin ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur - müəllif) və Göyçə gölünün sahillərində məskunlaşdırıldılar. Bunu da nəzərə almaq lazımdır ki, rəsmi olaraq köçürülən 124 min ermənidən başqa buraya qeyri-rəsmi köçənlərlə birlikdə onların sayı 200 min nəfərdən çoxdur" [7, s.63]. Bu fakt onu göstərir ki, köçürülən ermənilər, əsasən, ermənilər yaşamayan ərazilərdə yerləşdirilmişdilər.
Ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində burada yeni erməni kəndləri - Marağalı, Canyataq, Yuxarı Çaylı, Aşağı Çaylı və s. kəndlər salınmışdı. Cənubi Azərbaycanın Marağa şəhərindən Qarabağın dağlıq hissəsinə köçürülərək orada məskunlaşan ermənilər 1828-ci ildən 150 il sonra, yəni 1978-ci ildə sovet dövründə, Ağdərə rayonunda həmin köçürülmənin şərəfinə abidə ucaltmış (abidənin üzərində ermənicə “Marağa-150" sözləri yazılmışdı), lakin XX əsrin 80-ci illərinin sonunda, yəni Azərbaycana qarşı ərazi iddiaları qaldırdıqları zaman həmin abidəni özləri məqsədyönlü şəkildə dağıtmışlar.
Beləliklə, Türkmənçay müqaviləsindən sonrakı iki ildə çar Rusiyasının himayədarlığı nəticəsində ermənilər Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Qarabağın dağlıq hissəsində məskunlaşmağa nail oldular. Çarizmin ermənilərə olan bu diqqəti və himayədarlığı sonrakı illərdə də özünü göstərirdi. Belə ki, 1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başlanıldı. Bu köçürülmə prosesinin davamı olaraq 1877-1879-cu illər Rusiya-Türkiyə müharibəsi illərində də Türkiyədən Cənubi Qafqaza daha 85 min erməni köçürülmüşdür [7, s.18].
XIX əsrin sonu - XX əsrin əvvələrində Cənubi Qafqaza ermənilərin köçürülməsi daha geniş vüsət aldı. Belə ki, təkcə 1896-cı ildən 1908-ci ilə kimi keçən 13 ildə bu regiona 400 min erməni köçürülmüşdü. Bu barədə N.Şavrov yazır: “1896-cı ildə general-adyutant Şeremetyev Zaqafqaziyada yaşayan ermənilər haqqında məlumatında onların sayının 900 min nəfər olduğunu göstərmişdir. 1908-ci ildə isə onların sayı 1 milyon 300 min nəfərə çatmışdır, yəni bu müddət ərzində ermənilər 400 min nəfərdən artıq çoxalmışlar. Hal-hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyon nəfəri diyarın köklü sakinləri deyillər və onlar buraya bizim tərəfimizdən köçürmüşlər" [9, s.64].
Nəticədə, Qarabağın dağlıq hissəsinə ermənilərin kütləvi şəkildə köçürülməsi bölgədə demoqra­fik vəziyyətə ciddi təsir göstərmişdir. Belə ki, 1897-ci ildə əhalinin siyahıya alınması zamanı Qarabağda yaşayan 54 min 841 ailədən 29 min 350-nin azərbaycanlı, 18 min 616-nın isə erməni ailəsi olduğu bildirilir. 1917-ci ildə isə Qarabağda ermənilərin sayı gəlmələrin hesabına artaraq ümumi əhalinin 46%-ni, azərbaycanlılar isə 51 %-ni təşkil etmişdir [7, s.19].
1917- ci ilin “Qafqaz gündəliyi” məcmuəsinin yazdığına görə, Qarabağda 199 min azərbaycanlı (58,3%) və 142 min erməni (41.7%) yaşayırdı. Göründüyü kimi, çar Rusiyasının himayəsi sayəsində süni surətdə ermənilərin mərhələ-mərhələ köçürülüb Qarabağda yerləşdirilməsinə baxmayaraq azərbaycanlılar həmin torpaqların əzəli sakinləri olmaqla bütün dövrlərdə çoxluq təşkil etmişlər.
“Qafqaz gündəliyi”ndə verilən statistik məlumatlar sübut edir ki, indiki Ermənistan Respublikasının ərazisində də əvvəllər azərbaycanlılar ermənilərdən xeyli çox olmuşdur. Məsələn, 1886-cı ildə Gəncə (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasındakı 326 kənddən 154-ü azərbaycanlı kəndi (45,7 %), 91-i kürd kəndi (27,8%) və yalnız 81-i erməni kəndi (24,8%) olmuşdur. 1889-cu ildə Zəngəzur qəzasının azərbaycanlı əhalisi ermənilərdən 1500 nəfər çox olmuşdur. 1897-ci ildə isə Zəngəzurun əhalisi 142 min nəfər olmuşdur ki, onlardan 71,2 mini (50,1%) azərbaycanlı, 63,6 min nəfəri isə (44,8%) erməni olmuşdur [8, s.23].
Ermənistan SSR-in Mərkəzi Statistika İdarəsinin 1962-ci ildə nəşr olunmuş statistik məcmuəsində göstərilir ki, 1831-ci ildə İrəvan şəhərinin 18 min 766 nəfər əhalisinin 15 min 992 nəfəri, 1866-cı ildə isə 27 min 246 nəfərdən 23 min 627 nəfəri azərbaycanlı olmuşdur (yəni əhalinin 85,2%-i). Z.Korkodyanın 1932-ci ildə İrəvanda nəşr olunmuş “Sovet Ermənistanının əhalisi 1831-1931 ” kitabında da qeyd edilir ki, İrəvan quberniyasının İrəvan, Eçmiədzin, Yeni Bəyazid, Aleksandropol qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur və Qazax-Dilican qəzalarında, Tiflis quberniyasının Lori-Pəmbək (Borçalı mahalı) qəzasında 2310 yaşayış məntəqəsindən 2000-i azərbaycanlılara məxsus olmuşdur [8, s.22]. İrəvanda yaşayan 10 min nəfər əhalinin 7 min nəfəri azərbaycanlı olmaq­la yanaşı, eləcə də xanlığı idarə edən 40 nəfərin hamısı azərbaycanlılar olmuşlar. 1920-ci ilədək İrəvan quberniyasında, xüsusilə İrəvan qəzasında azərbaycanlı əhalinin sayı xeyli çox olmuş, yəni qəzada olan 99 min nəfər əhalinin 62,6 min nəfəri (66%) azərbaycanlı, 36,4 min nəfəri (34%) isə erməni olmuşdur [8, s.23].
Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü il iyulun 7-də muxtar vilayət statusu verildi ki, bu da sovet Rusiyasının himayəsi və iştirakı ilə həyata keçirildi.
XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə SSRİ-də yaranmış aşkarlıq və demokratiya şəraitindən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Məhz onların hərbi və siyasi dəstəyi ilə də Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu işğal etdilər. Lakin 27 il sonra Azərbaycan dövləti Qarabağı erməni işğalçılarından azad etdi. Dağlıq Qarabağa verilən muxtariyyət statusu ləğv edildi. Ermənilərə Qarabağın yalnız bir hissəsində Azərbaycan vətəndaşı statusu ilə yaşamaq icazəsi verildi.
Nəticə. Yekunda olaraq onu demək mümkündür ki, ermənilərin Cənubi Qafqazın yerli xalqı olmaları ermənilərin özlərinin yazdığı saxta tarix kitablarından başqa heç bir tarixi, arxeoloji mənbədə, bu regionun heç bir maddi və ya mənəvi mədəniyyətində öz əksini tapmamışdır.

Açar sözlər: Cənubi Qafqaz, Qarabağ, Rusiya, ermənilər, köçürülmə

Ədəbiyyat siyahısı
1. Abeqyan M. Erməni ədəbiyyatı tarixi, İrəvan, 1975, səh.11 (rus dilində).
2. Azərbaycan tarixi üzrə qaynaqlar. /Tərtibçilər:S.Əliyarov,F.Mahmudov və b./. - Bakı, 1989, 328 s.
3. Dyakonov İ. Erməni xalqının ilkin tarixi, İrəvan, 1968, səh. 237, (rus dilində)
4. Xəlilov X. Qarabağın elat dünyası. Bakı, 1992, 119 s.
5. İşxanyan B. Qafqaz xalqları, Petroqrad, 1916, səh.18 (rus dilində).
6. Qriboyedov A.S. Seçilmiş əsərləri, 2-ci cild, M.1977, səh. 399-444.
7. Qriboyedov A.S. Ermənilərin İrandan bizim əyalətlərimizə köçürülməsi. Məktublar və qeydlər.
8. Məmmədov İ., Əsədov S. Ermənistan azərbaycanlıları və onların acı taleyi (qısa tarixi oçerk). Bakı, 1992, 72 s.
9. Şavrov H. Zaqafqaziyada Rusiya məsələsinə yeni təhlükə.-Peterburq, 1911, səh.6

Гаджиев Вугар
ИСТИННЫЕ ФАКТЫ ПРОТИВ ЛОЖНЫХ ПРЕТЕНЗИЙ АРМЯН, НАСЕЛЕННЫХ
В КАРАБАХЕ

Резюме
В статье рассматривается население армян на Южном Кавказе, в том числе в Карабахе, в начале 19-20 веков.
Мнимые утверждения о том, что армяне являются местными или древними жителями региона, были опровергнуты на основании реальных исторических фактов и источников.

Ключевые слова: Южный Кавказ, Карабах, Россия, армяне, переселение


Hajiyev Vugar
TRUE FACTS AGAINST FALSE CLAIMS OF ARMENIANS POPULATED IN KARABAKH

Resume
The article examines the settlement of Armenians in the South Caucasus, including in Karabakh, at the beginning of the 19th and 20th centuries.
The alleged claims that the Armenians are local or ancient inhabitants of the region have been refuted based on real historical facts and sources.

Keywords: South Caucasus, Karabakh, Russia, Armenians, resettlement