MÜASİR DÖVRDƏ REGİONLARIN İNKİŞAFININ İNTENSİVLƏŞDİRİLMƏSİNDƏ MALİYYƏ TƏMİNATI MEXANİZMLƏRİNİN AKTUAL PROBLEMLƏRİ

Post image

AYGÜN QULİYEVA
Azərbaycan Kooperasiya Univesitetinin prorektoru, iqtisad elmləri doktoru

E-mail: [email protected]

Postpandemiya dövrü bütün sahələrdə daha təkmilləşdirilmiş və yenilənmiş fəaliyyət mexanizmlərinin hazırlanmasını və tətbiqini şərtləndirir. Bu hazırkı şəraitdə obyektiv reallıq və zərurət kimi baxılmalı, xüsusilə regional inkişafın təmin olunmasında tələb olunan mexanizmlərin tətbiqi məsələləri nəzərə alınmalıdır. Digər tərəfdən, son onillikdə dünya maliyyə sisteminin dərin transformasiyası, 2008-ci ilin sonlarından başlayan dünya maliyyə böhranının mənfi fəsadlarının təsrinin hələ də davam etməsi maliyyə-kredit sisteminin maksimum təkmilləşdirilməsini, o cümlədən investisiyalar üzrə mexanizmlərin investisiya layihələri iştirakçılarının maraqlarının qorunması şərti ilə yenilənməsi tələb olunur. Maliyyə-kredit mexanizmləri və tətbiq olunan alətlər kifayət qədər etibarlı olmalı, eyni zamanda bu resurslara ehtiyacı olanlar üçün həm də əlçatanlığı ilə fərqlənməlidir. Təəssüf ki, əksər hallarda maliyyə-kredit təşkilatları qısamüddətli gəlirlər arxasınca qaçaraq, ilk növbədə yüksək faizlərdən ibarət istehlak kreditlərinə üstünlük verirlər və eyni təəssüf hissi ilə də demək olar ki, əhalinin əhəmiyyətli hissəsi bu və ya digər amildən asılı olaraq bu kreditlərdən fəal şəkildə istifadə edirlər. Regionlarda fəaliyyət göstərən sahibkarlıq və biznes subyektləri o qədər də iri təşkilatlar və ya müəssisələr deyildirlər və təxminən bu qəbildən olan bazar iqtisadiyyatı subyektlərinin 90 %-dən çoxu mikro, kiçik və orta sahibkarlıq subyektləridir, başqa sözlə, əsas üstünlük fərdi sahibkarlığa verilmişdir [1]. Bunun başlıca səbəbi, ümumiyyətlə dünya səviyyəsində regionlarda maliyyə-kredit və investisiya mexanizmlərinin o qədər də əlçatan olmamasıdır [2; 3]. Eyni zamanda, təsərrüfatın genişləndirilməsi, biznesin və sahibkarlığın inkişaf etdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi imkanlarının da zəif olmasını nəzərə alsaq, regionlarda iqtisadi inkişaf proseslərinin sürətləndirilməsi tədbirlərində kompleksliliyin hələ də təmin olunmaması qənaətinə də gəlmək olar [4]. Prioritetlər və hədəflər məlumdur, amma qarşıda duran problemlərin həll olunması, sosial-iqtisadi inkişaf proseslərinin intensivləşdirilməsi məqsədil tələb olunan tədbirlərin və vəzifələrin həyata keçirilməsi üçün əlçatan maliyyə-kredit şəbəkəsinin formalaşdıırlması vacib şərtdir [5].
Qeyd edək ki, ölkəmizin regionlarında maliyyə-kredit şəbəkəsinin əlçatanlığı məqsədilə bir sıra amillərin və meyarların nəzərə alınması vacibdir: 1) regionlarda maliyyə-kredit axınlarının hərəkəti, idarə edilməsi və istifadəsi üzrə şəbəkənin qurulması; 2) maliyyə-kredit xidmətlərinin infrastrukturunun və xidmət məntəqələrinin yaradılması; 3) maliyyə-kredit resurslarının təmərküzləşməsi və bölüşdürülməsi funksiyalarını yerinə yetirən maliyyə-kredit təşkilatlarının yaradılması; 4) maliyyə-kredit müəssisələrinin sərbəst balansa malik olmasının təmin edilməsi; 5) regionun iqtisadiyyat sahələrinin inkişaf xüsusiyyətlərinin potensialından qaynaqlanan layihələrin işlənib hazırlanması; 6) regionda təbii və iqtisadi resurslardan səmərəli və məhsuldar istifadəyə imkan verən maliyyə-kredit axını mühitinin yaradılması; 7) region əhalisinin gəlirlərinə adekvat olan maliyyə-kredit xidmətləri paketinin hazırlanması və tətbiq edilməsi; 8) regionda yaşayan həssas əhali qruplarının maraqlarını təmin edən maliyyə-kredit xidmətləri paketinin tətbiqi; 9) real iqtisadiyyat sahələrinin uzunmüddətli perspektivdə rentabelliyi nəzərə alınmaqla sahibkarlıq və biznes subyektləri üçün maliyyə-kredit xidmətləri paketinin tətbiqi; 10) regionun maliyyə-kredit sisteminin gücləndirilməsi istiqamətində regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi və s.
Məlumdur ki, dünya maliyyə sistemində, maliyyə resurslarının axınında, maliyyə-kredit sisteminin fəaliyyətində və investisiya resurslarının formalaşdırılmasında yeni trendlər və yanaşmalar diqqət çəkir. Artıq maliyyə resurslarının doymuş seqmentləri və ya ifrat mənbələri ilə bağlı baxışlar köklü surətdə dəyişməkdədir. Dünya səviyyəsində daha çox maliyyətutumlu bazar olan enerjidaşıcıyılarla bağlı məsələlər, ilk növbədə neft və təbii qaz bazarları, onlarda formalaşan maliyyə resursları heçdə sabitliyi ilə fərqlənmirlər. Məlimdur ki, bu bazarların əsas maliyyə mənbələri güclü və iri iqtisadiyyata malik, həm də daha çox maliyyə və investisiya resurslarının cəmləşdiyi ölkələr iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdir və eyni zamanda dünya siyasətində və təhlükəsizliyində ciddi mövqeyə malik olan super dövlətlərdir. Maraqli bir məqama diqqət lazımdır ki, son 30 il ərzində məhz bu ölkələrdən bir neçə qlobal böhranlar qaynaqlanmışdır və bu böhranların kökündə enerji resursları və maliyyə məsələləri dayanır. Deməli belə çıxır ki, bir müddət ərzində dünya maliyyə və investisiya bazarlarında baş vermiş dinamiklik enerji resurslarının qiymətlərinin artımı və sabitliyi nəticəsində neft və qaz ixrac edən ölkələrin gəlirlərinin artması, valyuta eytiyatlarının güclənməsi və həmin ölkələrə investisiya axınları daha da intensiv xaratker daşıyacaqdır. Amma, müəyyən dövrdən sonra baş verən qlobal təsirlərdən maliyyə itkiləri, qeyri-sabitliyi və digər problemlərin yaranması qacılmaz olacaqdır. Bu isə növbəsində neft dollarının tez “əriməsi”nə gətirib çıxara bilər və ölkənin topladığı valyuta ehtiyatlarrının önəmli bir hissəsi milli valyutanın kursunun sabitliyinə, sosial müdafiə sisteminin gücləndirilməsinə xərclənilməsi məcburi xarakter daşıyır. Həmin amillər səbəbindən milli iqtisadiyyatın diversifikasiyalaşdırılması, maliyyə-kredit resurslarının mənbələrinin alternativliyinin təmin olunması, investisiya fondlarının yaradılmasının, maliyyə holldinqlərinin inkişaf etdirilməsi, maliyyə-sənaye qruplarının formalaşdırılması, ümümilikdə ölkədə maliyyə bazarının dayanıqlılığının artırılması və dinamikliyinin inkişaf etdirilməsi vacib şərtlər kimi ortaya çıxır. Biz bu promlemləri və amilləri Azərbaycanın timsalında və keçdiyi inkişaf proseslərində baxsaq, doğrudan da bu qeyd olunanların əksəriyyətinin ölkəmiz üçün xarakterik olduğunu görərik və bütün bunlar hazırki dövrdə, bundan sonraki şəraitdə maliyyə mənbələrinin daha etibarlı və müxtəlif formalarının təşkili, bunun üçün tələb olunan tədbirlərin sistemli və ardıcıl həyata keçırılməsi məqsədilə maksimum təsirli və məhsuldar mexanizmləırinin tətbiq olunmasını tələb edir. Azərbaycan özünün neft strategiyasının reallaşdırmağa başlayarkən ölkənin müxtəlif sosial-iqtisadi sahələrində fəal şəkildə islahatlara start vermiş və bir çox istiqamərdə bu islahatların səviyyəsini dərinləşdirməyə nail olmuşdur. İqtisadiyyatın əksər sahələrinin institusional islahatlar təmin edilmiş, milli iqtisadiyyatın strukturu təkmilləşdirilmiş, maliyyə ehtiyatları – valyuta ehtiyatları yaradılmışdır, lakin 2008-ci ilin sonlarından başlayan dünya maliyyə böhranı gec də olsa ölkəmizə öz mənfi təsirinin göstərmişdir. 2004-ci ildən başlayaraq regionların sosial-iqtisadi inkişafının surətləndirilməsi prosesləri reallaşdırılmiş və bu məqsədlə hazırlanaraq həyata keçirilən dövlət proqramları və onların maliyyə mənbələri formalaşdırılmışdır [6]. Amma, bununla belə qeyd etmək istərdik ki, həmin məqsədli regional sosial-iqtisadi inkişad dövlət proqramlarınının başlıca maliyyə mənbələri dövlət büdcəsindən ayrılan vəsaitlərdən ibarət olmuşdur, bunlar isə öz növbəsində əsas etibarı ilə neft pulları hesabına formalaşdırılmışdır. Lakin 2014-ci ildən başlayaraq dünya bazarlarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi səbəbindən ölkəmizin maliyyə sistemində, valyuta ehtiyatlarının artımı məsələsində, həm də milli valyutanın məzənnəsinin sabit saxlanılmasında ciddi çətinliklər yaranmış və bütün bunlar ozünü 2015-ci il başlayan kimi büruzə vermişdir. Milli valyuta-manat ikiqat devalvasiyaya məruz qalmışdır, maliyyə resurslarının formalaşmasında çətinliklər yaranmışdır, büdcənin gəlirlər hissəsi isə daha çox valyuta ehtiyatlarından istifadə ilə bağlı olmuşdur. Digər tərəfdən də, milli valyutanın kursunun sabitləşdirilməsi və dəyərdən daha çox düşməməsi üçün milyardlarla dollar xərclənməli olmuşdur. Şübhəsiz, bütün bunlar maliyyə sabitliyinə mənfi təsir göstərməyə bilməzdi, eyni zamanda dövlət nə qədər səy göstərsə belə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı layihələri ixtisara salmasa belə, müəyyən layihələrin icrasının ləngidilməsi, maliyyə intensivliyinin qorunub saxlanması o qədər də asan olmamışdır [7]. Regional maliyyə-kredit və investisiya fəallığının daha optimal variantlarının və modellərinin işlənib hazırlanması, müvafiq fondların regional səviyyədə yaradılması və gücləndirilməsi belə situasiyalarda gərginliyin azaldılmasına imkan verə bilərdi. Yəni regional dövlət strukturları və özəl qurumların daha sıx əməkdaşlıq etməsi, regionda olan təbii və iqtisadi resursların məhsuldar şəkildə və təsərufat maliyyə dövriyyəsinə cəlb olunması, etibarlı və dayanıqlı vergiqoyma mənbələrinin yaradılması, maliyyə hesabatlarının dürüstlüyunün və şəffaflığının təmin olunması, sahibkarlıq və biznes mühütündə işguzar və sağlam rəqabət prinsiplərinin qorunması regionun maliyyə müstəqilliyinin artırılmasına və dövlət büdcəsindən asıllılığının azaldılmasına imkan verər. Təəssüf ki hazirda ölkə regionlarında yerləşən rayonların 70 %-dən çoxu dotasiya ilə fəaliyyət göstərirlər, yəni birbaşa olaraq maliyyə baxımından mərkəzdən asılıdırlar və onların maliyyə-nöqteyi nəzərindən manevrlik qabiliyyəti aşağıdır, eyni zamanda investisiya cəlbediciliyindən söhbət gedə bilməz. İnvestorlar o vaxt regionlara daha çox investisiya yönəldərlər ki, həmin regionda maliyyə-investisiya fəallığı yüksək olsun, müəsisələr zərərlə işləməsin, sahibkarlıq subyektlərinin inkişafı təmin edilsin və nəticədə qoyulan investisiyaların geriödəmə potensialı formalaşsın. Bundan əlavə, regional maliyyə-kredit resurslarının yer­li səviyyədə formalaşması, təmərküzləşməsi və bölüşdürülmsəi funksiyalarını həyata kecirmək səlahiyətlərinə malik olan müvafiq qurumların və strukturların formalaşdırılması və unkişaf etdirilməsi təmin edilməlidir. Maliyyə bazarlarının müxtəlif seqmentlərinin regional səviyyədə dəyərləndirilməsi, maliyyə-kredit resurslarına əlçatanlığın təmin olunması xeyli vacib məsələlər kimi xarakterizə olunurlar [8]. İndi internet əsridir, yüksək texnologiyalar dövrüdür və ən ucqar kənddə, qəsəbədə belə müasir texnologiyalardan istifadə etməklə, özünün biznesini və sahibkarlıq fəaliyyətini qurmaq istəyənlər vardır. Amma bunun üçün müvafiq infrastruktur, maliyyə-kredit və investisiya rejiminin adekvat olaraq təşkili vacib xarakterizə edilir. Regionda yaşayan və fəaliyyət göstərən hər bir fərdi sahibkar, iş adamı və biznesmen yerindəcə operativ olaraq maliyyə-kredit xidmətlərində istifadə imkanlarına malik olmalı və hər xırda iş üçün Bakıya getməli deyildir. Hazırda real olaraq vəziyyət belədir və regionlarda olan bank filiallarının fəaliyyəti yarımçıq xarakter daşıyır. Böyük ölcüdə bütün qərarlar həmin bankların mərkəzi ofislərində baxılır, verilir və çox zaman bu qərarların əksəriyyətini uzun müddət gözləmək lazim gəlir. Digər tərəfdən, region səviyyəsində fəaliyyət göstərən sahibkarlıq və biznes subyektlərinin əhəmiyyətli hissəsi analoji burokratiyaya qarşı hazır deyillər və buna görə də kredit resursları üçün müraciət etməkdən cəkinirlər.
Qeyd edək ki, hazırkı şəraitdə regionların inkişafından danışarkən və bununla bağlı strateji yanaşmaları müəyyənləşdirərkən, artıq bütün məsələlərin işğaldan azad olunmuş ərazilərlə – Qarabağa regionu ilə bağlı şəkildə baxılması, qiymətləndirilməsi və dəyərləndirilməsi vacib şərtlərdəndir. Əslində müasir zəmanəmizdə Qarabağ regionunun dirçəldilməsi və bərpa edilməsi ilə bağlı tətbiq olunan dövlət siyasəti mexanizmləri və yanaşmaları, sosial-iqtisadi inkişaf proseslərinin təşkili ilə əlaqəli sistemli və kompleks fəaliyyət istiqamətləri regional inkişafın yeni və daha səmərli-ağıllı texnologiyalar əsasına inkişaf modelinin formalaşdırılması deməkdir [9]. Qürurverici haldır ki, bu proseslər ölkəmizin çox güclü potensiala, o cümlədən təbii resurslara malik olan Qarabağ regionunda baş verir. Belə ki, Böyük Qarabağ zəfərindən sonra Qarabağ regionunda, eyni zamanda ona bitişik 7 rayonda bərpa işlərinin təşkili, işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi və bunlarla bağlı olaraq daha çox investsisiyaların bu regiona cəlbedilməsi kimi problemlər həll olunmalı və bu istiqamətlərdə tələb olunan tədbirlər həyata keçirilməlidir. Bunlarla bağlı bir çox hədəflər öz əksini “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də tapmışdır [10]. Qarabağ regionu keçmiş SSRİ dövründə Azərbaycan Respublikasının iqtisadiyyatının formalaşdırılmasında, şaxələndirilməsində önəmli mövqeyə malik olmuşdur. Məsələn, kənd təsərrüfatının, bütövlükdə aqrar-sənaye kompleksinin inkişafında, turizm-rekreasiya potensialından istifadədə böyük pay sahibi olmaqla bərabər, heyvandarlığın inkişaf etdirilməsində və heyvandarlıq məhsullarının istehsalında xeyli fərqlənmişdir. Buna görə də işğaldan azad olunmuş ərazilərin dirçəliş və bərpa işlərinin maksimum nizamlı və mütəşəkkil formada həyata keçirilməsi strateji əhəmiyyət kəsb edir. Bu qeyd olunan məsələlər ölkəmizdə iqtisadi ədəbiyyatda hələ müharibədən əvvəlki dövrlərdə də aktual olmuşdur və postkonflikt ərazilərin bərpasına dövrün tələbləri prizmasından, eyni zamnda obyektiv reallıqlar bazasında yanaşılması məsələləri üzrə konseptual yanaşmalar işlənib hazırlanmışdır [11]. Erməni faşıstlərinin işğal dövründəki vəhşilikləri və vandallıqları sərhəd tanımamışdır, insanlığa qarşı qatı cinayətləri ilə bərabər, həm də Qarabağda, bununla yanaşı işğal etdikləri digər bitişik 7 rayo­nunun ərazisində talanlar törətmiş, təbii və iqtisadi resurslara qənim kəsilmişlər. Məhz erməni vəhşilikləri və hərbi təcavüzü nəticəsində işğal olunmuş ərazilərdə 900 yaşayış məntəqəsi, 150 min evlər, 7 min ictimai binalar, 693 məktəb, 695 tibb müəssisəsi, 855 uşaq baxçası, 6 min sənaye və kənd təsərrüfatı müəssisələri dağıdılmışdır. Eyni zamanda, 2670 km avtomobil yolları, 160 körpü, 2,3 min km su xəttləri, 2 min km qaz kommunkiasiyaları, 15 min km elektrik xəttləri dağıdılmış və sıradan çıxarılmış, torpaq sahələri deqradasiyaya uğradılmış, su mənbələri zəhərlənmiş və meşələr məhv edilmişdir [12]. Amma, artıq qüdrətli dövlətimiz Qarabağın dirçəldilməsi və bərpa proseslərinin təşkii istiqamətində intensiv fəaliyyətə başlamış, regionun infrastrukturunun yaradılması və böyük köç üçün hazırlıq tədbirlərinin daha sürətlə icra edilməsi tədbirləri ardıcıl şəkildə reallaşdırılmaqdadır. Şübhəsiz, bu proseslərin daha səmərəli və məhsuldar olması maliyyə təminatı mexanizmlərinin işləkliyindən, tətbiq olunan maliyyə alətlərinin adekvatlığından bilavasitə asılıdır. Düzdür, dövlətimiz xaricdən investisiyaların daxil olmasını və yaxid hansısa beynəlxalq qurumun, dünya dövlətlərinin köməyini gözləmədən öz maliyyə resursları hesabına dirçəliş və bərpa tədbirlərinə başlamışdır və hesab edirik ki, vaxt itkisinə yol verilməməsi baxımından bu cür yanaşma tamamilə düzgün və vaxtında atılmış addımdır. 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün 2,2 mlrd. manat vəsait nəzərdə tutulmuşdur. Həmin vəsaitlər əsas etibarı ilə işğaldan azad olunmuş ərazilərdə infrastrukturun formalaşdırılmasına, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal, digər zəruri infrastrukturların, mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış evlərinin tikintisinə yönəldilməkdədir [13]. Hesab edirik ki, təkcə dövlət vəsaitləri və dövlət investisiya qoyuluşları hesabına tamamilə yenidən qurulacaq və dirçəldiləcək Qarabağ regionun və ona bitişik 7 rayonun sosial-iqtisadi reabilitasiyasının təmin olunmasında, tarazlı yaşayış səviyyəsinin formalaşdırılmasında müəyyən ləngimələr yarana bilər və buna yol verməmə üçün alternativ maliyyə mənbələrinin, mexanizmlərinin işlənib hazırlanması, daha çox xarici investisiyaların cəlbedilməsi tədbirləri görülməlidir. Maliyyə təminatı mexanizmləri regional inkişaf hədəflərinə adekvat olmalı və nəzərdə tutulan layihələrin həyata keçirilməsinə ciddi zəmanət və təkanverici amil səviyyəsində qiymətləndirilməlidir.

NƏTİCƏ
Yaxın perspektivdə regionlarin inkişafinin intensivləşdirilməsində maliyyə təminatı mexanizmlərinin aktual problemlərinin daha çevik və operativ, eyni zamanda səmərəli həll olunması üçün bir qrup prinsipial yanaşmalar və məsələlər xüsusilə diqqət mərkəzində saxlanılmalıdır:
- Regional səviyyədə maliyyə-kredit və investisiya təminatı mexanizmlərinə konseptual yanaşmanın əsas şərt kimi ortaya qoyulması və dövlət siyasətində öz əksini tapması;
- Regionlarda müstəqil maliyyə-kredit təşkilatlarının, holdinq və birliklərinin yaradılması və inkişafının stimullaşdırılması mexanizmlərinin işlənib hazırlanması və tətbiqi;
- Regionlarda tam səlahiyyətlərə malik investisiya fondlarının və qruplarının təşkili və motivasiyalaşdırılması sahəsində tədbirlərin görülməsi;
- Regionlarda maliyyə-kredit və investisiya fəallığının müasir dövrün tələbləri səviyyəsinə çatdırılmasına imkan verən müvafiq infrastrukturun və institusional mühitin formalaşdırılması;
- Regionlarda fəaliyyət göstərən sahibkarlıq və biznes subyektlərinin dürüst və şəffaf maliyyə fəaliyyəti prinsiplərini mənimsənilməsi istiqamətində sistemli tədbirlərin görülməsi və maarifləndirmə işlərinin aparılması;
- Regionlarda maliyyə-kredit və investisiya məsələləri, həmçinin vergi mexanizmləri üzrə müvafiq məsləhət mərkəzlərinin açılması tədbirlərinin görülməsi;
- Maliyyə-kredit və vergi sahəsində müvafiq dövlət orqanlarının yerli strukturları ilə sahibkarlıq subyektləri arasında əməkdaşlığın daha sıx formada təşkil olunması;
- Regional səviyyədə sahibkarlığın və bizne­sin inkişafına mane olan baryerlərin müəyyənləşdirilməsi və aradan qaldırılması tədbirlərinin həyata keçirilməsi;
- Regionlarda investisiya-innovasiya yönümlü iri layihələrin daha səmərəli təşkili məqsədilə ünvanlı qrantların və tenderlərin təşkili, şəffaf olaraq reallaşdırılması;
- Regionlarda yaşayan əhalinin maliyyə-kredit xidmətləri ilə əlçatanlıq məsələsinin ən yüksək səviyyədə həll olunması, əhalinin iqtisadi fəallığının artırılmasının prioritetliyinin təmin edilməsi və s.

Açar sözlər: regionlar, regional inkişaf, maliyyə təminatı, regionların maliyyə mexanizmləri, regionların maliyyə təminatının aktual problemləri, Qarabağ regionun maliyyə təminatı mexanizmləri.

ƏDƏBİYYAT SİYAHISI
1. Nuriyev, Ə.X. Davamlı və tarazlı regional inkişaf / Bakı: Avropa. – 2017. – 240 s.
2. Аврамчикова Т.Н. Современная региональная политика: опыт зарубежных стран / М.В.Решетнева // Вестник Сибирского государственного аэрокосмического университета имени академика. – 2008, № 4(21). – С. 185-191.
3. Петров, А.В. Зарубежный опыт применения инструментов государственного регулирования по преодолению диспропорций в развитии социально-экономических систем // Вестник Томского государственного университета. Экономика. 2016. №3 (35), С. 7-18.
4. Aliyev Sh.T. Economics of Azerbaijan: upgrading and implementation of effective instruments // Life Science Journal - Acta Zhengzhou University Overseas Edition (Scopus), 2014, Vol.11, №.5, p. 321-326.
5. Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı. / – Azərbaycan Respublikasının Prezidentinin 29 yanvar 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
6. Guliyeva, A.E. Problems of financial and investment support modelling of the regional social and economic development// WSEAS Transactions on Business and Economics, Volume 17, 2020, Grecce, Art. №72, p. 741-752.
7. Ataşov B.X. Maliyyə bazarları. Bakı, “Kooperasiya nəşriyyatı”, 2016.– 456 s.
8. Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixi Fərmanı ilə təsdiq edilmişdir. Bakı, 2016.-59 s.
9. Ağıllı şəhər (Smart City) və Ağıllı kənd (Smart Village) konsepsiyasının hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. / – Bakı şəhəri, 19 aprel 2021-ci il.
10. Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər. / – Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
11. Müzəffərli N., İsmayılov E. Azərbaycanın post-konflikt ərazilərinin bərpası: konseptual əsaslar. Bakı, Qafqaz nəşriyyat evi, 2010. - 270 s.
12. Ermənistan Respublikasının hərbi təcavüzünün nəticələri. https://mod.gov.az/az/ermenistanin-herbi-tecavuzunun-neticeleri-statistika-412/.
13. Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı şəhəri, 29 dekabr 2020-ci il. https://president.az/articles/49859.

РЕЗЮМЕ
АКТУАЛЬНЫЕ ПРОБЛЕМЫ МЕХАНИЗМОВ ФИНАНСОВОЙ ОБЕСПЕЧЕННОСТИ В ПРОЦЕССАХ ИНТЕНСИФИКАЦИИ РАЗВИТИЯ РЕГИОНОВ В СОВРЕМЕННОМ ПЕРИОДЕ

В статье исследованы актуальные проблемы механизмов финансовой обеспеченности в процессах интенсификации развития регионов в современном периоде. С этой целью раскрыта сущность регионального развития и актуальные проблемы обеспечения работоспособности и эффективности финансовых механизмов. Рассмотрена важность формирования альтернативных вариантов финансовой обеспеченности регонов для интенсификации решения социально-экономических проблем и повышения экономической активности в регионе. Обоснована необходимость формирования более привлекательной финансово-инвестиционной среды и соответствующей инфраструктуры для развития рынка финансовых услуг в регионах. Отдельно рассмотрены актуальные проблемы и перспективы усиления механизмов финансовой обеспеченности Карабахского региона в связи с освобождением оккупированных территорий от армянских захватчиков. Даны итоговые предложения по рассматриваемым проблемам.

Ключевые слова: регионы, региональное развитие, финансовая обеспеченность, финансовые механизмы регионов, актуальные проблемы финансовой обеспеченности регионов, механизмы финансовой обеспеченности Карабахского региона.

SUMMARY
CURRENT PROBLEMS OF MECHANISMS OF FINANCIAL SUSTAINABILITY IN PROCESSES OF INTENSIFICATION OF DEVELOPMENT OF REGIONS IN THE MODERN PERIOD

The main problems of mechanisms of financial sustainability in processes of intensification of development of regions in the modern period are investigated in the article. The essence of regional development and the pressing problems of ensuring the efficiency and effectiveness of financial mechanisms are considered for this purpose. The importance of forming alternative options for financial sustanability of the regions for intensifying the solution of socio-economic problems and increasing economic activity in the region is analyzed. The need to create a more attractive financial and investment environment and appropriate infrastructure for the development of the financial services market in the regions is justified. Topical problems and prospects of strengthening the mechanisms of financial sustainability of the Karabakh region in connection with the liberation of the occupied territories from the Armenian invaders are separately considered. The final proposals on the issues under consideration are given.

Key words: regions, regional development, financial sustainability, financial mechanisms of regions, main problems of financial sustainability of regions, mechanisms of financial sustainability of the Karabakh region.