QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONLARININ YARADILMASININ STRATEJİ ASPEKTLƏRİ

Post image

ŞƏFA ƏLİYEV
İqtisad elmləri doktoru, Sumqayıt Dövlət Universitetinin
“Dünya iqtisadiyyatı və marketinq” kafedrasının professoru

E-mail: [email protected]

Azərbaycan xalqı hazırda tarixi ədalətin bərqərar olduğu və xalqımızın qürur mənbəyinin gücləndiyi, xalqla iqtidar, lider arasında qırılmaz tellərin bağlandığı, millətin və dövlətin bir yumruq kimi birləşdiyi şəraitdə, həm də rəşadətli və müzəffər ordumuzun torpaqlarımızı göz bəbəyi kimi qorumağa, ona göz dikən düşmənlərin dərhal başını əzməyə qadir olduğu şərəfli bir dövrdə yaşayır. Belə bir dövrdə Azərbaycanımızın qüdrətini və gücünü daha da artırmaq, milli sərvətlərindən səmərəli istifadə etmək, yeni reallıqlar şəraitində məhsuldar iqtisadi inkişaf və tərəqqi modeli formalaşdırmaq və inkişaf etdirmək vacib şərtlərdəndir.
2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Böyük Qarabağ Zəfərindən sonra ölkəmizin iqtisadi inkişaf modelinin yeni və obyektiv reallıqlara uyğun olaraq təkmilləşdiirlməsi, idarəetmə formalarının daha çevik və səmərəli olaraq tənzimlənməsi bir obyektiv zərurət kimi ortaya çıxmışdır. Torpaqlarımızın işğaldan azad olunmasına və faşist erməni işğalçı ordusunun darmadağın edilməsinə, Ermənistan rəhbərliyinin təslimçi sazişə imza atmasına baxmayaraq, revanşist qüvvələr və onların müxtəlif aparıcı dünya ölkələrində kök salan iki­üz­lü havadarları, ikili standardları dövlət siyasətinə yeridən və özlərini guya sülh, əmin-amanlıq “mələyi” kimi aparan siyasətçilər, beynəlxalq təşkilatlar hələ də torpaqlarımızın işğaldan azad olunması ilə barışmaq istəmirlər və təxribatlara əl atmaqda davam edirlər. Belə bir şəraitdə regionun idarəetmə strukturunun təkmilləşdiirlməsi və tarixi ədalətə, faktlara söykənmiş qərarların verilməsi, işğaldan azad olunmuş ərazilərin sürətlə dirçəldilməsi, infrastrukturun yaradılması və böyük qayıdışın tezləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi bu kimi qüvvələrə və revanşistlərə ən tutarlı cavabdır.
Dövlət başçısı bu cür mürəkkəb bir şəraitdə çox mühüm bir fərman imzalayaraq iqtisadi rayonların yeni bölgüsünü təsdiq etmiş və ölkə iqtisadiyyatının idarə edilməsinin strateji mexanizmlərinin yenilənməsinə start vermişdir. Belə ki, ölkə Prezidentinin 7 iyul 2021-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü təsdiq olunmuşdur [1]. Bu fərmanda qeyd edilir ki, işğaldan azad olunmuş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Hesab edirik ki, bu tədbirlərin daha səmərəli təşkilində yeni iqtisadi rayonlaşmanın strateji əhəmiyyəti olacaqdır. Məlumdur ki, Qarabağ bölgəsi yarandığı dövrdən özünəməxsus xüsusiyyətləri ilə, məşğuliyyət formaları, təbii ehtiyatları, zəngin tarixi-mədəni irsi ilə daha çox yadda qalmışdır. Qarabağa tarixən onun döyünən ürəyi Şuşa ilə yanaşı, Xankəndi şəhəri, Ağcabədi və Bərdə rayonları, Ağdam, Füzuli, Tərtər, Xocavənd və Xocalı rayonları aid olmuşlar. Eyni zamanda Qarabağ bölgəsinin güclü iqtisadi potensialı da vardır. Dağ silsiləsi ilə əhatə olunmuş Zəngəzur qəzası isə 1861-ci ildə yaradılmışdır və bu bölgədə hazırda Zəngəzur mahalının Azərbaycan ərazisində yerləşən, eyni zamanda, Qarabağa bitişik olan rayonlar-Kəlbəcər, Qubadlı, Cəbrayıl, Laçın və Zəngilan yer almışlar. Bu tari­xi faktlar və amillər kontekstindən yanaşmaqla, regionda iqtisadi rayonlaşma prinsiplərinin müasir reallıqlara uyğunlaşdırılması və tənzimlənməsi vacib idi. Buna görə də dövlət başçısının fərmanı bu məsələləri tənzimləməklə, iqtisadi rayonların yeni bölgüsünü yaratmaqla ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasına, işğaldan azad olunmuş ərazilərin milli iqtisadiyyatımıza reinteqrasiyasının sürətləndirilməsinə, planlaşdırma və proqnozlaşdırma tədbirlərinin daha yüksək səviyyədə təşkilinə imkan verəcəkdir. Bundan əlavə, xarici investisiyaların daha intensiv cəlb olunmasında, daxili investisiyaların məqsədli və səmərəli şəkildə yönəldilməsində, yeni maliyyə mənbələrinin yaradılmasında, əlavə dəyərin strukturunun diversifikasiyalaşdırılmasında yeni iqtisadi rayonların rolu və əhəmiyyəti artacaqdır. Artıq Nazirlər Kabinetinin 10 iyul 2021-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli Fərmanının icrasının təmin edilməsi istiqamətində zəruri tədbirlər görülməkdədir [2]. Belə ki, yeni iqtisadi rayonlaşma bölgüsü ilə bağlı müvafiq layihə və təkiliflərin hazırlanması, razılaşdırma və təqdim edilmə tədbirlərinin görülməsi, qəbul edilən qərarların qanunvericilik çərçivəsində tənzimlənməsi istiqamətində real addımlar atılmaqdadır.
Qeyd edək ki, yeni iqtisadi rayonların iqtisadi aspektlərindən əvvəl qısa da olsa tarixi reallıqlara toxunmaq istərdik. Zəngəzur türk mənşəli toponim­dir və onun adındakı “zəngi” leksik vahidi türk tayfalarına məxsusdur [3]. 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində Qafan, Gorus, Qarakilsə, Mehri, Zəngilan, Qubadlı və Laçının bir hissəsi yer almış və artıq burada XX əsrin əvvəllərində 313 türk kəndi var idi və yalnız gəlmələrdən ibarət iki erməni kəndi mövcud idi. Zəngəzur qəzasının ərazisi 7892 km2 təşkil etmişdir. Böyük Qarabağ Zəfəri nəticəsində bu ərazinin 4505,5 km2 işğaldan azad olunmuşdur və bu ərazilər Zəngilan, Qubadlı və Laçın rayonlarını əhatə etmişdir. Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, yüz ildən çoxdur ki, Zəngəzurun qərb hissəsində olan ərazilər - Qafan şəhəri, Gorus, Qarakilsə və Mehri rayonları hələ də işğal atındadırlar. Belə ki, Azərbaycan Demokratik Respublikasını süquta uğradan və Azərbaycanı işğal edən bolşeviklərin təzyiqi və 1920-ci il dekabrın ayının 1-də qəbul etdikləri qərarla Zəngəzuru Ermənistana verdilər [4].
Sovetlər birliyi dönəmində Zəngəzur adı ermənilər tərəfindən xəritədən silinməyə çalışıldı və onlar yeni rayonlar yaratmaqla Zəngəzuru unutdurmağa nail olduqlarına inanmaq istədilər. Amma tarixi ədalət öz yerini aldı, Azərbaycan xalqı dədə-baba torpaqlarını heç vaxt unutmamışdır və Zəngəzurun şərq hissəsini işğaldan azad etməklə, bütün dünyaya öz torpaqlarımıza və doğma yurdlarımıza sahib çıxmaq bacarığımızı nümayiş etdirdik. Buna görə də Şərqi Zəngəzur iqtisadi rayo­nunun yaradılması həm də tarixi ədalətin bərpası kimi qiymətləndirilməlidir. İqtisadi rayonların yeni bölgüsü Azərbaycanda iqtisadi inkişafın sistemliliyi baxımından ən doğru addımdır və bu da iqtisadi inkişafın daha qısa zamanda formalaşmasına stimul yaradacağı zərrə qədər şübhə doğurmur [5].
Böyük əminliklə demək olar ki, Zəngəzurun tam olaraq işğaldan azad edilməsi və soydaşlarımızın öz əzəli yurdlarına qayıtması çox da uzaqda deyil­dir və ən azından yaxın perspektivdə Zəngəzur dəhlizinin reallaşacağı bu ümidləri və inamı daha da artırır. Eyni zamanda, Zəngəzur dəhlizi Avrasiya məkanını bir-birinə birləşdirən çox mühüm dəhlizdir. Həm Qafqazın, həm də Mərkəzi Asiyanın qapısıdır [6]. Zəngəzur dəhlizinin geosiyasi və geostrateji baxımdan əhəmiyyəti barəsində 31 mart 2021-ci ildə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli bəyanatda, xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir... Qədim Azərbaycan torpağı olan Zəngəzur, indi türk dünyasının birləşməsi rolunu oynayacaq” [7].
Qeyd edək ki, yeni iqtisadi rayonlaşma prinsipi bütövlükdə ölkənin bütün ərazisi boyunca iqtisadi fəallığın artırılmasına və dövlət investisiyalarının səmərəliliyinin yüksəldilməsinə, ölkə regionlarında sahibkarlığın və biznesin inkişafına, sosial-iqtisadi inkişafın sürətləndirilməsinə, əhalinin gəlirlərinin diversifikasiyalaşdırılmasına və yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına əlavə imkanlar formalaşdıracaqdır. Xüsusilə, hazırkı qlobal təhdidlər və Covid-19 pandemiyasının təsirindən yaranan çətinliklər müqabilində iqtisadiy­yat sahələrinin fəaliyyətinin tez zamanda bərpa olunması, iqtisadi geriliyin aradan qaldırıması və səmərliliyin artırılması baxımından daha geniş perspektivlər diqqət çəkir. Digər tərəfdən, iqtisadi rayonlaşmanın yenilənməsi və yeni iqtisadi rayonların yaranması Vətən müharibəsində qazanılan Zəfərdən sonra formalaşmış obyektiv reallıqları özündə əks etdirir [8]. Belə ki, ölkənin işğaldan azad olunmuş ərazilərin iqtisadiyyat və təsərrüfat dövriyyəsinə cəlb edilməsi iqtisadi rayonlarının bölgüsünün yenilənməsini, məhsuldar qüvvələrin və resursların daha düzgün, səmərəli yerləşdirilməsini və bölüşdərməsini zəruri edir. Hər bir iqtisadi rayonunun özünəməxsus ixtisaslaşma istiqamətləri və özəllikləri vardır. Burada müxtəlif amillər, o cümlədən, cografi, təbii və təsərrüfat amilləri daha çox diqqət çəkirlər. Əhalinin məşğulluq xüsusiyyətləri, adət və ənənələri, milli tərkibi də vacib şərtlərdəndir [9]. İqtisadi rayonların planlı və nizamlı şəkildə idarə edilməsi, burada tələb olunan prioritet layihələrinin hazırlanması və reallaşdırılması, dövlət tərəfindən maliyyə-investisiya mexanizmlərinin işlənib hazırlanması və tətbiqi, digər maliyyə mənbələrini inkişafı üçün münbit şəraitin yaradılması, əhalinin məşğullugunun təmin olunması və iqtisadi fəallığının artırılması, sosial infrastrukturun yaradılması, istehsal və kommersiya infrastrukturunun təmin edilməsi, sahibkarlığın stimullaşdırılması və biznes mühitinin əlverişliliyinə nail olunması mühüm əhəmiyyət kəsb edir.
İqtisadi rayonların dayanıqlı və dinamik inkişafı üçün iqtisadi fəaliyyətin modelləşdirilməsi və sahibkarlığın inkişaf etdirilməsi dövlət siyasətinin tərkib hissəsi kimi çıxış edir. Məsələn, sahibkarlığın İnkişafı Fondunun vəsaitinin səmərəli yerləşdirilməsi məqsədilə iqtisadi rayonlar üzrə prioritet istiqamətlər müəyyənləşdirilmişdir və bu istiqamətlər üzrə maraqlı, həm də potensial investorların cəlb edilməsi tələb olunur [10]. Hesab edirik ki, yaxın perspektivdə yeni yaradılmış iqtisadi rayonlarda yüksək texnologiyalar əsaslı iqtisadiyyat sahələrinin inkişaf etdirilməsi, sahibkarlığın inkişafı üçün daha səmərəli fəaliyyət mexanizmlərinin işlənməsi təmin olunacağdır. Bunlara çevik və məhsuldar texnologiyalardan ibarət istehsal və emal sahələrinin yaradılması, kreativ və səmərəli xidmət müəssisələrinin fəaliyyətinin təşkilini aid etmək olar. Bütün bunlar yeni iqtisadi rayonlarda sosial-iqtisadi inkişafın daha dinamik və məhsuldar olacağından xəbər verir.
Digər tərəfdən, yeni yaradılmış iqtisadi rayon­lar siyasi və milli təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edirlər. Məlumdur ki, hazırda ölkəmizdə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” üzrə hədəflər reallaşdırılmaqdadır. Fikrimizcə, bu proseslərdə ölkəmizin qüdrətli dövlətə çevirilməsi imkanları daha da artacaqdır və milli təhlükəsizliyimizin, həmçinin iqtisadi təhlükəsizliyimizin xeyli gücləndirilməsinə nail olacağıq. Belə ki, Qarabağ iqtisadi rayonu yaradılmaqla, Qarabağın özü bütöv bir iqtisadi-siyasi anlayış olaraq gündəmə gəlir və revanşist fikirlərə qarşı preventiv tədbir kimi qiymətləndirilə bilər. Eyni zamanda, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması, Azərbaycanın öz əzəli torpaqlarını dirçəltmək və inkişaf etdirmək niyyətinin nə qədər güclü olduğunu ifadə edir. “Bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün münbit şərait yaranır. Ermənistan və ya digər revanşist-radikal qüvvələr sülh yolunu seçməyə məhkumdur. Bir sözlə, cənab İlham Əliyevin sərəncam və fərmanları strateji mahiyyətli, konseptual xarakter daşıyır. Bu sənədlərin əsas məqsədi Azərbaycanın gələcəyini təmin etmək, onu bir dövlət kimi daha da gücləndirməkdir” [11]. Eyni zamanda, görülən tədbirlər nəticəsində, ölkəmizin bölgələrdə olan resurs potensialından istifadənin səmərəliliyi dəfələrlə arta bilər.
Son illərdə ölkə iqtiosadiyyatı 3 dəfədən çox böyümüşdü və onun strukturu ildən-ilə genişlənməkdədir. Regionların inkişaf problemlərinin həlli istiqamətində 2004-ci ildən başlayan üç məqsədli dövlət proqramı icra olunmuşdur və hazırda 2019-2023-ci illəri əhatə edən dördüncü dövlət proqramı uğurla reallaşdırmaqdadır. Buna görə də iqtisadi rayonlar üzrə yeni bölğu faydalı iş əmsalını daha da artırmaq potensialı formalaşdıracağdır. “Yeni bölgü uzaqgörən strateji yanaşma, planauyğun reinteqrasiya faktıdır və sabahımızla bağlı daha nikbin proqnozlara əsas verir” [12]. Belə ki, Şərqi Zəngəzur iqtisadi rayonunun inkişafına yönəldiləcək resurslar bu regionda ölkəmizin qüdrətini və gücünü daha da artıracağdır. Qarabağ iqtisadi rayonunun yaradılması isə “özəl keyfiyyətlərə malik qədim Qarabağın bərpası və sürətli inkişafının təmin edilməsi üçün” ciddi önəm kəsb edir. Əksər iqtisadi rayonlarda kənd təsərrüfatı və aqar sektorun inkişafı prioritetlik təşkil etdiyindən, yeni iqtisadi rayonlaşma bölgüsü, ilk növbədə, bu sahələrin inkişafına güclü təkan verəcəkdir [13]. İqtisadi rayonların bölgüsünun yenilənməsi və çox mühüm strateji əhəmiyyət kəsb edən iki yeni iqtisadi rayonunun yaradılması ermənilərə və onların havadarlarına göndərilən acıq mesajdır və bu mesajın mahiyyəti ondan ibarətdir ki, artıq Dağlıq Qarabağ adlı ayrıca inzibati ərazi vahidi yoxdur. Daha bu barədə sərsəm danışıqlara ehtiyac qalmayıb. Göründiyi kimi, yeni iqtisadi rayonların yaradılması və davamlı şəkildə inkişaf etdirilməsi ilə Azərbaycan dövləti Qarabağı çox güclü dinamik inkişaf edən bir iqtisadi rayona çevirməklə bərabər, qədim Azərbaycan torpağı olan Zəngəzura tam olaraq soydaşlarımızın qayıtmasında və əzəli torpaqlarımızın inkişaf etdirilməsində kifayət qədər israrlıdır.
İndiki şəraitdə - Şərqi Zəngəzur iqtisadi rayonu­nun yeni bölgü əsasında müəyyənləşdirilən ərazisində müxtəlif iqtisadiyyat sahələrinin, o cümlədən, sənaye, turizm, kənd təsərrüfatı və aqrar sektorun, ilk növbədə, bitkiçilik və heyvandarlığın inkişaf etdirilməsi üçün böyük təbii və iqtisadi resurslar, həm də potensial vardır. Düzdür, erməni vandalları və barbarları, xarici havadarlarının dəstəyi və qeyri-qanuni investisiyaları, fəaliyyətləri hesabına Zəngəzurun təbii sərvətlərini talan etməyə nail olmuşlar, amma əminik ki, tezliklə onlar bu cinayətlərinin bədəlini ödəməyə məcbur olacaqlar. “Zəngəzur mahalında nəhəng biznes quran Ermənistanın ən böyük sənaye qurumu olan “Zəngəzur mis-molibden kombinatı” 2020-ci ildə 63 milyon vergi ödəyib və ermənistan üzrə üçünçü ən böyük vergi ödəyicisidir” [14]. Bu kombinatın fəaliyyəti həm də bölgədə ekoloji fəlakət ocağıdır, belə ki, istehsal tullantıları və zəhərli birləşmələr təmizlənmədən Oxçuçaya axıdılır və atılır. Son dövrlərdə ölkəmizin görkəmli ictimaiyyət nümayəndələri, mütəxəssislər bu ekoloji fəlakət barəsində beynəlxalq təşkilatlara ardıcıl olaraq müraciətlər və çağırışlar etməkdədirlər. Məqsəd ermənilərin çirkin və cinayətkar əməllərinin qarşısını alınmasından və regionda ekoloji tarazlığın bərpa edilməsindən ibarətdir.
Yeni iqtisadi rayonların yaranması ölkəmizin yaxın, orta və uzaq perspektivə hesablanmış hədəflərinin reallaşdırlmasında, güclü ölkə regionlarının yaradılmasında, xüsusilə, işğaldan azad olunmuş ərazilərdə dünya təcrübəsinə uyğun, amma ölkəmizin sosial-iqtisadi inkişaf elementlərini özündə əks etdirən və yüksək texnologiyalar əsasında inkişaf edən nümunəvi iqtisadi rayonların formalaşdırılması anlamına gəlməlidir. Haqlı olaraq, millət vəkili V.İ.Bayramov qeyd edir ki: “Biz iqtisadi rayonların sırasında yeni adları-Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarını müşahidə etdik. Bu, həm strateji, həm iqtisadi, həm də tarixi baxımdan kifayət qədər vacib qərardır. Əvvəlki təsnifatda Yuxarı Qarabağ, Kəlbəcər və Laçın iqtisadi rayonları vardı, yeni təsnifatda isə Qarabağ bölgəsində yerləşən rayonlar Qarabağ iqtisadi rayonunda təmsil olunacaq” [15]. Eyni zamanda, bu iqtisadi rayonların yaranması xain və hiyləgər, faşist xislətli düşmənin yuxusunu ərşə çəkməkdədir. “Təsadüfi deyildir ki, separatçı ermənilər, hətta Ermənistandakı bütün təsisatlar Prezident İlham Əliyevin verdiyi tarixi Fərmandan çox narahat olublar. Görünən odur ki, Fərman bütün müsbət, iqtisadi tərəfləri ilə yanaşı, düşmən toplumu təkrar demoralizə etməkdə, revanşist ruhunu əzməkdədir” [16].

YEKUN
Beləliklə, yaxın dövrdə biz qürurla müstəqil Azərbaycanımızın yeni yaradılan iqtisadi rayonlarının güclü inkişafının şahidi olacağıq və bu əminliyin arqumentlərini ümumiləşdirməyə çalışmışıq:
- Azərbaycan qalib ölkədir və 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan faşist Ermənistanı rəzil duruma saldı, onun rəhbərliyini təslimçilik sazişinə məcbur etdi;
- işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi və yüksək texnologiyalar əsasında, o cümlədən “ağıllı” texnologiyalar bazasında müasir kəndlərin salınması, şəhərlərin yenidən qurulması bu bölgəni təkcə ölkəmizdə yox, dünyada dinamik və sürətlə inkişaf edən bir diyara çevirəcəkdir;
- Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması isə dünya səviyyəsində Azərbaycanın strateji rolunu birə beş artırır, belə ki, iki yeni iqtisadi rayonun dirçəldilməsində strateji hədəflərin olması, Zəngəzur dəhlizi vasitəsilə türkdilli dövlətlərin inteqrasiyasının sürətləndirilməsi, Qərblə Şərq, Şimalla Cənub arasındakı yükdaşımaların intensivliyinin artırılması, beynəlxalq ticarət əməliyyatlarının genişləndirilməsi, nəqliyyat və logistika sektorunun əhəmiyyətli səviyyədə inkişaf etdirilməsi sayəsində ölkəmizin rəqabət qabiliyyətinin, həm də siyasi və iqtisadi qüdrətinin dəfələrlə artmasına real potensial formalaşacaqdır və s.

Açar sözlər: Azərbaycan, iqtisadi rayonlar, regional inkişaf, Qarabağ iqtisadi rayonu, Şərqi Zəngəzur iqtisadi rayonu, Zəngəzur dəhlizi.

ƏDƏBİYYAT SİYAHISI
1. Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 7 iyul 2021-ci il.
2. “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə “Bakı şəhəri, 10 iyul 2021-ci il. https://nk.gov.az/az/document/5457/print/.
3. Bayramov, İ.M. Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı: "Elm" nəşriyyatı, 696 s.
4. Musayev, İ. "Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917–1921-ci illər)". Monoqrafiya. Bakı, 1998, 284 s.
5. Qarayeva, S. "Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması tarixi ədalətin bərpasıdır". https://525.az/news/171825-serqi-zengezur-iqtisadi-rayonunun-yaradilmasi-tarixi-edaletin-berpasidir.
6. Əliyev, İ. Zəngəzur dəhlizi türk dünyasını birləşdirən əsas nöqtədir. 04.04.2021. https://xalqqazeti.com/az/news/73722.
7. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilib. 31.03.2021 https://president.az/articles/50975.
8. Eyyubova, G. İqtisadi rayonların sayının artması Vətən müharibəsində qazandığımız Zəfərdən sonra formalaşmış yeni reallıqlara tam uyğundur. 09 iyul 2021. https://ikisahil.az/post/233156-iqtisadi-rayonlarin-sayinin-artmasi-veten-muharibesinde-qazandigimiz-zeferden-sonra-formalashmish-yeni-realliqlara-tam-uygundur.
9. İqtisadi rayonlaşdırma. https://www.azerbaijans.com/content_464_az.html.
10. Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitinin səmərəli yerləşdirilməsi məqsədilə iqtisadi rayonlar üzrə prioritet istiqamətlər. http://edf.gov.az/az/content/105#.
11. Qurbanlı, T. Yeni iqtisadi rayonlar: siyasi və milli təhlükəsizlik prinsipləri. 12.07.2021. https://teleqraf.com/news/siyaset/294486.html.
12. Nəcəfxanlı, Ə. İqtisadi rayonlar üzrə yeni bölgü faydalı iş əmsalını daha da artıracaq. 11.07.2021. https://xalqqazeti.com/mobile/az/news/80407.
13. Sadıqlı, F. Yeni iqtisadi rayonlar ölkəmizin gələcək inkişafı üçün yeni imkanlar açır. 09.07.2021. https://azerbaijan-news.az/posts/detail/yeni-iqtisadi-rayonlar-olkemizin-gelecek-inkisafi-ucun-yeni-imkanlar-acir-1625780115.
14. Zəngəzurun təbii sərvətləri ermənilər tərəfindən talan edilir. 03 Noyabr 2020. https://aqreqator.az/az/iqtisadiyyat/1088111.
15. Yeni bölgü siyasəti: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları niyə yaradıldı? 09.07.2021. https://nuhcixan.az/news/iqtisadiyyat/49382-yeni-bolgu-siyaseti-qarabag-ve-serqi-zengezur-iqtisadi-rayonlari-niye-yaradildi.
16. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması düşmənin revanşist ruhunu əzib. 08.07.2021. https://azertag.az/xeber/Azerbaycanin_Qarabag_ve_Serqi_Zengezur_iqtisadi_rayonlarinin_yaradilmasi_dusmenin_revansist_ruhunu_ezib-1826439.

РЕЗЮМЕ

Стратегические аспекты создания экономических районов Карабаха и Восточного Зангезура
В статье исследованы стратегические аспекты создания экономических районов Карабаха и Восточного Зангезура. С этой целью раскрыта сущность и стратегическое значение Великой Карабахской победы. Рассмотрены новые объективные реалии после освобождения оккупированных территорий от армянских захватчиков. Обоснована важность ускорения эффективного использования имеющихся природных ресурсов и потенциала создания новых источников добавленной стоимости с целью роста экономики страны. Охарактеризован экономический потенциал и определены основные направления развития экономических районов Карабаха и Восточного Зангезура. Отмечена особая роль и функции Зангезурского коридора, который будет способствовать расширению интеграционных процессов в регионе и сближению с тюркоязычными государствами. Обобщены важнейшие направления деятельности и стратегические аспекты экономических районов Карабаха и Восточного Зангезура в ближайшей и долгосрочной перспективе.

Ключевые слова: Азербайджан, экономические районы, региональное развитие, Карабахский экономический район, Восточно-Зангезурский экономический район, Зангезурский коридор.

SUMMARY

Strategic aspects of the creation of the economic regions of Karabakh and East Zangezur
The strategic aspects of creating the economic regions of Karabakh and East Zangezur are explored in the article. The essence and strategic importance of the Great Karabakh Victory are investigated for this purpose. New objective realities after liberation of occupied territories from Armenian invaders are considered. The importance of accelerating the effective use of available natural resources and the potential to create new sources of value added for the growth of the country's economy is justified. The economic potential and the main directions of development of the economic regions of Karabakh and East Zangezur are determined. The special role and functions of the Zangezur corridor are noted, which will contribute to the expansion of integration processes in the region and rapprochement with Turkic-speaking countries. The main directions of activity and strategic aspects of the economic regions of Karabakh and East Zangezur in the short and long term are summarized in the end of the article.

Key words: Azerbaijan, economic regions, regional development, Karabakh economic region, East Zangezur economic region, Zangezur corridor.