İnnovativ fəalİyyətin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətləri

Post image

Ülviyyə Nİftəliyeva, ADİU-nun dissertantı

E-mail: [email protected]

Giriş
İnnovasiyaların fasiləsiz tətbiqi bütövükdə dövlətin istənilən sahəsinin başlıca inkişaf sahələrindən biri sayılır. Azərbaycan Respublikası iqtisadiyyatının gələcək perspektivləri innovasiya fəaliyyətinin inkişafı ilə bağlıdır ki, bu da bilavasitə əhalinin həyat səviyyəsinə, sosial-iqtisadi artım tempinə, rəqabətqabiliyyətliliyinə və s. təsir göstərir. Bu zaman inkişafı və istifadəsi ixrac-xammal tipli istehsaldan innovativ, bilik iqtisadiyyatına keçməyə imkan verən bilik və insan kapitalı həlledici əhəmiyyət kəsb edir. Odur ki, rəqabət üstünlüklərinin artırılması, innovasiya fəaliyyətinin inkişafı hesabına iqtisadiyyatın sahələrinin mövcud potensialını genişləndirmək zərurəti yaranır.
Maşınqayırma sahəsi innovasiyalı inkişaf üçün əhəmiyyətli potensiala malikdir. Məlum olduğu kimi, sözügedən sahənin müəssisələri avadanlıq, maşınlar, cihazlar, nəqliyyat vasitələri istehsal edərək, iqtisadiyyatın bütün qalan sahələrinin inkişafı üçün müəyyən bir əsas yaradır. Maşınqayırma müəssisələrinin innovasiyalı inkişaf yoluna keçidi Azərbaycan Respublikasına və onun regionlarına öz dayanıqlı inkişafını, eləcə də əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin etmək imkanı verir.
Azərbaycanda emal sənayesi məhsulunda maşınqayırma sənayesinin payı çox kiçikdir. Bu sahənin inkişafının daxili bazar hesabına təmin etmək imkanları məh-duddur. Çünki daxili bazarın həcmi maşınqayırma məhsullarının istehsalının mini-mal səmərəli ölçüsünü təmin etmir. 2017-ci ildə maşınqayırma sahəsinin ümumi məhsulunun cəmi həcmi 595,6 mln. manata bərabər olmuşdur. Eyni zamanda, bu məhsulların dəyərinin ölkədə yaradılan hissəsi kiçik olmuş və əsasən xarici ölkələrdən idxal edilən hissələr hesabına istehsal edilmişdir.
Maşınqayırma sahəsinin inkişaf səviyyəsindən ölkənin və onun regionlarının bir çox göstəriciləri, o cümlədən ümumi daxili məhsulu, əmək məhsuldarlığı, maşınqayırmadan asılı digər sahələrin inkişaf səviyyəsi, dövlətin müdafiə qabiliyyəti, əhalinin nəqliyyatla təminliyi, istehsalın ekoloji təhlükəsizlik səviyyəsi, əhalinin həyat səviyyəsi və s. asılıdır.
Bu, Azərbaycan Respublikası iqtisadiyyatının sahələrinin innovativ inkişaf yoluna keçidinin zəruriliyini müəyyən edir. Bununla əlaqədar olaraq, maşınqayırma müəssisələrinin innovasiyalı inkişafının mahiyyəti haqqında elmi mühitdə yaranmış təsəvvürləri nəzərdən keçirmək lazımdır. Tədqiqat çərçivəsində maşınqayırma müəssisələri kimi bütün mümkün maşınlar, əmək alətləri, cihazlar, istehlak predmetləri və Azərbaycan Respublikasının subyektləri çərçivəsində müdafiə təyinatlı məhsul istehsal edən sahə başa düşülür. Yüksək texnologiyalı maşınqayırma müəssisələri ən yeni və mütərəqqi müasir texnologiyalardan istifadə edirlər. Bu zaman müasir mərhələdə elmin inkişafına cavab verən elmi-tədqiqat fəaliyyəti və təcrübi-konstruktor işlərinin nəticələri istifadə olunur.

1. Maşınqayırma müəssisələrinin innovativ inkişafının idarə edilməsinin mahiyyəti
Yüksək texnologiyalı maşınqayırma müəssisəsi – məhsul istehsalında üstün olaraq texnologiyalar, proqramlar istifadə edən, minimal əl əməyinə malik müəssisədir.
İqtisadi lüğətlərdə idarəetmə subyektləri, orqanlar tərəfindən əhaliyə və iqtisadi obyektlərə onların təsirini yönəltmək və arzuolunan nəticələri almaq məqsədilə həyata keçirilən şüurlu məqsədyönlü təsir kimi şərh olunur [1]. Bundan irəli gələrək, demək olar ki, maşınqayırma müəssisələrinin innovasiyalı inkişafının idarə edilməsi onların innovativ fəallığını yüksəltmək məqsədilə insan kapitalının effektiv istifadəsi əsasında maşınqayırma müəssisələrinin innovativ proseslərinə təsiri üzrə şüurlu fəaliyyətini özündə ehtiva edir.
Müəssisələrdə innovasiyalar səmərəliliyin, məhsuldarlığın, keyfiyyətin və rəqabət mövqeyinin artırılması hesabına fəaliyyət nəticələri ilə bağlıdır. Müəssisələr öz bazar paylarını artırmaq və onların artımını təmin etmək üçün fəal şəkildə innovasiyalar axtarırlar [2, s.441]. Bununla yanaşı, innovasiyalar həmişə arzu olunan nəticələr vermir və mənfi nəticələrə səbəb ola bilər. İnnovasiyaların nəticələrini proqnozlaşdırmaq üçün bir çox müxtəlif üsullardan istifadə olunur: bir sıra iqtisadi nəzəriyyələr, riyazi düsturlar, idarəetmə strategiyaları və kompüterləşdirilmiş biznes modellər.
İnnovasiya fəaliyyəti yeni biliklərə, yeni məhsullara və xidmətlərə, texnologiyalara müraciət edir [3, s. 80]. İnnovasiya fəaliyyəti və idarə olunması məhsul strategiyasının, xərclərin, məhsuldarlığın artırılmasının və nəticədə biznesin artımının yaranması kimi iqtisadi kateqoriyalara təsir göstərir.
Bununla belə, biznesin böyüməsi o qədər də asan deyil: bir çox bazarlar yeni və ya tənzimlənən bazarlarda yeni rəqiblərin ortaya çıxması nəticəsində, yenilikləri daha yaxşı ola bilər. Beləliklə, menecer risk, tədbirlərin yerinə yetirilməsini və yenilikləri tətbiq etməlidir və qəbul etməlidir.
Rəqabət qabiliyətli qalmaq üçün, şirkətlər rəqiblərinə nisbətən daha yaxşı və daha ucuz məhsullar və xidmətlər təqdim etməməlidirlər [4, s.173]. Onlar həmçinin funksiyalar və ya əlaqəli xidmətlər əlavə etməli, məhsuldarlığı artırmalı və xərcləri daha tez azaltmalıdırlar. Onlar daha sürətli olmalı, yeni istehsal xəttləri açmalı, genişlənməli, tamamilə yeni bazarlar yaratmalı və müəssisənin vençur strategiyasını inkişaf etdirməlidirlər.
Maşınqayırma müəssisələrinin innovativ inkişafının idarə edilməsinin mahiyyətini açıqlamaq üçün tərəfimizdən aşağıdakı xüsusiyyətlər ayrılmışdır:
- innovasiyalı inkişaf prosesi üçün bu məqsədə müxtəlif yollarla çatmaq üsulları mümkündür;
- regional səviyyədə sahənin innovasiyalı inkişaf prosesinin həyata keçirilməsi üçün regional innovasiya sisteminin mövcudluğu lazımdır;
- maşınqayırma müəssisələrinin innovasiyalı inkişafının səmərəliliyi onların innovativ fəallığına daxili motivasiyasından asılıdır;
- innovativ inkişafa maşınqayırma sahəsində dövlətin innovasiya siyasətinin idarəedici təsiri təsir göstərir;
- müəssisənin innovativ inkişaf qabiliyyəti onların innovativ potensial səviyyəsi ilə xarakterizə olunur, innovasiyalı inkişaf isə öz növbəsində nə qədər yuxarıdırsa, mövcud innovativ potensialdan istifadə bir o qədər tam və səmərəli olacaqdır;
- innovasiyalı inkişafın səmərəli idarə edilməsi üçün innovativ imkanları qabaqcadan nəzərdən keçirmək və inkişaf resurslarını lazımi istiqamətdə vaxtında cəmləşdirmək lazımdır;
- innovativ inkişaf prosesində dövlət-özəl tərəfdaşlığına əsaslanan idarəetmə strukturlarının formalaşması baş verir.
İnnovativ inkişaf prosesi təkrarolunmazlığı ilə, nəticə və effektin alınması müddətlərinin müəyyən edilməsinin mümkünsüzlüyü ilə və xərclərin dəqiq qiymətləndirilməsi ilə xarakterizə olunur. Bu zaman eyni məqsədlər müxtəlif üsul və formalarla əldə olunur. Maşınqayırma müəssisələrinin innovativ inkişafının idarə edilməsi prosesində daha yaxşı müsbət effektli məqsədə nail olmağın daha səmərəli üsulunun müəyyən edilməsi vacib sayılır.
Azərbaycan Respublikasının maşınqayırma kompleksinin innovativ inkişafının əsas məqsədi onun tərkibinə daxil olan müəssisələrin səviyyəsinin yüksəldilməsi, eləcə də maşınqayırma məhsulunun modernləşdirilməsi, onun ixracının genişləndirilməsi sayılır. Buna nalil olmaq intellektual potensialdan effektiv istifadə, rəqabətqabiliyyətli məhsul və xidmətlərin yeni növlərinə biliklərin əmələ gəlməsi, yayılması və reallaşdırılması əsasında mümkündür. Bu, innovasiya sisteminin funksiyalarından biridir.
Bu sistemin başlıca məqsədi resurs-xammal sektorunun payıını və əmyəə və xidmətlər istehslının resurs tutumluğunu azltmaqla iqtisadiyyatın intensivləşdirilməsi əsasında həyatın və ətraf mühitin keyfiyyətinin artırılması istiqamətində ölkə iqtisadiyyatının inkişafının təmin edilməsindən ibarətdir.
2. Maşınqayırma müəssisələrində innovasiya siyasətinin məqsəd və vəzifələri
Maşınqayırma kompleksinin innovativ inkişafına idarəedici təsir dövlətin innovasiya siyasəti vasitəsilə həyata keçirilir. Dövlət bu siyasətin vasitəsilə innovasiya fəaliyyətinə dəstək verir, onun inkişafının əsas istiqamətlərini müəyyən edir, potensialın effektiv istifadəsinə yönəldilmiş tədbirlər işləyib hazırlayır, Azərbaycan iqtisadiyyatının daha da inkişafına kömək edir.
İqtisadiyyatın sahələrinə münasibətdə innovasiya siyasətinin məqsəd və vəzifələri onların xüsusiyyətləri ilə, inkişaf potensialı, səviyyəsi ilə müəyyən edilir. Maşınqayırma dünya bazarında rəqabətqabiliyyətliliyinə yaxın məhsul istehsal edən sahələrə aiddir. Beynəlxalq səviyyədə maşınqayırma öz əhəmiyyətinə görə digər sahələri üstələdiyinə görə, bu sahənin dünyanın emal bazrında şəriksiz yer tutmağı gerçəkləşmişdir. Həmin sektorun tərkibində ən sürətli inkişafa malik elektronika və elektrik avadanlıqları istehsalını, eləcə də bu avadanlıqlar vasitəsilə istehsalı aparılan məhsulları əlavə dəyərin yaradılmasında əhəmiyyətinə görə ön sıraya aid edirlər. Eyni zamanda, nəqliyyat maşınqayırmasının, cihazqayırmanın və aerokosmik sənayenin də mühüm əhəmiyyətini də vurğulamaq lazımdır. Dünya iqtisadiyyatında maşınqayırmanın yüksək multiplikasiya effektinə malik olması başqa yaxın sahələrə də inkişaf baxımından müsbət təsir göstərir.
Maşınqayırma sənayenin sahələri içərisində yüksək ixtisasa malik əmək tutumluluğu ilə də təmsil olunur. Əmək resurslarını cəlb etmək nöqteyi-nəzərindən daha çox seçilən sahələrə cihazqayırmanı, elektrik avadanlıqları istehsalını, aerokosmik sənaye və nüvə sənayesi maşınqayırmasını aid edirlər. Ona görə də, maşınqayırma mərkəzlərini qurarkən seçilən məkanın yüksək ixtisasa malik əmək qüvvəsinə, sənaye mədəniyyətinə, elmi-tədqiqat mərkəzlərinə malik olub-olmadığı xüsusi diqqət verilməlidir. Dünya təcrübəsi göstərir ki, xammal bazasının yaxınlığı amili bir o qədər əhəmiyyətli deyil və bəzən ağır maşınqayırmaya aid bəzi altsahələrdə bu meyara üstünlük veilir. Bununla yanaşı, xammalın quruluşunda qara metallurgiya həcmində azalma, əlvan metallurgiyanın və neft-kimyanın istehsalı həcmində isə artma trendini müşahidə edirik.
Beləliklə, maşınqayırma müəssisələri sahəsində innovasiya siyasəti sahələrə potensialını yüksəltməyə və inkişaf etmiş ölkələrlə bərabər səviyyədə bazarın tam dəyərli iştirakçısı olmağa imkan verən dünya səviyyəli yerli və xarici elmi və texniki nailiyyətlərin sürətli sənaye mənimsənilməsinə yönəldilmişdir.
16 mart 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndə Azərbaycan iqtisadiyyatının mühüm bir hissəsini təşkil edən 8 prioritet sektor arasında xüsusi diqqət veiriləcək sektorlardan biri də ağır sənaye və maşınqayırma sektorudur.
Bu əsas sektorların hər biri üçün, o cümlədən maşınqayırma kompleksi üçün ayrıca hesabatın (həm diaqnostik hesabat, həm də yol xəritəsi) tərtib olunması nəzərdə tutulur. Hesab edirik ki, maşınqayırma sənayesində innovativ inkişafi təmin etmək məqsədilə 2025-ci ilə qədər olan dövrdə Azərbaycanın maşınqayırma sənayesi üzrə dövlət kompleks inkişaf proqramının işlənib hazırlanmasına ehtiyac vardır. Həmin proqramda innovativ işləmələrin, resursa və enerjiyə qənaət texnologiyalarının, müəssisənin texniki və texnoloji cəhətdən yenidən silahlandırılmasının tətbiqi ilə bağlı layihələrin reallaşdırılmasının stimullaşdırılması; ən mühüm innovasiya layihələrinin işlənib hazırlanması və reallaşdırılması daxil olmaqla, özəl-dövlət tərəfdaşlığı mexanizmlərinin inkişafı kimi məsələlər öz əksini tapmalıdır.
Maşınqayırmanın bir sıra sahələrində iqtisadi artımın müəyyənedici amili dövlət dəstəyi olmalıdır. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini və kompleks inkişafını təmin etmək məqsədilə yüksək texnologiyalı sahələrin, energetika və nəqliyyat infrastrukturun intensiv inkişafı milli maşınqayırma məhsulunun üstün istifadəsi hesabına həyata keçirilməlidir. Bu prinsipin reallaşdırılması milli iqtisadiyyatın sistemli və proporsional inkişafı və ölkənin texnoloji təhlükəsizliyinin təminatı üçün şərait yaradacaqdır.
Fikrimizcə, xüsusi iqtisadi zonaların yaradılması yalnız güzəştlərin verilməsi ilə deyil, ərazidə inkişaf etdiriləcək istehsalların müəyyən olunması, bunun üçün zəruri olan infrastrukturun (yol, elektrik ener­jisi, qaz, su təminatı və s.) yaradılması, kadrların hazırlanması və s. məsələləri əhatə etməlidir. Ölkədə ayrı-ayrı regionların inkişafında klaster yanaşmasının təmin olunması üçün xüsusi sənaye zonalarının yaradılmasının böyük əhəmiyyəti vardır. Belə zonaların yaradılması innovasiyanın diffuziyasına, istehsalın həcminin artması (nisbətən kiçik istehsalların bir ərazidə yerləşməsi hesabına) nəticəsində miqyasdan qənaətə, təchizat və satış müəssisə-lərinin yaranmasına səbəb olar. Bu da, xüsusi sənaye zonalarında istehsal edilən məhsulların keyfiyyətinin artmasına, qiymətinin isə aşağı düşməsinə səbəb olar.

3. Səmərəli innovasiya siyasətinin işlənib hazırlanması və reallaşdırılması yolları
Bununla yanaşı, həm də səmərəli innovasiya siyasətinin işlənib hazırlanması və reallaşdırılması və onun vaxtında təshihi məqsədilə innovativ potensial səviyyəsinin daimi monitorinqinin aparılması zəruriliyini qeyd etmək vacibdir.
İnnovativ potensialın mahiyyətinə geniş mənada innovativ proseslərin həyata keçirilməsi üçün şərtlərin, amil və resursların məcmusu kimi baxılır.
Maşınqayırma sahəsinin innovativ potensialına iki mövqedən baxmaq lazımdır. Bir tərəfdən, bu sahənin məcmu potensialının bir hissəsidir, digər tərəfdən, maşınqayırmanın innovativ potensialı özündə iqtisadiyyatın innovativ potensialının bir hissəsini ehtiva edir[5, s.27].
Hər hansı prosesin idarə edilməsi yalnız o vaxt mümkündür ki, onun əsas inkişaf istiqamətləri məlum olsun, xüsusiyyətləri və qanunauyğunluqları dərk edilsin. Odur ki, maşınqayırma müəssisələrinin innovativ inkişafının effektiv idarə edilməsi üçün innovativ imkanlara qabaqcadan baxmaq, resursları vaxtında lazımi istiqamətdə cəmləşdirmək, innovativ prosesləri kompleks və sürətlə idarə etmək, bu zaman meydana çıxan riskləri minimumlaşdırmaq lazımdır.
Hazırda innovativ inkişafın idarə edilməsi zamanı meydana çıxan problemlərdən biri ondan ibarətdir ki, dövlət büdcəsi heç də həmişə maşınqayırma sənayesi və bütövlükdə ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən xüsusilə də iri, uzunmüddətli bir çox innovativ layihələri müstəqil maliyyələşdirmək iqtidarında olmur. Bununla əlaqədar olaraq, dövlət-özəl tərəfdaşlığı prinsipləri əsasında xüsusi investorların maliyyə resurslarının cəlb edilməsi zəruriliyi meydana çıxır. İctimai cəhətdən vacib əhəmiyyət əhəmiyyət kəsb edən innovativ layihələrinin reallaşdırılması prosesində, o cümlədən maşınqayırmada dövlətin, cəmiyyətin, elmin və biznesin qarşılıqlı təsiri nəticəsində bütün iştirakçılar müəyyən nəticələr əldə etmək imkanına malik olurlar. Perspektivdə dövlət-özəl tərəfdaşlığı ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin yüksəlməsinə və əhalinin həyat keyfiyyətinin yaxşılaşmasına gətirib çıxaracaqdır.
Maşınqayırmanın innovativ inkişaf mexanizmlərinin öyrənilməsi zəruriliyini vurğulayan amilləri ayıraq:
1. Maşınqayırma emal istehsalı sahəsi olub, digər sahələri maşınlarla, cihazlarla, avadanlıqlarla, nəqliyyat vasitələri ilə, istehlak predmetləri ilə təmin etməklə, onların inkişaf səviyyəsini müəyyən edir.
2. Maşınqayırma sahəsi emal istehsallarının strukturunda nisbətən az xüsusi çəkiyə malikdir. Hazırda bu göstərici 2015-ci ilin məlumatına görə, 5,9 faizə bərabərdir.
Sənaye müəssisələrinin innovativ inkişafının idarə edilməsinin nəzəri əsaslarının öyrənilməsi bu prosesin əsas prinsiplərini ayırmağa imkan vermişdir[6]:
- Elmilik prinsipi. İnnovativ inkişafın idarə edilməsi prosesində metodların tətbiqi bu sahədə elmin müasir nəzəri və praktiki nailiyyətlərinə və idarəetmə təcrübəsinə əsaslanmalıdır.
- Çeviklik və uyğunluq prinsipi. İdarəetmənin metodlarını, texnologiya və üsullarını sahənin fəaliyyətinin daxili və xarici mühitinin dəyişən şəraitinə uyğun olaraq daim təkmilləşdirmək lazımdır.
- Effektivlik prinsipi. Maşınqayırma sahəsi səviyyəsində innovasiyaların tətbiqi iqtisadi, sosial, ekoloji, elmi-texniki və s. effektlərin alınmasına yönəldilməlidir.
- Rəqabətqabiliyyətliliyi prinsipi. Maşınqayırma müəssisələrinin innovativ inkişafının idarə edilməsinin əsas məqsədi onların rəqabətqabiliyyətliliyi səviyyəsini, o cümlədən dünya bazarında, yüksəltməlidir.
- Qabaqcadan müəyyənetmə prinsipi. İnkişafın proqnozlaşdırılması zamanı iqtisadi proseslərin inkişaf dövrliliyini nəzərə almaq lazımdır ki, bu da idarəedici təsiri gücləndirir.
- Göstəricilərin dəqiqliyi və etibarlılığı prinsipi. Maşınqayırma müəssisələrinin innovativ inkişafının idarə edilməsi prosesində sahənin müasir vəziyyətinin etibarlı göstəricilərini və innovasiyaların idarəetmə nəzəriyyəsini istifadə etmək zəruridir.
- İnnovativ potensialın idarə edilməsi prinsipi. İnkişafın istiqamət və nəticələri mövcud potensialdan asılıdır. İnnovativ inkişafın idarə edilməsi innovativ fəallığın yüksəldilməsi üçün əsas sayılan innovativ potensialın artırılmasına istiqamət olmalıdır.
- Nəticəyə yönəlik prinsip. Maşınqayırma müəssisələrinin innovativ inkişafının idarə edilməsi gələcəkdə arzuolunan vəziyyətin əldə olunmasına, yəni onların innovativ fəallığının artırılmasına yönəldilməlidir.

Nəticə
Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, maşınqayırma məhsulu Azərbaycan iqtisadiyyatının modernləşdirilməsinin əsası sayılır. Sahədə innovativ fəaliyyətin inkişafı yeni səviyyədə müəssisələrə çıxmağa imkan verir. Maşınqayırma müəssisələrinin innovativ inkişaf prosesi üçün eyni bir məqsədə nail olmağın müxtəlif üsulları səciyyəvidir. Müəssisənin innovativ inkişaf qabiliyyəti onların innovativ potensialının səviyyəsi ilə xarakterizə olunur. İnnovativ inkişaf səviyyəsi isə öz növbəsində nə qədər yüksək olarsa, mövcud innovativ potensialdan daha tam və səmərəli istifadə ediləcəkdir.

Açar sözlər: maşınqayırma, müəssisə, innovativ inkişaf, idarəetmə, innovasiya siyasəti.

ƏDƏBİYYAT SİYAHISI:
1. Лозовский Л.Ш., Стародубцева, Е.Б. Современный экономический словарь. М.: ИНФРА-М, 2007. 632 с.
2. Нещерет А.К. Особенности повышения конкурентоспособности страны на основе использования кластерной стратегии развития. Международная научно-практическая конференция. – Минск, 22-23 апреля, 2010. – Ч. 1. – Мн.: Акад. упр. при Президенте Респ. Беларусь, 2010. – С. 439 – 443.
3. Нещерет А.К. Общие координаты инновационного развития в условиях Евразийской интеграции / А.К. Нещерет // Управленческое консультирование. 2011. № 2 – с. 77 – 86.
4. Никифорова С.В., Совершаева С.В. Проблемы развития современных инструментов маркетинговых коммуникаций в России // Коммерция и маркетинг в инновационном развитии России / СПбГУЭ, 2013 - с. 171-174.
5. Чернова О.А. Императивы инновационного развития региональных экономических систем // Региональная экономика. 2009. №5(98). С. 24-30.
6. Принципы социализации рыночной экономики / Под ред. Е.В. Михалкиной. Ростов-на-Дону: Содействие – ХХ1 век, 2007. 256 с.

Summary
The article outlines the features of the innovative development of machine-building enterprises, identifies the goals and objectives of innovation policy in enterprises, and the ways in which the development and implementation of an effective innovation policy are justified.

Key words: engineering, enterprise, innovative development, management, innovation policy.

Резюме
В статье были выявлены характерные черты управления инновационным развитием машиностроительных предприятий. Были рассмотрены цели и задачи инновационной политики, обоснованы пути разработки и реализации в построении эффективной инновационной политики в машиностроительных предприятиях.

Ключевые слова: машиностроение, предприятие, инновационное развитие, управление, инновационная политика.