SOSİAL XİDMƏTİN FORMALARI VƏ NÖVLƏRİ

Post image

CEYRAN RƏHMƏTULLAYEVA
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dissertantı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sosial-mədəni fəaliyyət kafedrasının müəllimi

Email: [email protected]

İnsanların yeni tələbatlarının yaranması obyektiv və fasiləsiz bir proses olduğundan həmin tələbatlara uyğun yeni sosial xidmətlərin də meydana çıxması və artıq mövcud olanların keyfiyyətinin daha da yüksəldilməsi labüd faktor kimi qiymətləndirilməlidir.
“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun ayrıca bir fəsli – IV fəsli sosial xidmətin formalarına və növlərinə həsr olunmuşdur. Adı çəkilən qanunun həmin fəsildə öz əksini tapan 18-ci maddəsi sosial xidmətin aşağıdakı formalarını təsbit edir:
1. evdə (səyyar) sosial xidmət;
2. yarımstasionar (günərzi) sosial xidmət;
3. stasionar sosial xidmət;
4. sosial-məsləhət yardımı.
Evdə (səyyar) sosial xidmət əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada göstərilir.
Evdə (səyyar) sosial xidmətə aşağıdakılar aiddir:
1. dərman vasitələrini, zəruri ərzaq və əsas tələbat mallarını almağa köməklik göstərilməsi;
2. istirahətin təşkil olunmasında, qida qəbul edilməsində və digər məişət xidmətlərinin göstərilməsində köməklik edilməsi;
3. tibbi və psixoloji yardım almaqda köməklik göstərilməsi, tibb və təhsil müəssisəsinə müşayiət olunması;
4. yaşayış şəraitinin sanitariya-gigiyena tələblərinə uyğunlaşdırılması;
5. hüquqi məsləhət alınmasına köməklik göstərilməsi;
6. əlillərə və 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidmətinin göstərilməsi.
“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2019-cu il yanvar ayının 1- nə olan rəsmi statistikaya əsasən, ölkəmizdə bu kateqoriyadan olan şəxslərin sayı 401 min nəfər (162,9 min kişilər, 238,1 min qadınlar)təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2014-cü il tarixli 108 saylı Qərarı ilə təsdiq edilmiş “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”na əsasən, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 11 208 nəfər tənha ahıl və əlil şəxsə evlərində sosial-məişət xidmət göstərilir. Həmin insanların 8 857 nəfər ahıl şəxslərdir. Sosial işçilər onlara ev təsərrüfatında təmizlik işlərinin aparılması, yemək hazırlanması, zəruri ərzaq, sənaye və məişət mallarının, müvafiq hallarda tibbi və psixoloji yardımın, hüquqi məsləhətlərin alınması və s. işlərdə köməklik göstərirlər [4, s. 10].
O.V.Boçarova qeyd edir ki, evdə sosial xidmət sosial xidmətin əsas formalarından biri olmaqla, ahıl yaşda olan vətəndaşların və əlillərin sosial statusunun qorunub saxlanılması, habelə hüquq və qanuni maraqlarının qorunması məqsədi ilə onların maksimum dərəcədə və mümkün olduğu qədər daha uzun müddətə adi sosial mühitdə saxlanılmasına yönəlmişdir [8, s. 38].
Ənənəvi stasionar formalardan uzaqlaşma və ahıl insanlara evdə sosial xidmətin inkişaf etdirilməsi bu sahədə prioritetlərin dəyişdiyini göstərir. Evdə xidmətin məqsədi istənilən insan üçün adi sosial mühitdə daha çox qalmaq imkanının təmin edilməsindən ibarətdir. Sosial xidmətin bu forması hazırkı şəraitdə ahıl və əlilliyi olan şəxslər üçün çox tələbolunandır. Evdə sosial xidmət ixtisaslaşmış xidmətləri özündə əks etdirir. Sirr deyildir ki, yaşlı insanları müşayiət edən xəstəliklər çox vaxt onların özlərinə qulluq qabiliyyətlərinin itirilməsinə səbəb olur və bu zaman sosial-məişət xidmətləri göstərən sosial işçilərin köməyinə həkiməqədər tibbi yardım və gigiyena xarakterli xidmətlər göstərən tibbi-sosial yardım mütəxəssisləri gəlirlər. Evdə sosial xidmət daimi və ya müvəqqəti qeyri-stasionar xidmətə ehtiyacı olan vətəndaşlara sosial xidmətlərin təqdim edilməsi yolu həyata keçirilir. Evdə sosial xidmət tənha vətəndaşlara və ahılıq, əlillik, xəstəliklə bağlı özünəxidmət qabiliyyətini itirmiş şəxslərə sosial-məişət, sosial-tibbi xidmətlər və digər yardımlar formasında təqdim edilir [16].
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 31 yanvar tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Evdə (səyyar) sosial xidmətin göstərilməsi” Qaydasının 3-cü bəndinə əsasən evdə (səyyar) sosial xidmət həmin xidmətin xarakterindən asılı olaraq, sosial işçi və sosial xidmətçi tərəfindən göstərilir.
Sosial işçi tərəfindən göstərilən xidmətlərə aşağıdakılar daxildir:
1. sosial xidmətə ehtiyacı olan şəxsə tibbi və psixoloji yardım və hüquqi məsləhət almaqda köməklik göstərmək;
2. qəyyumluq və himayəçilik sənədlərinin hazırlanmasına, tənha-ahıl vətəndaşların və əlillərin internat evinə, sağlamlıq imkanları məhdud uşaqlara müvafiq xüsusi təhsil müəssisələrinə göndərilməsi üçün lazımi sənədlərin toplanmasına köməklik göstərmək;
3. əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidməti göstərmək;
4. sağlamlıq imkanları məhdud uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarını, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarını inkişaf etdirmək;
5. sağlamlıq imkanları məhdud uşaqların sosial uyğunlaşmasına dəstək vermək;
6. sağlamlıq imkanları məhdud uşaqların inkişafı üçün valideynlərə müvafiq məsləhətlər vermək, o cümlədən zəruri yardımçı cihaz və vasitələrdən istifadəni öyrətmək;
7. ailənin sosial inkluziyasına köməklik göstərmək;
8. sağlamlıq imkanları məhdud uşaqların ehtiyaclarının ödənilməsi və problemlərinin həlli məqsədi ilə müvəkkillik fəaliyyətini həyata keçirmək.
Sosial xidmətçi tərəfindən göstərilən xidmətlərə aşağıdakılar daxildir:
- yemək hazırlanmasına kömək etmək (o cümlədən diyetik yeməklər);
- özünə qulluq edə bilməyən xəstələri yedizdirmək və qabları yumaq;
-şəxsin çimizdirilməsinə, saçlarının daranmasına yardım etmək;
- yataq dəstlərini dəyişdirmək, yataq və geyim əşyalarını yumaq və ütüləmək;
- yataq və geyim əşyalarını camaşırxanaya, kimyəvi təmizləmə məntəqəsinə (əgər camaşırxana və kimyəvi təmizləmə məntəqəsi varsa) aparıb-gətirmək;
- paltarların xırda təmirini etmək;
- mənzili yığışdırmaq və təmizləmək;
- zəruri ərzaq, sənaye və məişət mallarını almaq;
- mənzil pulunun və digər kommunal xərclərin ödənilməsini təşkil etmək;
- istiliyə, yanacağa, təmirə olan ehtiyacların ödənilməsi məqsədi ilə aidiyyəti təşkilatlarla əlaqə saxlamaq;
- həyətyanı sahəni nizama salmaq;
- evə həkim çağırmaq, həkimin təyinatı ilə aptekdən dərman almaq, həkim müayinəsinə aparıb-gətirmək;
- sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstərmək.
Sosial işçi xidmətə götürülmüş şəxsə fərdi plana uyğun olaraq xidmət göstərir. Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara xidmət göstərilməsi vaxtı reabilitasiya xidmətinin növündən asılı olaraq tərəflərin razılığı ilə müəyyən edilir.
Aşağıdakı hallarda evdə (səyyar) sosial xidmət göstərilməsi dayandırılır:
- qismən ödənişli və tam ödənişli sosial xidmətin göstərilməsi ilə əlaqədar sosial xidmət müqaviləsində nəzərdə tutulan hallarda;
- sosial xidmətə ehtiyacı olan şəxs əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamağa başladıqda;
- tənha ahıllar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar dövlət sosial xidmət müəssisələrinə yerləşdirildikdə;
- əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası başa çatdıqda;
- sosial xidmətə ehtiyacı olan şəxs vəfat etdikdə [1].
Yarımstasionar (günərzi) sosial xidmət özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və əlillərə, o cümlədən çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayanlara gündüz və ya gecə vaxtlarında sosial-məişət, tibbi, mədəni və başqa xidmətlər göstərilməsindən, asudə vaxtın səmərəli təşkil olunmasından, onların münasib əmək fəaliyyətinə cəlb olunmasından ibarətdir.
Stasionar sosial xidmət bu məqsədlə yaradılmış müəssisədə sosial xidmət göstərilən şəxslərin (ailələrin) fiziki durumuna və səhhətinə uyğun həyat şəraitinin yaradılmasından, tibbi və sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsindən, qulluğun təşkilindən ibarətdir.
Sosial xidmət müəssisəsində yaşayan ailənin üzvləri ayrıca yaşayış sahəsi ilə təmin olunurlar. Sosial xidmət müəssisəsinin rəhbərliyi müəssisədə yaşayan çətin həyat şəraitində olan şəxslərin (ailələrin) şəxsi və qiymətli əşyalarının mühafizəsini təmin edirlər.
Stasionar sosial xidmətə ehtiyacı olan psixi pozuntusu olan şəxslər qanunla müəyyən edilmiş qaydada xüsusi stasionar müəssisələrdə yerləşdirilirlər.
L.K.Karasevaya görə stasionar sosial xidmət özünəqulluq qabiliyyətini qismən və ya tamamilə itirən və sağlamlıq vəziyyətinə görə daimi qayğıya və baxıma ehtiyacı olan ahıllara və əlilliyi olan şəxslərə hərtərəfli sosial-məişət yardımının göstərilməsini nəzərdə tutur. Stasionar sosial xidmət buna ehtiyacı olan şəxslər üçün onların yaşına və sağlamlıq vəziyyətinə daha adekvat olan həyat fəaliyyəti şəraitinin yaradılması üzrə tədbirləri, tibbi, sosial və müalicə-əmək xarakterli reabilitasiya tədbirlərini, qayğı və tibbi yardım təminatını, istirahət və asudə vaxtın təşkilini nəzərdə tutur [13, s. 46].
Stasionar sosial xidmət sosial xidmətə ehtiyacı olan şəxslərin yaşına, sağlamlıq vəziyyətinə və sosial vəziyyətinə uyğun olaraq profilləndirilən sosial xidmət müəssisələrində həyata keçirilir.
Sosial-məsləhət yardımının məqsədi çətin həyat şəraitində olan şəxslərin (ailələrin) cəmiyyətə inteqrasiyasını təmin etməkdən ibarətdir.
Sosial-məsləhət yardımına aşağıdakılar aiddir:
1. qohumlarından və ya qanuni nümayəndələrindən ayrı yaşayan və sosial-məsləhət yardımına ehtiyacı olan şəxslərin (ailələrin) müəyyənləşdirilməsi;
2. çətin həyat şəraitində olan şəxslərin (ailələrin) problemlərinin həllinə dövlət orqanlarının, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının cəlb olunması məqsədilə zəruri tədbirlərin görülməsi;
3. sosial xidmət üzrə məsləhətlərin verilməsi.
T.F.Zarembo və A.N.Savinov kimi müəlliflər hesab edir ki, ehtiyacı olan vətəndaşlara sosial-məsləhət yardımı onların cəmiyyətə adaptasiyasına, sosial gərginliyin azaldılmasına, ailədə əlverişli mühitin yaradılmasına, habelə şəxsiyyət, ailə, cəmiyyət və dövlətin qarşılıqlı əlaqəsinin təmin edilməsinə yönəlmişdir. Sosial-məsləhət yardımı ahılların və əlilliyi olan şəxslərin psixoloji dəstəklənməsini və qarşılaşdıqları problemlərin həllində öz səylərinin aktivləşdirilməsini ifadə edir [11, s. 56].
“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən təyinatından asılı olaraq sosial xidmətlər aşağıdakı növlərə bölünür:
1. sosial-məişət xidmətləri – şəxslərin (ailələrin) məişət şəraitinin, yaşayış vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir;
2. tibbi-sosial xidmətlər - şəxslərin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir;
3. sosial-psixoloji xidmətlər - şəxslərin cəmiyyətə adaptasiyası məqsədilə psixoloji vəziyyətinin reabilitasiyasını nəzərdə tutur;
4. sosial-pedaqoji xidmətlər - yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına, onlarda müsbət maraqların yaranmasına, o cümlədən asudə vaxtlarının təşkilinə və ailədə tərbiyəsinə dəstəyə yönəlmişdir;
5. sosial-iqtisadi xidmətlər – şəxslərin həyat səviyyəsinin qorunmasına və möhkəmlənməsinə yönəlmişdir;
6. sosial-hüquqi xidmətlər - hüquqi yardım göstərilməsi, şəxslərin hüquqlarının qorunmasına yönəlmişdir;
7. palliativ xidmətlər – müalicəsi mümkün olmayan şəxslərin və onların ailə üzvlərinin fiziki, psixoloji, mənəvi və digər problemlərinin müəyyən edilməsi, qiymətləndirilməsi və bu şəxslərə yardımın göstərilməsinə yönəlmişdir.
Elmi ədəbiyyata nəzər saldıqda isə sosial xidmətlərin təsnifat meyarlarının əslində daha çox olduğunu və müəlliflərin bu sahədə fərqli fikirlərini, yanaşmalarını görə bilərik.
Xidmətlərin göstərilməsi müddətindən asılı olaraq sosial xidmətlər aşağıdakı növlərə bölünə bilər:
a) birdəfəlik sosial xidmətlər;
b) uzunmüddətli sosial xidmətlər.
Birdəfəlik sosial xidmətlər əvvəlcədən müəyyən edilmiş konkret bir dövr çərçivəsində göstərildiyi halda, uzunmüddətli sosial xidmətlər müəyyən dövr ərzində təkrarlanan hərəkətlər formasında təqdim edilir və eyni bir xidmətin və ya müxtəlif xidmətlər kompleksinin dövriliyini özündə əks etdirir.
Nəticəsinin təzahür formasından asılı olaraq sosial xidmətlərin aşağıdakı növlərini qeyd etmək olar:
a) sadə sosial xidmətlər;
b) mürəkkəb sosial xidmətlər.
Sadə sosial xidmətlər mütəxəssis tərəfindən həyata keçirilir və obyektiv formada qeyd edilə bilən nəticəyə səbəb olur. Mürəkkəb sosial xidmətlər isə bir və ya bir neçə mütəxəssis tərəfindən həyata keçirilir və dərhal görünən nəticəyə gətirib çıxarmır. Mürəkkəb sosial xidmətlərə psixoloji və reabilitasiya xidmətləri aid edilə bilər.
Təqdimetmə obyektinə görə:
a) fərdi sosial xidmətlər;
b) kollektiv (qrup) sosial xidmətlər.
Fərdi sosial xidmətlər fərdi ehtiyacları və tələbatları nəzərə alınmaqla konkret müştəriyə göstərilir. Kollektiv sosial xidmətlər eyni zamanda ümumi maraqlar əsasında birləşmiş müştərilər qrupuna təqdim edilir.
Ödənişli olub-olmamasından asılı olaraq sosial xidmətlər bölünə bilər:
- Ödənişli sosial xidmətlər;
- qismən ödənişli sosial xidmətlər;
- ödənişsiz sosial xidmətlər.
Prof. M.N.Əliyevin fikrincə, sosial xidmətin yalnız pulsuz və ya qismən ödənişli xidmət formalarını göstərmək olar. Əvəzli şəkildə pullu göstərilən xidmətlər isə sosial xidmətlər hesab edilə bilməz. Bununla əlaqədar göstərmək olar ki, haqqı tam ödənilməklə xidmətlərin göstərilməsi sosial təminat hüququnun predmetinə aid edilməməlidir. Belə münasibətlər, hətta xidmətin çətin həyat vəziyyətinə düşmüş şəxslərə göstərilməsi və sosial müdafiə orqanları tərəfindən həyata keçirilməsi hallarında belə mülki hüquq sahəsinin predmetini təşkil edir. Xidmətlərin pulsuz, yaxud onların tam bazar dəyəri ödənilmədən göstərilməsi sosial təminat hüququnun predmetinin bir hissəsini təşkil edir [2].
Sosial xidmətin digər xidmətlərdən fərqi ondan ibarətdir ki, həmin xidmət vətəndaşların müəyyən kateqoriyasına (ahıllara, əlillərə, uşaqlara və s.) onların spesifik tələbatlarının təmin edilməsi (məsələn, hərəkət vasitələrinin verilməsi, peşə reabilitasiyası və s.) üçün pulsuz, yaxud haqqı qismən ödənilməklə özlərinin gəlirləri hesabına deyil, cəmiyyətin vəsaiti hesabına göstərilir [6, s. 21].
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 328 nömrəli qərarı ilə “Dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi qaydası” təsdiq edilmişdir. Həmin qaydalara görə çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət sosial xidmət müəssisələrində və evlərdə sosial xidmət zəmanət verilmiş həcmdə ödənişsiz göstərilir. Ödənişli sosial xidmət göstərilərkən çətin həyat şəraitində olan şəxsin maraqları, sağlamlıq vəziyyəti, çətin həyat şəraitində olmasının səbəbi, şəxs üçün müəyyən olunmuş reabilitasiya proqramının məzmunu, sosial xidmətlərə tələbatının qısamüddətli və ya uzunmüddətli olması nəzərə alınır. Ödənişli şərtlərlə sosial xidmət çətin həyat şəraitində olan şəxs (ailə) ilə sosial xidmət göstərən subyektlər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilə xidmət göstəriləcək şəxsin yaxın qohumları, qanuni nümayəndələri, həmçinin xidmət haqqının ödənişini həyata keçirən əmək kollektivləri, dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla digər orqan və təşkilatlarla da bağlanıla bilər. Sosial xidmət göstərən subyekt müqavilə bağlananadək çətin həyat şəraitində olan şəxsə təklif edilən ödənişli sosial xidmətlə, sosial işçinin və ya sosial xidmətçinin iş rejimi, sosial xidmətin dövlət tərəfindən zəmanət verilmiş həcmi, qismən ödənişli və tam ödənişli sosial xidmətin növləri, xidmət haqqı tarifləri, xidmət haqqının ödənilməsi qaydası ilə bağlı geniş məlumat verməli, onun düzgün seçim etməsinə yardım göstərməlidir. Müqavilədə ödənişli şərtlərlə sosial xidmətə götürülən şəxslərə göstəriləcək xidmətlərin xarakteri və həcmi, xidmət göstəriləcəyi müddət, xidmətin ödənilməsi məbləği və qaydaları göstərilir. Ödənişli sosial xidmət göstərilməsi üçün zəruri olan avadanlıq və vasitələrin dəyəri, nəqliyyat xərcləri sosial xidmət haqqının məbləğinə daxil deyildir və bütövlükdə sosial xidmət göstərilən şəxs tərəfindən ödənilir.
Maliyyələşmə mənbəyinə görə:
- dövlət büdcəsindən maliyyələşdirilən;
- bələdiyyə büdcəsindən maliyyələşdirilən;
- digər maliyyə vəsaitləri (QHT-lər, ianələr, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan şəxslər və s.) hesabına maliyyələşdirilən.
Bu təsnifatı başqa cür də formulə etmək olar. Belə ki:
Təqdim edən subyektdən asılı olaraq:
a) dövlət sosial xidmətləri;
b) qeyri-dövlət sosial xidmətləri.
Dövlət sosial xidmətlərinə dövlət sosial təminat orqanları tərəfindən, qeyri-dövlət sosial xidmətləri isə ayrı-ayrı şəxslər (xeyriyyəçilər, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar və s.) bələdiyyələr və qeyri-hökumət təşkilatları tərəfindən təqdim edilən xidmətləri aid etmək olar.
Əksər ölkələrdə sosial xidmət sistemi üçün iki prinsip - dövlətin yalnız ictimai birliklərin müəyyən fəaliyyət göstərməsindən sonra sosial xidmət göstərilməsinə dəstək prinsipi, yəni bazar münasibətləri şəraitində funksional mərkəzsizləşmə haqqında danışmağa imkan verən dövlətin səlahiyyətlərinin bir hissəsinin könüllü fəaliyyət göstərən təşkilatlara, yerli hakimiyyətlərə verilməsi və bunun təckə insan hüquqlarının təmin olunmasına deyil, həm də insanlara normal həyat şəraitinin təmin olunmasına aid olduğu halda əsas rolun və məsuliyyətin dövlətə keçməsi prinsipi xarakterikdir [19, s. 220-222; 20, s. 1921].
N.T.Nağıyev göstərir ki, bələdiyyələrə yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi ilə bağlı səlahiyyətlər verilsə də, həmin səlahiyyətlər maliyyə çatışmazlığı səbəbindən həyata keçirilə bilmir. Bununla bağlı o, təklif edir ki, bələdiyyələrin sosial layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən maddi yardımların ayrılması məqsədəmüvafiq olardı [5, s. 160].
Ümumiyyətlə, sosial xidmət sistemi dövlət, bələdiyyə və qeyri-hökumət sosial xidmətini özündə əks etdirir. Dövlət sosial xidmətinə sosial xidmətləri təşkil etmək və həyata keçirmək səlahiyyətinə malik olan dövlət idarə, müəssisə və təşkilatları, icra hakimiyyəti orqanları, bələdiyyə sosial xidmətinə sosial xidmətləri təşkil etmək və həyata keçirmək səlahiyyətinə malik olan yerli idarə, müəssisə və təşkilatlar, qeyri-hökumət sosial xidmətlərinə isə xeyriyyə, ictimai, dini və digər qeyri-hökumət təşkilatları və fiziki şəxslər tərəfindən yaradılan sosial xidmət təsisatları aiddir.
Respublikamızda baş verən sosial-iqtisadi və demoqrafik proseslərlə əlaqədar əhaliyə sosial xidmət sahəsindəki vəzifələrin genişlənməsi məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Şübhəsiz, sosial xidmət sahəsində yerli orqanlar mühüm rol oynayır, çünki onlar məişət, tarixi ənənələri daha yaxşı nəzərə ala, bütün ehtiyacı olan şəxsləri, onların tərkibini, maddi vəziyyətini aşkara çıxara və bunun əsasında əhalinin müəyyən kateqoriyalarına ünvanlı sosial xidmət proqramını hazırlamağa əməli köməklik göstərə bilərlər.
A.V.Qorova haqlı olaraq göstərir ki, sosial xidmətlərin təqdim edilməsi formasında sosial müdafiəyə ehtiyacı olan şəxslərin kəmiyyətinin daimi artması elə şərait yaratmışdır ki, dövlət öz maliyyə imkanlarına görə çətin həyat şəraitində yaşayan bütün şəxsləri keyfiyyətli sosial xidmətlərlə təmin edə bilmir. Ona görə də hazırkı şəraitdə sosial xidmətlər təqdim edən qeyri-dövlət subyektləri daha geniş intişar tapmağa başlayır. Onlara ictimai, xeyriyyə, dini təşkilatları, habelə fəaliyyəti sosial xidmətlərin təqdim edilməsi ilə bağlı olan fiziki şəxsləri aid etmək olar [10, s. 446].
Bazar iqtisadiyyatı şəraitində özəl sosial xidmət müəssisələrinin yaradılması məqsədəuyğun olardı. İnkişaf etmiş ölkələrdə sosial-iqtisadi layihələrin həyata keçirilməsində QHT-lərə mühüm önəm verilir. Belə təcrübə Azərbaycanda da uğurla tətbiq olunur. Cəmiyyətin bugünki müasir inkişafı mərhələsində dövlətin sosial siyasətinin əsas prioritetlərindən biri kimi sosial sferada qeyri-hökumət təşkilatlarının rolunun daha da artırılmasına nail olmaq çıxış edir.
İstənilən halda, dövlət sosial xidmət sahəsində siyasəti həyata keçirərkən onun maliyyə təminatına xüsusi diqqət yetirməlidir. Dünya Bankının dünyanın inkişafı haqqında hesabatında dövlətin beş əsas vəzifəsi sırasında sosial xidmətlərin və infrastrukturun maliyyələşdirilməsi vəzifəsi göstərilmişdir [15, s. 102].
Tələbatların təmin edilməsinə verdiyi töhfəyə görə:
a) baza xarakterli sosial xidmətlər;
b) köməkçi sosial xidmətlər.
Baza xarakterli sosial xidmətlər əsas tələbatın ödənilməsinə yönəlir. Köməkçi sosial xidmətlər əsas xidmətin istehlakı üçün zəruri şəraitin yaradılması ilə bağlı olurlar. Məsələn, tibbi-sosial xidmət göstərilən zaman əlavə olaraq sanitar-gigiyenik xidmətə də ehtiyac yarana bilər. köməkçi sosial xidmətlər əsas sosial xidmətin təqdim edilməsi prosesinin ayrılmaz elementi kimi çıxış edir və onsuz səmərəli nəticəyə nail olmaq çox vaxt mümkün olmur.
Texnologiya ilə əlaqəsindən asılı olaraq:
a) ənənəvi xidmətlər;
b) innovasion xidmətlər.
Ənənəvi sosial xidmətlər uzun müddət ərzində formalaşır və dəyişmir. İnnovasion xidmətlər isə elmi texniki tərəqqinin nailiyyətlərinin sosial sahəyə tətbiqi ilə bağlı olub, sosial xidmətlərin fəaliyyətində yeni, daha səmərəli üsullardan istifadə olunmasına imkan verir. Lakin ənənəvi sosial xidmətlər də innovasion texnologiyalardan istifadə edilməklə təqdim edilə bilər.
Göstərildiyi yerdən asılı olaraq:
a) evdə göstərilən sosial xidmətlər;
b) sosial xidmət müəssisələrində göstərilən sosial xidmətlər.
Sosial xidmət sistemində mövcud olan xidmətlər yerinə yetirilən funksiyalardan asılı olaraq aşağıdakı kimi təsnifləşdirilə bilər:
a) diaqnostik;
b) proqnostik;
c) xəbərdaredici-profilaktik;
ç) hüquq müdafiə;
d) sosial-pedaqoji;
e) psixoloji;
ə) sosial-məişət;
f) kommunikativ;
g) reklam-təbliğat;
ğ) mənəvi-humanist;
h) təşkilati.
Prof. M.N.Əliyev sosial xidmətin növlərinin təminedici və bərpaedici növlərə bölünməsini təklif edir. Müəllifin fikrincə, sosial xidmətin təminedici növlərinə sosial riskin təsirinə məruz qalmış şəxslərin təmin edilməsi üçün nəzərdə tutulan xidmətləri: stasionar, yarımstasionar sosial xidməti, evdə sosial xidməti; sosial-məsləhət xidmətini aid etmək olar. Sosial xidmətin bərpaedici növünə əlillərə, uşaqlara, məcburi köçkünlərə və qaçqınlara, fövqəladə hallarla üzləşmiş şəxslərə reabilitasiya xidmətini aid etmək olar [2].
N.M.Staxovskayanın fikrincə, sosial xidmət göstərmə formalarına sosial xidmətlərlə yanaşı güzəştlər, natural və digər formalar daxildir [17, s. 132].
E.Q.Tuçkova və M.L.Zaxarov sosial xidmətin ən mühüm növlərinə aşağıdakıları aid edirlər: 1) əlillərin reabilitasiyası, təhsili və onların məşğulluğunun təmin edilməsi; 2) protez-ortopedik yardım və əlillərin nəqliyyat vasitələri ilə təminatı; 3) evdə və stasionar müəssisələrdə sosial xidmət; 4) uşaqlara sosial xidmət [12, s. 494-496].
M.O.Buyanovanın fikrincə, etimoloji mənada «reabilitasiya» «bərpa» deməkdir, yəni onların sosial xidmətin müstəqil növü kimi fərqləndirdikləri «protez-ortopedik yardım və əlillərin nəqliyyat vasitələri ilə təminatı», əslində, sosial xidmətin ayrıca növü olmayıb, onun bərpa (reabilitasiya) növünə aid edilməlidir [9, s. 233].
Əlillərə reabilitasiya xidməti peşə təlimi, işədüzəltmə, nəqliyyat vasitələri ilə təminat, protezləşdirmə, güzəştlər üzrə xidmətlər kompleksinin göstərilməsini nəzərdə tutur. Bu xidmət orqanizmin pozulmuş, yaxud itirilmiş funksiyalarının bərpasına, kompensasiyasına; əlillərin müəyyən fəaliyyət növlərini yerinə yetirmək qabiliyyətinin bərpasına və kompensasiyasına yönəlmiş sosial-tibbi, peşə, psixoloji-pedaqoji, sosial-hüquqi və digər xidmətlərdən ibarət tədbirlər kompleksini özündə əks etdirir [3, s. 17].
Məktəbəqədər və məktəb yaşlı uşaqlara uşaq müəssisələrində sosial xidmət növlərinin təqdim edilməsi nəzərdə tutulmuşdur. Uşaqların reabilitasiyası yetim və valideyn himayəsindən məhrum uşaqlara, xüsusi uşaq evlərində, həddi-buluğa çatmayanlar üçün mərkəzlərdə, qəyyum və ya himayədar ailələrdə tərbiyə alan uşaqlara xidmət komplekslərini nəzərdə tutur.
B.İ.Staşkiv sosial xidmətləri onları təqdim edən orqanlara görə təsnifləşdirir və onları dörd qrupa bölür:
- səhiyyə orqanları tərəfindən təqdim edilən sosial xidmətlər;
- sosial siyasət orqanları tərəfindən təqdim edilən sosial xidmətlər;
- gənclər və idman orqanları tərəfindən təqdim edilən sosial xidmətlər;
- təhsil və elm orqanları tərəfindən təqdim edilən sosial xidmətlər [18, s. 4].
V.M.Litvinenko sosial xidmətləri təmin etdikləri tələbatlardan asılı olaraq ümumi tələbatları təmin edən sosial xidmətlərə (məsələn, kompleks sosial-məişət və sosial-iqtisadi xidmətlər), habelə xüsusi tələbatları təmin edən sosial xidmətlərə (məsələn, reabilitasiya xidmətləri) bölməyi təklif edir. Həmçinin müəllif əldə edən subyektlərdən asılı olaraq istənilən fiziki şəxsə təqdim edilən sosial xidmətləri və yalnız müəyyən kateqoriya şəxslərə təqdim edilən sosial xidmətləri fərqləndirir [14, s. 101-105].
Xidmətlər göstərilmə sahəsinə, fəaliyyət növünə, miqyasına və digər meyarlara görə fərqləndirilir. Məsələn, elə xidmətlər var ki, fərdi şəkildə ayrı-ayrı müştərilərin, istehlakçıların sorğuları əsasında həyata keçirilir. Eyni zamanda, bəzi xidmətlərə bütövlükdə cəmiyyətin tələbatı mövcud olur və onlar ictimai xidmətlər adlanır. İctimai xidmətlər cəmiyyət tərəfindən vergilər hesabına maliyyələşdirilir. Belə xidmətlər sırasına idarəetmə fəaliyyəti, hərbi xidmət və s. aiddir.
Sosial xidmətin xüsusi növü kimi uşaqlı ailələrə sosial xidməti qeyd etmək olar. Lakin təəssüflər olsun ki, bu gün respublikamızda uşaqlı ailələrə sosial xidmət göstərilməsi ilə bağlı məsələləri tənzim edən, onların təqdim edilməsi qaydasını və standartlarını müəyyənləşdirən kompleks normativ hüquqi akt yoxdur. Bundan başqa, qüvvədə olan qanunvericilikdə də uşaqlı ailələrə sosial xidmət sosial xidmətin ayrıca növü kimi fərqləndirilmir.
Sosial risk hallarından asılı olaraq uşaqlı ailələrə sosial xidmətin aşağıdakı növləri fərqləndirilir: uşağın saxlanılması tərbiyəsi zərurəti ilə bağlı sosial xidmətlər; əlilliklə bağlı sosial xidmətlər; kimsəsizliklə bağlı sosial xidmətlər; xəstəliklə bağlı sosial xidmətlər; natamam ailələrə sosial xidmətlər; aztəminatlı ailələrə sosial xidmətlər [7, s. 16-220].
Bir çox xarici ölkələrdə olduğu kimi respublikamızda da təcili sosial xidmət formasının tətbiqi məqsədəmüvafiq olardı. Təcili sosial xidmət sosial dəstəyə ciddi ehtiyacı olan şəxslərə birdəfəlik xarakterli təxirəsalınmaz yardımın göstərilməsi məqsədi ilə həyata keçirilir. Təcili sosial xidmət aşağıdakı sosial xidmət növlərini özündə əks etdirə bilər: 1. ciddi ehtiyacı olan şəxslərin pulsuz isti yeməklərlə və məhsullarla təmin edilməsi; 2. paltar, ayaqqabı və digər ilkin zərurət predmetləri ilə təminat; 3. birdəfəlik maddi yardım göstərilməsi; 4. müvəqqəti yaşayış sahəsi ilə təminat və s.
Təcili sosial xidmətin təqdim edilməsi üçün əsas kimi sosial xidmət alanın ərizəsi və ya sosial xidmət sisteminə daxil olmayan tibb, təhsil və ya digər təşkilatlardan təcili sosial xidmətə ehtiyacı olan vətəndaşlar barədə alınan məlumatlar çıxış etməlidir. Təcili sosial xidmətin təqdim edilməsi barədə aktda bu xidməti təqdim və əldə edən subyektlər, təqdim edilən təcili sosial xidmətin növü (növləri), müddəti, tarixi və təqdim edilməsi şərtləri barədə məlumatlar öz əksini tapmalıdır.
Beləliklə, bu məqalədə qeyd edilənləri ümumiləşdirərək aşağıdakıları göstərmək olar:
1. İnsanların yeni tələbatlarının yaranması obyektiv və fasiləsiz bir proses olduğundan həmin tələbatlara uyğun yeni sosial xidmətlərin də meydana çıxması və artıq mövcud olanların keyfiyyətinin daha da yüksəldilməsi labüd faktor kimi qiymətləndirilməlidir.
2. “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində təyinatından asılı olaraq sosial xidmətlərin yeddi növü (sosial-məişət xidmətləri; tibbi-sosial xidmətlər; sosial-psixoloji xidmətlər; sosial-pedaqoji xidmətlər; sosial-iqtisadi xidmətlər; sosial-hüquqi xidmətlər; palliativ xidmətlər) göstərilir. Elmi ədəbiyyata nəzər saldıqda isə sosial xidmətlərin təsnifat meyarlarının əslində daha çox olduğunu görə bilərik.
Elmi ədəbiyyatın və xarici ölkələrin sosial xidmət praktikasının təhlili əsasında sosial xidmətlərin aşağıdakı təsnifatını təklif edə bilərik:
1. Xidmətlərin göstərilməsi müddətindən asılı olaraq:
a) birdəfəlik sosial xidmətlər;
b) uzunmüddətli sosial xidmətlər.
2. Nəticəsinin təzahür formasından asılı olaraq:
a) sadə sosial xidmətlər;
b) mürəkkəb sosial xidmətlər.
3. Təqdimetmə obyektinə görə:
a) fərdi sosial xidmətlər;
b) kollektiv (qrup) sosial xidmətlər.
4. Ödənişli olub-olmamasından asılı olaraq:
- Ödənişli sosial xidmətlər;
- qismən ödənişli sosial xidmətlər;
- ödənişsiz sosial xidmətlər.
5. Maliyyələşmə mənbəyinə görə:
- dövlət büdcəsindən maliyyələşdirilən;
- bələdiyyə büdcəsindən maliyyələşdirilən;
- digər maliyyə vəsaitləri (QHT-lər, ianələr, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan şəxslər və s.) hesabına maliyyələşdirilən.
Bu təsnifatı başqa cür də formulə etmək olar. Belə ki:
Təqdim edən subyektdən asılı olaraq:
a) dövlət sosial xidmətləri;
b) qeyri-dövlət sosial xidmətləri.
6. Tələbatların təmin edilməsinə verdiyi töhfəyə görə:
a) baza xarakterli sosial xidmətlər;
b) köməkçi sosial xidmətlər.
7. Texnologiya ilə əlaqəsindən asılı olaraq:
a) ənənəvi xidmətlər;
b) innovasion xidmətlər.
8. Göstərildiyi yerdən asılı olaraq:
a) evdə göstərilən sosial xidmətlər;
b) sosial xidmət müəssisələrində göstərilən sosial xidmətlər.
9. Yerinə yetirilən funksiyalardan asılı olaraq:
a) diaqnostik;
b) proqnostik;
c) xəbərdaredici-profilaktik;
ç) hüquq müdafiə;
d) sosial-pedaqoji;
e) psixoloji;
ə) sosial-məişət;
f) kommunikativ;
g) reklam-təbliğat;
ğ) mənəvi-humanist;
h) təşkilati.
10. Göstərildiyi şəxslərin sosial riskin təsirinə məruz qalmasından asılı olaraq:
a) təminedici sosial xidmətlər;
b) bərpaedici sosial xidmətlər.
11. Təqdim edən orqanlara görə:
a) sosial təminat orqanları tərəfindən təqdim edilən sosial xidmətlər;
b) səhiyyə orqanları tərəfindən təqdim edilən sosial xidmətlər;
c) digər orqanlar tərəfindən təqdim edilən sosial xidmətlər.
12. Təmin etdikləri tələbatlardan asılı olaraq:
a) ümumi tələbatları təmin edən sosial xidmətlər;
b) xüsusi tələbatları təmin edən sosial xidmətlər.

3. Bir çox xarici ölkələrdə olduğu kimi respublikamızda da təcili sosial xidmət formasının tətbiqi məqsədəmüvafiq olardı. Təcili sosial xidmət sosial dəstəyə ciddi ehtiyacı olan şəxslərə birdəfəlik xarakterli təxirəsalınmaz yardımın göstərilməsi məqsədi ilə həyata keçirilir. Təcili sosial xidmətin təqdim edilməsi üçün əsas kimi sosial xidmət alanın ərizəsi və ya sosial xidmət sisteminə daxil olmayan tibb, təhsil və ya digər təşkilatlardan təcili sosial xidmətə ehtiyacı olan vətəndaşlar barədə alınan məlumatlar çıxış etməlidir. Təcili sosial xidmətin təqdim edilməsi barədə aktda bu xidməti təqdim və əldə edən subyektlər, təqdim edilən təcili sosial xidmətin növü (növləri), müddəti, tarixi və təqdim edilməsi şərtləri barədə məlumatlar öz əksini tapmalıdır.

Açar sözlər: sosial xidmət, sosial xidmətin formaları, sosial xidmətin növləri, evdə (səyyar) sosial xidmət, yarımstasionar (günərzi) sosial xidmət, stasionar sosial xidmət, sosial-məsləhət yardımı.

ƏDƏBİYYAT SİYAHISI:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 31 yanvar tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Evdə (səyyar) sosial xidmətin göstərilməsi” Qaydası. http://e-qanun.az/framework/25205
2. Əliyev M.N. Sosial xidmət sosial təminat hüququnun institutu kimi. Bakı: Təknur, 2008, 192 s.
3. Həsənzadə S.B. Əlillərin sosial müdafiəsi sahəsində hüquq islahatlarının əsas istiqamətləri. Bakı: Təknur, 2009, 120 s.
4. Məmmədli Q. Ahılların sosial müdafiəsi dövlətin sosial siyasətinin mühüm tərkib hissəsidir. “Ekspress” qəz., 2017, 3 oktyabr, № 176, s. 10
5. Nağıyev N.T. Azərbaycan Respublikasında sosial təminatın konstitusion və hüquqi əsasları. Bakı: Qanun, 2010, 180 s.
6. Благодир А.Л. Социальное обслуживание в системе права социального обеспечения. М.: Волтерс Клувер, 2008, 154 с.
7. Бориченко Е.В. Социальное обслуживание как вид социальной защиты семей с детьми // LEGEA ŞI VIAŢA, 2014, № 6/2 (270), с. 16-20
8. Бочарова О.В. Право социального обеспечения. Учебное пособие. Новочеркасск: ЮРГТУ, 2011, 153 с.
9. Буянова М.О. Социальное обслуживание граждан России в условиях рыночной экономики: Дисс. … докт. юрид. наук. М., 2003, 325 с.
10. Горова А.В. Недержавний сектор надання соціальних послуг: сучасний стан та перспективи розвитку // Актуальні проблеми держави і права: Збірник наукових праць. Вип. 63. Одеса: Юридична література, 2012, с. 445-450
11. Зарембо Т.Ф., Савинов А.Н. Организация работы органов социального обеспечения. Учебное пособие. М.: Академия, 2011, 75 с.
12. Захаров М.Л., Тучкова Э.Г. Право социального обеспечения в России. Учебник. М.: БЕК, 2001, 576 с.
13. Карасева Л.К. Организация работы с гражданами в системе пенсионного обеспечения и социальной защиты населения. Пенза: ПГПУ Им.В.Г. Белинского, 2011, 154 с.
14. Литвиненко В.М. Видовий поділ соціальних послуг у законодавстві та теорії // Актуальні проблеми держави і права: Збірник наукових праць. Вип. 37. Одеса: Юридична література, 2008, с. 101-105
15. Роль социального обеспечения в решении проблемы бедности и совершенствование методики преподавания права социального обеспечения: материалы Всероссийского научно-практической конференции / Под. ред. Э.Г.Тучковой. М.: Проспект, 2004, 464 с.
16. Социальное обслуживание на дому. http://refleader.ru/jgepolqasrnayfs.html
17. Стаховська Н.М. Відносини в праві соціального забезпечення: дис. … канд. юрид. наук. К., 2000, 198 с.
18. Сташків Б.І. Право соціального обслуговування: Навч. посіб. К.: Знання, 2007, 567 с.
19. Теория и практика социальной работы: отечественный и зарубежный опыт / Отв. ред. Т.Ф.Яркина. Т.1. М., Тула, 1993, 368 c.
20. Элементы системы социального обеспечения в условиях социально ориентированной рыночной экономики. На примере ФРГ. М.: Дело, 1993, с. 19-

SUMMARY

FORMS AND TYPES OF SOCIAL SERVICE
This article analyzes the forms and types of social services. Article 23 of the Law of the Republic of Azerbaijan “On Social Services” states that seven types of social services are provided depending on their purpose. The author, however emphasizes that in the scientific literature, the classification criteria for social services are actually higher. Proposes a broader classification of social services based on the analysis of social service practices in foreign countries. At the same time, it emphasizes the need for the emergence of new social services with the emergence of new needs of people over time. Taking advantage of international experience, it suggests the introduction of emergency social services in our country.

Keywords: social service, forms of social service, types of social service, home (mobile) social service, semi-stationary (daytime) social service, stationary social service, social-consulting assistance.

Резюме

ФОРМЫ И ВИДЫ СОЦИАЛЬНЫХ УСЛУГ
В данной статье анализируются формы и виды социальных услуг. Здесь отмечается, что в статье 23 Закона Азербайджанской Республики «О социальных услугах» предусмотрены семь видов социальных услуг предоставленные в зависимости от их назначения. Но автор подчеркивает, что в научной литературе критерий классификации социальных услуг значительно больше и предлагает их более широкую классификацию, основанную на анализе практики социальных услуг в зарубежных странах. В то же время, учитывая появление с течением времени новых потребностей людей, подчеркивается необходимость появления и новых социальных услуг. Воспользовавшись международным опытом, и в нашей стране предлагается применение экстренных социальных служб.

Ключевые слова: социальная служба, формы социального обслуживания, виды социального обслуживания, мобильное социальное обслуживание, полустационарное (дневное) социальное обслуживание, стационарное социальное обслуживание, социально-консультационная помощь.