Nəzarət qarşıya qoyulmuş məqsədlərə çatmağı təmin edən proseslərin məcmusudur. Nəzarət fəaliyyəti norma və standartların müəyyənləşdirilməsi, əldə olunmuş faktiki nəticələrin müəyyən edilmiş standartlarla müqayisəsi və müqayisə nəticəsində meydana çıxan fərqlərin aradan qaldırılması üçün lazımi addımların atılmasından ibarətdir. Nəzarət olmadan inkşafa və uğura nail olmaq mümkün deyil. Nəzarətin zəruriliyi aşağıdakı amillərlə şərtlənir:
1. Nəzarət daxili və xarici qeyri-müəyyənliyi azaldır. Eyni zamanda nəzarət dəyişən şəraitə hazır olmaq və həmin dəyişikliklərə lazımi reaksiya vermək üçün ən effektiv mexanizmlərdən biridir.
2. Nəzarət böhranlı situasiyaların meydana çıxması haqqında xəbərdarlıq edir. Əgər mövcud daxili vəziyyətin təhlili nəticəsində aşkarlanmış neqativ və qanunazidd hallara qarşı zamanında tədbirlər görülməzsə, həmin problemlər daha da dərinləşəcək və tənəzüllə gətirib çıxaracaq. Bu mənada nəzarət gələcəkdə baş verə biləcək böhranlı vəziyyət haqqında əvvəlcədən xəbərdarlıq edir.
3. Nəzarət təşkilatı hərtərəfli və istənilən neqativ təsirlərdən qoruyur [4].
İdarəetmə fəaliyyətində həyata keçirilən nəzarət prosesi özündə aşağıdakı funksiyaları daşıyır:
• Mövcud olan və baş verə biləcək nöqsanların, qanunazidd halların qarşısının alınması məqsədilə yoxlamaların həyata keçirilməsi;
• Qarşıya qoyulmuş hədəflərə və arzulanan nəticələrə çatmaq üçün fəaliyyətin qiymətləndirilməsinin həyata keçirilməsi;
• Qəbul edilən qərarların icrasının yoxlanılması və qanun aliliyinin təmin edilməsi;
• Resurslardan səmərəli istifadəni təmin etmək [7].
Nəzarət fəaliyyətində şəffaflığı və effektivliyi təmin etmək üçün bir sıra prinsiplərə riayət olunmalıdır. Bu prinsiplər aşağıdakılardır:
1.Müstəqillik prinsipi
2.Qanunçuluq prinsipi
3.Obyektivlik prinsipi
4.Aşkarlıq prinsipi
5.Məxfilik prinsipi
6.Səmərəlilik prinsipi
Müasir dövrdə idarəetmə fəaliyyətinin bütün (istər dövlət idarəçiliyi, istərsə də dövlətin ictimai, sosial, siyasi, iqtisadi, hüquqi) sahələrində şəffaf nəzarət sisteminin mövcudluğu labüddür. Nəzarət sisteminin formaları idarəetmə fəaliyyətinin inkşafında mühüm rol oynayır. Nəzarət prosesi aşağıdakı kimi təsnifləşdirilir:
1. Dövlət nəzarəti
2. Prezident nəzarəti
3. Sosial nəzarət
4. İctimai nəzarət
5. Məhkəmə nəzarəti
6. Konstitusiya nəzarəti
7. Maliyyə nəzarəti
Dövlət nəzarətinin əsas formalarından biri də fövqəladə vəziyyətlərə qarşı dövlətin həyata keçirdiyi nəzarət fəaliyyətidir. Fövqəladə hallar dedikdə, təbiət hadisələri (zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu, sunami, fırtına), genişmiqyaslı yanğınlar, partlayışlar, yoluxucu xəstəliklər, pandemiyalar və s. nəzərdə tutulur. Baş verən fövqəladə hallar zamanı hər bir dövlətin əsas məqsədi itkilərin qarşısının alınması və mövcud vəziyyəti nəzarətdə saxlamaqdır[2].
İlk öncə baş verə biləcək fövqəladə hallara hazırlıqlı və planlı olmaq lazımdır. Bu məqsədlə fövqəladə hallara qarşı strategiya planı olmalı və strategiya planında səmərəli nəzarət tədbirləri yer almalıdır. Yalnız bu təqdirdə fövqəladə hallar zamanı vəziyyəti nəzarətdə saxlamaq və vəziyyətdən minimum itkilərlə çıxmaq mümkün ola bilər.
Baş vermiş əksər fövqəladə vəziyyətlər dövlətin iqtisadi, sosial sahələrinə mənfi təsir göstərdiyi üçün hər bir dövlətin fövqəladə hallardan sonrakı vəziyyətlə də bağlı tədbirlər mexanizmi olmalıdır[1].
Fövqəladə hallar ərazi xüsusiyyətlərinə görə üç qrupa ayrılır:
- Yerli
- Regional
- Qlobal
Yerli fövqəladə vəziyyət dedikdə, kiçik əraziləri əhatə edən, əsasən mövsumi və müvəqqəti xarakter daşıyan hallar nəzərdə tutulur. Yerli fövqəladə vəziyyətlər zamanı güclü dağıntılar və ciddi təhlükəlilik dərəcəsi olmur. Belə fövqəladə hadisələrə misal olaraq daşqınlar, zəlzələlər, sel, torpaq sürüşməsini və s. göstərmək olar. Regional fövqəladə vəziyyət dedikdə, müəyyən regionu əhatə edən, əsasən orta təhlükəlilik dərəcəsinə malik olan hadisələr nəzərdə tutulur. Orta təhlüləlik dərəcəsinə malik olmasına baxmayaraq, regional fövqəladə hallara qarşı zamanında müvafiq tədbirlər görülməzsə, vəziyyət nəzarətdən çıxa bilər. Regional fövqəladə vəziyyətə xəstəliklər, regional yanğınlar və s. misal olaraq göstərmək olar.
Qlobal miqyaslı fövqəladə vəziyyət dedikdə, dünyanın bir çox ölkələrində müşahidə olunan və yüksək təhlükəlilik dərəcəsinə malik olan hadisələr nəzərdə tutulur. Belə fövqəladə halların qarşısının alınması məqsədilə, dünya ölkələri bir araya gələrək qlobal problemin aradan qaldırılmasının həlli yollarını axtarmağa çalışırlar. Eyni zamanda qlobal miqyaslı fövqəladə halların aradan qaldırılması üçün bir sıra beynəlxalq təşkilatlar da yaradılır. Qlobal miqyaslı fövqəladə hallara misal olaraq pandemiyaları, ozon qatının deşilməsini, içməli su problemini və s. göstərmək olar[5].
Müasir dövrdə geniş və sürətli şəkildə yayılmış qlobal miqyaslı fövqəladə hallara yoluxucu xəstəlikər və pandemiyalar daxildir. Yoluxucu xəstəliklərə və pandemiyalara vəba, taun, ebola, COVID-19 koronavirus pandemiyasını misal olaraq göstərmək olar. Bu növ xəstəliklər içərisində COVID-19 koronavirus pandemiyası xüsusilə fərqlənir. Dünya təcrübəsi göstərir ki, dövlət nəzarət mexanizminin mövcudluğunun zəruri olduğu sahələrdən biri də pandemiya ilə mübarizədir. Xüsusilə son dövrlər dünyanın dörd bir yanına ayaq açmış koronavirus pandemiyası bu sahəyə olan dövlət nəzarətinin əhəmiyyətini daha artırdı.
Çində meydana çıxan COVID-19 koronavirus pandemiyası, 2019-cu ilin dekabr ayından etibarən qısa müddət ərzində bütün dünyanı öz cənginə aldı. Pandemiyanın qısa müddət ərzində bütün dünya ölkələrinə sürətli şəkildə yayılması dünya dövlətlərini qəti və zəruri addımlar atmağa məcbur etdi. Bu məqsədlə ilk olaraq COVID-19 koronavirus pandemiyasının yarandığı Çin dövləti pandemiyanın qarşısını almaq məqsədilə təcili nəzarət tədbirlərinə başladı. Bu nəzarət tədbirləri aşağıdakılardır:
- Keçirilməsi nəzərdə tutulan və planlaşdırılan olimpiyadalar, bir sıra beynəlxalq yarışlar təxirə salındı;
- Şəhərlərarası yeraltı və yerüstü nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırıldı;
- Kütləvi tədbirlərin, iclasların, toplantıların keçirilməsi qadağan edildi;
- İnsanlar arasında sosial məsafənin saxlanılması, maskalardan və digər dizenfeksiya vasitələrindən istifadə edilməsi tövsiyyə olundu.
Çin höküməti tərəfindən həyata keçirilən zəruri nəzarət tədbirləri və məhdudiyyətlər nəticəsində vəziyyəti nəzarətdə saxlamaq mümkün oldu. COVID-19 koronavirus pandemiyasının tüğyan etdiyi dövlətlərdən biri olan Amerika Birləşmiş ştatlarında pandemiyanın qarşısının alınması və vəziyyətin nəzarətdə saxlanılması üçün bir sıra zəruri və təxirəsalınmaz nəzarət tədbirlərinin icrasına başlanıldı. Bu məqsədlə Amerika dövləti aşağıdakı nəzarət tədbirlərini həyata keçirdi: - 10 nəfərdən artıq insanın bir yerdə toplaşması qadağa edildi;
- vətəndaşlara beynəlxalq səyahət etməkdən çəkinmək tövsiyyəsi olundu;
- məktəblər və digər təhsil müəssisələri müvəqqəti bağlandı;
- sərgilər, konvensiyalar, musiqi festivalları və konsertlər, idman tədbirləri və digər ictimai tədbirlər ləğv olundu[3].
COVID-19 koronavirus pandemiyasının vurduğu iqtisadi təsirləri nəzərə alaraq ABŞ dövləti tərəfindən bir sıra iqtisadi tədbirlərin, güzəştlərin icrasına başlanıldı. Bu məqsədlə işsizlik müavinətləri, bütün sahələrdə fəaliyyət göstərən müəssisələrə maddi yardımlar göstərildi. Eyni zamanda hər bir ABŞ vətəndaşına min iki yüz ABŞ dolları məbləğində birdəfəlik ödəmələr verildi. ABŞ dövləti tərəfindən həyata keçirilən zəruri nəzarət tədbirləri nəticəsində pandemiyaya yoluxanların və pandemiyadan ölənlərin sayında azalma müşahidə olunmağa başlandı[6]. COVID-19 koronavirus pandemiyasının təsirləri Azərbaycan Respublikasından da yan keçmədi. Dünyanı cənginə almış COVİD-19 pandemiyasının qarşısını almaq və yaranmış vəziyyətdən minimum itkilərlə çıxmaq üçün Azərbaycan dövləti tərəfindən təcili tədbirlərin həyata keçirilməsinə başlanıldı və pandemiyaya qarşı dövlət nəzarət mexanizmi yaradıldı. Həmçinin vətəndaşları koronavirus pandemiyasının vurduğu iqtisadi zərərlərdən qorumaq, əhalinin sosial vəziyyətinin yüksəldilməsi məqsədilə bir sıra sosial-iqtisadi tədbirlərin icrasına başlanıldı. Sosial iqtisadi tədbirlər çərçivəsində müddəti bitmiş əlilliyi olan, işsizliklə bağlı sığorta alan, peşə hazırlığına cəlb olunanlar vətəndaşların ödəniş müddəti iki ay müdətinə uzadıldı. Əhaliyə tətbiq olunan elektrik enerjisinin limiti artırıldı. Həyata keçirilən xüsusi karantin rejimi ilə əlaqədar bir sıra dövlət və özəl sektorların müəyyən sahələri öz fəaliyyətlərini müvəqqəti olaraq dayandırmalarına baxmayaraq, həmin sahələrdə çalışan işçilərin iş yerləri və əmək haqları qorunub saxlanıldı. Həyata keçirilən maliyyə dəstəyi nəticəsində özəl sektorda çalşan 760 min nəfərin və dövlət sektorunda çalışan 900 min nəfər işçinin işsizliklə üzləşməsi problemi aradan qaldırılmışdır.
Sosial tədbirlər çərçivəsində koronavirus pandemiyası səbəbilə öz gəlir mənbələrini itirən və qeyri-formal şəkildə işləyən şəxslərə minimum yaşayış məbləği miqdarında (190 manat) birdəfəlik ödəmələr verildi. Birdəfəlik ödəmələr sərt karantin rejiminin (16 şəhər və rayon - Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki.) tətbiq edilməsi səbəbilə aprel-may aylarında 600 min vətəndaşı əhatə etməklə ümumilikdə 225 milyon manat vəsait, iyul ayında 290 min vətəndaşı əhatə etməklə 55 milyon manat vəsait, avqust ayında isə 279 min vətəndaşı əhatə edtməklə 53 milyon manat vəsait şəklində ödənilmişdir. Ümumlikdə COVİD-19 pandemiyasının yayıldığı gündən etibarən vətəndaşların sosial-rifahının qorunması və pandemiyanın təsirlərinin azaldılması məqsədilə dövlət tərəfindən həyata keçirilən nəzarət tədbirləri 5 milyona yaxın insanı əhatə etmişdir[9].
Koronavirusla mübarizə tədbirləri çərçivəsində dövlətin nəzarətdə saxladığı əsas sahələrdən biri də səhiyyə sahəsi oldu. Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına göstərdiyi mənfi təsirlərə baxmayaraq, ölkə prezidenti Cənab İlham Əliyevin göstərişlərinə uyğun olaraq səhiyyə sahəsində həyata keçirilən operativ nəzarət tədbirləri Azərbaycan dövlətinin öz vətəndaşına və ümumilikdə insan amilinə verdiyi yüksək dəyərin əyani sübutudur.
Koronavirus xəstələrinə xidmət edən 46 xəstəxanadan 40-ı son on beş ildə tikilmiş və ya əsaslı təmir edilmişdir. Eyni zamanda koronavirus xəstələrinə xidmət etmək üçün 16 modul tipli xəstəxana da istismara verilmişdir. Koronavirus testlərinin götütrülməsi üçün xəstəxana laboratoriyalarının sayı altı dəfə artırılmışdır.
Azərbaycan dövləti tərəfindən koronavirusla mübarizə çərçivəsində həyata keçirilən nəzarət tədbirləri, atılan məntiqli və ardıcıl addımlar Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmiş və beynəlxalq miqyasda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində nümunə olaraq seçilmişdir. Azərbaycan dövləti tərəfindən pandemiya təsirlərindən əziyyət çəkən və pandemiyanın ciddi zərər vurduğu 30 ölkəyə humanitar yardımlar göndərilmişdir. Eyni zamanda Azərbaycan dövləti tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına fərdi şəkildə olmaqla iki dəfə ianələr köçürülmşüdür[8].
Azərbaycan Respublikası ərazisində COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması, koronavirusla mübarizə tədbirlərinin genişləndirilməsi, gücləndirilməsi və koronovirusla mübarizə sahəsində həyata keçirilən tədbirlər sisteminin maliyyə dəstəyi ilə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır. Koronavirusla Mübarizəyə Dəstək Fondunda yığılmış vəsaitlərin səmərəli və şəffaf xərclənməsini təmin etmək və xərclənən maliyyə vəsaitləri haqqında cəmiyyətin mütəmadi məlumatlandırılması məqsədilə İctimai Nəzarət Şurası yaradıldır. İctimai Nəzarət Şurasının tərkibi Nazirlər Kabineti yanında ictimaiyyəti təmsil edən beş və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahı təmsil edən iki nümayəndədən ibarət olmaqla yeddi üzvdən ibarətdir.
Koronavirus pandemiyası ilə bağlı vəziyyəti nəzarətdə saxlmaq məqsədi ilə ölkə ərazisində bir sıra çevik və sistemli tədbirlərin tətbiqinə başlanıldı. Belə ki, paytaxt ərazisində, ictimai nəqliyyatda, qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirildi. Bu tədbirlərin davamı olaraq Azərbaycan Respublikası ərazisində bir sıra xüsusi karantin rejimləri elan edildi. Xüsusi karantin rejimi çərçivəsində aşağıdakı nəzarət tədbirləri həyata keçirildi:
- Yaşı 65 -dən yuxarı olan insanların evdən çıxması qadağan olundu. 65 yaşını keçən, tənha yaşayan vətəndaşlara isə qanunvericilikdə nəzərdə tutulmuş formada sosial xidmətlərin göstərilməsi təmin olundu.
- Bakı və Sumqayıt şəhərinə, Abşeron rayonuna giriş və çıxış (xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla) məhdudlaşdırıldı.
- Ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırıldı.
- Küçələrdə, bulvarlarda, parklarda və digər ictimai yerlərdə insanların qrup halında cəmlənməsi (10 nəfərdən artıq) qadağan olundu.
- Ünsiyyət və təmas zamanı iki metrlik sosial məsafənin saxlanılması, maskalardan istifadə tövsiyyə olundu.
- İctimai iaşə müəssisələri yeni iş saatlarında fəaliyyət göstərməyə başladı. Belə ki, qəbul edilmiş yeni qərara əsasən müştərilərə saat 12.00-15.00 arasında yerində xidmət saatları müəyyən olundu. Evə götürmə, çatdırılma və onlayn ticarət kimi xidmətlərə isə məhdudiyyətsiz icazə verildi;
- Ölkə ərazisində fəaliyyət göstərən iri ticarət mərkəzlərinin və “Mall”arın (supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla) fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.
Müəyyən edilmiş bu tədbirlərə riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə olundu [10].
2020-ci il aprel ayının 5-dən etibarən isə ölkə ərazisində SMS-icazə sistemi tətbiq olunmağa başladı. Sms icazə sisteminə əsasən vətəndaşlar yaşayış yerini SMS-icazə alaraq tərk etməlidirlər. Vətəndaşlar SMS icazəni yaşayış yerini təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaq üçün, ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin, bank və poçt xidmətlərinin istifadə edilməsi və yaxın qohumun dəfnində iştirakla əlaqədar olaraq iki saat müddətində ala bilərlər.
Sonralar isə xüsusi karantin rejimləri mərhələli şəkildə olmaqla mövcud yoluxma sayına uyğun tətbiq olunmağa başladı. Tətbiq edilən xüsusi karantin rejiminin effekt verməsi - koronavirus pandemiyasına yoluxma tempinin aşağı düşməsi, xəstələrin sağalma dinamikasının yüksəlməsi səbəbilə bir sıra məhdudiyyətlərin yumşaldılması da həyata keçirildi.
Pandemiyanın başladığı ilk günlərdən etibarən məsələni xüsusi diqqətdə saxlayan Cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş düzgün qərarlar və tətbiq edilən bir sıra rejimlər nəticəsində vəziyyəti nəzarətdə saxlmaq mümkün oldu. İlham Əliyev mütəmadi olaraq koronavirus pandemiyasının nəticələri barədə online konfranslar, müşavirələr keçirmiş və mövcud vəziyyətlə əlaqdar müvafiq tapşırıqlarını vermişdir. Keçirilən belə müşavirələrin birində çıxış edən Cənab Prezident İlham Əliyev koronavirusla mübarizə çərçivəsində həyata keçirilən nəzarət tədbirləri haqqında bu fikirləri söyləmişdir: ”Görülmüş bütün tədbirlər müsbət nəticə verir, vəziyyət bu günə qədər nəzarət altındadır”.
Açar sözlər: Pandemiya, mexanizm, dövlət, mübarizə
Ədəbiyyat Siyahısı
1. Böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli idarə olunmasında şəffaflığın rolu // – Bakı: Beynəlxalq elmi-praktik konfransın materialları. İqtisadiyyat və audit jurnalının nəşri, -2009. - 474 səh.
2. Dövlət idarəçiliyində səmərəli nəzarət mexanizmi // – Bakı: Dövlət İmtahan Mərkəzi tərəfindən Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə SIGMA (Rəhbərlik və İdarəetmədə Təkmilləşdirməyə Dəstək) proqramı.- 2019
3. Ələkbərov, U.K. İnklüziv inkişafın idarəedilməsinin əsasları: Ali Məktəblər üçün dərslik -Bakı: “Təhsil” nəşriyyatı,- 2018,- 216 s.
4. Ələkbərov, U.K. Davamlı insan inkişafı və ekoloji sivilizasiyanın əsasları: Ali Məktəblər üçün dərslik -Bakı: Təhsil nəşriyyatı, -2013, - 265 s.
5. Əliyeva, Y. Ə. Menecmentin əsasları: Dərslik.- Bakı: “Kooperasiya” nəşriyyatı, - 2012. -264 s.
6. Əlirzayev, Ə.Q. Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi: -Bakı, İqtisad Universiteti nəşriyyatı, -2010, 326s.
7. Rzayev, Ə.H. Dövlət nəzarəti: nəzəriyyə və praktika.- Bakı: “Elm” nəşriyyatı, -2008. -310 s.
8. Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları // – Bakı: Beynəlxalq Elmi Konfransın materialları: Birləşmiş Millətlər Təşkilatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA): Elm və Təhsil nəşriyyatı, -2012.- 622 s.
9. http://www.maliyye.gov.az
10. https://www.meclis.gov.az
Механизм государственного контроля в борьбе с пандемиями
Резюме
Контроль - это совокупность процессов, которые обеспечивают достижение целей и направляют управленческую деятельность в желаемую форму. Контрольные мероприятия включают установление норм и стандартов, сравнение фактических результатов с установленными стандартами и устранение несоответствий, выявленных в результате сравнения. В наше время мировой опыт показывает, что одним из направлений, где применение механизма государственного контроля крайне необходимо, является борьба с пандемиями. В частности, недавняя пандемия коронавируса, распространившаяся на другие части мира, повысила важность и усиление государственного контроля в этой области.
Ключевые слова: пандемия, механизм, государство, драться
The mechanism of state control in the fight against pandemics
Summary
Control is a set of processes that ensure the achievement of goals and direct management activities to the desired form. Control activities include the establishment of norms and standards, the comparison of actual results with established standards, and the elimination of discrepancies identified as a result of the comparison. In modern times, world experience shows that one of the areas where the application of the state control mechanism is extremely necessary is the fight against pandemics. In particular, the recent coronavirus pandemic, which has spread to all parts of the world, has increased the importance and strengthening of state control in this area.
Keywords: Pandemic, mechanism, state, struggle