İdarəetmə fəaliyyətinin effektliyi dövlət idarəetmə sisteminin modernləşdirilməsinin meyarı kimi

Post image

Vasif İsmayılov
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dissertantı

E-mail: [email protected]

Müasir dövr tarixi inkişafın yeni mərhələsindədir. Müasir dövr ictimai həyatda, xalqların və ölkələrin böyük əksəriyyətini əhatə edən qloballaşma və informasiyalaşma proseslərində siyasətin rolunun getdikcə artması ilə xarakterizə olunur. Bir çox hadisələr qlobal xarakter daşıyır. İnformasiyalaşma sərhəd tanımır, ekoloji problemlərin əhəmiyyəti kəskin şəkildə yüksəlir, hər hansı bir ölkənin sosial-iqtisadi şəraiti dünyanın başqa ölkələrindəki şərait ilə bu və ya digər dərəcədə əlaqəlidir.
Müxtəlif ölkələrin inkişaflarında kəskin siyasi ziddiyyətlər və böhranlar baş verir. Bu isə öz növbəsində bütün dünyanın siyasi sistemində qeyri-sabitlik yaradır. Buna xarakterik misal olaraq Yaxın Şərqdə İsrail-Fələstin münaqişəsini, Əfqanıstan, İraq və Suriyadakı kiçik müharibə ocaqlarını, MDB məkanındakı münaqişələri, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini, Avropa dövlətlərində, ABŞ-da, Rusiyada, Türkiyədəki terror aktlarını və i.a. göstərmək olar. Bütün bunların hamısı sübut edir ki, "Şimal" və "Cənub", "Qərb" və "Şərq" ölkələri arasında gərginlik getdikcə artır. Bir sözlə bütün dünyada Xeyir və Şər qüvvələri arasında kəskin mübarizə gedir, XXI əsrin əvvəllərində yeni dünya müharibəsinin başlanması imkanları getdikcə artır. Artıq yeni dünya müharibəsinin işartıları Suriya və İraqda görünür.
Sosial-siyasi paradiqmaların sivilizasasiyaların yeni qaydalarına uyğun olaraq dəyişməsi cəmiyyətin siyasi həyatındakı rolu ilə bağlı məsələləri ciddi şəkildə qarşıya qoyur. Postmüasir cəmiyyətlərin idarəedilməsi təkcə müəyyən strateji vəzifələrin yerinə yetrilməsini ifadə etmir, həm də sosial ədalət, azadlıq və bərabərliyin meyarlarına cavab verən siyasətin ali məqsədlərinin reallaşdırılmasını nəzərdə tutur. Belə güman edirik ki, bu ali məqsədlərin həyata keçirilməsi də siyasi modernləşmə vasitəsi ilə mümkündür. Məhz siyasi modernləşmə hazırda müasir cəmiyyətin ən səmərəli inkişaf vasitəsidir. Bizim fikrimizcə, siyasi modernləşmə prosesləri siyasi sistemi dəyişdirmək qabiliyyətinə malikdir ki, bu da cəmiyyətdə daha çox sosial ədalət və həmrəylik yaradır.
Bir sözlə, ölkələrin inkişaf tarixinin təcrübəsi göstərir ki, ənənəvi və müasir cəmiyyətlərin modernləşməsi ilə bərabər, onların siyasi sistemləri də modernləşir. Bu cür modernləşmənin qanunauyğunluqları hansılardır? Siyasi modernləşmənin qanunauyğunluqları ölkələrin konkret tarixi şəraitlərinə necə uyğunlaşır? Ölkəmiz başqa dövlətlərin siyasi sistemlərinin modernləşməsi təcrübəsindən nələri götürə bilər? Müasir siyasi elmin cavab verə biləcəyi sualların tamamlanmamış siyahısı bunlardan ibarətdir ki, bu da siyasi modernləşmə nəzəriyyəsi üçün olduqca aktualdır.
Siyasi sistemin yeni formalarının bərqərar olmasını ifadə edən modernləşmə prosesləri ölkəmizdə hələ zəif tədqiq edilmişdir. Politologiyanın başlıca vəzifələrindən biri də təkcə dünya siyasətində baş verən keçmiş və müasir hadisələrin təhlilini vermək deyil, həm də gələcək inkişafın ehtimal olunan proqnozlarını verməkdir.
R.Mehdiyev yazır: “Azərbaycanın modernləşdirilməsi gələcək siyasi, iqtisadi, intellektual və ictimai diskussiyaların ən aktual mövzularından birinə çevrilir. Ölkə necə olmalıdır, gələcəkdə demokratik, hüquqi və dünyəvi dövlətin inkişafının perspektivləri və yönümləri necədir? Cəmiyyətimiz hansı üfüqlərə döğru irəliləyir, ümumiyyətlə, biz haraya gedirik? Tərəqqi ideyası sosial elm nümayəndələrinin hələ bu yaxınlaradək təsəvvür etdikləri kimi doğrudanmı sarsılmazdır? Bu və ya bir çox digər suallar təkcə siyasətçilərdə, iqtisadçılarda, sosioloqlarda deyil, bütün sosiumda da maraq doğurur (1, s.63-64).
Dünya təcrübəsində dövlət idarəçiliyinin modernləşdirilməsinin müəyyən alqoritmi mövcuddur. Birinci mərhələdə əsas diqqət hüquqi aktlara və qanunvericiliyin normativ əsaslarının yaradılmasına yönəldilir. Sonra dövlət idarəetmə sisistemində stabil fəaliyyət göstərən institutların və təşkilatların yaradılmasına keçilir. Yalnız bundan sonra mövcud problemlərin təhlilinə və dövlət idarəetməsinin "ideal" modelinin işlənilməsinə əsaslanan idarəetmə fəaliyyətinin effektliyinin yüksəldilməsi məsələləri üzərində işlənilməsinə başlanır (6, s.137).
Modernləşdirmə nəzəriyyəsi cəmiyyətin iki əsas tipini ayırır: ənənəvi və müasir (industrial və post­industrial) cəmiyyətlər (5, s.70).
İdarəetmə fəaliyyətinin modernləşdirilməsi müasir cəmiyyətin birləşməsinə, onun yaşamasına və "riskli cəmiyyət" şəraitində inkişafının yüksəl­dilməsinə yönəldilmişdir. İdarəetmə fəaliyyətinin modernləşdirilməsi mahiyyətcə özündə köhnə idarəetmə sistemindən dövlət idarəçiliyinin yeni modelinə dönüşü ifadə edir. İdarəetmənin köhnə sistemi artıq cəmiyyətin sosial aspektlərinə yönələ bilmədiyinə və ona istinad etmək qabiliyyətinə malik olmadığına görə cəmiyyətin kəskin qütbləşməsinə, insanların bir-birinə etimadsızlığına və dözümsüzlüyünə, öz ölkələrinin gələcəyi naminə vətəndaşların qarşılıqlı məsuliyyətinin azalmasına gətirib çıxarır. Dövlət və cəmiyyətin inteqrasiyası, sosial-iqtisadi və sosial-mədəni inkişaf naminə müxtəlif sosial qrupların əməkdaşlığı idarəetmə sisteminin modernləşdirilməsinin başlıca vəzifəsidir.
Dövlət idarəçiliyinin sistemli şəkildə modernləşdirilməsinin başlıca istiqaməti ilk növbədə müasir cəmiyyət həyatında dövlətin rolunun və yerinin daha aydın və dəqiq müəyyən edilməsindən ibarətdir. Dövlətin iqtisadiyyat­da, sosial sferada, təhlükəsizlik sahəsindəki funksiya­larının müəyyən edilməsi və dəqiqləş­diril­məsi dövlət idarəçiliyinin miqyas və xarakterinin optimallaşdırılmasına imkan yaradır.
Dövlət idarəçiliyinin modernləşdirilməsi dövlətlə cəmiyyət, hakimiyyətlə biznes, mərkəzlə regionlar arasında idarəetmə funksiyalarının yenidən bölünməsini nəzərdə tutur. Dövlət idarəçiliyinin desentralizasiyası və hazırda dövlətin ixtiyarında olan iqtisadi, sosial və digər funksiyaların bir hissəsinin verilməsi bütün idarəetmə sisteminin əhəmiyyətli dərəcədə optimallaşdırılmasına, onun effektivliyinin və keyfiyyətinin yeni səviyyəyə qaldırılmasına imkan yaradır.
Beləliklə, dövlət idarəçiliyinin optimallaşdı­rıl­ması problemi iki səviyyədə mövcuddur: birincisi, qəbul edilmiş qərarların (hər şeydən əvvəl strateji) keyfiyyətinin yüksəldilməsidir, bu da dövlət səlahiyyətlərinin (funksiyalarının, sərhədlərinin) cəmlənməsi və həcmi ilə çıx surətdə bağlıdır; ikincisi, dövlətin funksiyalarının icrasında inzibati idarəetmə proseslərinin təkmilləşdirilməsidir (7, s.73).
Dövlət idarəçiliyinin modernləşdirilməsi dövlət idarəteməsinin demokratik əsaslarının, sosial oriyentasiya xarakterinin möhkəmləndirilməsinə və hakim zümrənin idarəetmə mədəniyyətinin formalaşmasına istiqamlənməlidir.
Dövlət idarəçiliyinin modernləşdirilməsinə həmişə idarəetmə fəaliyyətinin geridə qalmış hüquqi əsasları əngəl törədir. Bu sahədə hüquqi islahatların aparılması dövlət idarəçiliyində effektivliyin və keyfiyyətin yüksəldilməsinə səbəb olur.
Aparılan tədqiqatların təhlili göstərir ki, müasir dövrdə ictimai münasibətlərdə baş verən dəyi­şik­­­liklər şəraitində dövlət idarəçiliyinin modern­ləş­­­dirilməsinin əsas istiqamət mexanizmləri aşağıdakılardır:
- dövlət idarəçiliyi metodlarının inkişafı və fəaliyyətin bütün sahələrinin qanunvericlik əsaslarının təkmilləşdirilməsi;
- kadr potensialının möhkəmləndirilməsi və reallaşdırılması;
- yeni informasiya şəbəkələrinin, sosial və humanitar texnologiyaların inkişaf etdirilməsi;
- mərkəzi, yerli və bələdiyyə idarəetmə orqanlarının, dövlət strukturlarının və vətəndaş cəmiyyəti təşkilatlarının qarşılıqlı təsir səviyyəsinin yüksəldilməsi;
- dövlətlə vətəndaşların partnyorluğunun inkişafına əsaslanan, hakimiyyətlə biznes qurumlarının sosial partnyorluğunun və qarşılıqlı məsuliyyətinin formalaşması.
Dövlət idarəçiliyinin modernləşdirilməsi sisteminin əsas meyarları və göstəriciləri "sosial effektlik", "sosial keyfiyyət", "sosial ədalət", "sosial rifah", "sosial nəticələr" kimi kateqoriyaların konseptual təhlilinə əsaslanır.
Dövlət idarəçiliyinin modernləşdirilməsinin əsas mexanizmlərinə aşağıdakılar aiddir:
- siyasi sistemin demokratikləşdirilməsi əsasında dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı təsirinin inkişafı;
- idarəetmə fəaliyyətinin desentralizasiyası və idarəetmənin aşağı hissəsinin müstəqilliyinin artması yolu ilə mərkəzi, regional və bələdiyyə orqanlarının qarşılıqlı təsirinin təkmilləşdirilməsi;
- bərabərhüquqlu münasibətlərə və sosial əhəmiyyətli layihələrə əsaslanan dövlətlə özəl sahənin partnyorluğunun inkişaf etdirilməsi.
Dövlət idarəçiliyinin modernləşdirməsinin başlıca prinsiplərinə aiddir:
- müxtəlif idarəetmə metodlarının çevik uyğunlaşdırlması;
- sosial ədalət, ümumi rifah və şəxsi maraq
prinsipinə əsaslanan sosial resursların fəallaşdı­rıl­ması;
- idarəetmə fəaliyyətinin yüksək effektivliyinin və səmərəliliyinin əldə edilməsi;
- dövlətin səlahiyyətlərinin müəyyən hissəsinin qeyri-kommersiya təşkilatlarına və vətəndaş cəmiyyətinin digər institutlarına verilməsi;
- yeniliklərə və ictimai dəyərlərin tətbiq edilməsinə cəhd;
- strategiyanın həyata keçirilməsi üçün onun uyğun təşkilati metodlarının işlənib hazırlanması (5, s.78)
Hazırda bir çox alimlər belə bir fikrə meyl edirlər ki, XX əsrin 90-cı illərində postsosialist islahatlar prosesində əsas diqqəti islahatların başlanğıc şəraitinə deyil, son nəticələrinə yetirirdilər, yəni islahatlar teleoloji xarakter daşıyırdı (3, s.73). İslahatların gedişinin dərk edilməsi prosesində aydın oldu ki, islahatların başlanğıc proqramlarında institutlara və institusuonal dəyişikliklərə aid olan məsələlər tamamilə yaddan çıxarılmışdır.
Qeyd etmək lazımdır ki, hər bir ölkədə administrativ islahatların aparılmasının müəyyən nəticələrinin əldə edilməsi istiqamətində öz məqsədləri vardır, bu məqsədlər ən ümumi şəkildə aşağıdakılardan ibarətdir:
- dövlət idarəçiliyinin effektliyinin yüksəldilməsi;
- əhalinin hakimiyyətə inamını səviyyəsinin yüksəldilməsi;
- idarəetmədə stabilliyin əldə edilməsi;
- dövlət qulluğunun təkmilləşdirilməsi;
- dövlət hakimiyyət orqanlarının işinin şəffaflığının yüksəldilməsi;
- hakimiyyətlə vətəndaşlar arasında açıq qarşılıqlı təsirin yaradılması;
- aşkarlığın olması və cəmiyyətin vaxtında mötəbər informasiya əldə etməsi.
Ümumiyyətlə, modernləşmə cəmiyyətin və dövlətin bütün sahələrini – siyasi, iqtisadi, sosial, mədəni, texnoloji və i.a. sahələri əhatə edə bilər.
Hazırda hər bir dövlət öz əhalisinə layiqli həyat səviyyəsi təmin etmək məqsədi ilə bacardığını edir. Ancaq buna cəmiyyət həyatının bütün sahələrində dəyişikliklər etmədən nail olmaq çətindir.
Effektli idarəetmə bəşəriyyəti düşündürən başlıca problemlərdən biri olub. Bu baxımdan həm bütünlükdə idaretmənin, həm də dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsi müasir dövrün siyasi elminin nəzəri əsaslarında xüsusi yer tutur (9, s.55).
Dövlət idarəçiliyinin effektliyinə nail olma aşağıdakıları tələb edir:
- xalqın milli mədəniyyət xüsusiyyətlərini nəzərə almaqla, beynəlxalq tələblər səviyyəsində kadrların xüsusi hazırlığı və yenidən hazırlığı;
- elmin nailiyyətləri, milli və qlobal idarəetmənin beynəlxalq təcrübəsi əsasında idarəetmə texnologiyalarının təkmilləşdirilməsi;
- biliklərin və milli maraqların üstünlüyü prinsipi üzərində qurulan düzgün kadr siyasətinin həyata keçirilməsi;
- dövlət quruculuğu və idarəçiliyi problemlərinin sistemli kulturoloji təhlilinin inkişaf etdirilməsi; (2, s.245)
Demokratik dövlət idarəçiliyində effektliyin
və keyfiyyətin yüksəldilməsinin bir sıra şərtləri mövcuddur. Demokratiya dəyərlərinə və prinsiplərinə əsaslanan effektli sosial və dövlət idarəçiliyi aşağıdakıları nəzərdə tutur:
- bütün səviyyələrdə məmurların, bələdiyyə və QHT rəhbərlərinin səriştəliliyinin və peşəkar etikasının daimi inkişafını təmin edən xüsusi kulturoloji təlimin keçirilməsi;
- beynəlxalq nailiyyətləri, milli mədəniyyətin xüsusiyyətlərini və dövlətin imkanlarını nəzərə almaqla innovativ kulturoloji idarəetmə texnologiyalarının işlənib hazırlanması;
- dövlət və sosial idarəçiliyin xarici təcrübəsinin davamlı milli inkişaf maraqlarında yaradıcılıqla istifadəsi;
- idarəçilik qərarlarının qəbul edilməsi prosesində milli və beynəlxalq ekspertlərin tövsiyələrinin və ictimai rəyin nəzərə alınması.
Demokratik idarəçiliyin effektivliyi, aşağıda göstərilənlərin təmin edilməsini nəzərdə tutan bir sıra hüquqi, etik, idarəçilik vəzifələrinin həll edilməsi ilə şərtlənmişdir:
- qanunvericiliyin və qanunların icra mədəniyyətinin qanunun aliliyinin təmin edilməsinə cavabdeh olan vəzifəli şəxslər tərəfindən daima təkmilləşdirilməsi;
- siyasi və inzibati baza sənədlərinin şəffaflığı və idarəetmə sistemində onların düzgün istifadəsi;
- vətəndaşların hüququnun ədalətlə qorunması, vəzifəli şəxslər tərəfindən hakimiyyətdən sui-istifadə edilməsinin, proteksionizm, monopolizm, korrupsiya hallarının vaxtında qarşısının alınması;
- ölkə vətəndaşları arasında, həmçinin beynəlxalq strukturlar və vətəndaşlar arasında olan ziddiyyətlərin, münaqişələrin və mübahisələrin ombudsman institutu vasitəsi ilə yüksək hüquqi və etik tənzimlənməsi mədəniyyəti;
- dövlət quruculuğu və idarəçiliyi prosesləri effektivliyinin ictimai monitiorinq proqramının işlənib hazırlanması və reallaşdırılması;
- demokratiya, sülh və vətəndaş cəmiyyəti, hüquq, etik, idarəetmə, istehsal, məişət və gender mədəniyyəti problemləri üzrə əhalinin daimi fəaliyyətdə olan kulturoloji maarifləndirilməsi sisteminin təşkili (2, s.248-249).
ABŞ dövlət idarəçiliyində modernləşmənin effektliyinin yüksəldilməsi ilə bağlı görülən işlər dörd mərhələyə bölünür:
Birinci mərhələdə (1900-1940) dövlət idarəçiliyinin modernləşdirilməsinin effektliyi mövzusu aktuallaşdı və ilk dəfə mütəxəssislərin, politoloqoların və ictimaiyyatşünasların diqqətini geniş şəkildə özünə cəlb etdi. Bu zaman ilk növbədə idarəçilərin və heyətin əməyinin təşkilinin effektliyi problemi aktuallaşdı. Administrasiyanın effektliyi praktikasına marağın artmasının səbəbi sənaye cəmiyyətinin bərqərar olması prosesinin başlanması idi. Bu zaman effektlik administratorlar və siyasətçilər üçün tədricən fetişə çevrilməyə başladı.
Bu zaman ABŞ-da F.Teylorun əsərlərinə əsaslanan elmi idarəetmə konsepsiyası fəal şəkildə təbliğ edilirdi. Dövlət idarəçiliyində modernləşdirilmənin effektivliyinin yüksəldilməsi probleminin praktiki cəhətdən tədqiqi ilə əlaqədar olaraq 1913-cü ildə Taft Komissiayası (Effektli­yin ümummilli bürosu), həmçinin Hökumət Tədqiqatları İnstitutu yaradıldı. Yerli idarəetmə səviyyəsində effektli işin təşkilini tədqiq etmək məqsədilə bələdiyyə problemlərini öyrənmək məqsədilə Büro yaradıldı. XXəsrin 20-ci illərindən başlayraq dövlət idaəçiliyində modernləşmənin effektliyinin yüksəldilməsinə xüsusi diqqət yetirilməyə başlandı ki, bu da sözsüz ki, F.Ruzvelt hökumətinin Yeni kurs proqramının reallaşdırılması gedişində dövlətin kompetensiyasının genişləndiril­məsi ilə bağlı idi.
ABŞ-da dövlət idarəçiliyində modernləşdirmənin effektliyinin yüksəldilməsi uğrunda hərəkatın ikinci mərhələsi (1940-1970-ci illər) dövlət idarəçiliyində effektliyin yüksəldilməsinin təşkilatı problemlərinə yanaşmalarda qeyri-müəyyənliklərlə xarakterizə olunur. Hər şeydən əvvəl bu bürokratik maşının effektli və keyfiyyətli işinin təmin edilməsində siyasətçilərin və idarəedicilərin roluna olan baxışlarda fərqlər üzə çıxdı. Metodologiya səviyyəsində bu situasiya administrativ siyasətin nisbi təbiətinə olan münasibətdə fikir ayrılığına gətirib çıxardı. Bir tərəfdən administrativ siyasət siyasi elmi kimi, digər tərəfdən isə administrativ nəzəriyyənin tərkib hissəsi kimi şərh edilirdi.
Effektlik uğrunda hərəkatın üçüncü mərhələsi (1970-1980-cı illər) yeni tipli idarəedici administratorların – dövlət sektoru menecerlərinin əvvəlkiləri əvəz etməsi ilə xarakterizə olunur.
Effektlik uğrunda hərəkatın müasir mərhələsində (XX əsrin sonu XXI əsrin əvvəlləri) yeni faktor­lar xüsusi rol oynayır. Bunlara idarəetmə müəssisə­lərinin texniki cəhətdən tamamilə yenilənməsini, məşğulluq sahəsində əsaslı dəyişikliklərin edilmə­sini, idarəedici qərarların qəbul edilməsində vətən­daşların geniş şəkildə iştirakına olan tələbləri, iqtisadi və sosial mədəni əlaqələrin qloballaşmasını aid etmək olar. (8, s.134-136).
Dövlət idarəçiliyində modernləşmənin effektliyinin yüksəldilməsinin Qərbi Avropa modellərinə gəldikdə isə Avropa dövlətlərinin əksəriyyətində (İsveç, Danimarka, Norveç, Fransa, İspaniya, İtaliya) effektliyin yüksəldilməsi istiqamətində görülən işlər Böyük Britaniya və ABŞ-da olduğu kimi bazar yönümlü xarakter daşımır. Bu dövlətlərdə dövlət idarəçiliyinin effektliyinin yüksəldilməsi metodları kifayət dərəcədə sosial yönümlüdür. Fransa və İsveçrədə sosial ədalətin məqsədləri bazar effektli dövlət qulluğu məqsədləri üzərində üstünlük təşkil edir. Bu ölkələrdə dövlət idarəçiliyində keyfiyyətin yüksəldilməsinin başlıca vəzifələri dövlət proqramlarının dəyərinin aşağı düşməsi oriyentasiyası ilə yanaşı klientə və keyfiyyət xidmətinə ehtiyacın yaranması, vətəndaşların idarəetmə prosesinə daha geniş cəlb edilməsi, dövlət qulluqçularının tərkibinin reprezentativliyi, yerli idarəetmə orqanlarının səlahiyyətlərinin genişləndirilməsindən ibarətdir. Bu isə öz növbəsində modernləşdirilmənin effektliyin yüksəldilməsinin əsasını təşkil edir.
Avropa və ABŞ-dakı dövlət idarəçiliyində modernləşdirilmənin effektliyinin yüksəldilməsi ilə bağlı oxşar proseslər Cənub-Şərqi Asiya dövlətlərində – Yaponiya və Cənubi Koreyada da baş verir. Həm Cənubi Koreya, həm də Yaponiya dövlət idarəçiliyində modernləşdirilmənin effektliyinin yüksəldilməsinə tətbiq edilən şərtlər aşağıdakılardır: administrativ peşəkarlıq, administrativ muxtariyyət və partiya-siyasi neytrallıq, administrasiya tərkibinin reprezentativliyi, innovasiya mühitinin yaradılması, administrativ fəaliyyətin və mədəniyyətlərin qarşılıqlı təsirinin şəffaflığı (8, S.137-138).
Modernləşdirilmədə idarəetmənin istənilən növünün effektliyinin yüksəldilməsi idarəedilmənin subyekti ilə idarə olunan obyektin qarşılıqlı təsiri sistemində baş verir.
Dövlət idarəçiliyində modernləşmənin effektliyinin yüksəldilməsinin növləri aşağıdakılara ayrılır: texniki, təşkilati, iqtisadi, istehsal, sosial effektlik.
Dövlət idarəçiliyində keyfiyyətin yüksəldilmə­sinin strukturuna aiddir:
- idarəetmənin ümumi effektliyi istənilən idarəetmə sisteminin fəaliyyətinin nəticəsi ilə xarakterizə olunur;
- idarəetmənin konkret effektliyi idarəetmə fəaliyyətinin ayrı-ayrı elementlərinə – konkret
idarəetmə qərarlarına, vəzifəli şəxslərin, menecer­lərin, digər idarəedicilərin davranış aktlarına yönəldilir (4, s.411-412).
Dövlət idarəçiliyində modernləşdirilmənin effektliyinin yüksəldilməsi cəmiyyətin və insanların həyat fəaliyyətinin müxtəlif tərəflərini əks etdirir və xarakterizə edir. Ona görə də dövlət idarəçiliyində effektliyin yüksəldilməsi idarəetmə obyekti ilə idarəetmə subyektləri arasında qarşılıqlı təsirin nə dərəcədə olması ilə bağlı az və ya çox dərəcədə aydın və dəqiq təsəvvür yaradır və onlar cəmiyyətin inkişafına və onun problemlərinin həllinə hansısa xəzinəni bəxş edir.

Açar sözlər: modernləşmə, idarəetmə sistemi, dövlət, Azərbaycan

Ədəbiyyat siyahısı
1. Mehdiyev R. Azərbaycan: qloballaşma dövrünün tələbləri. Bakı, “XXI-Yeni Nəşrlər Evi”, 2005, 464 səh.
2. Məmmədov F. İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi. Bakı, "Apostrof" Çap Evi, 213. – 672 s.
3. Административные реформы в контексте властных отношений: Опыт постсоциалистических трансформаций в сравнительной перспективе/ под.ред.А.Олейника и О.Гаман-Голутвиной. М.:Российская политическая энциклопедия (РОССПЕП). 2008.
4. Атаманчук Г.В. Теория государственного управления: курс лекций. 4-е изд. М.: Омега – Д., 2006. – 584с.
5. Купряшин Г.Л. Модернизация государственного управления: рационализм и традиционализм //Вопросы методологии, выпуск 4, Москва 2011, с.70-83.
6. Орехов А.М. Методы экономических исследований. Москва, 2009.
7. Плаксин С., Жулин А. Пути модернизации государственного аппарата: административная реформа и реформа государственной граждан­ской службы. «Вопросы экономики». Москва, 2008, №2, с.73-82.
8. Политико-административное управление: Учебник. Москва, Изд-во РАС, 2004. – 496 с.
9. Рой О.М. Система государственного и муниципального управления. 2-е изд. СПб.: Питер, 2006. – 336с.

РЕЗЮМЕ
Стать я посвещена анализу проблемы модернизации системы государственного управления. Основное внимание уделяется проблеме повышение качества и эффективности механизмов госдурственного управления. Автор изучает процесс модернизации в системе государственного управления в Азербайджане и в качесте примера подробно описывает реформы последних лет которые связаны с внедрением инновационных технологий в систему государственного управления. Также автором рассматривается процесс модернизации в разных странах мира.

Ключевые слова: модернизация, система управления, государство, Азербайджан

SUMMARY
This article is devoted to the analysis of the problem of modernization of the public administration system. The main attention is paid to the problem of improving the quality and efficiency of public administration mechanisms. The author studies the process of modernization in the public administration system in Azerbaijan and, as an example, describes in detail the reforms of recent years that are associated with the introduction of innovative technologies into the public administration system. The author also examines the process of modernization in different countries of the world.

Key words: modernization, management system, state, Azerbaijan