Azərbaycan Respublikasının Skandinaviya ölkələri ilə münasİbətlərinin siyasi əsasları

Post image

Lamiyə Qasımova, Azərbaycan Dillər Universiteti, Beynəlxalq münasibətlər kafedrası, müəllim

E-mail: [email protected]

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa dövlətləri ilə münasibətlərə üstünlük verməyə başladı. Azərbaycan üçün nüfuzlu Avropa dövlətləri ilə münasibətlər yaratmaq və faydalı əməkdaşlıq əlaqələri qurmaq mühüm əhəmiyyət kəsb edirdi. Özünün regiondakı yeri və rolu, zəngin neft yataqları ilə Avropa siyasətçiləri və iş adamlarını keçən əsrin əvvəlində və sonunda eyni dərəcədə özünə cəlb edən Azərbaycan Qərb ölkələrinin Qafqaz siyasətinin fəal və daha məqsədyönlü mahiyyət kəsb etməsində əsas amil olmuşdur.
Avropa ölkələri içərisində Azərbaycanın Skandinaviya ölkələri ilə münasibətləri xüsusilə fərqlənir.
Skandinaviya ölkələrindən olan Norveç dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərindən biridir. Müasir Norveçin iqtisadiyyatında hegemon sahə enerji istehsalına məxsusdur.
1949-cu ildə NATO yaranan zaman müqaviləyə qoşulan ilk ölkələrdən biri də Norveç idi.
Norveç Azərbaycan Respublikasının dövlət müstəqilliyini 1992-ci il yanvarın 2-də tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulmuşdur. 1998-ci ilin iyul ayının 22-də Norveç Krallığının Azərbaycanda səfirliyi açılmışdır. Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri R.İbrahimov iqamətgahı Stokholmda olmaqla, eyni zamanda ölkəmizin Norveç Krallığındakı səfiri təyin edilmişdir [6].
Azərbaycan müstəqillik qazandıqdan sonra Norveç ilə diplomatik münasibətlər yaransa da, qarşılıqlı əlaqələr çox zəif olub hələ uzun müddət mövcud imkanlardan geri qalırdı. Norveç ilə iqtisadi əməkdaşlığın qurulması iki ölkə arasında siyasi əlaqələrin inkişaf etməsinə zəmin yaradırdı. Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının müştərək istismarına söykənən Azərbaycan – Norveç iqtisadi əməkdaşlığı öz növbəsində getdikcə daha geniş və çoxşaxəli xarakter alırdı. Hələ 1990-cı illərin əvvəlindən Azərbaycan neftinə böyük maraq göstərən Norveçin “Statoyl” Dövlət Neft Şirkətinin 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi”ndə təmsil olunması qarşılıqlı faydalı əməkdaşlığın möhkəm təməlini qoymuşdur.
1994-cü ilin oktyabrında Azərbaycan parlamenti nümayəndə heyətinin Norveçə, noyabr ayında isə həmin ölkənin sənaye və energetika nazirinin birinci müavini Q. Murvanqın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfərləri iki ölkə arasında siyasi-iqtisadi, elmi və mədəni əlaqələrin inkişafına böyük təsir göstərdi [14, s. 106-108].
1995-ci il mayın 9-da Moskvada Norveçin baş naziri Harlem Brundtland ilə görüşən zaman Ermənistan – Azərbaycan münaqişəsinin aradan qaldırılmasında Norveçin ATƏT çərçivəsində fəaliyyətinin gücləndirməsini vacibliyini qeyd edən Prezident Heydər Əliyev ATƏT-in sülhü mühafizə qüvvələrinin yaradılmasında bu ölkənin silahlı qüvvələrinin də iştirak etməsini arzu etdiyini bildirmişdi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1996-cı il aprelin 24-dən 26-dək davam edən Norveç səfəri iki ölkə arasında əlaqələrin inkişafına yeni təkan verdi. Prezident Heydər Əliyev Norveç kral V Herald, Baş Nazir xanım Qru Harlem Brundtland və ölkə parlamenti – Stortinqin sədri ilə görüşərək, ikitərəfli əlaqələrin inkişafına dair məsələləri müzakirə etdi. İki ölkə arasında münasibətlərin müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində ciddi addımlar atıldı. Danışıqların yekununda, aprelin 24-də Azərbaycan ilə Norveç arasında birgə bəyannamə imzalandı. Sənəddə iki ölkə arasında qarşılıqlı münasibətlərin yeni inkişaf səviyyəsinə çıxarmaq niyyətləri ifadə edilmişdi [14, s. 110].
İki ölkə arasında siyasi münasibətlərin inkişafında diplomatik nümayəndəliklər də mühüm rol oynayırdı. 1996-cı ilin noyabr ayında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Mahmud Məmmədquliyev eyni zamanda Norveç Krallığında səfir təyin edildi. Norveç Krallığının Azərbaycanda səfirliyi isə 1998-ci il iyulun 22-də açıldı.
Bundan sonra münasibətlərdə dinamizm artdı. NATO-nin yaradılmasının 50 illiyi ilə bağlı Vaşinqtonda keçirilən toplantı zamanı 1999-cu il aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Norveç Krallığının Baş Naziri Kelye Maqne Bondevik ilə görüşərək əməkdaşlıq məsələlərini müzakirə etdi [16, s. 140].
2000-ci ilin fevral ayının 2-də Azərbaycan Res­pub­likasının Xarici İşlər Nazirliyi ilə Norveç Krallığının Xarici İşlər Nazirliyi arasında əmək­daşlıq haqqında Protokol imzalandı. Protokola əsasən, tərəflər siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, münasibətlərin hüquqi əsaslarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi, Avropada və beynəlxalq aləmdə təhlükəsizliyin inkişaf etdirilməsi və əməkdaşlığın dərinləşdirilməsi məqsədi ilə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı təmaslar, müqavilə və sazişlərin yerinə yetirilməsinin gedişi haqqında informasiya mübadiləsi, üçüncü ölkələrdə diplomatik və konsul nümayəndəlikləri səviyyəsində əməkdaşlıq edəcəkdilər [8].
Qarşılıqlı səfərlər isə diplomatik-siyasi münasibətlərin inkişafına ciddi təkan verirdi. 2000-ci il 22-25 fevralda Xarici İşlər Naziri V.Quliyevin, 2007-ci il 4-7 dekabrında Xarici İşlər Naziri E.Məmmədyarovun rəsmi səfəri, 2004-cü il 12-13 oktyabrda Xarici İşlər Naziri Y.Petersenin, 2008-ci il 28-29 aprelində isə Xarici İşlər Naziri Y.G.Storenin Azərbaycana rəsmi səfərləri bu qəbildəndir [6].
Münasibətlərin inkişafında mühüm yerlərdən birini 2000-ci il fevralın 22-25-də xarici işlər naziri Vilayət Quliyevin başçılıq etdiyi nümayəndə heyətinin Norveçə rəsmi səfəri tutdu. Səfər zamanı, fevralın 23-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Norveç Krallığının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında protokol imzalandı [16, s. 141].
2004-cü il oktyabrın 12-13-də Norveçin xarici işlər naziri, Avropa Şurasının Nazirlər Komitəsinin sədri Y.Petersenin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər etdi. Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüşdə Azərbaycanda demokratik islahatların uğurla həyata keçirilməsindən, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Avro­pa strukturlarına inteqrasiya xəttinin xarici siyasətin əsas prioritetlərindən birini təşkil etməsi və Azərbaycan bu xəttə daim sadiqliyi ifadə olun­du. İki ölkə arasında əlaqələrin uğurla inkişaf etməsindən məmnunlugunu ifadə edən Yan Peter­sen Azərbaycan – Avropa Şurası münasibətlərinə toxunaraq bildirdi ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə yalnız öhdəlik kimi yox, ölkənin demokratik inkişafı baxımından yanaşır.
Norveç Krallığının xarici işlər naziri Y.Störun 2008-ci il aprelin 28-29-da Azərbaycan Respublikasında rəsmi səfərdə olması mühüm siyasi əhəmiyyətə malik idi. Prezident İlham Əliyevlə Y.Stör arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı [5].
Siyasi münasdibətlərdə mühüm məqamlardan biri Norveçin Azərbaycanda diplomatik nümayəndəliyini bağlaması qərarı idi. 2018-ci il noyabrın 9-da Norveç hökuməti Gürcüstanda səfirlik açması ilə bağlı qərarını açıqladı. Eyni zamanda Azərbaycandakı səfirliyinin bağlanmasını elan etdi. Norveç Azərbaycanda fəxri konsulluq səviyyəsində təmsil olunacaqdı. Azərbaycanla bağlı diplomatik və konsulluq işləri isə ölkənin Ankaradakı səfirliyi vasitəsilə aparılacaqdı. Norveçin xarici işlər naziri Eriksen Soreyde bu barədə bildirdi ki, Gürcüstan Cənubi Qafqazda Norveçin əsas tərəfdaşıdır və bu ölkədə həyata keçirilən islahatlar onu “Avropa qurumları və Avroatlantik qurumlarla yaxınlaşdırıb” [10].
2018-ci il noyabrın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Finlandiya­da, İsveç və Norveç Krallıqlarında fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov geri çağırıldı [7].
Skandinaviya ölkələri içərisində Azərbaycanın İsveçlə də diplomatik münasibətləri yaranmışdır. Digər Skandinaviya ölkələri kimi İsveç də demokratiyanın inkişaf etdirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, sülhsevər və bitərəf xarici siyasət sahəsində uğurlar qazanmışdır. Onun bu istiqamətlərdə əldə etdiyi müsbət təcrübə Azərbaycanın qarşısında duran müvafiq problemlərin həlli baxımından faydalı hesab olunurdu [15, s. 239]. İsveç Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci ilin yanvar ayının 16-da tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin may ayının 8-də qurulmuşdur. 1998-ci ilin fevral ayında İsveçin Bakıda Fəxri Konsulluğu açılmışdır.
2005-ci il martın 11-də Azərbaycan Respublikasının İsveç Krallığında səfirliyinin təsis edilməsi haqqında qanun imzalanmış, səfirlik 2008-ci ilin yanvarında fəaliyyətə başlamışdır [3]. 2006-ci il avqustun 7-9-da Xarici İşlər Nazi­ri
E.Məmmədyarovun İsveçə, 2011-ci il iyunun 12-də isə Norveç Xarici İşlər Naziri K.Bildtin isə Azərbaycana rəsmi səfərləri olmuşdur.
İki ölkə arasında parlamentlərarası münasibətlər də inkişaf etmişdir. Milli Məclisdə Azərbaycan – İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir [4].
Azərbaycanla İsveç arasında siyasi münasibət­lərin inkişafının mühüm bir istiqamətini onun ATƏT-dəki fəaliyyəti çərçivəsində Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyünü qorumaqla ədalətli həllinə siyasi dəstəyi təşkil edir. 1996-cı ilin dekabrında Lissabonda ATƏT-in 54 üzvünün dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən zirvə toplantısında 53 dövlət Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş, Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində status verilməsinin mümkünlüyü göstərilmişdi.
2000-ci ildə Bakıda İsveç Konsulluğunun açılması iki ölkə arasında siyasi əlaqələrin inkişafına təkan verdi. Bu prosesdə ilk konsul Ərdal Otuzbir xeyli rol oynadı [15, s. 241].
Azərbaycanın xarici siyasətində onun Danimarka ilə münasibətləri mühüm yer tutur. Danimar­ka Krallığı Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabr ayının 31-də tanımış, diplomatik münasibətlər 1992-ci ilin aprel ayının 2-də qurulmuşdur. Danimarka Krallığının Türkiyə Respublikasındakı səfiri eyni zamanda Azərbaycan Respublikasında, həmçinin Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri eyni zamanda Danimarka Krallığında akkreditə edilmişdir [1].
İki ölkə arasında siyasi münasibətlər yüksək səviyyədə olmasa da, Azərbaycan parlamentində parlamentlərarası işçi qrupu fəaliyyət göstərir.
Azərbaycanla Danimarka arasında 2004-cü il dekabrın 8-də imzalanmış BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Kioto Protokolunun həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu mühüm əhəmiyyət daşıyır [11].
Dövlət müstəqilliyinin bərpa olunmasından sonra Azərbaycan Finlandiya ilə də münasibətlər yaratmağa başladı. Finlandiya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 30-da tanımış, iki ölkə arasında diplomatik münasibətlər isə 1992-ci il martın 24-də qurulmuşdur. Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri eyni zamanda Finlandiya Respublikasında da akkreditə olunmuş, Finlandiyanın iqamətgahı Helsinkidə olmaqla Azərbaycana səfirii təyin olunmuşdur [2].
Finlandiya 1994-1996-cı illərdə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərib. Azərbaycan Prezidenti Heydər Əliyev 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşü zamanı Finlandiya Prezidenti Marti Ahtisaari ilə görüşüb. Görüş zamanı qarşılıqlı münasibətlərin inkişafı üçün fikir mübadiləsi aparıldı [12, s. 244].
Dövlət başçıları xanım T.Halonenin 2005-ci il 29-30 sentyabrda Azərbaycana və Prezident İ.Əliyevin 2008-ci il 29-30 may tarixlərində Finlandiyaya rəsmi səfərləri qarşılıqlı münasibətlərin inkişafında mühüm rol oynadı.
2005-ci il sentyabrın 29-da Finlandiya Prezidenti xanım Tarya Halonen Azərbaycana rəsmi səfərə gəldi. Finlandiya prezidentini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında dostluq əlaqələrinin uğurla davam etdiyini, ikitərəfli formatda və beynlxalq təşkilatlar çərçivəsində Azərbaycan – Finlandiya əməkdaşlığının iqtisadi, siyasi və digər sahələrdə əlaqələrin səviyyəsindən məmnunluq ifadə olundu. Geniş tərkibdə keçirilən görüşdə Finlandiya Prezidenti Azərbaycanın Avropa Birliyinə daha da yaxınlaşması, Avropaya inteqrasiya etməsi üçün Finlandiyanın əlindən gələni etməyə hazır olduğunu bildirdi.
Finlandiya Prezidenti bir daha Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında, BMT Nizamnaməsinin müddəaları, ATƏT-in Minsk prosesi çərçivəsində həll olunmasını dəstəklədiyi barədə öz ölkəsinin mövqeyini açıqladı.
Səfər zamanı xarici işlər nazirlikləri arasında Anlaşma memorandumu imzalandı [9].
Finlandiya – Azərbaycan münasibətlərinin inkiaşfında Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il mayın 28-də həmin ölkəyə rəsmi səfəri mühüm rol oynadı. İki ölkə prezidenti arasında keçirilən görüşdə qarşılıqlı siyasi münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Tərəflər həmçinin, iqtisadi-ticarət əlaqələrinin genişlənməsi üçün böyük potensialın olduğunu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla həyata keçirildiyini vurğuladılar [9].
Görüşdə Azərbaycan və Finlandiya arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin perspektivləri müzakirə olundu. Prezident İlham Əliyev Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verərək bildirdi ki, Ermənistanın bu işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Finlandiya Prezidenti Tarya Halonen ölkəsinin ATƏT-ə sədrlik etdiyini vurğulayaraq bildirdi ki, Cənubi Qafqazdakı münaqişələrin həlli üçün region ölkələrinin və beynəlxalq təşkilatların dəstəyinə ehtiyac var [13, s. 244-248].
Ümumiyyətlə Azərbaycanın Skandinaviya dövlətləri içərisində Norveçlə əlaqələri xüsusilə seçilir. Son illər digər Skandinaviya ölkələri ilə də qarşılıqlı münasibətlərin müqavilə-hüquq bazasının yaradılmasına yönəlik uğurlu xarici siyasət həyata keçirilir. Bu ölkələrlə siyasi, ticarət, iqtisadi, elmi-texniki, mədəni, humanitar, və b. sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq qurularaq inkişaf etdirilir.

Açar sözlər: Azərbaycan, Skandinaviya ölkələri, Norveç Krallığı, İsveç, Danimarka, Finlandiya, siyasi münasibətlər.

ƏDƏBİYYAT SİYAHISI:
1. Azərbaycan – Danimarka münasibətləri // http://www.mfa.gov.az/files/file/Az%C9%99rbaycan%20-%20Danimarka.pdf
2. Azərbaycan - Finlandiya münasibətləri // http://www.mfa.gov.az/files/file/Az%C9%99rbaycan%20-%20Finlandiya(1).pdf
3. Azərbaycan – İsveç münasibətləri // http://www.mfa.gov.az/files/file/Azerbaycan%20-%20Isvec%20munasibetleri.pdf
4. Azərbaycan – İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupu // http://www.meclis.gov.az/?/az/workgroups/32
5. Azərbaycan – Norveç münasibətləri // https://lib.aliyevheritage.org/az/8914577.html
6. Azərbaycan – Norveç münasibətləri // http://www.mfa.gov.az/files/file/Az%C9%99rbaycan%20-%20Norve%C3%A7(1).pdf
7. A.S.Məmmədovun Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // http://www.e-qanun.az/framework/40618
8. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Norveç Krallığının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında protokol // http://www.e-qanun.az/framework/691
9. “Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Finlandiya Respublikasının Prezidenti zati-aliləri xanim Tarya Halonenə məktubu\” (6 dekabr 2000-ci il) sənədinə tarixi arayış // http://lib.aliyev-heritage.org/print.php?lang=az&page=7331360
10. Bakıda Norveç səfirliyi niyə bağlanır? // https://www.bbc.com/azeri/azerbaijan-46135352
11. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Kioto Protokolunun həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında Azərbaycan Respublikası Hökuməti və Danimarka Krallığı Hökuməti arasında Anlaşma Memorandumu //http://www.e-qanun.az/framework/7326
12. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir: Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar: 46 cilddə, VIII c., Bakı: Azərnəşr, 1998, 488 s.
13. Əliyev İ. H. İnkişaf - məqsədimizdir: XXX c., aprel 2008 – iyun 2008. Bakı: Azərnəşr, 2016, 408 s.
14. Həsənov Ə. M. Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ (1991-1996). Bakı: Azərnəşr, 1998, 315 s.
15. İsmayılzadə X. Azərbaycan – İsveç əlaqələri // Tarix və onun problemləri. 2009, № 1-2, s. 239-246.
16. Qasımlı M. C. Azərbaycanın xarici siyasəti (1991-2003): 2 cilddə, II c., Bakı: Mütərcim, 2015, 664 s.


Политические основы отношений Азербайджанской Республики со скандинавскими странами

Ламия Гасымова

Резюме
В статье подчеркивается, что среди европейских стран Азербайджан уделяет важное значение отношениям со скандинавскими странами. (В статье подчеркивается важность отношений Азербайджана со скандинавскими странами среди европейских стран). Отмечается, что особенно выделяются отношения с Норвегией. Автор показывает, что с этими странами развито и налажено взаимовыгодное сотрудничество в политической, торгово-экономической, научно-технической, культурно-гуманитарной и др. областях. Проведено обобщение по рассматриваемому вопросу и сделаны соответствующие выводы.

Ключевые слова: Азербайджан, Скандинавские страны, Норвегия, Швеция, Дания, Финляндия, политические отношения.

Political bases of relations of Republic of
Azerbaijan with Scandinavian countries

Lamiya Qasimova

Summary
The article emphasizes Azerbaijan’s relationship with Scandinavian countries within European countries. It is noted that relations with Norway are especially preferred. The author deals with these countries in political, trade, economic, scientific, technical, cultural, humanitarian fields etc. and shows that mutually beneficial cooperation has been established and developed. Generalization of the issue under consideration is made and corresponding conclusions are drawn.

Key words: Azerbaijan, Scandinavian countries, Norway, Sweden, Denmark, Finland, political relations.