TACİKİSTAN-İRAN MÜNASİBƏTLƏRİ (1991-2020): ZİDİYYƏT NÖQTƏLƏRİNİN MEYDANA GƏLMƏSINDƏ DİN AMİLİNİN ROLU

Post image

Eldar Əmirov, ADU-nun Rusiyaşünaslıq ETL-in baş elmi işçisi,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

E-mail: [email protected]

SSRİ-nin süqutundan sonra Mərkəzi Asiya bölgəsi istər tutduğu əlverişli geosiyasi mövqe, istərsə də zəngin təbii ehtiyatlar səbəbindən çox qısa zamanda qlobal və regional güc mərkəzlərinin qızğın rəqabət məkanlarından birinə çevrildi. Təbii ki, bu rəqabətin hər bir iştirakçısının davranışı və tətbiq etdiyi strategiya ilk növbədə onun maraqlarının müvafiq xüsusiyyətlərilə diqtə olunurdu. Məsələn, əgər Rusiyanın başlıca məqsədləri postsovet məkanının bu mühüm hissəsində öz hərbi və siyasi iştirakını qoruyub saxlamaqdan, bölgədəki mühüm ixrac bazarlarını əldə saxlamaqdan ibarət idisə, Qərbin əsas niyyəti enerji resursları ilə zəngin olan, eləcədə mühüm ticarət yollarının kəsişdiyi, Çinlə həmsərhəd olan regiona mümkün qədər daha dərindən nüfuz etmək idi. Çin üçün isə Mərkəzi Asiya regionu coğrafi baxımdan yaxın, kapital qoyuluşu, ixrac potensialının artırılması və yeni tranzit imkanlarının əldə edilməsi nöqteyi-nəzərindən olduqca böyük dəyər qazanırdı.
Lakin bu üç qlobal güclə yanaşı, Mərkəzi Asiyanın ciddi iqtisadi və geosiyasi imkanlarından bəhrələnmək niyyətində olan regional güc mərkəzləri maraqlı görünürdülər. Həmin güc mərkəzləri sırasında İran xüsusi fəallığı ilə seçilir­di. Doğrudur, İran ötən əsrin 90-cı illərindən etibarən sözügedən bölgədə nüfuz dairələri uğrunda qızışan mübarizədə Rusiya, Çin və ABŞ kimi güc mərkəzlərinin sahib olduğu geniş təsir imkanlarına malik deyildi, ancaq bu amil ona bölgə dövlətlərilə ikitərəfli münasibətlər qurmağa əsla mane olmadı.
Heç şübhəsiz ki, İranın Mərkəzi Asiya siyasətində Tacikistan bölgənin digər dövlətlərilə müqayisədə daha mühüm rola və çəkiyə malik idi. İran üçün Tacikistanı prioritetə və xüsusi maraq obyektinə çevirən bir çox səbəblər var, ancaq onların ən mühümü heç şübhəsiz ki, taciklərlə farslar arasında olan etnik qohumluq, ortaq dil və mədəniyyət, həmçinin qırılmaz tarixi əlaqələrdir. Məlum olduğu kimi tacik dili, İran dil ailəsinə daxildir və taciklər Mərkəzi Asiya regionunda qədim və orta əsrlərdə farsdilli ədəbiyyatın və mədəniyyətin yaradıcıları hesab olunurlar. Ortaq dil və mənəvi miras İrana regionun digər ölkələrilə müqayisədə Tacikistanla daha intensiv və hərtərəfli münasibətlər qurmağa şərait yaradırdı. Region­un digər 4 ölkəsinin (Özbəkistan, Qazaxstan, Tacikistan və Qırğızıstan) türkdilli olduğunu nəzərə alsaq, Tacikistanın öz müstəqilliyinin ilk illərində etnik ortaqlıq zəminində İranla sıx münasibətlərə meyl etməsi də tam təbii idi. Məlum olduğu kimi İran 1991-ci ilin 9 sentyabrında öz dövlət müstəqilliyini elan edən Tacikistanın istiqlalını ilk tanıyan ölkələr sırasında idi. Müstəqil Tacikistanın paytaxtı Düşənbədə diplomatik nümayəndəliyini açan ilk ölkə də məhz İran oldu. Hətta minnətdarlıq əlaməti olaraq Tacikistan rəhbərliyi İran səfirliyinin yerləşdiyi küçənin adını dəyişərək onu Tehran adlandırmışdılar. [1, стр. 156].
Növbəti illərdə müəyyən çətinliklərə baxmayaraq, bu münasibətlər daim yüksələn xətt üzrə inkişaf etdi. Bunu həm İran və Tacikistan arasında davamlı olaraq artan ticarət dövriyyəsindən, həm də tərəflər arasında imzalanan strateji xarakterli sazişlərdən anlamaq mümkündür. Statistikaya əsasən 1999-cu ildə cəmi 23,9 milyon dollar təşkil edən İran- Tacikistan ticarət dövriyyəsi 2008-ci ilədək təxminən on dəfə artaraq 220 milyon dollara çatmışdır. 2010-cu ilin məlumatlarına əsasən Tacikistan ərazisində fəaliyyət göstərən İran şirkətlərinin sayı isə 150 – ni ötmüşdü. [1,163]. Müstəqil dövründə Tacikis­tanda İran investisiyası ilə həyata keçirilən ən mühüm layihə isə Vəxş çayı üzərində inşa edilən Səngtudə-2 hidroelektrik stansiyası hesab olunur. Tikintisi 2006-cı ildə başlayan və 2014-cü ildə istifadəyə verilən stansiyanın inşası ümumilikdə 220 milyon dollara başa gəlmişdir ki, onun da 180 milyon dolları İran, 40 milyon dolları isə Tacikistan tərəfindən ödənilmişdir. Tərəflər arasında əldə edilmiş razılığa əsasən stansiyanın gəlirləri işə düşdüyü andan etibarən 12,5 il ərzində İrana məxsus olacaq. Sonra isə obyekt tamamilə Tacikistanın mülkiyyətinə keçəcək. [5]. Həmçinin Tacikistan İranla hərbi əməkdaşlıq haqqında saziş imzalamış yeganə Mərkəzi Asiya dövləti olmuşdur. 2002-ci ildə imzalanmış həmin saziş bu gün də qüvvədədir. [1,стр.46]. Tacikistanda əhalinin ümumi gəlirlərinin xeyli aşağı olması, ucuz işçi qüvvəsi, infrastrukturun zəifliyi, həmçinin xarici investisiyalara duyulan böyük ehtiyac İran şirkətləri üçün olduqca geniş fəaliyyət məkanı yaradırdı.
Lakin 2013-cü ildə iranlı iş adamı Babək Zəncaninin həbsilə İran və Tacikistan münasibətlərində başlayan gərginlik tədricən ölkələr arasında ciddi siyasi böhranın meydana gəlməsilə nəticələndi. Məsələ burasındadır ki, B. Zəncanilə bağlı aparılmış istintaq nəticəsində İran rəsmiləri 2,7 milyard dollarlıq vəsaitin iş adamı tərəfindən məhz Tacikistanın bank sisteni vasitəsilə xaricə çıxarıldığını bəyan etsələr də, rəsmi Düşənbə bu fikirləri qərəzli adlandıraraq rədd etdi. Bu isə tərəflər arasındakı münasibətlərdə ilk soyuqluğun yaranmasına gətirib çıxardı. Gərginliyin pik həddinə çatması isə 2015-2016-cı illərə təsadüf etdi. Belə ki, 2015-ci ildə Tehranda keçirilən nüfuzlu beynəlxalq konfransa Tacikistanda qadağan edilmiş “Tacikistanın İslam Dirçəlişi Partiyasının” rəhbəri, mühacirətdə yaşayan M.Kəbirinin dəvət edilməsi ölkələr arasında onsuz da soyuqlaşan münasibətləri böhran həddinə gətirib çıxardı. Cavab olaraq Tacikistan nümayəndə heyəti tədbiri tərk etdi. Bir müddət sonra isə Tacikistan müxtəlif səviyyəli rəsmi şəxslərin və nüfuzlu din xadimlərinin dili ilə İranı aktiv fazası 1991-1994-cü illərdə cərəyan etmiş vətəndaş müharibəsinin gedişində radikal islamçıları maliyyələşdirməkdə və silahlandırmaqda ittiham etməyə başladı. Həmçinin tacik rəsmiləri İranı Tacikistandakı islamçı qrupları məqsədli şəkildə şiələşdirməyə cəhdə də ittih­am etməkdən çəkinmirdilər. Yaranmış gərginlik ölkələrin beynəlxalq təşkilatlar çərçivəsindəki əlaqələrinə də mənfi təsir göstərdi. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, 2017-ci ilin iyununda Şanxay Əməkdaşlıq təşkilatının növbəti görüşündə Tacikistan bu quruma daxil olmaq üçün müraciət edən İranın təşkilata daxil olmasına açıq şəkildə etiraz bildirməkdən çəkinməmişdir. [3].
2017-ci ilin 8 avqust axşamında, Tacikistan televiziyasında efirə verilən “İran: 1991-1997-ci illər vətəndaş müharibəsinə dəstək” sənədli filmi isə odun üstünə bir qədər də benzin tökmüş oldu. Tacikistan Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan sənədli filmdə həbs edilmiş bir çox islamçı vaxtilə İranda təlim keçdiyini və onların İran pasportları ilə təmin olunduqlarını etiraf edir. Həmçinin filmdə istintaq materialları əsasında İran xüsusi xidmət orqanlarının vətəndaş müharibəsi dövründə açıq şəkildə islamçıları silahlandırdıqları və onların vasitəsilə Tacikistanda hakimiyyəti ələ keçirməyə cəhd etdiyi açıq şəkildə ifadə olunmuşdur. Həmçinin filmin müəllifləri İran hakim dairələrini vətəndaş müharibəsi illərində Tacikistanda səs-küylü siyasi qətllər törətməkdə günahlandırmaqdan belə çəkinməmişdilər. Tacik dilində efirə verilən bu sənədli film qısa zamanda özbək, ingilis və ərəb dillərinə tərcümə edilərək internet məkanında geniş yayıldı. [4]. Efirə gedən film İran tərəfindən olduqca sərt qarşılandı. Bu ölkənin Düşənbədəki səfirliyi filmi saxtakarlıq və uydurma adlandıraraq, orada səslənən ittihamları rədd etdi. Bir sıra iranlı ekspertlər isə filmi Tacikistan rəhbərliyi tərəfindən Zəncaninin çıxardığı pulları geri qaytarmamaq məqsədilə hazırladıqları təxribat kimi səciyyələndirdi. Lakin məsələ hər nə olursa olsun, M.Kəbirinin 2015-ci ildə Tehranda beynəlxalq konfransda iştirak etməsi, onun İran rəsmiləri tərəfindən səmimi qəbul edilməsi İslam respublikasının bu və ya digər şəkildə Tacikistan siyasətində dini qruplardan yararlanmağa çalışdığını açıq-aşkar göstərir. Doğrudur, farslar və taciklər qohum xalqlar hesab olunsalar da, məzhəb məsələsində onlar fərqli təsəvvürlərin daşıyıcılarıdır. İranlılar əsasən şiə məzhəbinə mənsub olduqları təqdirdə, taciklər sünni məzhəbinə aiddirlər. Bu mənada taciklər Mərkəzi Asiya xalqlarına daha yaxındırlar.
Qeyd olunan təbii ki, İranın Tacikistandakı dini təbliğatına və ideoloji təsirinə əhəmiyyətli dərəcədə əngəl törədir. Həmçinin onu da nəzərdən qaçırmaq lazım deyil ki, “İslam inqilabının ixracı” İran tərəfindən rəsmən bəyan edilmiş, qanuni fəaliyyət hesab edilməkdədir. Tehran 1979-cu ildən bu yana İslam inqilabının ideoloqları tərəfindən ölkənin xarici siyasətinin ayrılmaz komponenti elan edilmiş həmin prinsipə hər zaman həssaslıqla yanaşmış, onun icrası üçün bütün mümkün vasitələrdən istifadə etmişdir. İranın Yəmənə, Livana, Bəhreynə münasibətdə yeritdiyi ənənəvi ideoloji xətt, yəni məzhəb zəminində dini qrup­lara dəstək verməsi deyilənlərin ən bariz sübutudur. Göz qarşısında olan təcrübənin Tacikistan rəhbərliyi tərəfindən narhatlıqla qarşılanması başadüşüləndir. Tacikistan dövlət müstəqilliyi qazandıqdan sonra olduqca ağrılı və qanlı bir sınaqdan – vətəndaş müharibəsinin alovundan keçmiş bir ölkədir. Fransız iranşünası Jan Pol Ru qeyd edir ki, 1991-1994-cü illər arasında davam etmiş qanlı toqquşmalarda 30.000 dən – 50.000 dək insanın öldürüldüyü, 600.000 dən çox şəxsin isə qaçqın həyatı yaşamağa məhkum edildiyi ehtimal olunur. [2, стр.346]. Vətəndaş müharibəsinin alovlanmasına səbəb olan amillər arasında isə din və məzhəb amilinin rolu olduqca böyük idi. Sünni-şiə qrupları arasındakı toqquşmalar, həmçinin dini qruplarla dünyəvi hakimiyyətin tərəfdarları arasındakı münaqişələr Tacikistanda baş vermiş vətəndaş müharibəsinin ən qanlı epizodlarını təşkil edir. Digər tərəfdən 2005-ci ildə qonşu Özbəkistanın Əndincan vilayətində baş verən qanlı hadisələr radikal islamçıların bölgədə hələ də əhali arasında ciddi təsir gücünün olduğunu göstərdi. Tacikistan rəhbərliyinin sözügedən məsələlərə həssaslığını artıran başqa bir səbəb də ölkənin Əfqanıstanla həmsərhəd olmasından qaynaqlanır. 2001-ci ildə ABŞ –ın bu ölkəyə müdaxiləsindən və Taliban hərəkatının dağlıq bölgələrə sıxışdırılmasından sonra Əfqanıstanda vəziyyətin qismən stabilləşəcəyinə ümid yaranmışdı. Lakin zaman keçdikcə bu ümidlər özünü doğrultmadı və Taliban hərəkatının tarixin yaddaşına qovuşacağına dair proqnozlar tamamilə puça çıxdı. Əksinə, son illərdə öz dayaqlarını daha da möhkəmləndirən hərəkat əvvəlkitək Tacikistan və Türkmənistan sərhədlərində ciddi şəkildə təhlükəsizliyi təhdid etməyə davam edir. Keçmişin təcrübəsi, həmçinin mövcud geosiyasi reallıqlar Tacikistanı ehtiyatlı olmağa və məzhəbçiliyin, dini radikallığın artırılmasına yönələn istənilən təbliğata münasibətdə qətiyyətli olmağa vadar edir. Bu da öz növbəsində İran və Tacikistan münasibətlərinin əhəmiyyətli ziddiyyət düyünlərindən birinə çevrilir.
Doğrudur, 2016-cı ildə baş verən gərginlikdən sonra zamanla İran Tacikistan münasibətlərində nis­bi normallaşma əlamətləri özünü göstərir. Xüsusilə də bu əlamətlər iqtisadi əməkdaşlıq sahəsində hiss edilir. Ölkələr 2016-2019-cu illər arasında hiss ediləcək səviyyədə azalan ticarət dövriyyəsini artırmaq və birgə investisiya layihələrini davam etdirmək haqqında razılığa gəliblər. Çünki, son illərdə tərəfləri yaranan soyuqluğu müvəqqəti olaraq bir kənara qoymağa vadar edən olduqca ciddi səbəblər meydana çıxmışdır. Əgər İran nüvə danışıqlarının iflasa uğramasından və ağır iqtisadi sanksiyaların bərpasından sonra Tacikistan bazarını qorumaqda maraqlı görünürsə, Tacikistan da maliyyə çətinlikləri ucbatından təxirə düşən mühüm iqtisadi layihələrin bərpasında bir o qədər istəklidir. Bütün bunlar son nəticədə münasibətlərdə iqtisadi amilin siyasətin önünə keçməsinə rəvac vermişdir. Lakin bütün bunlar əsla ölkələr arasında meydana gəlmiş etimazdsızlıq mühitinin bu qədər qısa zamanda aradan qalxacağını deməyə əsas vermir. Bunun üçün ilk növbədə İranın ənənəvi Tacikistan siyasətində ciddi korrektələr etməsi zəruridir. Şərait İrandan “İslam inqilabının ixracı” prinsipini kənara qoymağı tələb edir. Heç şübhəsiz ki, Tehranda Mərkəzi Asiya bölgəsinin İranın əsas iqtisadi tərəfdaşı Cinlə apardığı ticarətin sabitliyinin qorunmasındakı əhəmiyyətini yaxşı başa düşürlər. Düşənbədə də İranla uzun müddətli qarşıdurmanın hər hansı fayda verməyəcəyini anlayırlar. Doğrudur, son dövrdə İran ətrafında baş verən sürətli proseslər yaxın gələcəyə dair qəti proqnozlar verməyi çətinləşdirir. Ancaq siyasi praqmatizm İranın Tacikistan siyasətində bir müddət ideolo­ji məqamları kənara qoyacağına və sırf iqtisadi layihələrə köklənəcəyinə dair ümidləri artırır. Hər halda Tehranda bilməmiş deyillər ki, Mərkəzi Asiyada olduca ciddi iqtisadi layihələr həyata keçirən Çinin və Rusiyanın mövcudluğu, həmçinin Özbəkistanla son illərdə normallaşan münasibətlər Tacikistana olduqca ciddi manevr imkanları yaradır. Bu isə onsuz da iqtisadi və siyasi təcridlə üzləşən İran üçün daha bir tərəfdaşın itirilməsi təhlükəsi deməkdir.

Açar sözlər: İran, Tacikistan, dini radikalizm, iqtisadi əməkdaşlıq, böhran.

ƏDƏBİYYAT SİYAHISI:
1. Месамед В.И. Иран в Центральной Азии: два десятилетия диалога. Москва, 2010.
2. Ру Жан – Поль. История Ирана и иранцев. От истоков до наших дней. Перевод с французского: М.Ю.Некрасов. Москва, 2012.
3. И.а. «Спутник-Таджикистан» - 24.05.2018.
4. Радио Озоди, 17.08.2017.
5. И.а. “Regnum” – 01.04.2014

Резюме
В статье рассмотрены основные точки противоречия в политических отношениях между Ираном и Таджикистаном, главным образом связанные с религиозным фактором. Указывая на исторические родственные узы, а также общность языка и культуры иранцев и таджиков, автор указывает на серьезные противоречия между странами, начавшиеся с 2013 года, и в целом связанные с попытками иранских властей насадить религиозные взгляды в таджикском обществе. Власти Таджикистана очень сильно опасаются попыток Ирана с помощью религиозный групп свергнуть в стране светский режим и в целом дестабилизировать ситуацию в стране. Именно этими опасениями и обвинениями в адрес Ирана, - отмечает автор и был вызван политический кризис между странами в 2015-2016 годах. Однако, несмотря на эти противоречия в статье высказан прогноз относительно дальнейшего спада в политических отношениях двух стран, который прежде всего продиктован экономическими реалиями. Как известно, Ирану вокруг которого постоянно сужается кольцо политической и экономической изоляции, никак не заинтересован в разрыве отношений с Таджикистаном, расположенном в среднеазиатском регионе, связывающим Тегеран с его основным торговым партнером – Китаем. Также не заинтересованы в окончательном разрыве и таджикские власти, которые остро нуждаются в иностранных инвестициях для завершения и реализации стратегических проектов различного характера. Поэтому, уверен, автор рано или поздно религиозный фактор в отношениях двух государств обязательно отойдет на второй план, уступив свое место реальным экономическим выгодам и политическому прагматизму.

Ключевые слова: Иран, Таджикистан, религиозный радикализм, экономическое сотрудничество, кризис.

Summary
The article considers the main points of controversy in the political relations between Iran and Tajikistan, mainly related to the religious factor. Pointing out the historical ties of kinship, as well as the common language and culture of Iranians and Tajiks, the author points out serious contradictions between the countries that began in 2013 and, in general, are related to attempts by the Iranian authorities to impose religious views in Tajik society. The Tajik authorities are very afraid of Iran’s attempts with the help of religious groups to overthrow the secular regime in the country and generally destabilize the situation in the country. It is with these fears and accusations against Iran, the author notes and the political crisis between the countries in 2015-2016 was caused. However, despite these contradictions, the article makes a forecast regarding a further decline in the political relations of the two countries, which is primarily dictated by economic realities. As you know, Iran, around which the ring of political and economic isolation is constantly narrowing, has no interest in breaking off relations with Tajikistan, located in the Central Asian region, linking Tehran with its main trading partner - China. The Tajik authorities, who are in dire need of foreign investment to complete and implement strategic projects of various kinds, are also not interested in a final break. Therefore, I’m sure that eventually, the author of the religious factor in relations between the two states will surely fade into the background, giving way to real economic benefits and political pragmatism.

Keywords: İran, Tajikistan, religious radicalism, economic cooperation, crisis.